Məhkəmə qərarları › İş №1(067)-85/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-85/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-85/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Quba rayonunun Gənclər qəsəbəsində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 06 may 2021-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Qobuqıraq kəndi ərazisində yerləşən “Səməd” marketin yaxınlığında, idarə etdiyi **-BR-*** dövlət nömrə nişanlı avtomobildə ailə münaqişəsi zəmnində aralarında yaranmış narazılıq zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya sol göz nahiyəsinin qançırı və sol göz almasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Quba rayonunun Gənclər qəsəbəsində yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs keçmiş arvadıdır. Onlar 2015-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikah dövründə iki övladları anadan olmuşdur. Ülkər mütəmadi olaraq anasının evinə getmək istədiyindən və o da Ülkərə tez-tez getməyə icazə vermədiyindən onların arasında mübahisələr yaranmışdır. Münasibətləri alınmadığından onlar 2019-cu ildə rəsmi olaraq boşanmışlar, Ülkər iki övladı ilə birlikdə Xaçmaz rayonunun Qobuqırağı kəndində anasının yanında yaşamağa başlamışdır. Bir il bundan əvvəl, yəni 2020-ci ildə Ülkərlə o barışmış və birlikdə Quba rayonunun Gənclər kəndində, onun evində yaşamağa başlamışlar. 06 may 2021-ci il tarixdə, saat 17 radələrində o, Ülkər, iki övladı və öz anası Zamirə ilə birlikdə Xaçmaz şəhərinə uşağını xəstəxanaya gətirmişlər. Xəstəxanadan çıxdıqdan sonra o, anası Zamirəni bacısıgilin evində düşürüb uşaqları və Ülkər ilə birlikdə sonuncunun anasıgilə getmişlər. Orada təxminən iki saat dayandıqdan sonra o ilk öncə anasını götürmüş, daha sonra uşaqları və Ülkəri sonuncunun anasıgildən götürərək Xaçmaz rayonunun Qobuqıraq kəndində “Səməd” marketə sürüb avtomobili marketin qarşısında saxlamışdır. Həmin vaxt saat 21 radələri olmuş və idarə etdiyi “VAZ 2107” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobildən oğlu Yusif ilə düşərək marketə daxil olmuşdur. Marketdən ərzaq aldıqdan sonra qarşıdan oğlunun doğum günü gəldiyindən oğlu tort istəmiş, o da onun üçün balaca tort almış və avtomobilə qayıtmışdır. Aldığı ərzağı və tortu avtomobilinə qoyub sükan arxasına keçərək avtomobili işə salıb yoluna davam etdikdə Ülkər ondan soruşmuşdur ki, Niyə görə tort almışdır, çünki o, Ülkərin anasıgildə olanda oğlunun doğum gününü qeyd etməyəcəyini demişdir. Həmin vaxt Ülkər avtomobilin içərisində aldığı tortu və əşyaları dağıtmağa başladığından uşaqlar qorxaraq ağlamışlar. Anası da avtomobilin qabaq oturacağında əyləşmişdir. Anası və o, Ülkərə sakit olmasını bildirdikdə sonuncu nalayiq ifadələr işlədərək onu anasıgilə aparıb düşürməsini istəmişdir. Bu zaman o, əsəblərini cilovlaya bilməyib əlinin arxa tərəfi ilə Ülkərin üz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Ülkər avtomobildə arxada oturduğundan onun zərbəsi sol göz nahiyəsinə dəymişdir. Bundan sonra onlar birlikdə yaşadıqları Quba rayonunun Gənclər qəsəbəsinə gəlmişlər. Növbəti gün, yəni 07 may 2021-ci il tarixdə, saat 17 radələrində Ülkərin bacısı Arzu və qardaşı Ruslan onlara gələrək Ülkəri uşaqlarla birlikdə onun evindən götürüb aparmışlar. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin kənddə anası və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əridir. O, Asiflə 2015-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları var. Asif onunla tez-tez mübahisələr etdiyindən və yola getmədiyindən o, 2019-cu ildə Asifdən rəsmi olaraq boşanmışdır. 2020-ci ildə o, Asiflə barışmış və uşaqları ilə birlikdə yenidən Quba rayonunun Gənclər qəsəbəsinə Asifin evinə getmiş və orada yaşamağa başlamışdır. 06 may 2021-ci il tarixdə, saat 17 radələrində o, Asif, iki övladı və qayınanası Zamirə ilə birlikdə Asifin idarə etdiyi **-BR-*** dövlət nömrə nişanlı avtomobili ilə Xaçmaz RMX-na gəlmişlər ki, uşağını həkimə göstərsin. Xəstəxanadan çıxdıqdan sonra qayınanası öz qohumlarıgilə getmiş, onlar isə onun anasıgilə getmişlər. Saat 21 radələrində Asif anasıgilə onların arxasınca gəlmişdir ki, onu və uşaqları anasıgilədən götürüb yaşadıqları evə aparsın. Asif ilk olaraq qayınanasını qohumlarıgildən götürüb sonra onların arxasınca gəlmişdir. O, anasıgildən çıxanda qayınanası Zamirə Asifin avtomobilində olmuşdur. Onlar da avtomobilə minmiş və yola çıxmışlar. Asif avtomobilini Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən “Səməd” marketin yanında saxlamış və Asif oğlu ilə marketə daxil olmuşlar. Bir qədər sonra Asif marketdən əlində tort və ərzaqla gəlib avtomobilə əyləşmişdir. Həmin vaxt o, Asifdən soruşmuşdur ki, niyə görə tort alıb, çünki Asif anası onlara gəlməsin deyə anasıgildə demişdir ki, uşağın ad gününü qeyd etməyəcəkdir. Bu səbəbdən onların arasında mübahisə baş vermiş və Asif avtomobildə onun anasına qarşı nalayiq ifadələr işlətdiyindən və uşaqlar qorxduğu üçün o, Asifə demişdir ki, onu aparıb anasıgilə düşürsün. Həmin vaxt Asif yumruqla onun sol göz nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Asif avtomobili işə salıb onları Quba rayonunun Gənclər qəsəbəsinə evə aparmışdır. Onun gözü getdikcə şişmiş və ağrımışdır. Onlar evə çatandan sonra Asif onun mobil telefonunu alıb kənara qoymuşdur ki, onu vurması barədə evlərinə şikayət etməsin. 07 may 2021-ci il tarixdə övladının ad günü olduğu üçün bacısı Arzu ona zəng etmiş və telefonu sönülü olduğu üçün narahat olaraq qardaşı Ruslanla birlikdə onlara, Quba rayonunun Gənclər qəsəbəsinə gəlmişlər. Bacısı və qardaşı orada onun vəziyyətini görmüş və özünün istəyi ilə onu uşaqlarla birlikdə Xaçmaz rayonunun Qobuqıraq kəndinə, anasının evinə gətirmişlər. O, uşaqları gətirib evə qoyduqdan sonra bacısı və bacısının əri Xəyal ilə birlikdə Xaçmaz RPŞ-nə gedib Asifin barəsində şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxslə barışmamış və barışmaq istəmir, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, Quba rayonunun Gənclər qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğlu Asifin keçmiş arvadıdır. Onlar 2015-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı anadan olmuşdur. Ülkər mütəmadi olaraq anasının evinə getmək üçün ailədaxili mübahisələr yaratmışdır. X7 münasibətləri alınmadığından onlar 2019-cu ildə rəsmi olaraq boşanmış, bundan sonra Ülkər iki uşağı ilə birlikdə Xaçmaz rayonunun Qobuqıraq kəndində anasının yanında yaşamışdır. Bir il bundan əvvəl Asif Ülkərlə barışmış və onlar sonuncunu yaşadıqları Quba rayonunun Gənclər qəsəbəsinə gətirmişlər. 06 may 2021-ci il tarixdə, saat 17 radələrində o, Ülkər, Asif və uşaqlarla birlikdə Xaçmaz şəhərinə nəvəsini xəstəxanaya gətirmişlər. Xəstəxanadan çıxdıqdan sonra Asif onu bacısıgilə düşürüb uşaqları və Ülkəri sonuncunun anasıgilə aparmışdır. Təxminən iki saat sonra Asif onu götürmüş və Xaçmaz rayonunun Qobuqırağı kəndindən, qayınanasıgildən Ülkəri və uşaqları götürərək həmin kənddə “Səməd” marketə sürüb avtomobili marketin qarşısında saxlamışdır. Asif nəvəsi Yusiflə avtomobildən düşərək marketə daxil olmuşdur. Təxminən beş dəqiqə sonra Asif əlində tort və ərzaq paketləri ilə gəlib əlindəkiləri avtomobilə qoyaraq sükan arxasında əyləşmiş və onlar yollarına davam etmişlər. Həmin vaxt Ülkər Asifdən soruşmuşdur ki, niyə görə tort alıb, çünki Asif qayınanasıgildə oğlu üçün doğum günü qeyd etdirməyəcəyini bildirmişdir. Bu səbəbdən Ülkər avtomobilin içərisində mübahisə yaradaraq Asifin aldığı tortu və ərzaqları dağıtmağa başlamışdır. Onlar Ülkərə sakit olmasını bildirdikdə sonuncu nalayiq ifadələr işlədərək anasıgilə aparıb düşürməsini istədi. Bu zaman Asif əsəbi halda əli ilə Ülkərin üz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Ülkər avtomobildə arxada oturduğundan Asifin əli Ülkərin sol göz nahiyəsinə dəymişdir. Bundan sonra onlar birlikdə yaşadıqları Quba rayonunun Gənclər kəndinə gəlmişlər. Növbəti gün, yəni 07 may 2021-ci il tarixdə, saat 17 radələrində Ülkərin bacısı Arzu və qardaşı Ruslan Ülkəri uşaqlarla birlikdə onun evindən götürüb aparmışlar. İş materiallarında olan 07 may 2021-ci il tarixli, 1983 №-li raportdan müəyyən edilir ki, həmin tarixdə saat 20:18 radələrində Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “sol göz yuvası ətrafının dərialtı hemotoması və qançırı, yumşaq toxumaların əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin əri tərəfindən döyüldüyünü bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli “şifahi ərizə protokolu”ndan müəyyən edilir ki, həmin tarixdə, saat 20:35-də iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nə müraciət edərək 06 may 2021-ci il tarixdə, saat 21 radələrində keçmiş əri Təqsirləndirilən şəxs onu Xaçmaz rayonunun Qobuqıraq kəndi ərazisində yerləşən “Səməd” marketin yaxınlığında, idarə etdiyi avtomobilin içində ailə münaqişəsi zəmnində yumruqla sol gözünə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 08 may 2021-ci il tarixli, 236 №-li ekspert rəyindən müəyyən edilir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz nahiyəsinin qançırı və sol göz almasına qansızma bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti 06.05.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. "Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 06 may 2021-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Qobuqıraq kəndi ərazisində yerləşən “Səməd” marketin yaxınlığında, idarə etdiyi **-BR-*** dövlət nömrə nişanlı avtomobildə ailə münaqişəsi zəmnində aralarında yaranmış narazılıq zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya sol göz nahiyəsinin qançırı və sol göz almasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs çalışqan və əmək sevəndir, ailə üzvləri və qonşuları ilə münasibətlərində mehribandır və hər hansı bir xoşagəlməz halın olması barədə icra nümayəndəliyinə heç bir məlumat, yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını, həmçinin zərərçəkən şəxslə barışmadıqlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar