Məhkəmə qərarları › İş №1(067)-74/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-74/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-74/2022 23.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Müşkür küçəsi, ev 2, mənzil 2-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 445,390 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, 22 fevral 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Müşkür küçəsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 18:55-19:10 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli qış gödəkçəsinin altında gizlədib saxladığı sellofan torbanın içərisindən təmiz çəkisi 445,0 qram, əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibində olan üzərində ”Argo” yazılmış siqaret qutusunun içərisində açıq şəkildə, ümumi təmiz çəkisi 0,300 qram, həmin siqaret qutusunun içərisində olan bir ədəd siqaretdə təmiz çəkisi 0,090 qram olmaqla, ümumilikdə 445,390 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı sellofan paketdə yerdən tapdığını bildirmişdir. Ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə ittihamla, üzərindən ittihamda qeyd olunan miqdarda, yəni təxminən 445 qram miqdarda marixuana aşkar olunması ilə razı olduğunu, ona qarşı irəli sürülmüş ittihamla bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, bir daha belə əməllər törətməyəcəyini bildirərək, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasının, ailəsinə qazanc gətirən ailə üzvü olmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz şəhəri, Müşkür küçəsində təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və təqsirləndirilənin üzərində axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkçənin alt hissəsindən marixuana narkotik vasitəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin üzərində axtarış zamanı müdafiəçi iştirak etmiş və axtarış videoçəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləməklə, polis leytenantı rütbəsindədir. 22 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi şöbənin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 22 ferval 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Müşkür küçəsində olduğunu müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin altında saxladığı bir ədəd sellofan torbanı təqdim edərək həmin sellofan torbanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxılan zaman içərisində narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisində də narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsini yaşadığı evin yerləşdiyi küçədən tapdığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan siqaret qutusu Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan torbanın içərisinə qoyularaq qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. İştirakçılar tərəfindən həmin sellofan torbanın üzərinə yapışdırılmış kağız imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir başqa əşya aşkar edilməmişdir. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X4, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə və ya psixatrop maddə varsa təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin altında saxladığı bir ədəd sellofan torbanı çıxarıb otaqda olan masanın üzərinə qoyur. Şəxsi axtarış zamanı onun üzərində olan gödəkçənin sağ yan cibindən bir ədəd '‘Argo” markalı siqaret qutusu, bir ədəd alışqan, bir ədəd tibbi maska aşkar edilmişdir. Onun üzərindən başqa hər hansı bir şey aşkar edilməmişdir. Sellofan torbanın içərisinə baxılan zaman orada yaşıl rəngli narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müşahidə edilmişdir. Həmçinin siqaret qutusunun içərisinə baxılan zaman orada 5 ədəd siqaret dənəsinin olması, siqaret dənələrindən bir ədədinin içərisinin sonradan bitki kütləsi ilə doldurulması müşahidə edilir. Həmçinin qeyd olunan siqaret qutusunun içərisində açıq şəkildə yaşıl rəngli bitki kütləsinin olması müşahidə edilir. Siqaret dənələrinin içərisində olan və siqaret qutusunda açıq şəkildə olan bitki kütlələrinin narkotik vasitə - qurudulmuş marixuanaya bənzəməsi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuananı nəzərdə tutaraq “nəşə” olmasını bildirdi. Siqaret dənələrinin içərisində və siqaret qutusunun içərisində açıq şəkildə olan bitki kütlələrinin isə tütün olmasını bildirdi. Həmin bir ədəd sellofan torbada olan bitki kütləsi, siqaret qutusunun içərisində açıq şəkildə olan bitki kütləsi və 5 ədəd içərilərində bitki kütlələri olan siqaret dənələri müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilənin üzərindən aşkar edilən tibbi maska və alışqan əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli, 7/177 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs......”. yazılar və imzalar olan skoçla bağlanmış göy rəngli polietilen bağlamada 01 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi – 445,0 qram və həmin bağlamada 01 (bir) ədəd üzərində “ARGO” yazısı olan siqaret qutusunda açıq vəziyyətdə qarışıq kütlədə təmiz çəkisi 0,300 qram və siqaret qutusunda olan 05 ədəd siqaretdən yalnız 01 ədəd siqaretdə qarışıq kütlədə təmiz çəkisi 0,090 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 445,390 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Marixuanalardan təqdqiqata 0,06 qram (hər obyektdən 0,02 qram) sərf edildikdən sonra qalıqlar – 444,98 qram və 0,350 qram təşkil etmişdir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 23 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 445,390 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə ümumilikdə qalıq çəkisi 445,33 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat tədbirləri nəticəsində əldə olunmuş məlumatlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı tapmış və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. Onun yaşadığı evin yaxınlığında müşahidə kamerası olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 31 mart 2022-ci il tarixli, 1490 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 23 aprel 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 445,390 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş arayışdan, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəlidir, üç övladı var. O, ailədə və cəmiyyətdə nüfuz qazanmağa səy göstərir. Onun barəsində Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də aşkar olunmuş narkotik vasitənin (qurudulmuş marixuananın) 445,390 qram olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 4(067)- 31/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş ümumilikdə təmiz çəkisi 445,390 qram qurudulmuş marixuanadan təqdqiqata 0,06 qram (hər obyektdən 0,02 qram) sərf edildikdən sonra qalıqlar – 444,98 qram və 0,350 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 445,390 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə ümumilikdə qalıq çəkisi 445,33 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi və 04 ədəd siqaret maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 445,33 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi və 04 ədəd siqaret hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 445,33 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi və 04 ədəd siqaret hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar