Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-81/2020 18.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1nın, müdafiəçi X2 iştirakı ilə xx.xx.1972-ci ildə Xaçmaz rayonu, Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:30 radələrində Xaçmaz rayonu, Qaraçı kəndi ərazisində olan torpaq sahəsində qardaşı oğlu X4 özlərinə məxsus qoyunları otarması ilə əlaqədar Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı idarə etdiyi Vaz-2106 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobilin sürət ötürücüsü ilə Zərərçəkmiş şəxs1 sağ qoluna və başına vuraraq ona sol təpə nahiyəsinin əzilmiş yarası və sağ saidin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki,o, Xaçmaz rayonu, Qaraçı kəndində yaşayır. Birinci qrup əlildir. xx xxxxxxxx 2019-cu il tarixdə evdə olduğu zaman qardaşı oğlu Vüqar onun mobil telefonuna zəng vurub demişdir ki, Novruzbəyin oğlu onun qarşısını kəsib qoyunları öz sahələrinə aparmağa qoymur. O, Vüqardan harada olduğunu soruşduqda demişdir ki, Qaraçı kəndinin yaxınlığında özlərinə məxsus olan pay torpaq sahəsinin yaxınlığındadır. Bundan sonra o, özünə məxsus Vaz-2106 markalı avtomobilə əyləşib Vüqarın dediyi yerə getmişdir. Vüqarın olduğu yerə, yəni yaşadıqları kənddən təxminən 1,5-2 km aralı məsafədə olan torpaq sahəsinə gələndə görmüşdür ki, Novruzbəyin oğlu Süleyman onların torpaq sahəsinə gedən yolda dayanıb, qardaşı oğlu Vüqar isə ondan bir qədər aralıda dayanaraq qoyunları otarır. O, avtomobillə yolun kənarında olan torpaq sahəsinə getmək istəyəndə Süleyman qarşısını kəsib demişdir ki, o, həmin torpaq sahəsinə gedə bilməz, onlar öz heyvanlarını otarmaq üçün həmin torpaq sahəsini icarəyə götürmüşlər. Ancaq Süleyman göstərdiyi torpaq sahəsini kimdən icarəyə götürmələri barədə ona heç bir söz deməmişdir. Süleyman qarşısında dayanıb ona yol vermədiyi üçün o, ona kənara çəkilməsini deyərək avtomobili hərəkətə gətirmiş, Süleymanda əvvəlcə ön kapotun üstünə çıxıb təpiklə vuraraq kapotu əzmiş, sonra isə yerə düşüb təpiklə vuraraq arxa sağ qapını əzmişdir. Həmin vaxt bir qədər aralıda olan qadında onlara yaxınlaşmış və o, avtomobilin qapısını açıb Süleymandan nəyə görə təpiklə vurub avtomobilini zədələdiyini soruşduqda sonuncu yaxasından tutub çəkərək onu avtomobilin salonundan çıxarmağa çalışmışdır. O, əlil olduğu üçün, yəni hər iki ayağı şikəst olduğundan Süleymana müqavimət göstərə bilməmiş və sonuncu onu çəkib salondan çıxaranda əli ilə avtomobilinin sürət ötürücüsündən tutub dayanmağa çalışmışdır. Ancaq sürət ötürücüsü yerindən çıxıb əlində qalmış və Süleyman çəkərək onu salondan çıxarıb yerə yıxmışdır. Sonra Süleymanın anası da oğluna kömək edərək onun əlindən tutub tərpənməyinə mane olmuşdur. Qardaşı oğlu Vüqar Süleymanın onu yerə yıxdığını görüb qaçaraq onlara yaxınlaşmış və Süleymanı tutub ondan ayırmaq istəyəndə Süleyman onu buraxıb Vüqarla yaxalaşmışdır. Süleyman Vüqarı yerə yıxaraq boynunu qolunun arasına salıb sıxmış, anası isə əlləri ilə Vüqarın üzünü cırmışdır. O, sürünərək onlara yaxınlaşmış və Vüqarı buraxması üçün əlində olan sürət ötürücüsü ilə iki dəfə Süleymanın əlinə vurmuşdur. X9 boynunu qolunun arasında sıxmaqda davam etdiyi üçün o, sürət ötürücüsü ilə bir dəfə Süleymanın baş nahiyəsinə vurmuşdur. Həmin vaxt onların yanına tanımadığı iki nəfər cavan oğlan gəlmiş və araya keçib Vüqarı Süleymanın əlindən aldıqdan sonra onu da yerdən qaldırıb avtomobilinə əyləşdirmişlər. Bundan sonra Süleymanla anası ordan çıxıb getmişlər, o, özüdə qayıdıb evə gəlmişdir. Süleymanla aralarında mübahisə yaşadığı kənddən təxminən 1,5-2 km uzaqlıqda olan torpaq sahəsində olmuşdur. Süleymanla mübahisə edərkən yanlarında başqa kənar şəxs olmamış, sonradan isə onların yanına tanımadığı iki nəfər cavan oğlan gəlmişlər. O, onların kim olduqlarını, yəni adlarını bilməmişdir. Süleymanın ifadəsində onun idarə etdiyi Vaz-2106 markalı avtomobili onların üstünə sürməsini və Vüqarın Süleymanın başına vurmasını göstərməsi yalandır. O, onların üstünə avtomobil sürməmiş və Vüqar Süleymanın başına vurmamışdır. Süleyman Vüqarın boynunu qolunun arasına salıb sıxmış, bu səbəbdən o, da avtomobilinin sürət ötürücüsü ilə Süleymanın sağ qoluna və başına vurmuşdur. Vüqar 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdır və halhazırda X5 Muxtar Respublikasında olan hərbi hissəsində hərbi xidmətdədir. O, birinci qrup əlildir. Ona görə də Süleyman və Gülcöhrə bilərəkdən Vüqara böhtan atırlar ki, o, məsuliyyətə cəlb olsun.Törətdiyi əməldən peşmandır, yüngül çəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Ustacəlli kəndində yaşayır. Valideyinləri təxminən 5-6 il olarkı Xaçmaz rayonu, Ustacəlli kəndi ilə Qaraçı kəndləri arasında yerləşən Xaçmaz rayonu, Qaraqurtlu kənd sakinlərinə məxsus 4 ha torpaq sahəsini icarəyə götürüb otlaq sahəsi kimi istifadə etmişlər və onlar öz heyvanlarını gətirib otlaması üçün həmin yerə bağlamışlar. Həmin yerin yaxınlığında olan 2 ha torpaq sahəsində isə tərəvəz əkmişlər. Hal-hazırda isə həmin torpaq sahəsini onlar istifadə etmirlər. Xaçmaz rayonu, Qaraçı kəndində yaşayan Təqsirləndirilən şəxs və onun qardaşı oğlu X6 təxminən beş il olarkı tanıyır. Əzizağa əlildir və yeriyə bilmir. Əzizağa və onun qardaşı oğlu Vüqarla aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx xxxxxxxx 2019cu il tarixdə təxminən saat 16:30 radələrində anası Gülcöhrə ilə birlikdə bibər yığmaq üçün öz tərəvəz sahələrinə gedərkən görmüşlər ki, tərəvəz sahəsindən təxminən 400-500 metr aralı məsafədə yerləşən 4 ha torpaq sahəsində Xaçmaz rayonu, Qaraçı kədində yaşayan Vüqar Ağayev özlərinə məxsus qoyun sürüsünü otarır. O, yaxınlaşıb Vüqara demişdir ki, qoyunları otardığı sahə onlarındır, qoyunları onların sahəsindən çıxarsın. Vüqar qoyunların onlara məxsus olmadığını bildirdikdə ondan qoyunların kimə məxsus olmasını soruşmuş, o, da ona əmisinə məxsus olduğunu, əmisi Əzizağa ilə danışacağını, əmisi qoyunları sahədən çıxarmasını deyəcəyi təqdirdə qoyunları onların sahəsindən çıxaracağını bildirmişdir. O, Vüqara fikir verməmiş və qoyunları qovub öz sahələrindən çıxarmağa çalışmışdır. Vüqar zəng vurub əmisi Əzizağanı çağırmış və təxminən 10-15 dəqiqə keçdikdən sonra Əzizağa idarə etdiyi Vaz-2106 markalı avtomobillə onların olduğu yerə gəlib avtomobili onun üstünə sürmüşdür. O, əlini avtomobilin ön kapotunun üstünə qoyaraq özünü yan tərəfə atmış və yaxınlaşıb avtomobilin ön sol qapısını açmışdır ki, Əzizağa ilə söhbət etsin. O, avtomobilin ön sol qapısını açanda Əzizağa avtomobilində olan dəyənəyə oxşar əşyanı əlinə götürüb ona qarşı söyüş ifadələri işlətmişdir. Anası yaxınlaşıb Əzizağadan nəyə görə avtomobili onun üstünə sürdüyünü soruşduqda Əzizağa anasına «sizin burada torpaqlarınız yoxdur, haradan gəlmisinizsə, ora da gedin, sizin torpaqlarınız oradadır» demiş və avtomobili arxaya hərəkət etdirib yenidən üstlərinə sürmüşdür. Onlar qaçmışlar və tərəvəz sahəsinə apardıqları kisələr avtomobilin təkərləri altında qalmışdır. Əzizağa avtomobili arxaya hərəkət etdirib bir daha üstlərinə sürmək istəyəndə avtomobilin ön təkəri su arxına düşüb dayanmışdır. Həmin vaxt Vüqar arxadan gəlib yumruqla onun başına vurmuş və o, Vüqarın ayaqlarından tutaraq qaldırıb onu yerə yıxmışdır. Bunu görən Əzizağa avtomobildən düşüb sürünərək onlara yaxınlaşmış və əlində olan dəyənəyə oxşar əşya ilə bir neçə dəfə onun sağ qoluna vurmuşdur. Həmin vaxt onların yanına təxminən 24-25 yaşlarında olan tanımadığı iki nəfər cavan oğlan gəlmişlər və araya keçib onları ayırmışlar. Bundan sonra Əzizağa əlində olan dəyənəyə oxşar əşyanı Vüqara verib onu vurmasını demiş, Vüqarda arxadan gəlib həmin əşya ilə onun başının sol tərəfinə vurmuşdur. O, başında ağrı hiss edib aşağı əyilmiş və yanlarında olan iki nəfər Vüqarı tutub kənara aparmışlar. Anası qolundan tutub onu yaşadıqları kənd istiqamətində aparmış və yolda atasına zəng vurub bu barədə məlumat vermişdir. Atası qarşılarına gəlmiş və onlar birlikdə evə getmişlər. Evdə atası zəng vurub hadisə barədə sahə rəisi Nəzər müəllimə məlumat vermiş və həmin gün axşam onlar Nəzər müəllimin çağırışı ilə Xaçmaz RPŞ-nə gəlmişlər. Xaçmaz RPŞ-də olarkən polis əməkdaşalrı başından xəsarət aldığını görmüşlər və ona xəstəxanaya getməsini məsləhət görmüşlər. O, polis şöbəsindən çıxıb Xaçmaz RMX-na getmiş, xəstəxanada ona tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Bir neçə gün keçdikdən sonra təhqiqatçı İlkin müəllim onu Xaçmaz RPŞ-nə dəvət etmiş və o, polis şöbəsinə gəlib ərizə və izahat yazdıqdan sonra gedib məhkəmə-tibbi ekspertizasından keçmişdir. Sonradan eşitmişdir ki, təhqiqatçı İlkin müəllim cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də anası Xaçmaz rayon prokurorluğuna gedib yenidən şikayət ərizəsi yazmışdır. Əzizağa və Vüqarla aralarında mübahisə yaşadıqları kənddən təxminən bir km uzaqlıqda olan torpaq sahəsində olmuşdur. Əzizağa və Vüqarla mübahisə edərkən yanlarında başqa kənar şəxs olmamış, sonradan isə onların yanına tanımadığı iki nəfər cavan oğlan gəlmişlər. Ona elə gəlir ki, həmin oğlanlar Qaraçı kənd sakinləri olmuşlar. Ancaq o, onların kim olduqlarını, yəni adlarını bilməmişdir. Mübahisə zamanı o, Əzizağanı və Vüqarı vurmamışdır. O, ancaq Vüqarın ayaqlarından tutub qaldıraraq yerə yıxmışdır. Qolunda olan xəsarəti Əzizağa, başında olan xəsarəti isə Vüqar yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mustafayeva Gülcöhrə Əlipaşayevna ifadə verərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ustacəlli kəndində yaşayır. Onlar təxminən 5-6 il olar ki, Xaçmaz rayonu, Ustacəlli kəndi ilə Qaraçı kəndləri arasında yerləşən Xaçmaz rayonu, Qaraqurtlu kənd sakinlərinə məxsus 4 ha torpaq sahəsini icarəyə götürüb otlaq sahəsi kimi istifadə etmişlər və öz heyvanlarını gətirib otlaması üçün həmin yerə bağlamışlar. Həmin yerin yaxınlığında olan 2 ha torpaq sahəsində isə tərəvəz əkmişlər. Hal-hazırda isə həmin torpaq sahələrini onlar istifadə etmirlər. Xaçmaz rayonu, Qaraçı kəndində yaşayan Təqsirləndirilən şəxs və onun qardaşı oğlu X6 əvvəllər tanımamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16:30 radələrində oğlu Süleymanla birlikdə bibər yığmaq üçün öz tərəvəz sahələrinə gedərkən görmüşlər ki, tərəvəz sahəsindən təxminən 400-500 metr aralı məsafədə yerləşən icarəyə götürdükləri 4 ha torpaq sahəsində bir cavan oğlan, yəni sonradan tanıdığı Xaçmaz rayonu, Qaraçı kədində yaşayan Vüqar Ağayev özlərinə məxsus qoyun sürüsünü otarır. Süleyman yaxınlaşıb Vüqara demişdir ki, qoyunları otardığı sahə onlarındır, qoyunları onların sahəsindən çıxarsın. Vüqar qoyunların onlara məxsus olmadığını bildirdikdə Süleyman ondan qoyunların kimə məxsus olmasını soruşmuş, o, da Süleymana qoyunların əmisinə məxsus olduğunu, əmisi Əzizağa ilə danışacağını, əmisi qoyunları sahədən çıxarmasını deyəcəyi təqdirdə qoyunları onların sahəsindən çıxaracağını bildirmişdir. Onlar Vüqara fikir verməmişlər və qoyunları qovub öz sahələrindən çıxarmağa çalışmışlar. Vüqar zəng vurub əmisi Əzizağanı çağırmış və təxminən 10-15 dəqiqə keçdikdən sonra Əzizağa idarə etdiyi Vaz-2106 markalı avtomobillə olduqları yerə gəlib avtomobili Süleymanın üstünə sürmüşdür. Süleyman əlini avtomobilin ön kapotunun üstünə qoyaraq özünü yan tərəfə atmış və yaxınlaşıb avtomobilin ön sol qapısını açmışdır ki, Əzizağa ilə söhbət etsin. Süleyman avtomobilin ön sol qapısını açanda Əzizağa avtomobilində olan dəyənəyə oxşar əşyanı əlinə götürüb Süleymana qarşı söyüş ifadələri işlətmişdir. O, yaxınlaşıb Əzizağadan nəyə görə avtomobili Süleymanın üstünə sürdüyünü soruşduqda Əzizağa ona «sizin burada torpaqlarınız yoxdur, haradan gəlmisinizsə, ora da gedin, sizin torpaqlarınız oradadır» demiş və avtomobili arxaya hərəkət etdirib yenidən üstlərinə sürmüşdür. Onlar qaçmışlar və tərəvəz sahəsinə apardıqları kisələr avtomobilin təkərləri altında qalmışdır. Əzizağa avtomobili arxaya hərəkət etdirib bir daha üstlərinə sürmək istəyəndə avtomobilin ön təkəri su arxına düşüb dayanmışdır. Həmin vaxt Vüqar arxadan gəlib yumruqla Süleymanın başına vurmuş, Süleymanda Vüqarın ayaqlarından turaraq qaldırıb onu yerə yıxmışdır. Bunu görən Əzizağa avtomobildən düşüb sürünərək Süleymana yaxınlaşmış və əlində olan dəyənəyə oxşar əşya ilə bir neçə dəfə Süleymanın sağ qoluna vurmuşdur. O, dəyənəyə oxşar əşyanı Əzizağanın əlindən almağa çalışsada bu mümkün olmamış və özünü oğlu Süleymanın üstünə atmışdır. Əzizağa da əlində olan dəyənəyə oxşar əşya ilə dəfələrlə onun kürək nahiyəsinə zərbələr vurmuşdur. Həmin vaxt onların yanına təxminən 24-25 yaşlarında olan tanımadığı iki nəfər cavan oğlan gəlmişlər və araya keçib onları ayırmışlar. Bundan sonra Əzizağa əlində olan dəyənəyə oxşar əşyanı Vüqara verib Süleymanı vurmasını demiş, Vüqarda arxadan gəlib həmin əşya ilə Süleymanın başına vurmuşdur. Süleymanın başından qan axmış və yanlarında olan iki nəfər Vüqarı tutub kənara aparmışlar. O, Süleymanın qolundan tutub onu yaşadıqları kənd istiqamətində aparmış və yolda əri Novruzbəyin mobil telefonuna zəng vurub bu barədə məlumat vermişdir. Novruzbəy qarşılarına gəlmiş və onlar birlikdə evə getmişlər. Evdə Novruzbəy zəng vurub hadisə barədə sahə rəisi Nəzər müəllimə məlumat vermiş və həmin gün axşam Nəzər müəllimin çağırışı ilə oğlu Süleymanla atası Novruzbəy Xaçmaz RPŞ-nə gəlmişlər. Xaçmaz RPŞ-də olarkən polis əməkdaşalrı oğlu Süleymanın başından xəsarət aldığını görmüşlər və ona xəstəxanaya getməsini məsləhət görmüşlər. Süleymanda polis şöbəsindən çıxıb Xaçmaz RMX-na getmişdir. Xəstəxanada Süleymana tibbi yardım göstərildikdən sonra o, xəstəxanadan çıxıb evə gəlmişdir. Bir neçə gün keçdikdən sonra təhqiqatçı İlkin müəllim onu və Süleymanı Xaçmaz RPŞ-nə dəvət etmiş və onlar polis şöbəsinə gəlib ərizə və izahat yazdıqdan sonra gedib məhkəmə-tibbi ekspertizasından keçmişlər. Sonradan eşitmişdir ki, təhqiqatçı İlkin müəllim cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Hadisədən sonra oğlu Süleyman Türkiyə Respublikasına getdiyi və həmin ərəfədə Türkiyə Respublikasında olduğu üçün o, özü Xaçmaz rayon prokurorluğuna gedib yenidən şikayət ərizəsi yazmışdır. Əzizağa və Vüqarla aralarında mübahisə yaşadıqları kənddən təxminən bir km uzaqlıqda olan torpaq sahəsində olmuşdur. Əzizağa və Vüqarla mübahisə edərkən yanlarında başqa kənar şəxs olmamış, sonradan isə onların yanına tanımadığı iki nəfər cavan oğlan gəlmişlər. Ona elə gəlir ki, həmin oğlanlar Qaraçı kənd sakinləri olmuşlar, ancaq o, onların kim olduqlarını, yəni adlarını bilməmişdir. Mübahisə zamanı o, Əzizağanı və Vüqarı vurmamışdır. Qolunda olan xəsarəti isə Əzizağa yetirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 702 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol təpə nahiyəsinin əzilmiş yarası və sağ saidin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2020ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol təpə nahiyəsinin əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarət sağ said nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:30 radələrində Xaçmaz rayonu, Qaraçı kəndi ərazisində olan torpaq sahəsində qardaşı oğlu X4 özlərinə məxsus qoyunları otarması ilə əlaqədar Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı idarə etdiyi Vaz-2106 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobilin sürət ötürücüsü ilə Zərərçəkmiş şəxs1 sağ qoluna və başına vuraraq ona sol təpə nahiyəsinin əzilmiş yarası və sağ saidin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu əməli ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1.; 59.1.4. və 59.2ci maddələrinə əsaslanaraq, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, fiziki qüsurunu, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkəmə istintaqından yayınmasını, zərərçəkmişlə barışıq əldə etməməsini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsindəhökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-81/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-81/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver