Məhkəmə qərarları › İş №1(067)-75/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-75/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-75/2023 26.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1955-ci ildə Xaçmaz rayonunun Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qaraqurtlu kəndi, Dədə Qorqud küçəsi 8-də yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyət qapısının qıfılının açıq olmasından istifadə edib yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evin giriş hissəsində sağ tərəfdə olan dolabın üzərindəki pul kisəsindən 2000 (iki min) manat nağd pul vəsaitini qanunsuz olaraq götürüb apararaq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayır. Həmin kənddə, onun yaşadığı evin yaxınlığında zərərçəkmiş Nərimangilə məxsus ev vardır, zərərçəkmişgil Bakıda yaşayır və həmin evlərinə hərdən gəlib-getmişlər. O, zərərçəkmiş şəxsin atası ilə uzaq qohumdur. Onun arvadı vəfat etmiş, yas mərasimi olmuş və o, Şahid2 borc pul istəmişdir. Qəhriman da ona gəlib evdən götürərsən demişdir. Bu məqsədlə o, 2022-ci ilin oktyabr ayında zərərçəkmiş şəxsin həmin evinə getmiş, evin çöl qapısı bağlı olmuş, o, çöldə dayanaraq gözləmiş, daha sonra isə qapını yenidən açmaq istəyəndə qapının açıq olduğunu görmüş və bundan sonra o, həmin evə daxil olmuş, evdə kimsə olmamış, evə daxil olduqdan sonra evin girişində, yəni dəhlizində olan dolabın üzərində pulun olduğunu görmüş və fikirləşmişdir ki, Qəhriman həmin pulu onun üçün borc istədiyinə görə qoymuşdur. Buna görə də o, həmin pulu götürərək getmişdir. Həmçinin bildirmişdir ki, o, həmin pulu oğurlamamışdır, borc istədiyinə görə Qəhrimanın onun üçün qoyduğunu fikirləşmiş və götürmüşdür. Onun öz qohumunun evindən pul oğurlamaq fikri olmamış, həmçinin o, zərərçəkmişin evində müşahidə kameralarının olduğundan məlumatlı olmuş, gündüz saatlarında, müşahidə kameralarının da olduğunu bilə-bilə oğurluq etməzdi. O, dolabın üzərində pul kisəsinin olduğunu görərək pulları da həmin pul kisəsinin içərisindən götürmüş, o, pulu götürən gün ona borc pul verməsi üçün Qəhrimanla danışmamış, sonuncu ilə həmin gündən bir həftə əvvəl danışmış, yəni pulu evdən götürən gün Qəhrimanla əlaqə saxlamamış, Qəhriman ona pulu nə vaxt və haradan götürməsi barədə heç nə deməmiş, ona borc pul verəcəyini bildirmişdir. Bundan başqa, o, Qəhrimandan borc pul istəyəndə zərərçəkmiş şəxs Nəriman da onların yanında olmuş və sonuncunun da bundan xəbəri olmuş, bundan başqa, Nərimanın özünə də ona borc pul verməsini demişdir. O, sonradan bilmişdir ki, Nəriman evindən pulun oğurlanması barədə polisə müraciət etmişdir. O, ibtidai istintaq zamanı ifadəsini oxumamış, o, ibtidai istintaqda ifadəsində həmin pulu borc olaraq götürdüyünü bildirmiş, lakin tərtib edilmiş ifadəsində yazılanları oxuya bilməmişdir. Onun zərərçəkmiş şəxin evindən götürdüyü pulun məbləği iki min manat deyil, min doqquz yüz manat olmuşdur, lakin zərərçəkmişin bildirdiyi məbləği, yəni iki min manatı ödəyər. O, götürdüyü pulun 1500 manatını zərərçəkmişə ibtidai istintaq zamanı, 500 manatı isə hazırkı işin məhkəmə prosesi zamanı qaytarmışdır. Onun arvadı vəfat etmiş, oğlunun biri həbsdədir və o, on yaşlı nəvəsinə təkbaşına baxır, zərərçəkmişdən pulu maddi ehtiyacı səbəbindən götürmüşdür. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yerləşən, ona məxsus evdən səhər saatlarında çıxaraq Bakı şəhərinə gedəndə yolda olarkən pul kisəsinə baxmış və pul kisəsinin içərisində olmuş 2000 manat pulunun olmadığını görmüşdür. O, əmisi oğlu Hikmətə zəng etmiş və bu barədə sonuncuya bildirərək həmin evə gələrək müşahidə kameralarına baxmalarını bildirmiş, bundan sonra o və Hikmət həmin evdəki müşahidə kameralarına baxmışlar və bir nəfərin evə daxil olduğunu görmüşlər. O, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bundan sonra PPX-nin əməkdaşları gəlmiş, onlar polis şöbəsinə getmiş və orada evə girən şəxsin təqsirləndirilən şəxs olduğu müəyyən edilərək, sonuncunu polis şöbəsinə gətirmişlər, PŞ-də təqsirləndirilən elə onun da yanında boynuna almayaraq pulu götürmədiyini demişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslə qohumluq əlaqələri olsa da, o, təqsirləndiriləni yaxından tanımamış, ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxsin başqa vaxtlarda onların evinə gəlib-getməsini, sonuncunu bundan əvvəl görüb-görməməsini xatırlamır, təqsirləndirilən şəxsə onların evinə qohum olaraq rahat gəlib-getməsinə onlar tərəfindən icazə verilməsi, imkan yaradılması halları isə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 2000 manat pul ona məxsus olmuş, o, həmin pulu əmisi oğlu Hikmətə Qaraqurtlu kəndindəki həmin evin bəzi təmir işlərinə görə verməli olmuş, lakin unudaraq avtomobili ilə Bakı şəhərinə yola düşəndə pulu verməli olduğunu xatırlamış, bu zaman pul kisəsinə baxdıqda pulun olmadığını görmüşdür. O, təqsirləndirilən şəxs həmin pulu oğurlayan zaman o, həmin evində olmuş və yatmış, onu kimsə çağırmamış və kiminsə çağırmasını eşitməmişdir. O, evə daxil olarkən, adətən, pul kisəsini, avtomobilin açarlarını evin girişində dolabın üzərinə qoyur. Hadisə günü ola bilsin, unudaraq evin giriş qapısını kilidləməyərək açıq saxlamışdır. Təqsirləndirilənlə sonuncuya borc verilməsi ilə bağlı heç bir razılaşmaları olmamış, təqsirləndirilənə borc pul verilməsi barədə söz verilməmiş, verilsəydi, bununla bağlı əlaqə saxlayaraq gəlib borc pulu götürərdi. Təqsirləndirilən şəxsin ondan oğurladığı 2000 manat pulun 1500 manatı ibtidai istintaq zamanı ona qaytarılmış, 500 manatı isə qaytarılmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ziyanın artıq tamamilə ödənildiyini bildirərək təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, əmisi oğlu olan Zərərçəkmiş şəxs ona evinin təmiri üçün 2000 manat pul verməli olmuş, onlar bu məqsədlə görüşəndə Nəriman pul kisəsinə baxmış və pulunun oğurlandığın olmadığını görmüş, bundan sonra onlar gedərək Qaraqurtlu kəndindəki həmin evin videomüşahidə kameralarına baxmışlar və bir nəfərin evə daxil olduğunu görmüşlər, Nəriman bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında heç bir ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə onun oğludur. Xaçmaz rayonu, Qaraqurtlu kəndində onlara məxsus olan ev vardır. Orada daimi yaşamsalar da mütəmadi gəlib-gedirlər. Həmin evdə xırda təmir işlərinə ehtiyac olduğundan xx.xx.2022ci il tarixdə oğlu Nəriman qohumu Hikmətə 2 min manat pul göndərmişdir. xx.xx.2022- ci il tarixdə xəbər tutmuş ki, oğlu Nərimanın təmir üçün Hikmətə göndərdiyi 2 min manat pulu Təqsirləndirilən şəxs oğurlamışıdr. Buna görə də oğlu oğurluq barədə DİN-in 102 xidmətinə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs pul verəcəyi barədə sonuncuya heç bir söz deməmiş, Gülbudağın dedikləri doğru deyil, o, Gülbudağa pul verəcəyi barədə heç bir söz deməmiş, ola bilər ki, Gülbudaq özünü məsuliyyətdən yayındırmaq üçün bu məzmunda ifadə vermişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram, ərizə və səhhəti ilə bağlı tibbi sənədlər göndərərək səhhətindəki problemlərlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizədən və raportdan müəyyən olunur ki, Şahid1 və Zərərçəkmiş şəxs DİN-nin 102-xidmətinə zəng edərək və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə, saat təxminən 10 radələrində naməlum şəxsin Zərərçəkmiş şəxs Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən yaşayış evinə daxil olaraq pul kisəsindən 2000 manat pulu oğurlamasını və həmin şəxsin evə daxil olmasının videogörüntülərinin videomüşahidə kamerası vasitəsilə qeydə alındığı barədə bildirmişlər. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi Xaçmaz rayonunun Qaraqurtlu kəndində yerləşir. Baxış zamanı yaşayış evinin giriş qapısı şabalıdı rəngli boya ilə bayanmış metal darvazadan ibarətdir. Həyətin giriş qapısından həyətə daxil olan zaman təxminən 50 metr qarşıda ikimərtəbəli yaşayış evi vardır. Yaşayış evinin giriş qapısı şabalıdı rəngli boya ilə boyanmış ikitaylı qapıdan ibarətdir. Naməlum şəxs və ya şəxslər olaraq evin giriş hissəsində olan dolabın üzərində olan qara rəngli pul qabının içərisindən 2000 manat pul oğurlayaraq çıxmışdır. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 2000 manatın qalan 1500 manat hissəsini həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsində təqdim etmişdir. Təqdim olunmuş pullar Azərbaycan Respublikasının pul vahidi olan manatdır, həmin pullar 100 manatlıq əskinazlardır. Pulları sayan zaman onların ümumilikdə 15 ədəd olması müəyyən edilmişdir, həmin əskinazların hər biri zədəsizdir, üzərində hər-hansı xüsusi əlamətlər olmamışdır, istifadəyə tam yararlı vəziyyətdə olmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pulları xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus evdəki şkafın üzərində olan pul kisəsindən oğurlamışdır. Təqdim olunmuş 15 ədəd 100 manatlıq pul əskinazları müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Qaraqurtlu kəndində yerləşən evdən pul oğurlaması ilə bağlı hadisə yerini göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bu təkliflə razılaşmış və Zərərçəkmiş şəxs, müdafiəçi X3 ilə birlikdə hadisə yerinə gedilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsindən çıxdıqdan sonra sola dönüb Xaçmaz rayonu, Qarqurtu kəndi istiqamətində hərəkət etməyi bildirmişdir. Onlar Xaçmaz rayonunun Qaraqurtlu kəndinə çatdıqdan sonra Təqsirləndirilən şəxs onlara istiqamət verərək asfalt yolla Qaraqurtlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gətirmiş və həmin yerə çatanda orada dayanmağı bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə avtomobildən düşüb həmin mənzili təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində həmin evin həyətyanı qapısının və evin giriş qapısının açıq olmasından istifadə edərək içəri daxil olmuş, evin qapısından mənzilə daxil olduqda sağ tərəfdə yerləşən şkafın üzərində pul qabını görmüşdür. Bu vaxt pul qabını açaraq içərisindən 2000 manat pulu götürərək pul qabını yerinə qoymuş və həmin yerdən uzaqlaşaraq getmişdir. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti faktı ilə bağlı istintaqa verdiyi ifadəsindəki halları yerində yoxlanılarkən bilavasitə çətinlik çəkmədən göstərə bilmiş və törətmiş olduğu cinayəti bir daha təsdiq etmişdir. Protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəliş təklif olunmamış, şikayət və etiraz daxil olmamışdır. Protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun zərərçəkmişin evindən, sonuncuya məxsus pulu oğurlamadığını, zərərçəkmiş şəxsin atasının həmin pulu onun borc istəməsi səbəbindən onun üçün dolabın üzərinə qoyduğunu fikirləşərək götürdüyü barədə bildirməsinə dair ifadəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, zərərçəkmiş şəxsin evinə heç kimə bildirmədən daxil olaraq dolabın üzərində pul kisəsinin olduğunu görərək pulları da həmin pul kisəsinin içərisindən götürmüş, o, pulu götürən gün ona borc pul verməsi üçün Qəhrimanla danışmamış, sonuncu ilə həmin gündən bir həftə əvvəl danışmış, yəni pulu evdən götürən gün Qəhrimanla əlaqə saxlamamış, Qəhriman ona pulu nə vaxt və haradan götürməsi barədə heç nə deməmiş, ona yalnız borc pul verəcəyini bildirmişdir. O, pulu götürdükdən sonra da zərərçəkmiş şəxslə, sonuncunun atası ilə əlaqə saxlayaraq onun üçün qoyulduğunu “zənn” etdiyi pulu götürdüyünü bildirməmiş, yalnız polis şöbəsində olduqda pulu götürməsini etiraf etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən müəyyən edilir ki, 2021-ci ildə arvadı rəhmətə getmiş, təxminən 1 ildir ki, subaydır. Şahid2 onun əmisi oğludur. Zərərçəkmiş şəxs isə Qəhrimanın oğludur. Onların aralarında heç bir ədavət olmamışıdır. Onun oğlu Sultanov İntiqam qanunsuz olaraq narkotik vasitə daşıdığı üçün həbsdədir. Təxminən 2 həftə əvvəl Qəhriman ilə danışan zaman oğluna kömək etmək üçün Qəhrimandan pul verməsini xahiş etmişdir. Qəhriman da ona demişdir ki, “Rusiya Federasiyasına gedəcəyəm, gələrsən sənə pul verəcəyəm.” O da xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Qəhrimanın və oğlu Nərimanın yaşadığı ünvana, yəni Qaraqurtlu kəndində yerləşən evinə getmişdir. O, evin həyət qapısını döymüş, sonra isə həyətə daxil olmuşdur. Bundan sonra evin giriş qapısına yaxınlaşmış və qapını döymüşdür. Lakin heç kim səsə gəlməmiş, o da qapını açıb içəri girmişdir. O, evə daxil olan zaman görmüş ki, evin giriş hissəsində ayaqqabı qoymaq üçün nəzərdə tutulan şkafın üzərində pul kisəsi vardır. O, həmin pul kisəsini açmış və içərisində xeyli pul olmasını görmüşdür. Həmin pulları pul kisəsinin içindən götürmüş və orada da pulu saymışdır, həmin pul 2 min manat olmuşdur. Pulu götürəndən sonra pul qabını elə həmin yerə qoymuşdur. Sonra da çıxıb getmiş, puldan 200 manat evə bazarlıq etmişdir, 300 manat isə borcundan qaytarmışdır. Düşünmüş ki, qalan pulu da həbsdə olan oğlu üçün xərcləyər. Bu səbəbdən qalan 1500 manatı yaşadığı evdə xalçanın altına qoymuşdur. Lakin 13 oktyabr 2022-ci il tarixdə xəbər tutmuş ki, Qəhərmanın oğlu Nəriman ondan şikayət etmişdir. Buna görə özü könüllü olaraq evdə saxladığı 1500 manatı götürüb şöbəyə gəlmişdir. Oğurluq hadisəsini törətməkdə ona kömək edən olmamış, özü tək törətmişdir. Bundan başqa heç bir oğurluq və digər cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinin özü və müdafiəçisi tərəfindən oxunması imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ilə bağlı istintaqa verdiyi ifadəsindəki halları hadisə yerində yoxlanılarkən bilavasitə çətinlik çəkmədən, müdafiəçinin də iştirakı ilə göstərmiş və bu barədə protokolun düzgünlüyü təqsirləndirilən şəxsin və müdafiəçinin də imzaları ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməməsinə dair bildirdiyi təkzibedici xüsusatlar (pulu oğurlamaması, həmin pulun onun üçün borc olaraq qoyulduğunu zənn etməsi) hər hansı bir sübutla öz təsdiqini tapmamış, əksinə, iş materiallarında olan sənədlərlə təkzib edilir və həqiqəti əks etdirmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qaraqurtlu kəndi, Dədə Qorqud küçəsi 8-də yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyət qapısının qıfılının açıq olmasından istifadə edib yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evin giriş hissəsində sağ tərəfdə olan dolabın üzərindəki pul kisəsindən 2000 (iki min) manat nağd pul vəsaitini qanunsuz olaraq götürüb apararaq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin məktubundan və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(067)-148/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş; İcra şöbəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2013-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 02 il müddətinə islah işləri cəzasından azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs pensiyaçıdır. O, yaşadığı kəndin ictimai həyatında iştirak edir, kənd sakinləri, qonşular arasında hörmət qazanmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı 26 aprel 2023-cü il tarixli teleqramdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləği tam olaraq ödənilmiş, zərərçəkmişin təqsirləndirilənə qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, o cümlədən, onun 67 yaşının olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan qəbzdən və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən oğurladığı 2000 manat pul vəsaitindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqdim etdiyi 1500 manatı zərərçəkmiş şəxsə qaytarılmışdır. Odur ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqdim etdiyi, zərərçəkmiş şəxsdən oğurladığı 2000 manat pul vəsaitindən 1500 manatının ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin özünə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ziyanın artıq tamamilə ödənildiyini bildirərək təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqdim etdiyi, zərərçəkmiş şəxsdən oğurladığı 2000 manat pul vəsaitindən 1500 manatının ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin özünə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar