Məhkəmə qərarları › İş №1(067)-85/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-85/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-85/2025 18.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair tərtib olunmuş məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 11 fevral 2025-ci il tarixdə, saat 23 radələrində, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindən Mollabürhan kənd yoluna 25 metr şimal istiqamətdə yerləşən evdə yaşayan Təqsirləndirilən şəxs yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən sillə ilə vurub yerə yıxaraq sonuncuya boyun, sol göz ətrafının qançırları qismində sağlamlığa zərər vurmayan, sol göz almasına qansızma qismində sağlamlığa qəsdən YÜNGÜL zərər vurmaya səbəb olan xəsarətlər yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirliliyi barədə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat orqanına verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə fevral ayında baş vermiş və ev şəraitində zərərçəkmiş şəxsi (həyat yoldaşını) döymüşdür. İş təhqiqatda araşdırıldığı zaman ərəfəsində zərərçəkmişlə barışmışdır. Lakin təhqiqata bu barədə məlumat verməmişdir və işə xitam verilməsi üçün ərizə ilə müraciət etməmişdir. O, barəsində qeyd olunan cinayət əməlini törətdiyini etiraf etmiş və törətdiyi əmələ görə özünü təqsirli bilmişdir. O, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğunu nəzərə alaraq iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, hadisənin baş verdiyi gün həyat yoldaşı Təqsirləndirilən şəxs barışıq əldə etmək istəməsinə baxmayaraq məhkəmə hazırlıq iclasından bir neçə gün əvvəl aralarında barışıq əldə olunmuşdur. O, Təqsirləndirilən şəxs barəsində iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 12 fevral 2025-ci il tarixli, 83 №-li rəyindən (cild 01, vərəq 11) görünür ki,1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – boyun, sol göz ətrafının qançırları və sol göz almasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol göz almasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər – boyun və sol göz ətrafının qançırları isə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 17-20) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nın baş təhqiqatçısı, polis mayoru X3 Şəfa Vəfa qızının və hal şahidləri X1 və X6 iştirakları ilə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs çarpayının aşağı tərəfini göstərərək həmin yerdə əri Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə, saat 23 radəsində onu sillə ilə vuraraq döydüyünü bildirmişdir. - “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” 15 fevral 2025-ci il tarixli qərardan (cild 01, vərəq 21) müəyyən edilir ki, Zərərçəkmiş şəxs ********* №-li məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 27) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Xaçmaz RİHB-nın Qımıl-qışlaq kənd İƏD tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 42) müəyyən edilir ki, Orucov X11 rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatdadır. Lakin hazırda Quba rayonu, Qımıl-qışlaq kəndində yaşayır. Onun xx.xx.1997-ci il təvəllüdlü həyat yoldaşı Zərərçəkmiş şəxs,xx.xx.2019-cu il təvəllüdlü qızı X10 və xx.xx.2022-ci il təvəllüdlü oğlu X12 olmaqla ailə tərkibi vardır. - Xaçmaz RİHB-nın Qımıl-qışlaq kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 43) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1995-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-qışlaq kən tam orta məktəbin 1-ci sinfinə getmiş, 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ilin iyulunda həqiqi hərbi xidmətə getmiş, 2008-ci ilin yanvar ayında hərbi xidmətini başa vurub ehtiyata buraxılmışdır. O, tam orta təhsillidir, evlidir və 2 övladı var. O, əməksevər və ailəcanlıdır. Özündən böyüklərə və kiçiklərə qarşı səmimidir, kənd təsərrüfatı işlərində ailəsinə yaxından köməklik göstərir. Təqsirləndirilən şəxs spirtli içkiyə meyilli deyildir. - İş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Ərizə”dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həyat yoldaşına qarşı törətdiyi əməli etiraf edir. Hazırda barışmışlar və ailəvi olaraq birlikdə yaşayırlar. Barəsində olan CM-nin 128-ci maddəsi ilə iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. - İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Ərizə”dən müəyyən edilir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə hazırda barışmışlar və ailəvi olaraq birlikdə yaşayırlar. Həyat yoldaşına qarşı şikayəti və tələbi yoxdur. Həyat yoldaşı barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını, sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesabedir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmanin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutları ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43,321,344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar