Məhkəmə qərarları › İş №1(067)-80/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-80/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-80/2023 27.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclasının katibi İzzətli Anar İzzət oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, “7Times.A” kanalının təsisçisi X5 yaydığı məlumatların yalan olduğunu bildiyi halda şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları əks etdirən ifadələrlə “7Times.A” kanalnda çıxış etmişdir. X2 ona qarşı böhtan xarekterli əməlləri aşağıdakı sübutlarla təsdiq olunur: Fərzəliev Calal Seyfəddin oğlu sosial internet şəbəkəsində “you tube” saytında “7Times.A” kanalında, Quba rayonu, Zərdabi qəsəbəsində 18 oktyabr 2022-ci il tarixində hazırladığı və yayımladığı çıxışında, heç bir araşdırma aparmadan Zərdabi kəndində yaşayan Sehrinaz Mirzəyevanın sözlərinə istinadən mən və qardaşım barədə “Bir müddət bundan əvvəl həmin kənddə yaşayan Süleymanov Coşğun və onun qardaşı Süleymanov Ceyhun yolda Sehrinaz Mirzəyevanın qarşısını kəsib onlarla intim münasibətə girməsini istəyiblər. İki qardaş hətta bu iyrənc əməllərini həyata keçirmək üçün qadına qarşı zor belə tətbiq eləyiblər. Onlar xanıma bildirib ki, bizimlə intim münasibət qurmasan, heç vaxt bu obyektin sənədini ala bilməyəcəksən” ifadələrini demişdir. Daha sonra Cəlal Fərzəliev yenidən şərh verərək “S. Mirzəyeva 7TimesAZ-a bildirib ki, Süleymanov qardaşları mütəmadi olaraq bir neçə dəfə ona bu təklifi bildiriblər. O bu barədə bir dəfə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib. Amma aparılan araşdırmaların sonunda məhkəmə bu iki qardaşı 50 manat cərimə etməklə kifayətlənib. İnşallah kimsəsiz bir qadına qarşı dəyyusluq edən Süleymanov qardaşlarının bu əməlləri DİN-in sərt kötəyi ilə alınar” ifadələrini demişdir. Bu faktlar şikayətə əlavə oluna diskdə ətraflı əks olunur. X3 mənim mərhum valideynlərimin də əksinin olduğu fotoşəkli yayımlaması, onun bir daha mənim şərəf və ləyaqətimə zidd əməl törətdiyi təsdiq olunur.Yuxarıda qeyd olunanlardan göründüyü kimi X5 əməlləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci nəzərdə tutulan cinayəti törətmişdir. Həmin maddəyə əsasən “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, social internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. AR CPM-nin 37.2-ci maddəsinə əsasən “Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir”. “7Times.Az” saytının ünvanı məlum olmadığından, məlumatı yayımlayan şəxs X3 qeydiyyat yeri üzrə məhkəməyə müraciət edir. Yuxarıda şərh olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası CMnin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 300.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 293.3-cü maddəsinə görə xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilir - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (maddə 293.3.1); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (maddə 293.3.2); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (maddə 293.3.3); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (maddə 293.3.4); cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (maddə 293.3.5); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (maddə 293.3.6); şikayəti vermiş şəxsin imzası (maddə 293.3.7). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, şikayət ərizəsinin qoşmasına videodisk əlavə olunmamışdır. Göründüyü kimi, qeyd olunan maddələrdə Xüsusi ittiham qaydasında şikayətin forma və məzmunu ilə bağlı tələblər və hansı hallarda məhkəmənin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etməsi göstərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə tam riayət edilməmişdir. Belə olan təqdirdə xüsusi ittiham qaydasında şikayət bu şəkildə icraata qəbul edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci və maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar