Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-71/2025 10.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qıznın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X3, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2002-ci ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sabiroba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətində idarə etdiyi “Opel Astra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospekti ilə üzü Xaçmaz rayonu, Qımılqışlaq kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkətdə olan zaman Qudiyalçay çayının üzərindəki körpünü keçdikdən sonra qarşısına çıxan iti vurub ehtiyaztsızlıqdan idarəetməni itirərək yolun üzərində tikilmiş məlumatverici daş tikilinin sol tərəfinə dəyməklə həmin avtomobildə sərnişin qismində olan X2 beyin toxuma və mədəciklərinə qansızma ilə müşayiət olunmuş kəllə qapağı sümüklərinin açıq sınığı kimi həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə səbəb olmuş, bununla da o, avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində olduğu zaman zərərçəkmiş şəxs Şəhriyar Məmmədov onunla vatsap messenceri vasitəsilə əlaqə saxlayaraq, dönərxanada olduğunu deyərək onu gedərək oradan götürməsini xahiş etmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Köhnə Xaçmaz kəndindən gedərək Şəhriyarı götürərək avtomobilini yaşadığı kəndə doğru idarə etmiş, onun atası xəstə olduğundan yaşadığı evə gedib atasına baş çəkməli olmuşdur. Yolda olarkən ortaq dostları olan Fuad Şəhriyara zəng edərək atasının (Fuadın) ad günü olduğunu bildirib onları qonaqlıq məclisinə dəvət etmiş, o, həmin məclisə getməkdən imtina etmiş, lakin Fuad israr etdiyindən məclisə getməyə razı olmuş, bundan sonra Şəhriyar ona demişdir ki, sonuncunun yaşadığı evə getsinlər, əynini dəyişsin və Fuadgilə gedərək məclisdə bir qədər iştirak etdikdən sonra çıxaraq evlərinə qayıtsınlar. O və Şəhriyar sonuncunun yaşadığı evə getmişlər, Şəhriyarın valideynləri onu evə dəvət etmişlər, o, evə girməmiş, valideynlərinə Şəhriyarla gedərək yarım saata qayıdacaqlarını demişlər. Bundan sonra o və Şəhriyar onun idarə etdiyi avtomobillə Fuadgilin evinə getmişlər, lakin Fuad evdə olmamış, onlar Fuadla telefon əlaqəsi saxlayaraq harada olduğunu soruşmuşlar, sonuncu da cavab olaraq bildirmişdir ki, Xaçmaz şəhəri, İzmayılovka adlanan ərazidədir. Yarım saatdan sonra onlar gedərək Fuadı götürüb sonuncunun yaşadığı evin qarşısına gətirmiş, evə daxil olmadan evin qarşısında beş-on dəqiqə Fuadla söhbət etmişlər, gec olduğundan Fuaddan ayrılıb yaşadıqları evə qayıtmaq üçün yola düşmüşlər. Xaçmaz şəhərində Qudyalçayın üzərindəki körpüdən keçərkən idarə etdiyi avtomobilin qarşısına anidən it çıxmış, o, avtomobilin sükanını nisbətən sola döndərmiş, lakin buna baxmayaraq, it avtomobilinin təkəri altında qalmış, bu zaman avtomobilin “peredoku” (ön mexanizmi) sıradan çıxmış və sükanı boşa çıxmış, bununla da avtomobilin idarəetməsini itirmiş, nəticədə qəza baş vermişdir. Qəza zamanı zərbənin təsirindən o, avtomobilinin ön şüşəsindən çölə atılaraq kapotun üzərinə düşmüş, oradan isə özü düşərək yerdə uzanmış, bundan sonra isə nə baş verdiyi yadında deyil. Həmçinin bildirdi ki, hadisə zamanı nə o, nə də Şəhriyar təhlükəsizlik kəmərlərini bağlamamışlar. Təhlükəsizlik kəmərlərini bağlamasına nəzarət onun vəzifəsidir. Hadisə vaxtı o, avtomobili 80-100 km/saat aralıqda olan sürətlə idarə etmişdir. O, hadisə baş verən vaxt özünün vəziyyəti pis olduğundan zərərçəkmiş şəxsə köməklik edə bilmək iqtidarında olmamışdır. O, zərərçəkmiş şəxsin öldüyünü xəstəxanada olduğu vaxt bilmişdir. O və Şəhriyar yaxın dost olmuş, bir-biri ilə qardaş kimi olmuşlar, onun əvəzinə özünün ölməsini istərdi. O, zərərçəkmiş şəxsin valideynlərindən törətdiyi əmələ görə üzr istəmiş, barışmışlar. O və zərərçəkmiş şəxs bir-birini iki il olmuşdur ki, tanıyaraq dost olmuşlar, bir-birinin evinə gedib-gəlmişlər. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, dostu Şəhriyarın ölməsinə görə əzab çəkir, sonuncunun əvəzinə onun özünün ölməsini istərdi, ona cəza təyin edilərkən cavan olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, onun özünə məxsus olan “Opel Astra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində dostu Şəhriyar Məmmədov ona zəng edib onu çay içməyə dəvət etmişdir. O da Şəhriyarın yaşadığı Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən ünvana getmişdir, onlar orada görüşmüş və evdən çıxan zaman Şəhriyar ona demişdir ki, “Xaçmaz şəhərində tanışlarından birinin atasının ad günüdür, gəl gedək ora, təbrik edib qayıdarıq.” O da razılaşmış, onlar ona məxsus olan “Opel Astra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb bir qədər sonra Xaçmaz şəhərinə gəlmiş, avtomobili o idarə etmişdir. Onlar Şəhriyarın dediyi ünvana getmiş, lakin onlar həmin ünvana çatanda Şəhriyarı dəvət edən şəxs artıq orada olmadığından evə daxil olmamış, oradan çıxıb kəndə qayıtmaq üçün yola düşmüşlər, sükan arxasında yenə də o özü olmuşdur. Onlar Xaçmaz şəhəri Bakı prospekti ilə üzü yaşadığı kənd istiqamətində hərəkətdə olan zaman Qudiyalçay çayının üzərindəki körpünü keçən zaman yola küçə iti çıxmışdır. Həmin vaxt o, təxminən 90-100 km/saat sürətlə hərəkət etmiş, saat isə 23:30 radələri olmuşdur. O, iti vurmamaq üçün sükanı bir qədər sola döndərmiş, lakin yenə də yayına bilməmiş, həmin iti vurmuş və avtomobili idarəetməni itirmişdir. Bundan sonra yolun sol tərəfində olan səkinin üzərindən keçib yolun üzərində tikilmiş məlumatverici daş lövhəyə çırpılmışdır. O, zərbədən sonra parpresdən çıxmış, lakin Şəhriyar Məmmədov elə avtomobilin salonunda qalmışdır. Bundan sonra həmin yerə yolla keçən şəxslər yığışmış, hadisə yerinə təcili-tibbi yardım işçiləri və polis əməkdaşları gəlmişdir. Sonra onları xəstəxanaya aparmışlar. Şəhriyar Məmmədov hadisə yerində ölmüşdür, o isə xəsarət aldığından 20 günə yaxın xəstəxanada qalmışdır. Onun avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Həmin yol nəqliyyat hadisəsi özünün ehtiyatsızlığından baş vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 hüquqi varisi X6 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları kənddə olan toy mərasimindən arvadı ilə yaşadıqları evə qayıtmışlar və evlərində çay içmək üçün oturmuşlar, bu vaxt evlərinin qarşısında avtomobilin dayandığını eşitmişlər, arvadı həyətə çıxmış və görmüşlər ki, oğlu Şəhriyar Gülməmmədin avtomobili ilə gəlmiş və oğlu Şəhriyar əynini dəyişmişdir. Arvadı, yəni Şəhriyarın anası Gülməmmədi evə, çay içməyə dəvət etmiş, Şəhriyar əynini tez dəyişib qayıdaraq Gülməmmədin avtomobilinə əyləşmiş və Şəhriyar ona demişdir ki, on dəqiqəyə qayıdacaqdır. Şəhriyar və Gülməmməd getdikdən bir neçə dəqiqə sonra onlara məlumat vermişlər ki, oğlu Şəhriyar avtomobil qəzasına düşüb. O, bu xəbəri eşidən kimi dərhal avtomobili ilə kənddən çıxaraq getmiş, yolda avtomobillərin, insanların hadisə yerində dayanaraq toplandığını görmüş, Şəhriyar artıq xəstəxanaya aparıldığından o, xəstəxanaya getmiş, lakin o, xəstəxanaya çatanda oğlu Şəhriyar artıq vəfat etmişdir. Həmçinin bildirdi ki, onun Şəhriyardan başqa bir oğlan və bir qız övladı var. Təqsirləndirilən şəxslə onların arasında heç bir qərəzli münasibət olmamış, oğlu Şəhriyarla dost olmuşlar və bir-birinin evinə gedib-gəlmişlər. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini qəbul edir. Təqsirləndirilən şəxs tərəfindən onlardan üzr istənilib, onlar barışmışlar. Təqsirləndirilən şəxsin atası yas mərasimlərilə bağlı maddi köməklik etməyi təklif etmiş, o, imtina etmişdir. Təqsirləndirilən şəxsin atası onun oğlu Şəhriyarın aldığı motosikletlə bağlı olan 5000 manat borcu ödəmişdir, oğlu sağ qalsaydı, həmin borcu özü ödəyərdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, Şəhriyar Məmmədov onun oğludur, onlar Xaçmaz rayonu, Müzəffəroba kəndində bir evdə yaşayırlar, oğlu subay olmuşdur. X11 rayonu, Sabiroba kənd sakini olan Təqsirləndirilən şəxs ilə yaxın dost olmuşlar. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Şəhriyar ona demişdir ki, “ata, Gülməmmədlə birlikdə çıxıram, 10 dəqiqəyə gələcəyəm, yatma, məni gözlə.” Beləcə, Şəhriyar Gülməmmədlə birlikdə Gülməmmədin idarə etdiyi “Opel Astra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb getmişlər. Onlar çıxdıqdan bir qədər sonra, saat 23:30 radələrində ona xatırlamadığı bir nəfər zəng edərək demişdir ki, “Şəhriyar qəzaya düşüb, xəstəxanaya aparırlar, vəziyyəti ağırdır.” O, dərhal evdən çıxmış ki, xəstəxanaya gəlsin. Qudyalçay çayına çatanda orada camaatın toplaşmasını görmüşdür, lakin orada qalmamış, çünki Şəhriyarı xəstəxanaya aparmışlar. O, oradan Xaçmaz RMX-yə gəlmiş, xəstəxanaya çatanda görmüşdür ki, Şəhriyar vəfat edib, həkimlər onun elə hadisə yerində öldüyünü demişlər. Sonradan ona məlum olmuşdur ki, X5 şəhərindən çıxıb kəndə gələn zaman avtomobilin qarşısına it çıxıb, sükan arxasında Gülməmməd olmuş, Gülməmməd idarəetməni itirərək yoldan çıxmış və daş tikiliyə dəyərək qəza törətmişdir. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. O, hadisəni konkret olaraq kimin görməsini bilimir. Hadisə Gülməmmədin diqqətsizliyindən baş vermiş, lakin oğlu Şəhriyar və Gülməmməd çox yaxın dost olmuş, Gülməmməd heç vaxt belə bir hadisəni istəməzdi, onlar qardaş kimi dost olmuşlar, buna görə də heç bir şikayəti yoxdur. İş materiallarında olan raportdan müəyyən edilir ki, 15 sentyabr 2024-cü il tarixdə, saat 00:20 radələrində Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək 2001-ci il təvəllüdlü X2 “ölü” diaqnozu ilə xəstəxanaya daxil olması, yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində ölməsi barədə məlumat vermişdir. İş materiallarında olan raportdan müəyyən edilir ki, 15 sentyabr 2024-cü il tarixdə, saat 02:00 radələrində Xaçmaz RMX-nın tibb bacısı Cavadova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “döş qəfəsinin əzilməsi, alt dodağın əzilməsi, sağ dizin kəsilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması, xəsarətləri yol-nəqliyyat hadisəsi zamanı alması barədə məlumat vermişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 sentyabr 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Xaçmaz şəhəri, Bakı prospektidir, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü İl tarixdə Xaçmaz şəhəri, Bakı prospektində, “Xaçmaz-Xudat” avtomobil yolunda Xudat şəhəri istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olan zaman sürücü Təqsirləndirilən şəxs qarşısına çıxan iti vurmuş, daha sonra idarəetməni itirmiş və yolun üzərindəki daş tikiliyə (arka) dəyməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur. Sürücü Təqsirləndirilən şəxs hərəkəti Xaçmaz rayonu, Qımılqışlaq kəndi istiqamətində olmuşdur. Görmə məsafəsi kifayət qədərdir. Hadisənin baş verdiyi yolun eni 11 metrdir. Hadisə yeri ölçülərək müəyyən edilmişdir ki, həmin yerdə sınmış şüşə və plastik qırıntıları olmuşdur. Hadisə yerində yolun sol tərəfindəki səkiyədək 25 metr cütləşmiş tormoz izi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2024-cü il tarixli, 8/2897 nömrəli ekspert rəyindən müəyyən edilir ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü G.Gülməmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisə yerində qalan təkər izinin tormoz izi və yaxud yana sürtünmə şin izi olması nəqliyyat vasitəsinin hərəkət trayektoriyası və onun xarakteri haqqında məlumat verir. Yuxarıda aparılmış tədqiqatdan məlum olur ki, hadisə yerində qalan tormoz izi və yaxud yana sürüşmə izi olmasından aslı olmayaraq mövcud hadisənin baş verməsi sürücünün öz hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətləri ilə olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 474 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – kəskin pankreatit və hematuriya ilə müşayiət olunmuş sol böyrəyin əzilməsi bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, 33 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2001-ci il təvəllüdlü, mərhum X2 meyitinin məhkəmə-tibbi müayinəsinə və laborator müayinənin cavabına əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. Ş.Ə.Məmmədovun meyitinin bədənində aşağıdakı həyati xəsarətlər - beyin toxuma və mədəciklərinə qansızma ilə müşayiət olunmuş kəllə qapağı sümüklərinin açıq sınığı dərəcəsinə görə onun ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, 14 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. 2. Ş.Ə.Məmmədovun ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət hadisəsini törədərkən idarə etdiyi “Opel Astra” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, “Opel Astra” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi Arif Gülməmmədov tərəfindən etibarlılıq müddəti xx.xx.2023-xx.xx.2032-ci il tarix olmaqla həmin nəqliyyat vasitəsini idarə etmək üçün iş üzrə Təqsirləndirilən şəxs etibar edilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Xaçmaz RPŞnin DYPB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına, verilmə tarixi xx.xx.2022-ci il, etibarlılıq müddəti xx.xx.2032cü ilədək olan “BC” kateqoriyalı, BD605239 nömrəli sürücülük vəsiqəsi verilmiş, 2024-cü ilin sentyabr ayında onun sürücülük hüququ olmuş (məhdudlaşdırılmamış) və ona “Opel Astra” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün verilmiş etibarnamə qüvvədə olmuşdur. İş materiallarında olan alkotester texniki vasitəsinin göstəricisindən (qəbz) müəyyən edilir ki, 15 sentyabr 2024-cü il tarixdə, saat 00:57-də ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Gülməmmədovun sərxoşluq vəziyyəti yoxlanılaraq sərxoş olmaması müəyyən edilmişdir. İş materiallarında olan 15 sentyabr 2024-cü il tarixli qərardan və həmin tarixli protokoldan (saat 02:20) müəyyən edilir ki, hazırkı cinayət işi üzrə ekspertizaya təqdim edilməsi üçün Təqsirləndirilən şəxs qan nümunəsi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin 20 sentyabr 2024-cü il tarixli, 3148/K nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil və amil spirtləri aşkar edilməmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə görə, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə görə, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ağır dərəcəli xəsarət almış, o, əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş, həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tam orta təhsillidir, subaydır. O, yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Barəsində Nümayəndəliyə onu tanıyanlardan, yaxın qohumlarından heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin 25 yanvar 2025ci il tarixli ərizəsindən, həmçinin hüquqi varisin məhkəmə iclaslarında verdiyi ifadədən müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır olmaqla cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, hüquqi varisin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-71/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-71/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver