Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-84/2022 18.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 16 avqust 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt 07 mart 2022-ci il tarixdə o, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibində saxladığı «Winston» markalı siqaret qutusunun içərisində 10,522 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. 07 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Xaçmaz şəhəri, S.Vurğun küçəsi ilə gedərkən dəmir yol xəttinə yaxın yerdə bir ədəd «Winston» markalı siqaret qutusu tapmış, siqaret qutusunu götürüb açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuna olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmayaraq əynində olan gödəkçəsinin sol qoltuq cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra o, piyada Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsinə gəlmiş, saat 17:30 radələrində həmin küçədə olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz rayon Pois Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, şalvarının sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, bir ədəd 5 manatlıq əskinası, bir ədəd alışqanı, gödəkçəsinin sol qoltuq cibindən isə «Winston» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq əvvəlcə «Rothmans» markalı siqaret qutusunu açmış və həmin siqaret qutusunun içərisində siqaret dənələrinin olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq onun və müdafiəçinin iştirakı ilə «Winston» markalı siqaret qutusunu açdıqda içərisində bitki kütləsi olduğu müəyyən edilmişdir. Müstəntiq ondan nə olduğunu, haradan aldığını soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edərək siqaret qutusunda olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olmaqla, özünə məxsus olduğunu, yaşadığı Xaçmaz şəhəri, S.Vurğun küçəsində dəmir yol xəttinin yaxınlığında yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra siqaret qutusunun içərisindəki qurudulmuş marixuana götürülüb bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üstündə aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmiş, «Rothmans» markalı siqaret qutusu, siqaret dənələri, 5 manatlıq əskinası və alışqanı isə götürülməyərək özünə qaytarılmışdır. Əməlindən peşmandır, ona güzəşt edilib barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X2 mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 07 mart 2022ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün saat 17:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində olduğunu müəyyənləşdirərək yaxınlaşıb özlərini təqdim etmiş və onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində X3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilməzdən əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, bir ədəd 5 manatlıq əskinası, bir ədəd alışqanı, gödəkçəsinin sol qoltuq cibindən isə «Winston» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. X3 əvvəlcə «Rothmans» markalı siqaret qutusunu açmış və həmin siqaret qutusunun içərisində siqaret dənələrinin olması müəyyən edilmişdir. Bundan sonra X3 «Winston» markalı siqaret qutusunu Təqsirləndirilən şəxs və vəkil Nadir Lalayevin iştirakı ilə açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğunu görmüşlər. Təqsirləndirilən şəxs siqaret qutusunda olan bitki kütləsinin nə olduğu soruşulduqda o, «Winston» markalı siqaret qutusunda olan bitki kütləsinin qurudulmuş marixuana olmaqla özünə məxsus olduğunu, yaşadığı Xaçmaz şəhəri, S.Vurğun küçəsində dəmir yol xəttinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş bitki kütləsi bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, bir ədəd «Rothmans» markalı siqaret qutusu, bir ədəd 5 manatlıq əskinas, bir ədəd alışqan isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X2 mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materillarında olan şəxsi axtarış keçirilməsi haqqında 07 mart 2022-ci il tarixli protokoldan görünür ki, 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, bir ədəd 5 manatlıq əskinası, bir ədəd alışqanı, gödəkçəsinin sol qoltuq cibindən isə «Winston» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim olunmuş «Rothmans» markalı siqaret qutusu açıldıqda qutunun içərisində siqaret dənələrinin olması, «Winston» markalı siqaret qutusu açıldıqda isə içətisində ıçərisində spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs «Winston» markalı siqaret qutusunda olan bitki kütləsinin qurudulmuş marixuana olmaqla özünə məxsus olduğunu, yaşadığı Xaçmaz şəhəri, S.Vurğun küçəsində dəmir yol xəttinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra açkar olunmuş marixuana bir ədəd zərfdə müvafiq qaydada qablaşdırılaraq müstəntiq tərəfindən ekspertizya təqdim edilməsindən ötrü götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 08 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd diskə müstəntiq tərəfindən təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə 08 mart 2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış keçirilməsi haqqında 07 mart 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2022-ci il tarixli 7/226 nömrəli ekspert rəyndən görünür ki. tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...» sözləri yazılmış kağız paketdə bir ədəd üzərində «Winston» sözləri olan siqaret qutusunda təmiz çəkisi 10,522 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 10,472 qram təşkil edir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 08 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10,522 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 10,472 qram hissəsi və bir ədəd içərisində baxış keçirilməsinə dair videogörüntülər olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli, 5(067)-46/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 27 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli 1753 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və metafetamindən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt 07 mart 2022-ci il tarixdə o, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibində saxladığı «Winston» markalı siqaret qutusunun içərisində 10,522 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 07 mart 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 09 mart 2022-ci il tarixli qərarından və həmin tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon X5 Saxlama Yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,472 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 89 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 10,472 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-84/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-84/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver