Məhkəmə qərarları › İş №1(067)-81/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-81/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-81/2021 19.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsi ev 1də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqını zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu faktı 07 fevral 2021-ci il tarixdə saat 18:20 radələrində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibində bir ədəd sellofan torbada olmaqla 40 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsi, ev 1-də yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. O, Xaçmaz rayon məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 yanvar 2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən buraxılmış və həmin gün Xaçmaz şəhərinə gəlib anasıyla bir evdə yaşamağa başlamışdır. Cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra ev təmiri ilə məşğul olmuş və arada bir narkotik vasitə olan heroindən və qurudulmuş marixuanadan istifadə edir. Bundan başqa o, 04 noyabr 2020-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Qarabağın azad olunması ilə bağlı gedən döyüşlərdə iştirak etmişdir. 07 fevral 2021-ci il tarixdə təxminən saat 18 radələrində Xaçmaz şəhəri, Sabir küçəsi ilə gedərkən dəmiryolunun yaxınlığında bir ədəd sellofan büküm olduğunu görmüşdür. Yerdə olan sellofan bükümü əlinə götürüb açıq baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və atmayıb əynində olan gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün təxminən 18:20 radələrində Xaçmaz şəhəri, Şirvanşahlar küçəsi ilə gedərkən ona mülki geyimdə olan şəxslər yaxınlaşmışlar və xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etdikdən sonra onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişlə üstünə şəxsi axatrış keçiriləcək. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Polis əməkdaşlarının təklifindən sonra, o, üstündəki olan narkotik vasitəni təqdim etməzsə üzərinə axatarış keçiriləcəyini və üstündən narkotik vasitə aşkar ediləcəyini bildiyi üçün o, özü məcbur olaraq əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi sellofan bükümü onun və müdafiəçisinin iştirakı ilə açıb içində olan qurudulmuş marixuananı görmüşləü və o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, həmin narkotik vasitə onundur, gələcəkdə istifadə etməsi üçün üstündə saxlamışdır. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibində saxladığı butulka qapağı açan aşkar olunmuşdur. Polis əməkdaşları üstündə aşkar olunmuş qurudulmuş marixuananı bir ədəd ağ rəngli kağız paketin içərisinə qoyub qablaşdıraraq protokol tərtib etmişlər. O da üstündə aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı paketin üstünə və bununla bağlı tərtib edilmiş protokola imza etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qurupunun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 göstərdi ki, 07 fevral 2021-ci il tarixdə “Emin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə əməliyyat yolu ilə müəyyən edilmiş və onun Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsi ev 1-də qeydiyyatda olamaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra Xaçmaz rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə həmin gün, yəni 07.02.2021-ci il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Şirvanşahlar küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, tez-tez ətrafa boylanmışdır. Təxminən 3-5 dəqiqə sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlamışlar, özlərini təqdim edib narkotik vasitələri qanunusuz olaraq əldə edib daşımaqda şübhəli olduğunu bildirmişlər və onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gəlmişdir. Daha sonra müdafiəçinin və onların iştirakıyla Xaçmaz rayon polis şöbəsinin istinaq bölməsinin polis baş leytenantı Nemət Xasayev tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axatrış keçirilmişdir. Şəxsi axatarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ cibindən bir ədəd sellofan torba çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə marixuana olmasını bildirdi. X6 həmin torbanı açıb baxan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş, bu barədə protokolu tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X6 həmin qablaşmanı ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər-hansı başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. Baxış prosesi əvvəldən sonadək videokamera ilə lentə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qurupunun əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2021-ci il tarixli, 7/170 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid2 imza, Rəşid Novruzəliyev imza, Təqsirləndirilən şəxs imza, Nemət Xasayev imza” yazı və imzalar olan zərfdə təmiz çəkisi 40,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan əşyanın maddi sübut kimi tanınması barədə 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 40,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,95 qram qurudulmuş marixuana saxlanması üçün Xaçmaz RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 07.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, göy rəngli cins şalvar, ağ rəngli köynək olmuşdur. Şəxsi axtarış rayon Polis Şöbəsinin inzibati binasında keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da əynində olan gödəkçənin sağ cibindən bir ədəd sellofan torba çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torbanın içərisinə baxan zaman torbada qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı X7 üzərindən qanusuz başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə isə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Məhkəmə narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli 1130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərin tərkibində saxlayan maddələrdən, Çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı İdarəsi trəfindən verilmiş 06.03.2021-ci il tarixli, 16 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin 11 fevral 2021-ci il tarixli, 389 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, 06.11.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və 31.12.2020-ci il tarixdə Ordu sıralarından tərxis edilmişdir. İş materiallarında olan SX seriyalı ******* nömrəli hərbi biletin yeddinci səhifəsindən görünür ki, Təqsirləndirilən şəxs 06.11.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək manqa komandiri vəzifəsində Vətən Müharibəsində iştirak etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu faktı 07 feval 2021-ci il tarixdə saat 18:20 radələrində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibində bir ədəd sellofan torbada olmaqla 40 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. İş materiallarından göründüyü kimi, Şixiyev X5 Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilmiş və 26.01.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, yeni cinayəti isə 07 fevral 2021ci il tarixdə, yəni 02 il 12 gün keçdikdə, məhkumluğu ödənildikdən sonra törətmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi istisna edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 07 fevral 2021-ci il tarixli qərardan və həmin tarixli şübhəli şəxsi tutma haqqında protokoldan, müstəntiqin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 09 fevral 2021-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-c il il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon X4 Saxlama Yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsin 07 fevral 2021-ci il tarixdən 09 fevral 2021-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır və barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra ümumi qalıq çəkisi 39,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 88 manat 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdən 09 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra ümumi qalıq çəkisi 39,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar