Məhkəmə qərarları › İş №1(067)-72/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-72/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-72/2020 26.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1967-ci ildə Azərbaycan Respublikası, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, evli, məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üstündə saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 26 nömrəli ünvanın yaxınlığında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli parça materiallı gödəkçənin sol qoltuq altı iç hissəsindən üzərində “avromed” yazılmış sellofan paketin içərisində olan çəhrayı rəngli sellofana bükülmüş xalis çəkisi 480,0 qram və əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə 1 (bir) ədəd kağız bükümdə xalis çəkisi 1,948 qram olmaqla ümumi xalis çəkisi 481,948 qramnarkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 3-da anası, arvadı, 16 yaşlı qızı və 15 yaşlı oğlu ilə birlikdə yaşayır. Atası rəhmətə getmişdir. Rəsmi olaraq işləmir, Xaçmaz şəhərində yerləşən mərkəzi bazarda ticarətlə məşğul olaraq geyim əşyaları satır. Düşəndən-düşənə nəşə, yəni narkotik vasitə marixuana çəkir. 2019-cu ilin yay aylarında çoxdan özündə olan iki ədəd çətənə bitkisinin toxumunu yetişdirmək məqsədilə içərisində çürüntülü torpaq olan dipçəkdə əkmiş və bu dipçəyi yaşadığı evin həyətyanı sahəsində gizlətmişdir ki, ailə üzvləri görməsin. Bundan sonra həmin dipçəklərə su verərək torpağını nəm halına gətirmişdir ki, əkdiyi toxumlar cücərib inkişaf etsin. 2019-cu ilin oktyabr ayında yetişdirdyi çətənə bitkilərinin yarpaqlarını qurudaraq nəşə, yəni marixuana əldə etmiş və bu marixuanadan ara-sıra çəkməyə başlamışdır. Marixuananı çəhrayı rəngli sellofan paketə yığmış və bu paketi də üzərində “AvroMed” sözləri yazılmış sellofan paketə qoymuşdur. İçərisində qurudulmuş marixuana olan həmin paketi yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində üzərində “AvroMed” sözləri yazılmış və içərisində qurudulmuş marixuanın olduğu sellofan paketi yaşadığı evin həyətində yerləşən tikilidəki gizlətdiyi yerdən götürmüşdür ki, aparıb evindən kənar olan başqa yerdə saxlasın, uşaqları görə bilməsin, həyətində qalmasın. Əvvəlcə o, həmin marixuanadan çəkmək üçün bir az götürüb kağıza büküb əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Sonra içərisində qurudulmuş marixuana olan həmin sellofan paketi əynindəki qara rəngli parça materiallı gödəkçənin sol qoltuq altı iç hissəsində qoymuşdur. Bundan sonra küçəyə çıxmış və yaşadığı ünvanın yaxınlğında 3-4 nəfər mülki geyimdə olan şəxs ona yaxışlaşaraq özlərini təqdim etmiş, Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün üzərində olan nəşəni yəni, narkotik vasitə olan marixuananı özündən kənarlaşdıra bilməmişdir. Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və o, yenə də etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl özünü Xaçmaz rayn Polis Şöbəsinin müstəntiqi kimi təqdim edən Vüqar adlı polis əməkdaşı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan nəşəni yəni, narkotik vasitə olan marixuananı təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki qara rəngli parça materiallı gödəkçənin sol qoltuq altı iç hissəsindən üzərində “AvroMed” sözləri yazılmış sellofan paketi və əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə bir ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Üzərində “AvroMed” sözləri yazılmış sellofan paketdə olan çəhrayı rəngli sellofan paketin və kağız bükümün içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki, o, bu kütlələrin narkotik vasitə olan marixuana olduğunu etiraf edərək, özü çətənə bitkisi toxumlarını əkərək əldə etdiyini, narkotik istifadəçisi olduğuna görə həmin marixuananı özü üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş və üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Daha sonra onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə marixuana olan həmin sellofan paket və kağız büküm müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə marixuanın olduğu sellofan paketin və kağız bükümün qablaşdırıldığı kağız zərfin üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər.O, həmçinin bildirmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. O, heç kimdən narkotik almamış və heç kimə narkotik satmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilən zaman yolda və gətirildikdən sonra Xaçmaz RPŞ-nin inzibati binasında ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Xaçmaz RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis kapitanı rütbəsindədir. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan və işlədiyi şöbənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Möhbalıyev Seyran Kərəm oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 nömrəli ünvanın qarşısında olduğunu müəyyən etmiş və xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Polis şöbəsində Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Vüqar Əmirov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsini təklif edilmişdir. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli parça materiallı gödəkçənin sol qoltuq altı iç hissəsindən üzərində “AvroMed” sözləri yazılmış sellofan paketi və əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə bir ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “AvroMed” sözləri yazılmış sellofan paketdə olan çərhayı rəngli sellofan paketin və kağız bükümün içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlələrin narkotik vasitə olan marixuana olduğunu etiraf edərək, özünün çətənə bitkisi toxumlarını əkərək əldə etdiyini, narkotik istifadəçisi olduğuna görə həmin marixuananı özü üçün üzəridə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilməklə Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ-yan cibindən yaylıq, sol yan cibindən siqaret qutusu və alışqan, sağ-yan-üst balaca cibindən 70 qəpik, şalvarının arxa-sol cibindən 31 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaylığı, siqareti, alışqanı və pulları özünə qaytarılmışıdır. Daha sonra Təqsirləndirilən şəxs üzəridən aşkar edilmiş içərisində narkotik vasitə marixuana olan həmin sellofan paket və kağız büküm müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, sonra isə o, və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə marixuanın olduğu sellofan paketin və kağız bükümün qablaşdırıldığı kağız zərfin üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloci və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 522 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs gödəkçəsinin içərisində sol qoltuğunun alt hissəsində aşkar edilərək götürülmüş bitki kütləsi” yazılar və imzalar olan kağız paketdə üzərində “AVROMED” yazısı olan polietilen paketdəki çəhrayı rəngli sellofan torbada təmiz çəkisi 480,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd büküm” yazılar və imzalar olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 1,948 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanların ümumi təmiz çəkisi 481,948 qram, cəmi tədqiqata sərf edildi - 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq - 481,908 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2–X4 Ekspert Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 338 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs “ÇƏTƏNƏ” bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən “NARKOMANİYA” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan, Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmüinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Odur ki, məhkəmə, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması növündə cəzının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə ona əsaslanır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş«başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkotikdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertizasının dəyəri 66,46 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Xaçmaz RPŞ-də saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmş üzərində “AVROMED” yazısı olan polietilen paketdəki çərhayı rəngli sellofan torbada olan tədqiqata sərf edildiqdən sonra qalıq təmiz çəkisi - 481,908 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə saat 24-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsindəhökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsbarəsindəseçilmiş«başqa yerə qetməmək haqqında iltizam» qətimkantədbirihökmqanuniqüvvəyəminənədəkqüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkotikdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertizasının dəyəri 66,46 (altmış altı manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ 34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Xaçmaz RPŞ-də saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmş üzərində “AVROMED” yazısı olan polietilen paketdəki çərhayı rəngli sellofan torbada olan tədqiqata sərf edildiqdən sonra qalıq təmiz çəkisi - 481,908 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar