Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-85/2023 12.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2000-ci ildə Qusar rayonunun İmanqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olan, Quba şəhəri, Nizami küçəsi ev 4-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, barəsində olan digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə, həmin əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə, habelə barəsində ittiham aktının tərtib edilərək məhkəməyə göndərilməsinə baxmayaraq, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 noyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairədən cənub istiqamətində, yəni Bakı şəhəri istiqamətində təxminən 150 metr məsafədə yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Traktor və K-T Maşın Hissələri” mağazasının qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin yerdən tapdığı mismarla mağazanın plastik qapısının lambir hissəsinin tamlığını pozub sonradan əli ilə itələməklə sındırmış, saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olmaqla həmin mağazada masanın üzərində quraşdırılmış kassa qurğusunun içərisində olan 400 manat nağd pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olmuşdur. Onun son zamanlar borcları olmuş, buna görə yenidən oğurluq etmək qərarına gəlmişdir. Lakin oğurluğu qonşu rayonlarda etməyi planlaşdırmışdır, çünki Quba rayonunda onu tanıyırlar, Qubada oğurluq etsəydi, üstü tez açıla bilərdi. Buna görə xx.xx.2022-ci il tarixdə oğurluq etmək məqsədilə Xaçmaz şəhərinə gəlmiş, Xaçmaz şəhərində küçələri gəzərək gecə oğurluq etmək üçün yer seçmişdir. Mağazaların çoxunda müşahidə kamerası olduğundan kamera olmayan mağaza axtarmışdır. O, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairədən üzü Bakı şəhəri istiqamətində təxminən 150 metr məsafədə yolun sağ tərəfində yerləşən traktor və kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin satıldığı mağazada kamera olmamasını görmüşdür. Buna görə oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün Xaçmazda bir qədər vaxt keçirmiş və xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:00 radələrində həmin mağazanın qarşısına getmiş, ətrafda heç kimin olmadığına əmin olandan sonra mağazanın plastikdən hazırlanmış giriş qapısının aşağı hissəsini elə oradan tapdığı mıx ilə qırmağa başlamışdır. Qapının bir hissəsini zədələdikdən sonra əli ilə itələmiş və plastik qapının aşağı hissəsi mağazanın içərisinə düşmüşdür. Sonra da həmin dəlikdən mağazaya daxil olmuş, mağazada olan masanın üzərindəki kassanı açıb içərisində olan 400 manat pulu götürmüşdür. Sonra da mağazanın Bakı prospektinə deyil, ara küçəyə baxan digər qapısının birindən çıxıb uzaqlaşmış və yoldan keçən tanımadığı avtomobillərdən biri ilə Quba şəhərinə getmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən X2 məxsus “Lada” avtomobil ehtiyat hissələri mağazasından ümumilikdə 300 ABŞ dolları və 56 AZN məbləğində pulu götürərək oğurluq etmiş, həmin cinayət əməlinə görə Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Xaçmaz şəhəri, Bakı prospektində icarə əsasında işlətdiyi Traktor və X3 Hissələri mağazası vardır, həmin obyekti 2003-cü ildən icarə əsasında işlədir, lakin mağazada olan bütün avadanlıqlar, reklamlar və s. hamısı onundur. Həmin obyektin yerləşdiyi yer əvvəllər Xaçmaz-Gəndob yolunun sağ tərəfi kimi qeyd olunsa da, sonradan həmin yol Xaçmaz- Bakı yolu adlandırılmış və həmin yolun Xaçmaz şəhəri ərazisinə düşən hissəsi isə Bakı prospekti adlandırılmışdır. Yəni həmin obyektin yerləşdiyi yer hazırda Xaçmaz şəhəri, Bakı prospekti kimi qeyd olunur, həmin obyekt nömrələnməmişdir. O, həmin mağazanı səhər saat 08-dən axşam saat 18-dək işlədir, sonra da mağazanı bağlayaraq çıxıb gedir. xx.xx.2022-ci il tarixdə də saat 18:00-da mağazanı bağlayaraq çıxıb getmişdir. Ertəsi gün saat 08 radələrində mağazaya gələn zaman görmüşdür ki, mağazanın giriş qapısı olan plastik qapının aşağı hissəsi sökülmüşdür. O, başa düşmüşdür ki, içəri kimsə daxil olmuşdur. O, mağazaya girib kassanı yoxlamış və görmüşdür ki, bir gün əvvəl mağazada kassada olan 400 manat pul oğurlanmışıdr. O da hadisə barəsində DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Obyektə aid 15 aprel 2003-cü il tarixli sərancamdan çıxarışın surətini istintaqa təqdim etmişdir. Oğurluq nəticəsində ona 400 manat maddi ziyan dəmiş, qapının aşağı hissəsindən plastiki qoparılmış olsa da, onu özü düzəltmiş, qapıya maddi ziyan dəyməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona vurulmuş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan 09 noyabr 2022-ci il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə, onun icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, Bakı prospektində yerləşən traktor və X3nın ehtiyat hissələri satışı mağazasına plastik qapısının alt hissəsinin sındırılaraq naməlum şəxs və ya şəxslərin daxil olaraq kassada olan ona məxsus 400 manat nağd pulu oğurlamaları barədə məlumat verib həmin şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz şəhəri, Bakı prospektində Bakı şəhər istiqamətində yolun sağında yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Traktor və K-T Maşın Hissələri” mağazasıdır. Mağazanın giriş qapısı plastikdir və şüşəlidir. Qapının alt hissəsində yerləşən plastiklər qırılmış vəziyyətdədir. Həmin plastik qırıqları mağazanın içərisindədir. Mağazanın sağ tərəfində ehtiyat hissələri olan piştaxta, onun qarşısında isə əşyalar olan stol vardır. Stolun üzərində kassa yerləşmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs kassanı göstərərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən kassadan 400 manat nağd pulun oğurlandığını bildirmişdir. Hadisə yerindən plastik qapı üzərindən və qırıqlarından 07 ədəd əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izi xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olunmuşdur. Tədqiqata təqdim edilmiş əl barmaq izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən və Quba RPŞ-dən daxil olan) xx.xx.2000-ci il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin şəhadət barmağı (plastik qapının üzərindən götürülmüş iz) ilə eynilik təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-də təklif olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, Bakı prospektində yerləşən ehtiyat hissələri satışı mağazasından oğurluq etməsini bilavasitə hadisə yerinə çıxmaqla göstərsin. Təqsirləndirilən şəxs bu təkliflə razılaşaraq, müstəntiq və müdafiəçi ilə birlikdə hadisə yerinə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlərlə gedərək hadisə yerinə çatdıqda sonuncu, avtomobili saxlatmağı bildirmiş və həmin yerdə yol kənarında yerləşən üzərinə "Traktor və K-T Maşın Hissələri" sözləri yazılmış ehtiyat hissələri satışı mağazasını təqdim edərək oğurluğu həmin mağazadan etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:00 radələrində həmin mağazanın qarşısına gəlmiş, mağazanın qapısının plastik hissəsini aşağı tərəfdən söküb çıxarmaqla mağazaya daxil olmuş, bundan sonra mağazada olan kassaya yaxınlaşmış, kassanı açaraq içərisində olan 400 manat nağd pul vəsaitini götürərək mağazanın ikinci qapısından çıxıb getmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində başqa cinayət hadisəsində iştirakı müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs məxsus traktor və kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri satılan mağazasından törətdiyi oğurluq hadisəsində Təqsirləndirilən şəxs başqa şəxsin və ya şəxslərin köməyi olmamış, hadisəni tək törətmişdir. Bundan başqa, Quba şəhərində İbrahim adlı ətir satan şəxsin şəxsiyyətini və ünvanının müəyyən edilməsi mümkün olmamışdır. İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə, həmin əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə, habelə barəsində ittiham aktının tərtib edilərək məhkəməyə göndərilməsinə baxmayaraq, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 noyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairədən cənub istiqamətində, yəni Bakı şəhəri istiqamətində təxminən 150 metr məsafədə yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Traktor və K-T Maşın Hissələri” mağazasının qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin yerdən tapdığı mismarla mağazanın plastik qapısının lambir hissəsinin tamlığını pozub sonradan əli ilə itələməklə sındırmış, saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olmaqla həmin mağazada masanın üzərində quraşdırılmış kassa qurğusunun içərisində olan 400 manat nağd pul vəsatini qanunsuz olaraq götürüb aparmaqla, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Lakin işin məhkəmə baxışı iclasında dövlət ittihamçısı ittiham nitqində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində olan yuxarıda qeyd olunan cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə həmin xüsusata münasibətdə qeyd edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə elan edilmiş ittihamdan CM-nin 177.2.2-ci maddəsinin xaric edilməsi əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə Qusar rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə barəsində Qusar RPŞnin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmış, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini isə 09 noyabr 2022-ci il tarixdə törətmiş, ibtidai istintaq orqanı tərəfindən ona qeyd olunan sonuncu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yanaşı 177.2.2-ci maddəsi ilə də ittiham elan olunmaqla iş Xaçmaz Rayon Məhkəməsinə göndərilərək 28 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə Qusar rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, əl izlərinin tədqiqinə dair nəticəni sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin qərarın 22-ci bəndinə görə, şəxs oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairədən cənub istiqamətində, yəni Bakı şəhəri istiqamətində təxminən 150 metr məsafədə yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Traktor və K-T Maşın Hissələri” mağazasının qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin yerdən tapdığı mismarla mağazanın plastik qapısının lambir hissəsinin tamlığını pozub sonradan əli ilə itələməklə sındırmış, saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olmaqla həmin mağazada masanın üzərində quraşdırılmış kassa qurğusunun içərisində olan 400 manat nağd pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla o, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin və amnistiya aktının tətbiq edilməsi barədə qərarların surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 85.2-ci maddəsi tətbiq edilməklə, CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 600 manat miqdarında cərimə cəzası təyin edilmiş; Quba Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmünə əsasən o, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 600 manat miqdarında cərimə cəzası saxlanılmış, CMnin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış; Quba Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, ona həmin hökmlə təyin edilmiş cəza və əvvəlki hökmlə təyin edilmiş 600 manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmış; Quba Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, ona həmin hökmlə təyin edilmiş cəza və xx.xx.2018-ci il tarixli hökmlə təyin edilmiş 600 manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. İş materiallarında olan Quba rayonu İHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Quba şəhəri ərazisində yaşadığı müddət ərzində Nümayəndəliyə heç bir şikayət narazılıq daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin 05 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə qərarların surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin 06 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilərək ona Quba Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasından (cəza müddətinin sonu xx.xx.2021-ci il) azad edilmiş; həmçinin Quba Rayon İcra və Probasiya Şöbəsinin 24 yanvar 2022-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək o, Quba Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 600 manat cərimə cəzasından azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini 09 noyabr 2022-ci il tarixdə törətmişdir. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də, iş üzrə təqsirləndirilən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunması halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(029)-25/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(029)-25/2023 saylı hökmü ilə ona təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 28 noyabr 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs, barəsində olan Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü üzrə cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinə münasibətdə, onun hazırda cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hadisə yerindən götürülmüş, 01 ədəd zərfdə olan, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri (07 ədəd) cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamdan 177.2.2-ci maddə xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(029)- 25/2023 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş qəti cəzadan çıxılaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinə münasibətdə, onun hazırda cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hadisə yerindən götürülmüş, 01 ədəd zərfdə olan, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri (07 ədəd) cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-85/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-85/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver