Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-81/2024 16.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2023-Cü il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Çinartala kəndi, Nizami küçəsində Xaçmaz-Xudat avtomobil yolunun sağ tərəfində yerləşən “Fındıq emalı müəssisəsindən” şərq istiqamətində 200 metr məsafədə olan X2 məxsus nömrəsiz fərdi yaşayış evinə gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə pəncərəni sındırmaqla yaşayış sahəsi sayılan evə qanunsuz daxil olmaqla evin yataq otağında yatağın altındakı 5 ədəd şüşə balonlarda olan ümumilikdə 2.000 (iki min) manat məbləğində pul vəsaitini qanunsuz götürüb aparmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Xaçmaz rayonu, Çinartala kəndində gəzərək dini şəkillər satırmış. Kəndin küçələrində gəzən zaman tanımadığı şəxsə məxsus evin qapısında asma kilid görmüş və evdə heç kimin olmadığım yəqin edib evə daxil olmağı qərarlaşdırmışdır. Daha sonra ətrafda heç kimin olmamasına əmin olduqdan sonra evin hasarını aşıb həyətyanı sahəyə daxil olmuşdur. Qeyd edir ki, həyətə daxil olduqda ilk fikri o imiş ki, evin həyətində dəmir-dümür olsa onları oğurlasın. Həyətə daxil olduqdan sonra evin pəncərələrindən'birinin şüşəsinin sınıq olduğunu görmüş, buna görə də evə girmək fikrinə düşmüşdür. Fikirləşmişdir ki, evdə samovar və yaxud hər hansısa bir dəyərli əşya olsa onları oğurlasın, Elə şüşəsi qırıq olan pəncərənin sınıq şüşələrini çıxardaraq çərçivədən otağa daxil olmuş, təzəcə otağa daxil olmuşdur ki, həmin otaqdakı yatağın altında içərisində qəpik və kağız pullar olan 3 ədəd şəffaf balon görmüşdür. Balonların hər üçünündə ağzı dəmir qapaqlarla bağlanmışdır. İlk əvvəl batanların qapaqlarını açmağa çalışmış, ancaq birinin qapağını aça bilməmişdir. Digər ikisinin isə qapaqlarını aça bilmişdir. Buna görə də qapağını aça bilmədiyi balonu yerə vuraraq sındırmış və balondakı pulları ciblərinə yığmışdır. Digər iki balonu isə özü ilə götürmüş, daha sonra da evdən gəldiyi qayda da çıxmışdır. Evin həyətinə düşdükdə evin həyətində qara rəngli yaylıq tapmış və cibindəki və balonlardakı pulları yaylığı içərisinə yığmışdır. Ardıncada yaylığıda götürərək hasarı aşmaqla çölə çıxmış və oradan uzaqlaşmağa başlamışdır. Təzəcə evdən uzaqlaşmaq istəyirmiş ki qarşısına dəmir tordan ibarət hasar çıxmışdır. Həyəcanlı olduğuna görə çoxda özündə olmamış, buna görə də fikirləşmədən dəmir toru aşaraq boş sahəyə daxil olmuşdur. Sonradan bilmişdir ki, həmin ərazi xüsusi mühafizə olunan su anbarının həyətidir. Elə təzəcə sahəyə daxil olmuşdur ki, polis əməkdaşları ona yaxınlaşmış və ona xüsusi mühafizə olunan yerə daxil olduğunu bildirmişlər. Bu zaman o, həyəcanlandığına görə özünü şübhəli aparmış, bundan əlavə evdən oğurladığı qəpik pulların səsi də polis əməkdaşlarını şübhələndirmişdir. Daha sonra da polis əməkdaşları onun vəziyyətindən şübhələnərək onu Xaçmaz RPŞ-nə gətirmişlər. RPŞ-nə gəldikdən sonra da o, üzərindəki pulları polis əməkdaşlarına təqdim etmiş, həmin pullar sayılan zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən ümumilikdə 549 manat 20 qəpik oğurlamışdır. Bununla yanaşı törətdiyi cinayət əməlini də polis əməkdaşlarına könüllü şəkildə söyləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs dedikləri ilə razı olmadığını, onun evindən 2.000 manat yox 549 manat 20 qəpik oğurlamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Xaçmaz rayonu, Çinartala kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. 2018-ci ildə həyat yoldaşı Almaz Hacıyev vəfat etmişdir və onunla nikahından 1 övladı vardır. Özü sahələrdə göyərti yığaraq onların satışı ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə də səhər saat 08 radələrində bir gün əvvəl boş sahələrdən yığdığı göyərtini götürərək satmaq məqsədilə Qusar rayonuna getmiş, həmin günü saat 13 radələrində bacısı oğlu Şahid1 istifadə etdiyi mobil nömrəsinə zəng edərək hal-hazırda mülki icraat qaydasında Xaçmaz rayon məhkəməsində torpaq məsələsi ilə əlaqədar məhkəmə icraçılarının gəldiyini və torpağa baxış keçirtmək istədiklərini söylədiyinə görə o da məcbur olub avtobusa minərək yaşadığı evə gəlmişdir. Yaşadığı evə gəldiyi zaman evin qarşısında polis əməkdaşlarının olduğunu görmüş, evə çatan zaman ona məlum olmuşdur ki, Evindən oğurluq olub və bacısı oğlu Hümmət onu qorxutmamaqdan ötrü telefonda evindən oğurluq olduğunu söyləməyib, yalandan demişdir ki, evinə icra məmurları gəlmişdir. Ona evindən oğurluq olduğu deyildikdən sonra o da evinə baxış keçirtmiş, baxış keçirən zaman ona məlum olmuşdur ki, evimdən oğurluq edən şəxs yataq otağının pəncərəsini sındırmaqla evə daxil olmuş, bundan əlavə baxış zamanı məlum olmuşdur ki? yataq otağında yatağın altında yığdığı içərisində pul olan 5 ədəd balon yoxdur. Qeyd edir ki, həmin balonlardan birinin tutumu 2 litr, digər 4-nün tutumu isə 1 litrdir. Tutumu 2 litr olan balonun içərisində qəpik və manatlarla birlikdə 880 manat, digər 4 balonun içərisində isə hər birində qəpik və manatlar olmaqla 280 manat olmuşdur. Balonların içərisində isə ümumilikdə 2000 manat pul olmuşdur. O da ardınca bu barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin vaxtıda ona məlumat verdilər ki, evindən oğurluq edən şəxs Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxsdur. Bundan əlavə Təqsirləndirilən şəxs onun evindən çıxan zaman həyətində tapdığı və evindən oğurladığı pulları içərisinə yığdığı qara yaylığın ona məxsus olmadığını da bildirmişdir. Zərərçəkmiş şəxs çıxış nitqində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyindən, sonuncudan şikayətin olmamasını bildirmiş və həbs olunmamağını xahiş etmişdir. Bununla bağlı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Xaçmaz rayonu, Hacıəbdürəhimoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və həyat əhəmiyyətli obyektlərin Mühafizəsi üzrə Polis Alayının 3-cü bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində çalışır. 25 noyabr 2023-cü il tarixdə 11 saylı post deyə adlandırdıqları Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən su anbarında xidmətdə imiş. Saat 13 radələrində anbarın Xaçmaz rayonu, Çinartala kəndi ərazisində xidmət aparan zaman naməlum bir nəfər şəxsin dəmir torları aşaraq anbarın ərazisinə daxil olduğunu aşkar etmiş, buna görə də dərhal həmin şəxsə yaxınlaşaraq burada nə etdiyini soruşmuşdur. Həmin şəxsə yaxınlaşan zaman sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs onu gördükdən sonra özünü şübhəli aparmağa başlamışdır. Bu zaman həmin şəxsin əlində qara rəngli qadın yaylığı da varmış. Həmin yaylığın içərisindən isə qəpik səsləri gəlirmiş. Həmin şəxs özünü şübhəli apardığına görə dərhal manqa komandiri olan polis serjantı Şahid3 məlumat vermiş, Şahid3 də dərhal həmin yerə gəlmişdir. Ardınca isə həmin şəxsi RPŞ-nə aparmış, RPŞ-də olan zaman isə onlara məlum olmuşdur ki, həmin şəxs Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxsdur və həmin şəxsin əlindəki yaylıqda olan pulları o, oğurlamış və hadisə yerindən qaçmaq istəyən zaman da səhvən anbarın həyətinə daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Çinartala kəndində ailəmlə birlikdə yaşayıram. Ailəliyəm və 1 övladım var. Özüm 2 ilə yaxındır ki, Xaçmaz rayonu, Çinartala kəndində icarə əsasında çayxana işlədirəm. X3 mənim xalamdır. Zərərçəkmiş şəxs mənimlə eyni bir kənddə yaşayır. Qeyd edirəm ki, mənim evimlə xalamın evi arasındakı məsəfə təxminən 700 metrdir. 25 noyabr 2023-cü il tarixdə xalamın evinin yaxınlığından keçən zaman evin qarşısında polis əməkdaşlarının olduğunu gördüm. Buna görə də polis əməkdaşlarına yaxınlaşaraq özümü təqdim etdim və nə baş verdiyini soruşdum. Orada polis əməkdaşları mənə məlumat verdilər ki, xalam Gözəlin evindən oğurluq hadisəsi baş vermişdir. Buna görə də məndə xalamla telefon əlaqəsi saxladım. Ancaq xalam həyəcanlanmasın deyə ona məhkəmədən icra məmurlarının gəldiyini, buna görə də evə gəlməli olduğunu söylədim. Zəngimdən bir müddət sonrada xalam evinə gəldi. Gözəl xanımda evə gəldikdən sonra evə baxış keçirtdi. Baxış keçirən zamanda məlum oldu ki, xalamın yataq otağındakı yatağın altında bankalara yığdığı 2.000 manat pul oğurlanmışdır. Sonradan polis əməkdaşları bizə məlumat verdilər ki, evdən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş 13 yanvar 2024-cü il tarixli Xaçmaz rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdanda görünür ki, Təqsirləndirilən şəxs həkim - psixiatrın və həkim - narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Xaçmaz RİH Başçısının Xudat Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır İş materiallarında olan cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə AR-nın CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 10 yanvar 2024-cü il tarixli 37 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə AR-nın CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və şübhəli şəxs qismində saxlandığı günədək, yəni xx.xx.2023cü il tarixə cəzasının 02 ay 14 gün hissəsini çəkmiş,02 il 09 ay 12 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zaiyanı tam olaraq ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı həç bir iddiası və şikayəti olmayacağına dair notarial qaydada ərizə verilmişdir. Təqsirləndirilən şəxs X2 məxsus fərdi yaşayış evindən oğurladığı və üzərindən aşkar olunaraq götürülən 549 manat 20 qəpik pul vəsaiti cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut hesab olunmuş və məsul saxlanc üçün zərərçəkmiş şəxs X2 təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan və Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(067)-151/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Çinartala kəndi, Nizami küçəsində Xaçmaz-Xudat avtomobil yolunun sağ tərəfində yerləşən “Fındıq emalı müəssisəsindən” şərq istiqamətində 200 metr məsafədə olan X2 məxsus nömrəsiz fərdi yaşayış evinə gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə pəncərəni sındırmaqla yaşayış sahəsi sayılan evə qanunsuz daxil olmaqla evin yataq otağında yatağın altındakı 5 ədəd şüşə balonlarda olan ümumilikdə 2.000 (iki min) manat məbləğində pul vəsaitini qanunsuz götürüb aparmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Lakin, iş materiallarında olan AR DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 1(067)-136/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 10 yanvar 2024-cü il tarixli 37 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yeni cinayət törədərkən əvvəlki hökmə təyin edilmiş cəzasını tam şəkildə icra etməmiş və polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən üzərində 02 il 09 ay 14 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Repsublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 1(067)- 136/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu günə qədər çəkilməmiş qalan 02 il 09 ay 14 gün hissəsi hazırki cinayət işi üzrə hökmlə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunan Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını qeyd edir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2 təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxalndığı 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs X2 məxsus fərdi yaşayış evindən oğurladığı və üzərindən aşkar olunaraq götürülən 549 manat 20 qəpik pul vəsaiti cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərarımla maddi sübut hesab olunmuş və məsul saxlanc üçün zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Xaçmaz rayon məhkəməsinin 1(067)-136/2023 saylı 08 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması qəti cəzasının hazırki iş üzrə həbsə alındığı günə, yəni xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan 02 il 09 ay 12 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 01 il 4 ay 21 gün müddəti, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs X2 məxsus fərdi yaşayış evindən oğurladığı və üzərindən aşkar olunaraq götürülən 549 manat 20 qəpik pul vəsaiti cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərarımla maddi sübut hesab olunmuş və məsul saxlanc üçün zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-81/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-81/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver