Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-80/2022 15.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Quba rayonunun Bağbanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində sintetik narkotik vasitə olan metadon həb parçasını üzərində saxlamaqla daşımışdır. Belə ki, 14 fevral 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Susay kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilib Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Xudat polis bölməsinin inzibati binasında onun üstünə saat 23:10-23:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində 01 ədəd kağız bükümdə olmaqla tərkibində 0,081 qram çəkidə sintetik narkotik vasitə olan metadon həb parçası aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o ailəsi ilə birlikdə Quba rayonunun Bağbanlı kəndində yaşayır. Hazırkı cinayət işi ilə bağlı saxlanılanadək təxminən bir ay olmuşdur ki, bədənində ağrılar olduğu üçün metadon həblərindən istifadə etmişdir. Xudat şəhərində bir ədəd içərisində metadon həbi olan gümüşü rəngli kağız büküm tapmışdır. O özü də metadon həbindən istifadə etdiyi üçün tapdığı metadon həbini əynində olan şalvarın sağ yan cibinə qoyub Quba rayonunun Bağbanlı kəndinə yaşadığı evə aparmışdır. Həmin metadon həbinin bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə gümüşü rəngli kağıza büküb şalvarının sağ yan cibində saxlamışdır ki, sonradan özü istifadə etsin. 14 fevral 2022-ci il tarixdə, saat 21:50 radələrində Xaçmaz rayonunun Susay kəndinin girəcəyində olarkən ona polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu Xudat PB-nə dəvət etmişlər. O etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xudat PB-nə getmişdir. Xudat PB-nin inzibati binasında təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra təhqiqatçı tərəfindən ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üstünə qoymuş, sonra isə təqdim etdiyi həmin kağız bükümü özü açıb içərisində olan metadon həb parçasını göstərərək bildirmişdir ki, həmin həb parçası metadon həbinin dörddə bir hissəsidir, özünə məxsusdur, Xudat şəhərində olarkən tapmış və üzərində saxlamışdır. Bundan sonra təhqiqatçı tərəfindən kağız bükümdə olan metadon həb parçası bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üstündə aşkar olunmuş metadon həb parçasının qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O əvvəllər hərbçi olmuş, sinir ağrıları olanda metadon həbindən sakitləşdirici kimi istifadə etmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə baş əməliyyat müvəkkilidir. 14 fevral 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, təqsirləndirilənin olduğu yer müəyyənləşdirilmiş və sonuncunu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən həb, yəni təqsirləndirilənin həmin vaxt özünün bildirdiyi kimi metadon həbi aşkar edilərək təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilənin üzərindən aşkar olunmuş həmin həb dörddə bir hissə olmuşdur. Həmçinin bildirmişdir ki, şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxs metadon həbini üzərində özünün istifadəsi üçün saxladığını, həmin həbi Xudat şəhərində tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirdi ki, əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı olduğunu bildirmiş, onlar iş üzrə təqsirləndirilən şəxsi Xaçmaz rayonunun Susay kəndi ərazisində saxlamışlar. Qalan hərəkətləri hazırda tam xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 hazırkı cinayət işinin materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, Xaçmaz rayon Polis şöbəsinin Xudat polis bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-nin Xudat PB-nə Quba rayonu, Bağbanlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Xudat polis bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 14 fevral 2022-ci il tarixdə Xudat PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, Xudat polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Sevinc Hüseynovaya həvalə olunmuşdur. Həmin gün təxminən saat 21:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Susay kəndi ərazisində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Xudat polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xudat PB-nə gəlməyə razılaşmış və onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Xudat PB-də X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə təqsirləndirilənə videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X7 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. X7 kağız bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs kağız bükümü açıb bir ədəd həb parçasını masanın üstünə qoyaraq metadon həbinin dördə biri olduğunu bildirmişdir. X7 kağız bükümdə olan həb parçasını haradan aldığın soruşduqda isə Təqsirləndirilən şəxs bildirmişdir ki, Xudat şəhərində olarkən yerdən tapmışdır. Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş kağız bükümdə olan həb parçası X7 tərəfindən Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntülərini əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə almış və bir ədəd CD formatlı diskə köçürərək materiala əlavə olunmasından ötrü təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi məhkəmə iclasında elan edilmiş həmin ifadənin düzgün olduğunu, həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Susay kəndi ərazisində saxlayaraq Xudat polis bölməsinə gətirmişlər. Digər halları isə tam xatırlamır. Məhkəmə istintaqı zamanı şahid X2 hazırkı cinayət işinin materiallarında olan elan edilərək tədqiq edilmiş ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 14 fevral 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X5, əməliyyat müvəkkili Şahid1, polis nəfərləri X6, Şahid3, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasındakı otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüquq və vəzifələri izah oldunmuş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi ona təqdim olunduqdan sonra təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən çıxarıb təqdim etdiyi kağız büküm təqsirləndirilənin özü tərəfindən açıldıqda içərisində bir ədəd qəhvəyi rəngli həb parçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş həb parçası metadon həbinin dördə bir hissəsidir, özünə məxsusdur, Xudat şəhəri ərazisində yerdən tapmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xudat Polis bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid3 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 6/943 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası DİN Zərflər üçün № 59” dairəvi möhür əksi, “.....14.02.22-ci il tarixdə.... saxlanılan Təqsirləndirilən şəxs üzərindəki............” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,081 qram qəhvəyi rəngli həb parçası sintetik narkotik vasitə metadondur. Tədqiqata 0,04 qram sərf edildikdən sonra qalıq 0,041 qram təşkil etmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan və 30 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,081 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,041 qram təşkil edən metadon narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metadon həbini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 01 aprel 2022-ci il tarixli, 1523 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın keçirilməsinin videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,02 qramdan artıq olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metadonun təmiz çəkisi 0,081 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən və elektron portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı, həmçinin 65 yaşlı valideynləri var. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, qəsəbə sakinlərindən və ya başqa şəxslərdən Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir narazılıq və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, əvvəllər məhkum olunmamasını, bir azyaşlı uşağının və 65 yaşlı valideynlərinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, bir azyaşlı uşağının olmasını barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair 16 fevral 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(067)-80/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 10 sentyabr 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 10 sentyabr 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı cəmi 08 (səkkiz) gün müddətdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı həbsdə olma müddəti, yəni cəmi 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 16 (on altı) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metadon narkotik vasitəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,041 qram təşkil etmişdir. İş materiallarında olan maddi sübut kimi tanıma barədə qərardan və sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək maddi sübut kimi tanınıb götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,041 qram metadon narkotik vasitəsi Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,041 qram metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tutularaq həbsdə olduğu cəmi 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 16 (on altı) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,041 qram metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-80/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-80/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver