Məhkəmə qərarları › İş №1(067)-71/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-71/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-71/2022 12.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Quba rayonunun Ərməki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşağı olan, əvvəllər məhkum olunmamış, Quba rayonunun Ərməki kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Yergüc kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Xaçmaz rayonunun Yergüc kəndində yaşadığı evdə, ailəməişət zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq və əlində olan maşa ilə vuraraq qəsdən sonuncuya sol gözün alt qapaq, sağ yanaq və hər iki bazu nahiyələrinin qançırları, sol göz almasına geniş qansızma, boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərərvurmaya səbəb olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadıqları evə gələndə arvadı olan Zərərçəkmiş şəxs ondan cücə almaq üçün iyirmi manat pul istəmiş, o isə pul olmadığını bildirmiş, arvadı isə “Verməlisən. Cücə almaq istəyirəm. Sən həmişə belə edirsən” və s. deyərək irad bildirmiş, o isə təkrarən hazırda pulunun olmadığını, yaxın zamanda pulunun olacağını və cücələr alacağını bildirmiş, arvadı əsəbiləşərək evdən bayıra çıxmışdır. Daha sonra üç yaşlı qızı evə daxil olaraq anasının həyətdə paltarları yerə atdığını bildirmiş, o, həyətə çıxaraq görmüşdür ki, arvadı yuyulmaq üçün olan paltarları həyətdə yerə atmışdır. O, bundan hirslənmiş və maşının işlənmiş yağını götürərək guya yandırmaq üçün həmin paltarların üzərinə tökmüş və evə daxil olaraq kibrit gətirməyə getmiş, evdən yenidən həyətə çıxanda bilmişdir ki, arvadı küçəyə çıxıb ona məxsus avtomobilin yanında dayanmış, o, küçəyə çıxaraq arvadını səs-küy olmasın, insanlar mübahisələrinin olduğunu bilməsinlər deyə evə gətirmişdir. O, arvadını evə gətirdikdən sonra aralarında mübahisə davam etmiş, səs-küy yaranmış, o, bundan hirslənərək arvadına bir dəfə şillə ilə vurmuş, arvadının sakitləşmədiyini görərək sonuncunu maşa ilə vurmuş və bundan sonra evdən çıxaraq yaşadığı kənddə yerləşən çayxanaya getmişdir. Bu hadisədən təxminən bir saat sonra ona polis əməkdaşı zəng edərək yaşadığı evə gəlməsini bildirmiş, o, yaşadığı evə getmiş və bilmişdir ki, arvadı onun barəsində şikayət etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri olan Təqsirləndirilən şəxs məhkəmə iclasındakı ifadəsində aralarındakı mübahisə ilə bağlı göstərdiyi xüsusatlar düzgündür, lakin təqsirləndirilən şəxs həmin hadisə zamanı ona xəsarət yetirərkən onu sadəcə bir dəfə olmaqla şillə ilə vurmamışdır. Təqsirləndirilən şəxsi ona qarşı törətdiyi həmin cinayət əməlinə görə bağışladığını, təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli raportdan, həmin tarixli şifahi ərizə protokolundan və izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək 08.04.2022-ci il tarixdə, saat 17 radələrində yaşadıqları Xaçmaz rayonunun Yergüc kəndindəki evlərində əri, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən döyülərək ona xəsarərt yetirildiyi barədə məlumat vermiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 09 aprel 2022-ci il tarixli, 187 №-li rəyindən müəyyən edilir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözün alt qapaq, sağ yanaq və hər iki bazu nahiyələrinin qançırları, sol göz almasına geniş qansızma, boyun nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 08.04.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Xaçmaz rayonunun Yergüc kəndində yaşadığı evdə, ailə-məişət zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq və əlində olan maşa ilə vuraraq qəsdən sonuncuya sol gözün alt qapaq, sağ yanaq və hər iki bazu nahiyələrinin qançırları, sol göz almasına geniş qansızma, boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərərvurmaya səbəb olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs natamam orta təhsillidir. Evlidir, iki övladı var. Fərdi işlə məşğul olur. Səmimi, mehriban xarakterli insandır. Yaşadığı kənddə qonşularla yaxşı münasibətdədir. Spirtli içkilərin və narkotik maddələrin istifadəsinə meylli deyil. Barəsində Nümayəndəliyə hər hansı formada qanun pozuntusu ilə əlaqədar heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki uşağı vardır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək sonuncunun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar