Məhkəmə qərarları › İş №1(067)-72/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-72/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-72/2024 17.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxx 2007-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, təhsil almayan və işləməyən, məhkumluğu olan, Xaçmaz rayonunun İstisu qəsəbəsində qeydiyyatda olmaqla, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 47-də yaşamış, barəsində hazırkı cinayəti işi üzrə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 07 oktyabr 2023-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, 30 sentyabr 2023-cü il tarixdə, saat 15:40 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “X3” mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nişanlı avtomobilin qapısını açıb içərsinə daxil olduqdan sonra üzərində olan açarla avtomobilin mühərrikini işə salıb talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, bununla da o, təkrar, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən günorta saat 2-3 radələrində o, qardaşından ayrılaraq evə gedirmiş. Bu vaxt o, zərərçəkmiş şəxsin dayanmış avtomobilini görmüş, həmin avtomobilə daxil olaraq sürərək çıxıb getmişdir. Bundan sonra nə baş verdiyini xatırlamır. Həmçinin bildirdi ki, o, hazırkı cinayət əməlini törətdiyi gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində yaşadıqları evdən çıxaraq Əli adlı uşaqla görüşməyə getmiş, belə ki, Əli ona zəng edərək onu kafeyə pivə içməyə çağırmışdır. O, kafedə pivə içdikdən sonra, qardaşı ona zəng edib yanına çağırdığı üçün o, qardaşının Xaçmaz şəhər dairəsində, Bakı prospektində yerləşən iş yerinə getmiş, gedərkən də marketdən pivə alaraq içmişdir. Qardaşı ilə görüşdükdə sonuncu onunla onun spirtli içki qəbul etməsi səbəbindən mübahisə etmişlər və o, qardaşından ayrılıb bir qədədr getdikdən sonra zərərçəkmiş şəxsin avtomobilini görərək minib sürərək çıxıb getmiş, həmin avtomobil qara rəngli, “Priora” markalı olmuşdur. Həmin avtomobil marketin qarşısında olmuş, işəsalma açarı avtomobilin elə üzərində olmuşdur. O, zərərçəkmiş şəxsin avtomobilini Xaçmaz mərkəzi bazarına kimi idarə etmiş, idarə edərkən yolda bir nəfər şəxsi vurmuş, həmin şəxs yerə yıxılmış, o, baxmadan avtomobili saxlamayaraq sürüb getmiş, onun həmin şəxsin nə kimi xəsarət almasından xəbəri yoxdur, o, həmin şəxs barədə maraqlanmamışdır. O, qaçırdığı, zərərçəkmiş şəxsə məxsus avtomobilin qarşısını əzmiş, vurduğu ziyanı ödəməmişdir. O, bazarın yaxınlığına çatanda da piyada gedən bir qadının qoluna avtomobil ilə vurmuş, bundan sonra avtomobili saxlamışdır. O, avtomobili haradasa bir yerdə saxlayaraq qoyub gedəcəkdi, onun həmin avtomobili satmaq fikri olmamışdır. Onun avtomobilləri qaçırmasının səbəbi avtomobil sürməyə olan həvəsindən irəli gəlmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olsa da, valideynlərilə birlikdə Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 47-də yaşayır. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə ittiham elan olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda barəsində olan həmin cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılır. 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evdən çıxıb piyada Xaçmaz şəhər bazarına getmişdir. Bazarda anası ilə görüşüb ondan 30 manat pul almış, sonra isə Xaçmaz şəhəri, A.Mustafayev küçəsində, dəmir yol xəttinin yaxınlığında yerləşən kafeyə gedib bir litrə yaxın pivə içmişdir. Təxminən saat 14 radələrində kafedən çıxıb gedərkən mobil telefonuna zəng gəlmiş və baxanda görmüşdür ki, zəng vuran böyük qardaşı Zaurdur. Telefona cavab verdikdə qardaşı Zaur ona demişdir ki, Xaçmaz şəhəri, Bakı prospektinə onun iş yerinə gəlsin. O da tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xaçmaz şəhəri, Bakı prospektinə getmişdir. Avtomobildən düşüb qardaşı Zaurun işlədiyi avtomobilyuma məntəqəsinə gələndə Zaur onun spirtli içki qəbul etdiyini hiss edib narazılığını bildirmişdir. Zaur sakitləşməyib onu danladığı üçün onun iş yerindən çıxıb piyada Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsi istiqamətində getmişdir. 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 15:40 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən ön tərəfinə «X3» yazılmış mağazanın qarşısına çatanda görmüşdür ki, yolun sağ kənarında ön tərəfi avtomobil dairəsi istiqamətində qara rəngli Vaz-21703 markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobil dayanıb. Avtomobilin ön sağ pəncərəsindən salona baxanda görmüşdür ki, avtomobilin açarı üstündədir. Avtomobilin yanında adam olmadığına görə yaxınlaşıb ön sol qapını açıb sükan arxasında əyləşmiş və avtomobilin üstündə olan açardan istifadə etməklə mühərriki işə salıb hərəkətə gətirərək sürətlə Bakı prospekti ilə hərəkət etmişdir. Bakı prsopektində olan avtomobil dairəsinə çatanda sağa dönüb N.Nərimanov küçəsi ilə, daha sonra isə sağa dönüb M.Hüseynzadə küçəsi ilə hərəkətini davam etdirmişdir. Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən «Elegant» kişi geyimləri mağazasının qarşısına çatanda idarə etməni itirmiş və idarə etdiyi avtomobilin ön sağ tərəfi yolun kənarında dayanmış qeydiyyat nömrə nişanını xatırlamadığı Mercedes Benz markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. O, avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin ön sağ tərəfi Mercedes Benz markalı avtomobilin yaxınlığında olan piyadaya dəymişdir. Piyada yerə yıxılmış və o, qorxduğu üçün avtomobili saxlamayıb hərəkətini davam etdirərək Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsinə gəlmişdir. Həmin yerdə avtomobillər çox olduğuna görə məcbur olub dayanmış və tanımadığı adamlar gəlib onu avtomobilin salonundan çıxarmışlar. Bundan sonra o, qaçaraq oradan uzaqlaşıb getmişdir. Bir qədər Xaçmaz şəhərində gəzmiş, sonra isə qardaşının Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşayan qayınanasının evinə getmişdir. Bir müddət keçdikdən sonra qardaşının qayınanasının evinə polis əməkdaşları gəlmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Sonra polis şöbəsinə anası Mehriban dəvət olunmuş və o, anasının iştirakı ilə izahat verərək Xaçmaz şəhəri, Bakı prospektində dayanmış qara rəngli Vaz-21703 markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobili müvəqqəti idarə etmək üçün qaçırdığını göstərmişdir. Vaz-21703 markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobili müvəqqəti idarə etmək üçün qaçırmışdır. Onun məqsədi ancaq həmin avtomobili müvəqqəti idarə etmək olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 65-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaracik kəndində yaşayır. “SOCAR” neft şirkətinin tabeliyində olan “X6” trestində qazma qurğusunun motorçusu işləyir. O, 7 gün işdə, 7 gün isə evdə olur. Onun özünə məxsus “VAZ-21703” markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var və o, özünə məxsus həmin avtomobili “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. İş yeri Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşdiyinə görə o, iş yerinə özünə məxsus “VAZ-21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə gedib-gəlir. 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 15:15 radələrində özünə məxsus həmin avtomobilə əyləşib idarə edərək Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gələrək həmin yerdə yerləşən ön tərəfinə “X3” yazılmış mağazanın qarşısında avtomobili saxlamış və mühərriki söndürdükdən sonra açarı götürmədən düşüb yaxınlıqda yerləşən “Gəncə təndiri” çörək mağazasına tərəf getmişdir ki, çörək aldıqdan sonra gedib avtomobilinin mühərrikinin yağını dəyişdirsin, sonra isə Bakı şəhərinə iş yerinə getsin. Təxminən saat 15:40 radələri olardı avtomobilinin olduğu yerdən 15-20 metr uzaqlaşmışdır ki, orada olan tanımadığı şəxslərdən biri ona demişdir ki, “dayı, avtomobilini qaçırdılar”. O, baxanda görmüşdür ki, tanımadığı bir yetkinlik yaşına çatmayan uşaq onun avtomobilində sükan arxasında oturaraq mühərriki işə salıb. O, avtomobilinə yaxınlaşanda həmin uşaq avtomobili hərəkətə gətirərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə Dəmiryol vağzalı istiqamətində getmiş, bu zaman o, saxlatmaq üçün avtomobilinin qarşısına çıxmağa cəhd etmiş, lakin təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etmiş, orada olan şəxslər onu kənara çəkmişlər, təqsirləndirilən şəxs sürətlə idarə edərək çıxıb getmişdir. O, öz mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-nə gedib ərizə yazaraq avtomobilinin qaçırılmasını bildirmişdir. Bir qədər keçdikdən sonra bacısı oğlu Nemət Heybətov ona zəng vurub vəziyyətini soruşmuş, o, Nemətdən nəyə görə vəziyyəti ilə maraqlandığını soruşduqda sonuncu demişdir ki, deyirlər ki, Xaçmaz şəhər bazarının yaxınlığında o, yolnəqliyyat hadisəsi törətmişdir. O da Nemətə demişdir ki, özü yol-nəqliyyat hadisəsi törətməmişdir, tanımadığı bir uşaq onun avtomobilini qaçırmışdır. Bundan sonar o, Xaçmaz şəhər bazarının yaxınlığına gələndə göımüşdür ki, avtomobili Xaçmaz şəhəri, 20 Yanvar küçəsinin M.Hüseynzadə küçəsi ilə kəsişməsinə yaxın yerdə dayanıb. Yaxınlaşıb baxanda görmüşdür ki, avtomobilinin ön sağ tərəfi əzilib, alın şüşəsi və ön sol qapının üzərində olan şüşə isə sınıb. Həmin vaxt bilmişdir ki, onun avtomobilini Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs qaçırmışdır və o, onun avtomobilini qaçırdıqdan sonra Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsinə gələrək yolun kənarında dayanmış “Mercedes” markalı avtomobillə toqquşub yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə avtomobilinə baxış keçirilmiş, sonra isə o, avtomobilini aparıb təmir etdirmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun avtomobili qaçırılarkən avtomobilinin salonundan heç bir əşya götürülməmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir, ona vurulmuş ziyandan heç bir məbləğ ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona 3000 manat məbləğində ziyan vurulduğunu, həmin məbləği tələb etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək təqsirləndirilən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Şıxlı kəndində yaşayır. Onun özünə məxsus “Mercedes Benz 190” minik markalı, ** VM *** qeydiyyat nömrə nişanlı avtomobil var və o özünə məxsus həmin avtomobili etibarnamə əsasında idarə edir. Nəqliyyat vasitəsini idarə etmək üçün isə onun “BC” dərəcəli sürücülük vəsiqəsi var. 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 15 radələrində o özünə məxsus həmin avtomobili idarə edib Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhərində olarkən bacısının əri Firuza zəng vurub harada olduğunu soruşmuş, Firuz da ona Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Ariz” şadlıq sarayının yaxınlığında olduğunu bildirmişdir. O, həmin yerə gələndə görmüşdür ki, Firuzla qardaşı Təbriz bir yerdədirlər. O, avtomobili saxlayanda Firuz gəlib ön sağ oturacaqda, Təbriz isə gəlib arxa oturacaqda əyləşmiş və onlar öz aralarında razılaşmışlar ki, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Elegant” kişi geyimləri mağazasına gedib özləri üçün geyim əşyaları alsınlar. O, avtomobili idarə edib Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsinə gələrək “Elegant” kişi geyimləri mağazasının qarşısında avtomobili saxlamışdır. Təxminən saat 16 radələrində “Elegant” kişi geyimləri mağazasının qarşında üçü də avtomobildən düşüb mağazaya tərəf getmək istəyərkən arxadan gələn qara rəngli “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobil əvvəlcə onun avtomobilinin sol arxa tərəfi ilə toqquşmuş, sonra isə onun avtomobilinin yaxınlığında olan Təbrizi vurub yerə yıxaraq hadisə yerindən uzaqlaşıb getmişdir. Onlar Təbrizi yerdən qaldırıb kənara apaımışlar, sonradan isə orada olan şəxslərdən kimsə təcili-tibbi yardıma zəng vurub hadisə barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Təbrizi təcili-tibbi yardım avtomobilinə əyləşdirib xəstəxanaya yola saldıqdan sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Sonradan o bilmişdir ki, “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur və həmin avtomobili Xaçmaz şəhərində yaşayan Kənan adlı yetkinlik yaşına çatmayan uşaq qaçırmışdır. Həmin hadisə zamanı o özü heç bir bədən xəsarəti almamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid2 və Şahid4 ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Şahid2 həmçinin bildirdi ki, onun aldığı xəsarət ciddi olmadığı üçün xəstəxanadan buraxılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri, Şeyx Şamil küçəsi, ev 22-də yaşayır. Xaçmaz şəhər bazarında olan köşkü icarəyə götürüb quş ətlərinin satışı ilə məşğul olur. Onun özünə məxsus “Mercedes Benz 230” markalı, ** CD *** qeydiyyat nömrə nişanlı avtomobil var və o özünə məxsus həmin avtomobili etibarnamə əsasında idarə edir. Nəqliyyat vasitəsini idarə etmək üçün isə onun “BC” dərəcəli sürücülük vəsiqəsi var. O, hər gün saat 09 radələrində özünə məxsus həmin avtomobillə Xaçmaz şəhəri, 20 Yanvar küçəsinə gəlib avtomobilini həmin küçədə yerləşən mağazanın qarşısında saxlayır, özü isə mağazanın yaxınlığında olan iş yerinə piyada gedir. Həmişə olduğu kimi, 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 09 radələrində özünə məxsus həmin avtomobillə Xaçmaz şəhəri, 20 Yanvar küçəsinə gəlib avtomobilini həmin küçədə yerləşən mağazanın qarşısında saxlamış, özü isə piyada iş yerinə getmişdir. Həmin gün təxminən saat 16 radələri olardı o görmüşdür ki, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi ilə 20 Yanvar küçəsi istiqamətində sürətlə qara rəngli “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobil gəlir. “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobil gəlib onun avtomobilindən arxa tərəfdə dayanmışdır. O, yaxınlaşıb baxanda görmüşdür ki, “VAZ- 21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobili tanıdığı Kənan adlı uşaq idarə edir. Kənan sərxoş vəziyyətdə olduğu üçün orada olan tanımadığı adamlar çalışmışlar ki, Kənanı avtomobildən düşürsünlər. Kənan isə avtomobildən düşməmiş və qəflətən idarə etdiyi “VAZ-21703” markalı avtomobili arxaya hərəkət etdirmişdir. Həmin anda Kənanın idarə etdiyi avtomobilin arxa tərəfi onun avtomobilinin arxa tərəfinə dəymişdir. Bundan sonra orada olan tanımadığı adamlar Kənanı avtomobildən yerə düşürmüşlər və Kənan orada dayanmayaraq qaçıb getmişdir. Sonradan bilmişdir ki, “VAZ- 21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur və həmin avtomobili Kənan qaçırmışdır. Kənanın idarə etdiyi “VAZ-21703” markalı avtomobilin arxa tərəfi onun avtomobilinin arxa tərəfinə yavaş dəydiyi üçün onun avtomobilinin heç bir hissəsi zədələnməmişdir və ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid5 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfi ondan ön tərəfdə dayanmış Əliniyaz adlı şəxsə məxsus “Mercedes” markalı avtomobilin arxa tərəfinə dəymiş və həmin “Mercedes” markalı avtomobil irəli hərəkət edərək ön tərəfi onun avtomobilinin arxa tərəfinə dəymişdir. Ona ziyan dəyməmiş, şikayətçi olmamışdır. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 15:45 radələrində iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz şəhəri, Bakı prospektində saxladığı “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığı barədə məlumat vermişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdur. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli raportdan və xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, həmin tarixdə, saat 16 radələrində Şahid4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin onun “Mercedes” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması və qardaşı Təbrizi vurması barədə məlumat vermiş, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 17:29 radələrində Xaçmaz RMX-nın tibb bacısı Osmanova Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə zəng edərək Şahid2 “Boyun bel nahiyəsinin əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin avtomobil qəzasına düşməsini deməsi barədə məlumat vermişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli “Ziyan Aktı”nın surətindən müəyyən edilir ki, “Mercedes” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə yolnəqliyyat hadisəsi zamanı 1790 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin ekspert rəyindən müəyyən edilir ki, 1997-ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Tibbi arayışda qeyd olunan “Boyunun, bel-oma nahiyəsinin əzilməsi” diaqnozu obyektiv tibbi əlamətləri, həmçinin tibbi arayışda xəsarətlərin xarakteri (ölçüləri, rəngi, xarakteri, forması və s.) göstərilmədiyindən məhkəmə-tibbi qiyməti yoxdur. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq saxladığı Xaçmaz şəhəri, 20 Yanvar küçəsində avtomobilə baxış keçirilmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli “Ziyan Aktı”ndan müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 2205 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 14 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Zərərçəkmiş şəxs ifadəsi hadisə yerinə gedilərək yoxlanılmış və zərərçəkmiş şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerinə gedilərək yoxlanılmış və o, ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 185.3.2, 186, 187, 177, 263-cü maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırıb X4 məxsus “Mercedes Benz” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla və piyada Şahid2 vurmaqla yol-nəqliyyat hadisəsi törətməsilə bağlı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi üçün Xaçmaz rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli “İnzibati icraatın başlanması haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində inzibati icraat başlanması haqqında vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati icraat başlanılmışdır. İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 07 oktyabr 2023-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, 30 sentyabr 2023-cü il tarixdə, saat 15:40 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “X3” mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nişanlı avtomobilin qapısını açıb içərsinə daxil olduqdan sonra üzərində olan açarla avtomobilin mühərrikini işə salıb talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, bununla da o, təkrar, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Lakin işin məhkəmə baxışı iclasında dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cinayət işi üzrə (2********) Xaçmaz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 1(067)- 38/2024 saylı hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib cəza təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2024-cü il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 02 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, apellyasiya məhkəməsinin qərarı elan olunduğu gündən qanuni qüvvəyə minmişdir. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə həmin xüsusata münasibətdə qeyd edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməsi təklifi əsaslıdır. Belə ki, iş materiallarında olan 14 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə avtomobili qaçırması ilə bağlı Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair digər cinayət işi (2********) üzrə hökm çıxarılmadığından onun xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ 21703” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırması cinayətin təkrar törədilməsi hesab olunmuşdur. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməlini 19 aprel 2023-cü il tarixdə törətmiş, həmin əməlinə (həmçinin oğurluq əməllərinə) görə barəsində Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (177.2.1, 177.2.2, 177.2.3) 185.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmış, ittiham aktı tərtib edilərək cinayət işi 07 oktyabr 2023-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini isə 30 sentyabr 2023-cü il tarixdə törətmiş və hazırkı cinayət işi baxılmasından ötrü xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə törətdiyi Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (177.2.1, 177.2.2, 177.2.3) və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(105)-417/2024 saylı qərarının surətindən müəyyən edilir ki, apellyasiya protesti təmin edilib Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilərək həmin hökmdən CM-nin 67.1-ci maddəsinə dair müddəalar xaric edilmiş, CM-nin 68.1.1-1, 66.5 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 2 il 2 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(105)-417/2024 saylı qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.6.9-1-ci maddəsinə görə, dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) həmin Məcəllənin 185.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Qaçırılmış nəqliyyat vasitəsindən başqa cinayətlərin törədilməsi üçün istifadə edilməsi təhlil edilən əməlin təhlükəliliyini xeyti artırmış olur. Bu cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Bu cinayət obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma - başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Dayanacaq daimi və ya müvəqqəti ola bilər. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Nəqliyyat vasitəsini aparma mühərrikin köməyi ilə, habelə maşının əllə bir yerdən başqa yerə hərəkət etdirilməsi yolu ilə həyata keçirilə bilər. Nəqliyyat vasitəsi əvvəlki yerinə qaytarıldığı, yaxud hər hansı başqa yerdə qoyulduğu və ya onu aparan şəxsin tutulduğu andan cinayət başa çatmış sayılır. Bu cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma talamadan nəqliyyat vasitəsinə yiyələnmə məqsədinə görə fərqlənir. CM-in 185-ci maddəsi nəqliyyat vasitəsinin müvəqqəti istifadə üçün qaçırılmasını nəzərdə tutur. Əgər qaçıran şəxs nəqliyyat vasitəsini daimi olaraq öz istifadəsinə, sahibliyinə, sərəncamına keçirmək məqsədi güdürsə, əməl əmlakın talanması hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə, saat 15:40 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “X3” mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21703” markalı, ** BN *** qeydiyyat nişanlı avtomobilin qapısını açıb içərsinə daxil olduqdan sonra həmin avtomobilin mühərriki işəsalma yerində olan açarla avtomobilin mühərrikini işə salıb talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, bununla da o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və iş materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən, həmçinin zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin məhkəmə iclaslarında bildirdiklərindən müəyyən edilir ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona 3000 manat məbləğində ziyan vurulduğunu, vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilmədiyi, həmin məbləği tələb etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz şəhər C.Cabbarlı adına 6№-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən müəyyən edilir ki, xx.xx.2007ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin məktəbin Azərbaycan bölməsində təhsil almış, o, məktəbi bitirməmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşadığı müddətdə ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin kserosurətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxx 2007-ci il təvəllüdlü olmaqla, hazırkı iş üzrə cinayət əməlini törədərkən o, yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində (10 epizod) törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-97/2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib üzərində qəti olaraq 01 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; bundan başqa o, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində (8 epizod) törətdiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(105)-417/2024 saylı qərarına əsasən (Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmü) üzərində qəti olaraq 02 il 02 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 30 sentyabr 2023-cü il tarixdə törətmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən məhkum olunmamış şəxs olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də hazırkı iş üzrə törətdiyi cinayət əməlindən başqa bir neçə dəfə digər cinayət əməllərini törətməklə məhkum olunmasını və hazırkı iş üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməməsi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 24 aprel 2024cü il tarixli, 1(067)-38/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(105)-417/2024 saylı qərarına əsasən Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilməklə həmin hökmdən Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-97/2023 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmış və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (002)-97/2023 nömrəli hökmünə dair cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(105)-417/2024 saylı qərarı ilə ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü İl tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)- 97/2023 saylı hökmünə dair cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət, ümumilikdə 08 (səkkiz) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) gün müddət ona hazırkı hökmlə təyin ediləcək qəti cəzadan çıxılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin hökmlə əlaqədar olan cinayət işi üzrə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli və barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmünə əsasən (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı) ümumi rejimli tərbiyə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(105)-417/2024 saylı qərarı ilə ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (067)- 38/2024 saylı hökmünə dair cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü İl tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)- 97/2023 saylı hökmünə dair cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət, ümumilikdə 08 (səkkiz) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin və barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmünə əsasən (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı) ümumi rejimli tərbiyə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar