Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-71/2021 06.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Üçgün kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində sərxoş halda etibarnamə ilə idarə etdiyi X3 məxsus “VAZ 2106” markalı, Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri istiqamətindən Xaçmaz rayonu Yergüc kəndi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən Xaçmaz-Quba yolunun 1-ci kilometrliyində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, hərəkət etdiyi istiqamət üzrə yolun sağındakı kərpic satışı məntəqəsinin yaxınlığındakı, Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan sütun və arakəsmə divarları, yəni maneəni vurmuş, nəticədə avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan posthemorragik şokla müşaiyət olunmuş döş və qarın boşluqlarına qanaxma, sol ağ ciyərin və dalağın zədələnməsi, sol tərəfdən 2,3,4,5,6,7,8,9-cu qabırğaların sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid bədən xəsarətləri almasına səbəb olmuş və Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan sütun və arakəsmə divarlara ümumilikdə 286 (iki yüz səksən altı) manat maddi ziyan vurmuş, bununla da o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o özünə məxsus olan ** KS *** dövlət qeydiyyat nişanlı “Vaz 2106” markalı avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobil X2 adına qeydiyyatda olsa da o həmin avtomobili almışdır. Yəni həmin avtomobil onun mülkiyyətindədir. Zərərçəkmiş şəxs Xaçmaz rayonu Yergüc kənd sakini kimi tanıyır. Onunla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavətləri olmamışdır. 02 sentyabr 2020-ci il tarixdə 01-02 radələrində yaşadığı evdən çıxaraq siqaret almaq məqsədilə yuxarıda qeyd etdiyi avtomobillə Xaçmaz rayonu Yergüc kəndinə gəlmişdir. Kəndə çatdığı zaman Zərərçəkmiş şəxs başqa bir həmkəndlisi ilə yolun kənarında görmüşdür. O, Nicatgilin Yergüc kəndində mağazaları olduğunu bildiyindən oradan siqaret almaq istəmişdir. Bu məqsədlə avtomobili saxlamış və onlara yaxınlaşmışdır. Lakin Nicatın mağazanı bağladığını görmüşdür. Bir qədər onlarla söhbət etdikdən sonra o, siqaret almaq üçün Xaçmaz şəhəri istiqamətində gedəcəyini söyləmiş, Nicatın isə onunla birlikdə gedib-qayıtmaq istədiyini bildirmişdir. Digər şəxs isə onlarla sağollaşaraq evi yaxınlıqda olduğu üçün oradan uzaqlaşmışdır. Nicat avtomobilin ön sağ oturacağında əyləşmişdir. O, Xaçmaz şəhərinin yolu üzərində marketə daxil olmuş, oradan bir paçka siqaret və iki şüşə pivə almışdır. Pivənin birini özü, digərini isə Nicat içmişdir. Sonra onlar, yanacaq doldurma məntəqəsinə də gedib, avtomobilə biraz benzin almışdırlar. Bundan sonra yenidən yaşadıqları kəndə yollanmışlar. O avtomobili idarə edən zaman, Nicat öz mobil telefonunu “aux” kabeli vasitəsilə avtomobildə olan maqnitofona qoşmağa çalışırdı, bu isə onun xoşuna gəlmirdi. Nicatın bu hərəkətlərini dayandırmaq üçün o, bir anlıq sükanı buraxıb, maqnitofonda “mode” düyməsini basmaq istəyən zaman, Nicat qəfildən avtomobilin sükanını sağ tərəfə dartmış və idarə etdiyi avtomobil gəldiyi istiqamət üzrə yolun sağında olan divara çırpılmışdır. Qəza zamanı onların hər ikisi xəsarətlər almışdırlar. Təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdə, o, ilk öncə Nicata yardım göstərməklərini tələb etmişdir, ona görə ki, Nicat huşsuz olmuşdur. Birinci briqada Nicatı xəstəxanaya aparmış, bir neçə dəqiqə sonra isə ikinci vriqada gəlib onu da, xəstəxanaya aparmışlar. Hadisənin baş verməsidə həm özünü, həm Nicatı təqsirli bilmiş, iş üzrə Zərərçəkmiş şəxs mülki iddiasını qəbul etməyib. Avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Üçgün kənd sakini kimi tanıyır. Onunla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavətləri olmamışdır. 02 sentyabr 2020-ci il tarixdə saat 01-02 radələrində o, atasına məxsus olan yaşadığı kənddə yerləşən mağazanı bağlayaraq həmkəndlisi Şahid1la birlikdə söhbət edərkən, Təqsirləndirilən şəxs özünə məxsus olan Vaz 2106 markalı avtomobillə mağazanın qarşısına yaxınlaşdığını görmüşdür. Elnur avtomobildən düşərək mağazadan siqaret almağı istəsə də, o, mağazanın artıq bağlı olduğunu bildirmişdir. Elnur bir neçə dəfə ondan xahiş etmişdir ki, mağazadan ona bir qutu siqaret satsın, lakin o buna razılaşmadı, ona görə ki, atasının gecə vaxtı mağazanı açmağına qəzəblənəcəyini bilirdi. Bundan sonra, Elnur siqaret almaq üçün Xaçmaz şəhəri istiqamətinə gedəcəyini söyləmiş və onlara onunla birlikdə getməyi təklif etmişdir. O, Elnurun təkliflə o razı olsa da, Amil razı olmamışdır, çünki Amilin evi lap yaxınlıqda idi. Amil onlarla sağollaşıb evinə getdi, o isə, avtomobilin ön sağ oturacağında əyləşmişdir. Elnur avtomobili Xaçmaz şəhəri istiqamətində sürmüş, yolda açıq olan mağazadan bir qutu siqaret və iki ədəd pivə almışdır. Pivənin birini Elnur, digərini isə o içmişdir. Daha sonra, yanacaq doldurma məntəqəsinə daxil olub, avtomobilə biraz benzin də vurduqdan sonra, yaşadıqları kəndə tərəf hərəkət etmişlər. Elnur avtomobili idarə edərkən sərxoş vəziyyətdə idi. Elnur Quba yolu istiqamətinə döndükdən bir qədər sonra avtomobilin idarəetməsini itirmişdir və nəticədə avtomobil yolun kənarında yerləşən divara çırpılmışdır. Daha sonra nə baş verdiyini xatırlamır, ona görə ki, qəzadan sonra huşunu itirmişdir. Ayılanda artıq xəstəxanada olduğunu başa düşmüşdür. Elnurun dediyi kimi, avtomobilin sükanını nəyinki dartmış, heç belə toxunmamışdır. Elnurun dedikləri uydurmadır. Elnur həddindən artıq sərxoş olduğu üçün idarəetməsini itimişdir və bu səbəbdən də qəza baş vermişdir. Mülki iddiası ilə bağlı onu bildirmişdir ki, qəza nəticəsində ağır bədən xəsarətinin müalicəsini dövlət xəstəxanasında aldığından, bununla bağlı hər hansı bir rəsmi ödəniş qəbzləri yoxdur. Lakin qəzadan sonra ağır vəziyyətdə olduğundan və həkimlər onun həyatını xilas etdikləri üçün atası onun əməliyyətlarını və müalicəsini aparan həkimlərə öz təşəkkürünü bildirmək üçün, habelə lazımi dərmanların və tibbi vasitələrin alınması üçün 6000 manata yaxın pul xərcləmişdir. Bundan başqa, qəza nəticəsində o, əmək qabiliyyətini itirmiş və işləyə bilmədiyi üçün, hər ay təqsirləndirilən şəxsdən 400 manat məbləğində təzminat ödənilməsini istəyir. Mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə bildirdi ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Yergüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində olmaqla faktiki olaraq nümayəndə əvəzi kimi fəaliyyət göstərir. 02 sentyabr 2020-ci il tarixdə Yergüc kənd İƏD-in ərazisində yəni Quba Xaçmaz yolunun 1-ci kilometrliyində, kərpic satışı məntəqəsinin yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumatı vardır. Belə ki, həmin hadisə zamanı Xaçmaz rayon İcra hakimiyyətinin balansında olan sütün və arakəsmə divarlara ümumilikdə 286 manat maddi ziyan dəymişdir. Həmin ərazi Yergüc kənd İƏD-nin ərazisi olduğundan həmin sütün və arakəsmələrə nəzarət ərazi aidiyyəti üzrə nümayəndəlik tərəfindən həyata keçirilir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında hər hansı bir münaqişə dava dalaş və ədavət olmamışdır. Bununla bağlı, Təqsirləndirilən şəxs 286 manat maddi ziyan tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlarla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavətləri olmamışdır. 02 sentyabr 2020-ci il tarixdə 01-02 radələrində o yaşadığı Yergüc kəndində Zərərçəkmiş şəxs atasına məxsus olan mağazaya siqaret almaq məqsədilə getmişdir. Həmin zaman orada Zərərçəkmiş şəxs olmuşdur. O oradan siqaret aldıqdan sonra Nicat evə getmək məqsədilə mağazanı bağlamışdır. Mağazanın qarşısında bir qədər söhbət etdikdən sonra, Təqsirləndirilən şəxs Vaz 2106 markalı avtomobillə onların yanında saxlamış və Nicata mağazadan siqaret almaq istədiyini bildirsə də, Nicat mağazanın artıq bağlı olduğunu və aça bilməyəcəyini söyləmişdir. Daha sonra Elnur, onun avtomobili ilə Xaçmaz şəhəri istiqamətində gedib, oradan siqaret almağı təklif etsə də, o, Elnurun bu təklifini rədd edib evinə getmişdir, Nicat isə Elnurla birlikdə avtomobillə açıq olan mağazaya getdilər. Sonra nə baş verdiklərin şahidi olmamışdır. Daha sonra eşitmişdir ki, həmin axşam Elnur Xaçmaz şəhərində yol qəzası törətmişdir. Qəza zamanı o avtomobildə olmamışdır. Hadisənin necə baş verməsini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz MRX-nın TTTYŞ-də (X4 Yardış Şöbəsi) feldşer vəzifəsində işləyir. 01.09.2020-ci il tarixdən 02.09.2020-ci il tarixə keçən gecə növbədə olmuşdur. Həmin zaman mərkəzi zəng xidmətindən onun işlədiyi şöbəyə Xaçmaz-Quba yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alan şəxsin olması barədə məlumat daxil olmuşdur. Bundan sonra o şöbənin sürücüsü Şahid4 ilə birlikə təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yollanmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə çatdıqları zaman Vaz 2106 markalı Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xaçmaz Quba yolu istiqamətində hərəkət edərkən idarə etməni itirərək hərəkət istiqaməti üzrə yolun sağında yerləşən kərpiç alışı məntəqəsinin yaxınlığındakı sütün və hasara dəydiyini görmüşlər. Onlar təcili olaraq avtomobilə yaxınlşamış və bu zaman avtomobildə sürücüdən başqa bir nəfər sərnişinin də olmasını və onun da xəsarət almasını bilmişlər. Dərhal bu barədə yenidən öz şöbələrinə məlumat verərək hadisə yerinə daha bir təcili tibbi yardım avtomobilinin göndərilməsini istəmişlər. Onlar hadisə yerinə toplaşmış vətəndaşların köməkliyi ilə avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə yerləşdirərək Xaçmaz MRX-ya gətirmişlər. Sürücü Təqsirləndirilən şəxs isə hadisə yerinə onlar tərəfindən çağırılan digər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilmişdir. Onlar hadisə baş verdikdən sonra hadisə yerinə getmişik. Nəqliyyat vasitəsində sürücü və sərnişin olmaqla sadəcə iki nəfər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4, Şahid5 və məhkəmədə ifadəsi elan elan edilmiş şahid qismində dindirilən Şahid3 qızı, Şahid2 ifadəsi ilə anoloji ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 12.11.2020-ci il tarixli 8/1845 №-li rəyindən görünür ki, Vaz 2106 markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə görəmexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünüdüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun normalarında qeyd olunmuş tələbləri pozaraq, sərxoş vəziyyətdə sükan arxasına əyləşib avtomobili idarə etmiş, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış və nəticədə digər hərəkət iştirakçısı Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloоi Anatomiya şöbəsinin 19.09.2020-ci il tarixli 630 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- posthemorragik şokla müşaiyət olunmuş döş və qarın boşluqlarına qanaxma, sol ağ ciyərin və dalağın zədələnməsi, sol tərəfdən 2,3,4,5,6,7,8,9-cu qabırğaların sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, 02.09.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli 314 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olmuş, orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xaçmaz rayon, İcra Hakimiyyəti Başçısının Yergüc İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Xaçmaz rayon, İcra Hakimiyyəti Başçısının Yergüc İƏD-si tərəfindən verilmiş arayışdan, doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq cinayət əməli törətməsini və törətdiyi əməli qismən etiraf edərək, səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi zərərin və mənəvi ziyanın ödənilməsi tələbi barədə mülki iddia qaldıraraq, Təqsirləndirilən şəxs törətmiş olduğu nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən xəstəxanada müalicəsinə sərf etdiyi 6000 manat və əmək qabiliyyətini itirdiyinə görə ayda 400 manat təzminat formasında alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibət bildirərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi əməl nəticəsində Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasını, onun xəstəxanada müalicə olunması və bununla bağlı 6000 manat pul xərcləməsinə dair mülki iddia tələbi, obyektiv və ağlabatan miqdarda, yəni 2000 manat məbləğində qismən təmin edilməlidir. Əmək qabiliyyətini itidiyinə görə ayda 400 manat təzminat formasında alınaraq ona verilməsi barədə təsdiq edən mötəbər sübutlar isə mülki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən mülki iddia həmin hissədə təmin edilməməlidir. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış “Vaz 2106” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2000 manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs ödənilsin. Zərərçəkmiş şəxs mülki iddiası qalan hissədə təmin edilməsin . Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış “Vaz 2106” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-71/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-71/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver