Məhkəmə qərarları › İş №1(067)-74/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-74/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-74/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq üzərindən məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi halda xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əlləri ilə sonuncunun çiyin və baş nahiyəsindən tutub qəsdən bir neçə dəfə zərbəylə divara çırparaq sonuncuya təpə-ənsə nahiyəsinin hematoması ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs daim ondan şikayət etməsinin səbəbi mülkiyyətdir. Anası onu yaşadığı evdən çıxartmaq istəyir, bu səbəbdən də, aralarında daim mübahisələr olur. Hazırki ittihamla bağlı özünü təqsirli bilmir, anası Həqiqəti vurmamışdır, ona xəsarət yetirməmişdir. Əgər anasını döysə idi, onda qonşulardan kimsə bunu eşitmiş olardı. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşayır Təqsirləndirilən şəxs Mirzağa oğlu onun doğma oğludur, əvvəllər bir neçə dəfə cinayət törətməsinə görə məhkum olunmuşdur. Oğlu Əziz narkomaniyaya qurşanmış, narkotik vasitə aludəçisidir, buna görə də tutulmuşdur. 2024-cü ilin avqust ayında Əziz cəzasını çəkdikdən sonra azadlığa çıxmışdır. Əziz azadlığa çıxdıqdan sonra bir neçə dəfə evdə onunla mübahisələr etmiş, ona “səni öldürəcəyəm” demişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evə gələn zaman görmüşdür ki, Əziz evin əşyalarını dağıdıb. Bu vaxt Əziz onu evdə görən kimi qəfildən üzərinə hücum etmiş, əlləri ilə onun çiyin və baş nahiyəsindən tutub onu bir neçə dəfə zərbəylə divara çırpmışdır. Zərbə nəticəsində kürəyi və başının arxa hissəsi divara dəydiyi üçün başının arxa tərəfindən xəsarət almışdır. Bundan sonra Əziz özü geri çəkilmiş, onun üzərində daim bıçaq olduğundan qorxmuş ki, onu bıçaqla vurar. Əziz geri çəkilmiş, o, bu vaxt tez evdən çıxaraq qaçmışdır. O, qaçandan sonra yoldan keçən şəxslərdən birinin telefonunu götürüb 102 xidmətinə zəng etmiş, narkotik vasitə aludəçisi olan oğlunun onunla bıçaqla mübahisə etməsini demişdir. Çünki qorxmuşdur ki, Əziz onu bıçaqla vurar. Lakin faktiki olaraq Əziz onu bıçaqla deyil, əlləri ilə çiynindən tutub evin içərisində divara çırpmaqla döymüşdür. Sonra da o, polis şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. Həmin hadisə ona məxsus yaşadığı ünvan 2 ünvanında yerlşən evində xx.xx.2024-cü il tarixdə saat 17 radələrində baş vermiş, hadisə evin daxilində olduğu üçün hadisəni heç kim görməmiş, o, həmin vaxt evdə tək olmuşdur. Oğlu Təqsirləndirilən şəxs həmin vaxt əlləri ilə onun çiyin nahiyələrindən tutub onu bir neçə dəfə zərbəylə divara çırpmışdır. Zərbə nəticəsində kürəyi və başının arxa hissəsi divara dəydiyi üçün başından xəsarət almışdır, kürəyindən isə heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları 05 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Mirzağa oğlu ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs mübahisə zamanı onu çiyin və baş nahiyəsindən tutaraq divara çırpmış, başı divara dəymiş, nəticədə baş nahiyəsində xəsarət almışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertizasının xx.xx.2024-cü il tarixli 548 nömrəli rəyində göstərilmişdir ki, 1961 -cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - təpə-ənsə nahiyəsinin hematoması bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən, Təqsirləndirilən şəxs üzərində məhlumluq olmasına baxmayaraq, əməlində cinayətlərin residivi yoxdur. Xaçmaz rayon məhkəməsinin 2(067)-3114/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs (narkomaniya xəstəliyindən müalicə olunmaq üzün narkoloji-tibb müəssisəsinə) Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinə məcburi yerləşdirilmiş və hazırda qeyd olunan müəssisədə məcburi müalicə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsini özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsini, məhkəmə tibbi ekspertizasının rəyini və digər istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin anası Zərərçəkmiş şəxs döyməməsi ilə bağlı vermiş olduğu ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verildiyini hesab edir, belə ki, bu hallar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs anasına qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməməsi ilə bağlı vermiş olduğu ifadəsi, törətdiyi cinayət əməli üzrə cinayət məsuliyyətindən azad olunacağına ümid etməsi ilə bağlıdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə etməməklə zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 12 mart 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə qalsın. Xaçmaz rayon məhkəməsinin 2(067)-3114/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs (narkomaniya xəstəliyindən müalicə olunmaq üçün narkoloji-tibb müəssisəsinə) Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsdə məcburi müalicədə olması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmün icrası Xaçmaz RPŞ-yə və Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar