Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-76/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz rayonu, Xudat şəhəri, Ş.Qurbanov küçəsi ev 40-da qeydiyyatda olmaqla Xaçmaz rayonu, Xudat şəhəri, Z.Mahmudov küçəsində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında olmaqla Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurluq etmək qərarına gələrək bu məqsədlə 03 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində həmin mağazanın arxa tərəfinə getmiş və mağazada heç kəsin olmadığına əmin olduqdan sonra taxta pilləkəni qapıya söykəyib üstünə çıxmaqla mağazanın arxa tərəfində olan dəmir qapının üst hissəsindəki pəncərənin torunu üzərində olan bıçaqla kəsdikdən sonra Artur Ourcovla birlikdə qanunsuz olaraq mağazanın anbarına, daha sonra isə anbardan götürdüyü bıçağı içəridəki plastik materialdan olan qapının arasına salıb açmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq masanın alt hissəsində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulları, 30 manat dəyərində kompüterin UPS-ni (kəsilməz enerji qaynağını), divara quraşdırılmış rəfin üstündən isə hər biri 3 manat 75 qəpik olmaqla 112 manat 50 qəpik dəyərində olan 30 qutu «Kent4» markalı siqaretləri götürüb aparmaqla ümumilikdə 4416 manat 50 qəpik məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, X7 ilə birlikdə zərərçəkmiş şəxsin işlətdiyi mağazanın arxasından keçərkən həmin mağazaya arxa tərəfdən, qapının üzərindən daxil olaraq pul əskinaslarını, qəpik pulları, kent markalı siqaretləri və kompüterin UPS-ni oğurlamışlar. Mağazdan çıxandan sonra oğurladıqları pulları, siqaretləri aralarında bölüşərək çıxıb getmişlər. Həmçinin bildirdi ki, o, Artur Orucovu çoxdan tanımış, sonuncu onun yaşadığı ünvanın yaxınlığında yaşamışdır. O və Artur oğurluq etmək barədə həmin əməli törətməzdən 1-2 saat əvvəl bir-biri ilə danışmışlar, yol ilə gedərkən zərərçəkmiş şəxsin mağazasını görüb həmin vaxt ikisi birlikdə qərara gəlmişdir ki, həmin mağazadan oğurluq etsinlər. Onlar məhz həmin mağazadan oğurluq etməyi əvvəldən planlaşdırmamışlar, mağazanın yanından keçərkən həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin mağazaya təxminən axşam saat 10-11 radələrində daxil olaraq oğurluq etmişlər. Həmin vaxt mağaza bağlı olmuşdur. Mağazanın qapısının üzərində tor olmuş, o, pilləkən qoyaraq qalxıb bıçaqla toru kəsmiş və mağazaya daxil olmuşlar. Onlar mağazanın içərisindəki masanın dolabından pulları, üzərindən qəpikləri oğurlamışlar. Oğurladıqları pulları Arturla bölüşdükdə hərəsinə 2137 manat pul düşmüşdür. Onlar mağazadan bütün pulları, 30 qutu siqaret, kompüterin bir ədəd UPS qurğusunu oğurlamışlar. UPS qurğusunu götürmələrinin səbəbi o olmuşdur ki, onlar həmin qurğunun videomüşahidə kamerasının yaddaş qurğusu olduğunu düşünmüşlər. Həmin qurğu Arturda qalmış, sonuncu ona bildirmişdir ki, həmin qurğunu açmaq lazımdır, bundan sonra isə atacaqdır (tullayacaq). Oğurladıqları siqaretləri satmamışlar, özləri çəkərək istifadə etmişlər. Onlar mağazadan oğurluq edib çıxandan sonra Xudat yolunda meşəlik əraziyə gedib orada pulları, siqaretləri öz aralarında bölüşmüşlər və bundan sonra birbirindən ayrılmışlar, o öz yaşadığı evə getmişdir. O, oğurluq etdiyi həmin mağazaya alış-veriş etmək üçün əvvəllər heç vaxt getməmiş, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Artur Orucov hazırda Rusiya Federasiyasındadır. Zərərçəkmiş şəxsə vurduqları ziyanla bağlı heç bir məbləğ ödəməmiş, lakin ödəmək fikri vardır. O, mal-qarasından sataraq zərərçəkmiş şəxsə vurduqları ziyandan özünə aid hissəni ödəyə bilər. Təqsirləndirilən şəxs işin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə bildirdi ki, o, törətdiyi cinayət əməlinə görə peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 40-da qeydiyyatda olsa da, anası Çimnazla birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Zaur Mahmudov küçəsində yaşayır. Mövsümi olaraq ayrı-ayrı şəxslərə məxsus bağ sahələrində fəhləlik edir. Xudat şəhərində yaşayan X4 təxminən 3-4 il olar ki tanıyır. Əvvəllər hər gün Arturla görüşmüş və onlar yoldaşlıq etmişlər. 03 oktyabr 2023-cü il tarixdə, təxminən saat 21:30 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində Arturla görüşmüş, onlar bir neçə dəqiqə küçədə dayanıb söhbət etmişlər, sonra isə piyada Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qayalı» market istiqamətində getmişlər. 03 oktyabr 2023-cü il tarixdə, təxminən saat 22 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşən birmərtəbəli binanın arxa tərəfindən keçib gedərkən Artur ondan həmin binada nə yerləşdiyini soruşmuş, o da ona demişdir ki, həmin binanın bir hissəsi anbar, bir hissəsi isə mağaza kimi fəaliyyət göstərir. Artur mağazada pul və siqaretlər ola biləcəyini bildirərək demişdir ki, həmin mağazaya daxil olub oğurluq etsinlər. O, Arturla razılaşmışdır. Mağazanın işıqları yanmadığına görə bağlı olduğunu bilmişlər və Arturla birlikdə həmin binanın arxa tərəfində olan dəmir qapıya yaxınlaşmışlar. Artur dəmir qapını üzərində olan dəstəkdən tutub çəkməklə açmağa çalışmış, qapı içəri tərəfdən bağlı olduğuna görə Artur qapını aça bilməmiş və qapının yaxınlığında divara söykədilmiş taxta pilləkəni gətirib qapıya söykəmiş, o, pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərənin üzərindəki toru özündə olan cib bıçağı ilə kəsərək geri, yerə düşmüşdür. Bundan sonra onlar ətrafa nəzər yetirmişlər və ətrafda kənar adamların olmadığına əmin olduqdan sonra əvvəlcə Artur taxta pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərədən içəri daxil olmuş, sonra isə o özü taxta pilləkənin üstünə çıxaraq həmin pəncərədən içəri daxil olub baxanda görmüşdür ki, daxil olduqları yer anbardır. Bundan sonra o, anbarda olan bıçağı götürüb içəridə olan plastik qapının arasına salaraq açmış və Arturla birlikdə mağazaya daxil olub özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb mağazanın içərisini axtarmışlar. Artur yaxınlaşıb masanın alt tərəfində olan dolabı açanda görmüşdür ki, orada topa halda pul var. Artur pulu, masanın üstündə olan kompüterin UPS-ni (kəsilməz enerji qaynağını) götürdükdən sonra o özü də masanın üstündə olan qutunun içərisindəki qəpik pulları və divara quraşdırılmış rəfin üstünə düzülmüş «KENT 4» markalı siqaretləri ciblərinə yığmış və Arturla birlikdə mağazaya daxil olduqları yerdən bayıra çıxıb mağaza ilə üzbəüz yolun digər tərəfində olan ağaclıq sahəyə gedib mağazadan oğurladıqları pulları və siqaretləri öz aralarında bölmüşlər, hərəsinə 2137 manat pul, 15 qutu «KENT 4» markalı siqaretləri düşmüş, kompüterin UPS-i (kəsilməz enerji qaynağı) isə Arturda qalmışdır. Bundan sonra o, Arturdan ayrılıb yaşadığı evə getmişdir. Sonrakı günlərdə o, payına düşən pulları şəxsi ehtiyacları üçün xərcləmiş, siqaretləri isə özü çəkmişdir. O, başqa heç bir yerdən oğurluq etməmişdir. O, ancaq Arturla birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazadan 4274 manat pul, 30 qutu «Kent 4» markalı siqaretlər və kompüterin UPS-ni (kəsilməz enerji qaynağı) oğurlamışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 13 yanvar 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X7 istintaqdan gizlənərək yayındığına görə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan sərhədkeçməyə dair çıxarışdan müəyyən edilir ki, X7 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan müəyyən edilir ki, X7 istintaqdan gizlənərək yayındığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından X7 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və istintaqının aparılması qərara alınmışdır. İş materiallarından müəyyən edilir ki, X7 istintaqdan gizlənərək yayındığına görə ibtidai istintaq orqanı tərəfindən onun dindirilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırkı iş üzrə oğurluq hadisəsi baş verən vaxt o, Xaçmaz rayonunda olmamış, yaşadığı şəhərdə olmuşdur. Oğurluq hadisəsi baş verən günün səhəri onun işlətdiyi mağazada satıcı işləyən Şahid1 ona zəng edərək mağazadan oğurluq edildiyi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları mağazaya gələrək videomüşahidə kameralarının qeydə aldığı videogörüntünü götürmüş, daha sonra isə oğurluq etmiş şəxsləri müəyyən etmişlər. Həmçinin bildirdi ki, ona vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir, ziyan ödənilərsə, şikayətçi olmaz. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilməmiş, o, Təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı ziyanın yarısını ödəməsi ilə razı deyil, o, ziyanın tam olaraq ödənilməsini tələb edir, ziyan tam olaraq ödənildiyi təqdirdə o, təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaz. Zərərçəkmiş şəxs işin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirdi ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ümumilikdə 4416 manat 50 qəpik məbləğində ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olsa da, valideyinləri ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 147 saylı texniki peşə məktəbinin yataqxanasında yaşayır. Ancaq işi ilə bağlı çox vaxt Xudat şəhəri, M.F.Axundov küçəsində kirayə götürdüyü evdə qalır. ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus olan 200 kv.m qeyri-yaşayış binasını 01 dekabr 2022-ci il tarixdə icarəyə götürüb mağaza kimi işlədir. Həmin qeyri-yaşayış binasının icarəyə götürülməsi ilə bağlı onunla "xxxx" ASC-nin idarə heyətinin sədri X6 arasında bağlanmş icarə müqaviləsinin surətini istintaqa təqdim etmişdir. İcarəyə götürüb mağaza kimi fəaliyyət göstərdiyi "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binası Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşir. İcarəyə götürdüyü bina iki hissədən ibarətdir. O, binanın bir hissəsinə aldığı ərzaq mallarını, siqaretləri, spirtli və digər içkiləri yığıb anbar kimi istifadə edir, digər hissəsi isə mağaza kimi fəaliyyət göstərir. Mağazada Xudat şəhər sakini Şahid1 satıcı işləyir. İzzət hər gün saat 07:30 radələrində gəlib mağazanın qapısını açmış, mağazaya gələn müştəriləri yola saldıqdan sonra isə saat 21 radələrində mağazanın qapısını bağlayıb evinə getmişdir. O özü də mütəmadi olaraq mağazaya gəlmiş və mağazaya gələn malları da özü qəbul edib anbara yığmışdır. Hər gün axşam İzzətlə satdığı malların hesabatını özü aparmış, satılan malların hesabatını apardıqdan sonra İzzət satdığı malların pulunu mağazada olan masanın alt hissəsindəki dolaba qoymuş, sonradan o da həmin pulları götürüb aldığı malların pulunu ödəmişdir. Həmişə olduğu kimi 03 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08 radələrində mağazaya gələndə görmüşdür ki, İzzət mağazadadır, mağazaya gələn müştəriləri yola salır. O, bir saata yaxın mağazada olmuş, sonra isə mağazadan çıxıb getmişdir. Həmin gün axşam saat 20 radələrində mağazaya gəlmiş, İzzət satdığı malların pulunu ona vermiş və o, pulları sayıb 4254 manat olduğunu bildikdən sonra mağazada olan masanın alt hissəsindəki dolaba qoyaraq mağazadan çıxıb getmişdir. 04 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08 radələrində İzzət ona zəng vurub demişdir ki, gecə kimsə mağazaya daxil olaraq dolabda olan pulları, siqaretləri və kompüterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamışdır. O, tez mağazaya gəlmiş və İzzət ona demişdir ki, gecə naməlum şəxs və ya şəxslər anbarın giriş qapısının üst hissəsində olan pəncərəni açmaqla anbara, daha sonra isə mağazaya daxil olaraq masanın alt hissəsində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulları, divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «KENT 4» markalı siqaretləri və kompüterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamışdır. O, özü də mağazaya baxanda görmüşdür ki, masanın dolabında olan 4254 manat pul, masanın üstündəki qutunun içərisində olan qəpik pullar, divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «Kent 4» markalı siqaretlər və kompüterin UPS-i (kəsilməz enerji qaynağı) yoxdur. Şəxsi işi ilə bağlı təcili Bakı şəhərinə getməli olduğu üçün İzzətə demişdir ki, o, Bakı şəhərinə gedir, İzzət özü Xudat PB-nə gedib mağazadan oğurluq olması barədə məlumat versin. Bundan sonra İzzət Xudat PB-nə, o özü isə Bakı şəhərinə getmişdir. Sonra İzzət zəng vurub ona demişdir ki, o, Xudat PB-nə gedib mağazadan oğurluq olması barədə məlumat verərək şikayət ərizəsi yazmışdır və polis əməkdaşları mağazaya gəlib onun iştirakı ilə baxış keçirmişlər. İcarəyə götürüb işlətdiyi mağazadan ona məxsus 4274 manat pul, hər biri 3 manat 75 qəpik dəyərində olan 30 qutu «Kent 4» markalı siqaretlər, 30 manat dəyərində kompüterin UPS-i (kəsilməz enerji qaynağı) oğurlanmışdır və bununla bağlı ona ümumilikdə 4416 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonradan o, bilmişdir ki, icarəyə götürüb işlətdiyi mağazaya Xudat şəhər sakinləri Məmmədəli və Artur adlı şəxslər daxil olaraq oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, həmişə olduğu kimi növbəti gün səhər saatlarında zərərçəkmiş şəxsin işlətdiyi mağazaya, yəni işlədiyi yerə gəlmiş, mağazaya daxil olduqdan sonra kassanın yerləşdiyi otağın qapısının açıq olduğunu, kassada pulun olmadığını görmüş, o, zərərçəkmiş şəxs Elmirə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra isə o, mağazada olan müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxdıqda oğurluq hadisəsinin baş verdiyi görmüş, oğurluq etmiş şəxslər mağazanın arxa qapısının üzərində olan nəfəslikdən içəri daxil olmuşlar. Həmçinin bildirdi ki, o, həmin mağazada kassir işləmiş, pulu dolaba o qoymuş, pulu dolaba qoymasının səbəbi o olmuşdur ki, növbəti gün səhər saatlarında mal aldıqları firmanın əməkdaşlarına pulu versin. Mağazadan oğurluğu iki nəfər etmişdir, belə ki, o, bunu videogörüntülərə baxarkən müəyyən etmiş, lakin həmin şəxslərin üzlərinə örtük (maska) taxmışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Muxtadır küçəsi, ev 7-də yaşayır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşən mağazanı icarə əsasında işlədir, o da həmin mağazada satıcı işləyir. Mağazanın yerləşdiyi bina iki hissədən ibarətdir. Elmir binanın bir hissəsinə aldığı ərzaq mallarını, siqaretləri, spirtli və digər içkiləri yığıb anbar kimi istifadə edir, binanın digər hissəsi isə mağaza kimi fəaliyyət göstərir. O, hər gün saat 07:30 radələrində gəlib mağazanın qapısını açmış, mağazaya gələn müştəriləri yola saldıqdan sonra isə saat 21 radələrində mağazanın qapısını bağlayıb evə getmişdir. Elmir özü də mütəmadi olaraq mağazaya gəlmiş və mağazaya gələn malları da özü qəbul edib anbara yığmışdır. Hər gün axşam onun satdığı malların hesabatını da Elmir özü aparmışdır. Satılan malların hesabatı aparıldıqdan sonra Elmir satdığı malların pulunu sayıb mağazada olan masanın alt hissəsindəki dolaba qoymuş, sonradan Elmir özü də həmin pulları götürüb aldığı malların pulunu ödəmişdir. Həmişə olduğu kimi 03 oktyabr 2023cü il tarixdə, təxminən saat 07:30 radələrində o, mağazaya gələrək qapını açıb gələn müştəriləri yola salmışdır. Həmin gün Elmir özü də mağazaya gəlib bir qədər onun yanında olmuş, sonra isə mağazadan çıxıb getmişdir. Təxminən saat 20 radələrində Elmir yenidən mağazaya gəlmiş və o, satdığı malların pulunu Elmirə vermiş, Elmir də pulları sayıb 4254 manat olduğunu bildikdən sonra bütün pulları mağazada olan masanın alt hissəsindəki dolaba qoyaraq mağazadan çıxıb getmiş, bir qədər sonra o, özü də mağazanın qapısını bağlayıb yaşadığı evə getmişdir. 04 oktyabr 2023-cü il tarixdə, təxminən saat 07:30 radələrində mağazaya gəlib qapını açaraq içəri daxil olub baxanda görmüşdür ki, masanın üstündə olan kompüterin naqilləri dağınıq vəziyyətdədir. Bundan sonra o, masanın alt hissəsində olan dolaba baxmış və pulların qoyduqları yerdə olmadığını görüb başa düşmüşdür ki, gecə kimsə mağazaya daxil olaraq pulları oğurlayıb. O, başqa nələrin oğurlandığını bilmək üçün ətrafa nəzər yetirmiş və görmüşdür ki, masanın üstündə olan qutunun içərisindəki 20 manat məbləğində qəpik pullar, kompüterin UPS-i (kəsilməz enerji qaynağı) və divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «KENT 4» markalı siqaretlər də yerində yoxdur. Sonra o, anbara daxil olmuş və anbarın giriş qapısının üst hissəsində olan pəncərənin açıq olduğunu görüb həmin yerdən mağazaya daxil olunduğunu başa düşmüş və Elmirə zəng vurub demişdir ki, gecə kimsə mağazaya daxil olaraq dolabda olan pulları, siqaretləri və kompüterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamışdır. Bir qədər keçdikdən sonra Elmir özü də mağazaya gəlib baxdıqdan sonra ona demişdir ki, təcili Bakı şəhərinə getməlidir, o, Xudat PB-nə gedib işlədiyi mağazadan oğurluq olması barədə məlumat versin. Bundan sonra o, Xudat PB-nə gedib ərizə yazaraq işlədiyi mağazadan oğurluq olması barədə məlumat vermişdir. Onun satıcı işlədiyi mağazadan Zərərçəkmiş şəxs məxsus 4274 manat pul, hər biri 3 manat 75 qəpik dəyərində olan 30 qutu «Kent 4» markalı siqaretlər, 30 manat dəyərində kompüterin UPS-i (kəsilməz enerji qaynağı) oğurlanmışdır və bununla bağlı maddi ziyan da Elmirin özünə dəymişdir. Sonradan o, bilmişdir ki, işlədiyi mağazaya Xudat şəhər sakinləri Məmmədəli və Artur adlı şəxslər daxil olaraq oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Artur Orucov onun oğludur. O, hazırkı iş üzrə cinayət hadisəsindən xəbər tutduqdan sonra o, Təqsirləndirilən şəxsgilin evinə getmiş, sonuncunun ailə üzvləri ilə zərərçəkmişə vurulmuş ziyanı birlikdə ödəmələri barədə söhbət etmiş, Məmmədəlinin anası hazırda ziyanı ödəməyə maddi imkanının olmadığını, torpaq sahəsini satandan sonra ziyanı ödəyə biləcəyini bildirmiş, lakin hazıradək nə Məmmədəli, nə də onun (oğlu Artur) tərəfindən ziyan ödənilməmiş qalmışdır. Həmçinin bildirdi ki, oğlu Artur hazırda Rusiya Federasiyasına getmiş, geri qayıtmamış, o, Arturun dəqiq olaraq harada olduğunu bilmir. Şahid2 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbədə yaşayır. X7 onun oğludur. Oğlu Artur da onunla bir evdə yaşamışdır. Təxminən 6-7 il olar ki, o, Arturu görmür və onun harada olduğunu bilmir. 2023-cü ilin oktyabr ayının əvvəllərində o, bilmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə oğlu Arturla Xudat şəhər sakini Təqsirləndirilən şəxs Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazaya daxil olaraq pul və siqaret oğurlamışlar. O, bunu bildikdən sonra Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazaya gedib orada olan Elmir adlı şəxslə görüşüb dəymiş maddi ziyanın ödənilməsi üçün vaxt istəmiş, Elmir də ona demişdir ki, o, polisə şikayət etmişdir, onluq bir şey yoxdur. Bundan sonra o, Məmmədəlinin yaşadığı evə gedib onun anası ilə söhbət etmiş, Məmmədəlinin anası da ona demişdir ki, maddi ziyanın yarısını onlar, yarısını isə özləri ödəsinlər. Pulu olmadığına görə oğlu Arturun Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazadan oğurluq etməsi ilə bağlı dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Hal-hazırda isə oğlu Arturun harada olduğunu bilmir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Şahid1 Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Xudat şəhəri, M.F.Axundov küçəsində “Qayalı” marketin yanında yerləşən mağazadan iki nəfər şəxsin 4274 manat pulu, 30 qutu «Kent4» markalı siqaretləri və kompüterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamaları barədə məlumat vermişdir. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən onun icarəyə əsasında işlətdiyi mağazadan naməlum şəxslərin 4274 manat pulu, 30 qutu «Kent4» markalı siqaretləri və kompüterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamaları barədə bildirərək həmin şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisənin baş verdiyi yer Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazadır. Həmin mağaza Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşir. Mağaza birmərtəbəli olmaqla mişar daşından inşa edilmişdir. Mağazanın ön tərəfində iki laylı, arxa tərəfində isə bir laylı dəmir qapı vardır. Mağazanın arxa tərəfində öz fəaliyyətini dayandırmış Xudat Konserv zavodu yerləşir. Mağazanın arxa tərəfində olan dəmir qapının üst tərəfində olan pəncərənin toru kəsilərək cırılmışdır. Bundan sonra həmin binanın içərisinə daxil olaraq müəyyən olundu ki, bina iki hissədən ibarət olmaqla bir hissəsi anbar, digər hissəsi isə mağaza kimi fəaliyyət göstərir. Mağazanın giriş qapısı bir laylı plastik qapıdır. Baxışda iştirak edən Şahid1 mağazada olan masanın aşağı tərəfində olan dolabı göstərərək həmin yerdən 4254 manat pulun, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulların, kompüterlərin UPS-in, divarda quraşdırılmış rəfin üstündən isə 30 qutu «Kent4» markalı siqaretlərin oğurlanmasını bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş zərərçəkmiş şəxsin mağazasının videomüşahidə kamerasının qeydə aldığı videogörüntünün köçürüldüyü DVD diskə və fotoşəkillərə baxış keçirilərək müəyyən edildi ki, həmin diskdə mövcud olan 01 ədəd videofaylda (videogörüntüdə) sifət nahiyələrini əski parçası ilə örtmüş iki nəfər şəxs zərərçəkmiş şəxsin işlətdiyi mağazanın içərisində yerləşən masanın üzərindəki kompüterin UPS-ni naqildən ayıraraq həmin cihazı özləri ilə götürərək aparırlar. Belə ki, həmin şəxslərdən biri UPS-i əlində tutaraq saxlamaqla videomüşahidə kamerasına tərəf baxır, bu zaman digər şəxs isə UPS-i kompüterdən ayırır. Həmin videogörüntü müşahidə kamerası tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:36-da qeydə alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin şəxslərdən birinin onun özünün, digərinin isə Artur Orucov olmasını bildirir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-də oğurluq etdikləri mağazanı göstərməsi təklif olunmuş, bundan sonra Xaçmaz RPŞ-dən avtomobil ilə, Təqsirləndirilən şəxslə birlikdə sonuncunun bildirdiyi istiqamətdə gedilmiş, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində, asfaltbeton örtüklü yoldan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən mağazanın qarşısına çatanda Təqsirləndirilən şəxs həmin mağazanı göstərərək bildirmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində tanışı X7 ilə birlikdə həmin mağazaya daxil olub oğurluq etmişlər. İfadənin yerində yoxlanılması zamanı əvvəlcə mağazanın arxa tərəfinə gedilmiş və Təqsirləndirilən şəxs mağazanın arxa tərəfində olan bir laylı dəmir qapını göstərərək bildirmişdir ki, o, taxta pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərənin torunu özündə olan bıçaqla kəsdikdən sonra Artur Orucovla birlikdə həmin yerdən içəri daxil olmuşlar. Bundan sonra iştirakçılar Şahid1 razılığı ilə qapıdan keçməklə mağazanın içərisinə daxil olmuşlar və Təqsirləndirilən şəxs mağazanın içərisində olan plastik qapını göstərərək bildirmişdir ki, anbara daxil olduqdan sonra orada olan bıçağı götürüb həmin plastik qapının arasına salaraq açıb Arturla birlikdə mağazaya daxil olmuşlar. Sonra Təqsirləndirilən şəxs mağazada olan masanı göstərərək bildirmişdir ki, onlar mağazaya daxil olduqdan sonra həmin masanın alt tərəfində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindəki qəpik pulları, kompüterin UPS-ni (kəsilməz enerji qaynağı), divara quraşdırılmış rəfin üstündən isə 30 qutu «KENT4» markalı siqaretləri oğurlamışlar. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxsdən oğurlanmış siqaretlərin və kompüterin UPS-nin (kəsilməz enerji qaynağı) qiymətləri zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə dəymiş ziyanın müəyyənləşdirilməsində həmin qiymətlər nəzərə alınmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs digər şəxslə (deməsinə görə tanışı X7 ilə) qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında olmaqla Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurluq etmək qərarına gələrək bu məqsədlə 03 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində həmin mağazanın arxa tərəfinə getmiş və mağazada heç kəsin olmadığına əmin olduqdan sonra taxta pilləkəni qapıya söykəyib üstünə çıxmaqla mağazanın arxa tərəfində olan dəmir qapının üst hissəsindəki pəncərənin torunu üzərində olan bıçaqla kəsdikdən sonra digər şəxslə (deməsinə görə Artur Ourcovla) birlikdə qanunsuz olaraq mağazanın anbarına, daha sonra isə anbardan götürdüyü bıçağı içəridəki plastik materialdan olan qapının arasına salıb açmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq masanın alt hissəsində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulları, 30 manat dəyərində kompüterin UPS-ni (kəsilməz enerji qaynağını), divara quraşdırılmış rəfin üstündən isə hər biri 3 manat 75 qəpik olmaqla 112 manat 50 qəpik dəyərində olan 30 qutu «Kent4» markalı siqaretləri götürüb aparmaqla ümumilikdə 4416 manat 50 qəpik məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs anası ilə birgə yaşayır, o, subaydır. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 14 iyun 2024-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasındakı çıxışından müəyyən edilir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ümumilikdə 4416 manat 50 qəpik məbləğində ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən 16 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(067)- 76/2024 saylı qərarından və Xaçmaz RPŞ tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 15 may 2024-cü il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək həbsdə saxlanılma müddətini, yəni 01 (bir) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 03 (üç) ay 08 (səkkiz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazada quraşdırılmış videomüşahidə kamerası ilə qeydə alınmış videogörüntünün (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 01 (bir) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 03 (üç) ay 08 (səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazada quraşdırılmış videomüşahidə kamerası ilə qeydə alınmış videogörüntünün (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-76/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-76/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver