Məhkəmə qərarları › İş №1(067)-80/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-80/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-80/2024 06.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə işləməyən, Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbə massivi ünvanında qeydiyyatda olmaqla, Xudat şəhəri, 6-cı şöbə, barak evi 13-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 12,40 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis X8 Bölməsinin əməkdaşları tərəfindən 21 oktyabr 2023-cü il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri, Z.Əliyeva küçəsində saxlanılıb Xaçmaz rayonu Yalama kəndində yerləşən Xaçmaz Rayon Polis X8 Bölməsinin inzibati binasına gətirilərək 21 oktyabr 2023-cü il tarixdə, saat 18:20-dən 18:35-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 1 ədəd şəffaf sellofan paketdə olan salfet bükümdən təmiz çəkisi 12,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yol ilə gedərkən parkın qarşısında yerdən sellofan bükümü görərək götürmüş, həmin sellofanın içərisində isə salfet büküm olmuş, o, həmin salfeti açdıqda isə içərisində narkotik vasitə, qurudulmuş marixuana olduğunu görərək narkotik vasitəni özünün istifadəsi üçün sellofanla birlikdə üzərində saxlamış, tapdığı ərazidə və vaxtda polis əməkdaşları ona yaxınlaşaraq onu Yalama polis bölməsinə aparmışlar. Həmçinin bildirdi ki, o, həmin narkotik vasitəni tapdığı tarixi dəqiq xatırlamır, lakin bu, 2023-cü ilin oktyabr ayı olardı. Ona həmin narkotik vasitə, olduğu yer barədə heç kim deməmişdir. O, tapdığı həmin narkotik vasitə barədə heç kimə deməmiş, həmçinin istifadə etməmişdir. O, əvvəllər də narkotik vasitədən istifadə etmiş, o, yalnız marixuana narkotik vasitəsindən istifadə etmişdir. O, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsində qeyd olunanlar düzgündür. O, həmin narkotik vasitəni Xudat şəhərində məktəbin yaxınlığında yerdən, gündüz saat 12 radələrində tapmışdır. O, özünün istifadəsi üçün bundan əvvəllər marixuana narkotik vasitəsini əkib-yetişdirərək əldə etmişdir. Valideynlərinin xəstə olmalarını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, təxminən 6 il olar ki, narkotik maddə olan qurudulmuş marixuananı arada bir qəbul edir. 20 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən Nizami adına parkda olduğu zaman yerdə sellofan paket nəzərini cəlb etmişdir. O həmin sellofan paketi yerdən qaldıraraq açmış və içərisində salfetkaya bükülmüş nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını görüb gödəkçəsinin sağ içəri cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə edər. xx.xx.2023-cü il tarixdə, saat təxminən 17 radələrində o həmin tapdığı narkotik vasitə qurudulmuş marixuananı idman şalvarının sağ yan cibinə qoymaqla Xudat şəhəri, Zərifə Əliyeva küçəsində olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olmağını bildirib onu Xaçmaz RPŞ-nin Yalama PB-nə dəvət etmişlər. Polis bölməsində ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Ondan narkotik maddələri qəbul edib-etməməsi ilə maraqlananda narkotik vasitə olan marixuananı qəbul etdiyini bildirmişdir. Polis bölməsində xidməti otaqda müdafiəçinin iştirakı ilə, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və o etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan paketdə salfetkaya bükülmüş marixuananı könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları həmin sellofan paketdəki salfetkada nə olması ilə maraqlananda onlara narkotik maddə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan paketdəki salfetkaya bükülmüş narkotik vasitə qurudulmuş marixuana ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmaqla tamlığı təsdiq edilmişdir. Üzərində aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamış və onu xx.xx.2023-cü il tarixdə Xudat şəhərində Nizami adına parkda yerdən taparaq gödəkçəsinin içəri cibinə qoymuşdur. Üzərinə şəxsi axtarış keçirilən gün isə həmin tapdığı narkotik vasitə qurudulmuş marixuananı idman şalvarının sağ yan cibinə qoyaraq Xudat şəhəri Z.Əliyeva küçəsinə gəlmişdir. O heç kimdən narkotik vasitə almır və satışı ilə məşğul olmur. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı hər hansı zor tətbiq edilməmiş və ya psixi təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 oktyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri 6-cı şöbədə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, yəni iş üzrə təqsirləndirilən şəxsin narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Onun tərəfindən bu məlumat polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, Xaçmaz RPŞ-nin Yalama PB-nin sahə polis nəfəri X9 və Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 21 oktyabr 2023-cii il tarixdə, saat 17:30-da onlar Təqsirləndirilən şəxs Xudat şəhəri, Zərifə Əliyeva küçəsində olmasını müəyyən etmişlər və sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Yalama PB-nə dəvət etmişlər. Bundan sonra sonuncu onlarla bölməyə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan paketin içərisindəki salfet bükümü çıxardaraq təqdim etmişdir. Həmin salfet büküm açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nəşə kimi tanıdığı narkotik vasitə olmasını, 20 oktyabr 2023-cü il tarixdə Xudat şəhəri ərazisində parkdan tapmasını, öz istifadəsi üçün saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin üzərində olan 1 qutu ağ rəngli “LD” markalı siqareti çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən hər hansı qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş yaşıl rəngli bitki kütləsi ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bir ədəd siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin bildirdi ki, onlar təqsirləndirilən şəxsi xx.xx.2023-cü il tarixdə saxlamışlar, sonuncu onlara həmin narkotik vasitəni saxlanıldığı gündən bir gün əvvəl tapdığını bildirmişdir. Onlar əvvəlcə təqsirləndirilən şəxsin işlədiyi qaynaqçı sexinə getmişlər, lakin sonuncu orada olmamış, bundan sonra həmin gün təqsirləndiriləni Xudat şəhərində parkın qarşısında saxlamışlar. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər X5 və Şahid2 ifadələrindən müəyyən edilir ki, onlar, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X2 RPŞ-nin Yalama polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1, Yalama PB-nin polis sahə nəfəri X9, həmin PB-nin polis nəfəri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Yalama PB-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketi və həmin şalvarın sol yan cibindən 1 ədəd "LD” markalı siqaret qutusunu stolun üzərinə qoyaraq təqdim edir. Siqaret qutusunun içərisinə baxılan zaman orada siqaret dənələrinin olması müşahidə edilmişdir. 1 ədəd sellofan paketin içərisinə baxılan zaman orada salfet bükümün olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin paketin içərisində “narkotik, nəşə” olmasını bildirir. Salfet büküm açılaraq içərisinə baxılan zaman orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsini Xudat şəhərində parkdan tapdığını və öz istifadəsi üçün cibində saxladığını, ara-bir istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan paketdəki salfet bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilsə də, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusu özünə geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1476 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ cibindən aşkar edilmiş......marixuanaya oxşar kütlə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd şəffaf sellofan torbadakı 1 ədəd salfet kağızına bükülü təmiz çəkisi 12,40 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana narkotik vasitəsindən təqdqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 12,38 qram təşkil etmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 12,40 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 12,38 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 noyabr 2023-cü il tarixli, 7455 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 5(067)- 252/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında 21 oktyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 11 yanvar 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 12,40 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs subaydır, valideynləri ilə birlikdə yaşayır. Barəsində MKTİ-yə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2023-cü il tarixli protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 23 oktyabr 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,38 qram narkotik vasitə - qurudulmuş marixuana Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,38 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,38 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar