Məhkəmə qərarları › İş №1(067)-86/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-86/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-86/2023 04.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Qaraqurdlu kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,225 qram olan psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 08 fevral 2023-cü il tarixdə o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qaraqurdlu kəndində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 15:55-dən 16:05-dək olan vaxt müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə 0,225 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsini xx.xx.2023-cü ildə Xaçmaz rayonunun “İzmayılovka” adlanan yaşayış ərazisində, yerdə “Vegas” markalı siqaret qutusunu görüb həmin siqaret qutusunun siqaretlə dolu olduğu diqqətini çəkmiş və həmin siqaret qutusunu götürüb baxdıqda içərisində siqaretlərin, həmçinin bir kağız bükümündə metamfetamin psixotrop maddəsinin olduğunu görmüşdür. O, həmin psixotrop maddəni tapdığı həmin siqaret qutusunun içərisinə qoyaraq siqaret qutusu ilə birlikdə şalvarının cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Xaçmaz RPŞ-yə aparmışlar və polis şöbəsində üzərində axtarış keçirilərkən üzərində saxladığı metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Həmçinin bildirmişdir ki, o, heroin narkotik vasitəsindən istifadə etmiş, metamfetamin psixotrop maddəsindən isə heç vaxt istifadə etməmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, əvvəlki cinayətlərinə görə məhkumluqlarının ödənildiyini, himayəsində yataq xəstəsi olan anasının olmasını, arvadının aşağı məbləğdə əmək haqqı ilə işlədiyini, övladının birinin hərbi xidmətə getmək üzrə olduğunu nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, evlidir, üç azyaşlı övladı vardır. Övladlarının hər biri 18 yaşından kiçikdir. Özü ev ustasıdır, iş olanda gedib işləmiş, dolanışığını təmin etmişdir. 07 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, “İzmayılovka” adlanan ərazidə olan zaman yerdən bir ədəd “Vegas” markalı siqaret qutusu olmasını görmüş, həmin siqaret qutusu görünüşünə görə siqaretlə dolu olan qutuya oxşadığına görə də onun diqqətini çəkmiş və əylilib yerdən götürmüşdür. O həmin siqaret qutusunu əlinə götürüb içərisinə baxanda içərisində təxminən 18 ədəd siqaret və 01 ədəd gümüşü rəngli kağız büküm olmasını görmüşdür. Həmin kağız bükümü əlinə götürüb içərisinə baxanda içərisində “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. O, bir ildən çoxdur ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etmişdir deyə, kağız bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olmasını dərhal bilmişdir. O, həmin kağız bükümü tapdığı formada siqaret qutusunun içərisinə qoyub əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gecə, yəni 07 fevral 2023-cü il tarixdə, saat 22 radələrində psixotrop maddə olan metamfetamindən bir qədərini istifadə etmişdir, qalan hissəsini yenə də həmin kağız bükümdə saxlayıb tapdığı siqaret qutusunun üzərində olan sellofanın altında gizlətmişdir. 08 fevral 2023-cü il tarixdə, saat 15 radələrində o, Xaçmaz şəhərinə gəlmək üçün evdən çıxıb gələn zaman Xaçmaz rayonunun Qaraqurdlu kəndində iki nəfər mülki geyimli şəxs gəlib küçənin ortasında onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyi barədə Xaçmaz RPŞ-yə məlumat daxil olduğunu, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişdirlər. O da həmin şəxslərlə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-yə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin gün üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona müdafiəçi təqdim olunmuşdur. Daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan sellofanın altında metamfetamin gizlədib saxladığı “Vegas” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa onun üzərindən bir ədəd papaq, bir ədəd alışqan və bir ədəd elektron siqaret aşkar olunmuşdur. Bunlardan başqa onun üzərindən daşınması qadağan edilmiş hər hansı bir şey aşkar olunmamışdır. O, üzərindən aşkar edilən maddənin “patı” yəni, psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş büküm içərisində olan metamfetaminlə birlikdə bir ədəd ağ rəngli zərfdə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür, üzərindən aşkar olunmuş bir ədəd papaq, bir ədəd alışqan və bir ədəd elektron siqaret götürülməyərək özünə geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs yerinin yaşadığı Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində olduğunu müəyyən edərək 08 fevral 2023-cü il tarixdə həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər, sonuncu onlarla birlikdə polis şöbəsinə gəlmiş və bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edilərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində narkotik vasitə satışı ilə bağlı əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş və polis şöbəsinə gətirildikdən sonra törətdiyi əməli özü könüllü olaraq etiraf etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 08 fevral 2023-cü il tarixdə Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla işlədiyi şöbənin rəisinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra ondan və Xaçmaz RPŞ-nin CAB-m əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə əməliyyat tədbiri zamanı davranış xətti izah edilmişdir. 08 fevral 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaraqurdlu kəndində olmasını müəyyən edib, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşıması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olduğunu bildirmiş və həmin şəxsi Xaçmaz RPŞ-yə dəvət etmişlər. Həmin şəxs də onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yol boyu onlar Təqsirləndirilən şəxs hərəkətlərini nəzarətdə saxlamışdır ki, üzərindən hər hansı bir predmeti kənarlaşdıra bilməsin. Xaçmaz RPŞ-nin inzibati binasında Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov xidməti iş otağında onun və digər polis əməkdaşı Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinə başlamışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd '‘Veqas” markalı siqaret qutusunu, həmin şalvarın sol arxa cibindən isə bir ədəd qara rəngli qış papağını, sol yan cibindən bir ədəd elektron siqareti çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd “Veqas” markalı siqaret qutusunun içərisindən 08 ədəd həmin markalı siqaret dənələri, həmin siqaret qutusunun üzərindəki sellofanın içərisindən bir ədəd kağız bükümündə psixotrop maddə olan metamfetaminə bənzər kristalşəkilli ağ rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin ağ rəngli kristalşəkilli maddənin “patı” yəni psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd büküm müstəntiq tərəfindən 01 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli qış papağı, “Veqas” markalı 08 ədəd siqaret dənələri, 01 ədəd elektron siqaret Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzaları ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X3, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və X5, Xaçmaz rayon vəkil bürosunun vəkili X4 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Vegas” markalı siqaret qutusunu çıxarıb, daha sonra həmin siqaret qutusunun üzərində olan sellofanın altında gizlədib saxladığı kağız bükümü həmin yerdən çıxarıb siqaret qutusu ilə birlikdə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin şalvarın arxa sol cibindən bir ədəd qara rəngli qış papağı, sol yan cibindən bir ədəd alışqan və bir ədəd elektron siqaret çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümün içərisinə baxılan zaman gümüşü rəngli kağız bükümün içərisindən ağ rəngli kristal halında maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin maddənin “patı”yəni, psixotrop maddə olan metamfetamin olmasını və onu tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Vegas” markalı siqaret qutusunun içərisində həmin markaya aid 08 ədəd siqaret dənəsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış prosesi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 tərəfindən videoçəkiliş vasitəsi ilə əvvəldən axıradək qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2023-cü il tarixli, 6/803 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm.....” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,225 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla alınmış psixotrop maddə metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,175 qram təşkil etmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 16 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,225 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,175 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 fevral 2023-cü il tarixli, 1086 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini özü istifadə edir, lakin həmin maddəni haradan, kimdən əldə etməsi barədə və satması barədə məlumat daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,225 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən, hökmdən, qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Amnistiya haqqında qərarın 1.1-ci bəndinə əsasən cəzadan azad edilmiş; bundan başqa, o, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin iş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var, işləmir, ailəsinə məxsus təsərrüfatla məşğul olur. O, kəndin ictimai, siyasi həyatında iştirak edir, kənd sakinləri, qonşular arasında hörmət qazanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan təlbnamədən və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-141/2020 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, Təqsirləndirilən şəxs cəzası xx.xx.2022-ci il tarixdə bitdiyindən icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, onun barəsində icra və probasiya şöbəsinin qeydiyyatında icraatda olan hökm yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 08 fevral 2023-cü il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 10 fevral 2023-cü il tarixli 4(067)-17/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,225 qram olan psixotrop maddə metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,175 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,225 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,175 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,175 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,175 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar