Məhkəmə qərarları › İş №1(067)-87/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-87/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-87/2022 08.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxxxx 1974-cü ildə Xaçmaz rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)- 87/2022 saylı qərarı ilə əvəz edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Qaradağbuduq kəndindəki evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 50 manat qiymətində və 3,5 kiloqram çəkidə olmaqla.06 baş bir illik dişi hind quşlarını, hər biri 60 manat qiymətində və 4 kiloqram çəkidə olmaqla 05 baş iki illik dişi hind quşlarını, hər biri 60 manat qiymətində və 4,5 kiloqram çəkidə olmaqla 04 baş bir illik erkək hind quşlarını, 80 manat qiymətində 01 baş iki illik erkək hind quşunu götürüb aparmaqla ümumilikdə 920 manat məbləğində oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonu, Qaradağlı kəndində qeydiyyatda olsada Xaçmaz rayonu, Qaradağbuduq kəndində tək yaşayır. Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Onun Nurbaba ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 22 dekabr 2021-ci il tarixdə təxminən saat 13 radələrində Nurbabanın yaşadığı evin yaxınlığından keçən yolla gedərkən görmüşdür ki, Nurbabanın arvadı Reyhan yaşadıqları evin yaxınlığında iyirmidən çox hind quşlarını otarır. Maddi vəziyyəti yaxşı olmadığına görə qərara gəlmişdir ki, gecə Nurbabanın həyətində olan hinə daxil olsun və hind quşlarını oğurlayıb sataraq pul əldə edsin. Nurbabanın yaşadığı evlə onun evi arasında təxminən 500 metr məsafə vardır. 23 dekabr 2021-ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı evdə olan dörd ədəd sintetik materialdan olan kisələri götürmüş və evdən çıxıb piyada həmkəndlisi Nurbabanın yaşadığı evin yaxınlığına gəlmişdir. Təxminən saat 02 radələrində Nurbabanın yaşadığı evin yaxınlığına çatmış və sonuncunun yaşadığı evdə və həyətdə işıqların sönülü olduğunu görüb başa düşmüşdür ki, onlar yatmışlar. O, əvvəlcə ətrafa nəzər yetirmiş və tamamilə sakitçilik olduğunu görüb həyət qapısı ilə üzbəüz dayandıqda sol yan tərəfdə olan tor hasarın üstündən keçməklə evin həyətinə daxil olmuş, sonra isə həyətdə olan hinin qarşısına gələndə görmüşdür ki, hinin taxtadan olan qapısı qarmaq şəkilli məftillə bağlanıb. O, hinin qapısını açıb içəri daxil olmuş və özü ilə gətirdiyi alışqanın fənərini yandırıb baxanda görmüşdür ki, hində xeyli sayda hind quşları və toyuqlar var. O, hində olan hind quşlarını tək- tək tutub özü ilə gətirdiyi kisələrə yığmışdır. O. hər kisəyə dörd ədəd olmaqla ümumilikdə 16 ədəd hind quşlarını tutub kisələrə yığmış və içərilərində hind quşları olan kisələri iki-iki götürüb həyətə daxil olduğu tor hasarın üstündən digər tərəfə keçirmiş, sonra tor hasarın üstündən keçməklə küçə tərəfə keçmiş və içərilərində hind quşları olan kisələri bir kilometrə qədər aparıb dəmiryol xəttinin yaxınlığında olan kolların arasına qoyub orada gözləmişdir. 23 dekabr 2021-ci il tarixdə təxminən saat 06 radələrində o, kisələrdən ikisini dəmiryol xəttinin yaxınlığında olan kolluq sahədə gizlətmiş, iki ədəd kisədə olan hind quşlarını isə piyada Xaçmaz şəhər bazarına gətirib bir ədədi 15 manatdan olmaqla 8 ədəd hind quşlarını tanımadığı şəxslərə satıb 120 manat pul almışdır. Gətirdiyi hind quşlarını satdıqdan sonra tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Xaçmaz rayonu, Qaradağbuduq kəndinə getmişdir. Qaradağbuduq kəndinə çatanda sürücüyə onu gətirdiyi üçün pul vermiş və avtomobildən düşüb piyada hind quşlarını gizlətdiyi yerə gedərək iki ədəd kisədə olan 8 ədəd hind quşlarını götürüb piyada Xaçmaz şəhər bazarına aparmışdır. Yenədə bir ədədi 15 manatdan olmaqla 8 ədəd hind quşlarını tanımadığı şəxslərə satıb 120 manat pul almış və qayıdıb yaşadığı evə getmişdir. Nurbabanm yaşadığı evin həyətində olan hindən oğurladığı hind quşlarını satıb əldə etdiyi 240 manat pulu sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 02 yanvar 2022-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də olarkən polis əməkdaşları ondan həmkəndlisi Nurbabanın həyətində olan hindən hind quşları oğurlayıboğurlamadığını soruşmuşlar, o, da etiraf edərək bildirmişdir ki, 23 dekabr 2021-ci il tarixdə həmkəndlisi Nurbabanın həyətində olan hinə daxil olub 16 ədəd hind quşlarını oğurlamışdır və Xaçmaz şəhər bazarına gətirib tanımadığı şəxslərə satmışdır. Bımdan sonra təhqiqatçı tərəfindən izahatı alınmış və o, evə buraxılmışdır. Həmin vaxtdan bir ay sonra o, Bakı şəhərinə getmiş və sonrakı aylarda Xaçmaz şəhərinə gəlməyərək Bakı şəhərində qalmışdır. 2022-ci ilin may ayının 11-dən 12-nə keçən gecə Bakı şəhəri, Zirə qəsəbəsində olarkən ona polis əməkdaşları yaxınlaşmışlar və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Xaçmaz RPŞ-nə gəlməyə etiraz etməmiş və avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. 23 dekabr 2021-ci il tarixdə həmkəndlisi Nurbabanın yaşadığı evin həyətində olan hinə o, özü daxil olmuş və 16 ədəd hind quşlarını o, özü tək oğurlayaraq Xaçmaz şəhər bazarına gətirib tanımadığı şəxslərə satmışdır. Etdiyi əməldən peşimandır. O, ancaq həmkəndlisi Nurbabanın həyətində olan hinə daxil olub 16 ədəd hind quşlarını oğurlamışdır. O, başqa heç bir yerdən oğurluq etməmişdir. İfadəsinin sonunda bildirmişdir ki, törətdiyi əməldən peşmandır, zərəçəkmişə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və barışıq əldə etmişdir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşayır. İkinci qrup əlildir. Xaçmaz rayonu, Qaradağbuduq kəndində olan evinin həyətyanı torpaq sahəsi 0,10 ha-dır. Həyətyanı torpaq sahəsi iki tərəfdən tor hasarla, iki tərəfdən isə daş hasarla əhatə olunmuşdur. Yaşadığı ev bir mərtəbəlidir, evinin arxa tərəfində isə hin yerləşir. Yaşadığı evlə hin arasında olan məsafə təxminən 10 metrdir. Həyətində olan hin mişar daşından inşa edilmişdir, hinin giriş qapısı isə bir laylı taxta qapıdır. O, həytində olan hində müxtəlif ev quşları və 27 ədəd hind quşları saxlamışdır. Arvadı Reyhan hər gün işə getdiyi üçün yaşadığı evin həyətində olan hində saxladığı ev quşlarına və hind quşlarına gündəlik o, özü qulluq göstərmişdir. O. hər gün səhər saat 09 radələrində hinin qapsını açıb hind quşlarını həyətə buraxaraq dən vermiş, axşam saat 18 radələrində isə yenidən hind quşlarına dən verdikdən sonra hinə salıb qarmaq şəkilli məftillə hinin qapısını bağlamışdır. Həmişə olduğu kimi 22 dekabr 2021-ci il tarixdə səhər saatlarında hində saxladığı hind quşlarını həyətə buraxıb dən vermiş, axşam saat 18 radələrində isə 27 ədəd hind quşunu sayaraq hinə salıb qapını bağlayaraq evə getmişdir. 23 dekabr 2021-ci il tarixdə təxminən saat 07:30 radələrində arvadı Reyhan evdən çıxıb işə getmiş, saat 10 radələrində isə o, evdən çıxıb gəlmişdir ki, hinin qapısını açıb hində saxladığı toyuqları və hind quşlarını həyətə buraxsın. Hinin qapısını açanda həyətə cəmi 11 ədəd hind quşu çıxmış və o, hinə daxil olub baxanda görmüşdür ki, qalan 16 ədəd hind quşları yoxdur. Hindən çıxıb ətrafı axtarsa da hind quşlarını tapa bilməyib başa düşmüşdür ki, gecə kimsə qapını açıb hinə daxil olaraq hind quşlarını oğurlamışdır. Səhəri gün o, Xaçmaz RPŞ-nə gəlib həyətində olan hindən 16 ədəd hind quşlarının oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evin həyətində olan hindən diri çəkisi 3,5 kq olan 06 ədəd bir illik dişi hind quşları, diri çəkisi 4,5 kq olan 4 ədəd bir illik erkək hind quşları, diri çəkisi 4 kq olan 05 ədəd iki illik dişi hind quşları, diri çəkisi 6 kq olan 01 ədəd iki illik erkək hind quşu oğurlanmışdır və bununla bağlı ona 900 manatdan çox maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, həyətində olan hindən ona məxsus 16 ədəd hind quşlarını həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirmiş, ondan heç bir şikayət və tələbi olmadığını, habelə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Xaçmaz rayon polis şöbəsinə müraciət edərək 2021ci ilin dekabr ayının 22-dən 23-nə keçən gecə yaşadığı evin həyətində olan hindən 16 ədəd hind quşlarının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Onun tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan hinə 23 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşayan Təqsirləndirilən şəxs daxil olub 16 ədəd hind quşlarını oğurlaması müəyyən edilmiş və 02 yanvar 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirərək onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişdir. Həmin gün Təqsirləndirilən şəxs Xaçmaz rayon polis şöbəsinə gəlmiş və polis şöbəsində Təqsirləndirilən şəxs həmkəndlisi Nurbabanın həyətində olan hindən hind quşları oğurlayıb-oğurlamadığını soruşduqda sonuncu etiraf edərək bildirmişdir ki, 23 dekabr 2021-ci il tarixdə saat 02 radələrində hasardan keçməklə həmkəndlisi Nurbabanın yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan hinə daxil olaraq 16 ədəd hind quşlarını kisələrə yığıb oğurlamışdır və Xaçmaz şəhər bazarına gətirib tanımadığı şəxslərə satmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs izahatı alındıqdan sonra bununla bağlı raport yazılmış və Təqsirləndirilən şəxs alınmış izahatla birlikdə təhqiqatçıya təqdim olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mrəkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 01 mart 2022-ci il tarixli 9/891 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən quşların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: 1.1 baş diri çəkisi 3,5 kq olan bir illik dişi hind quşu-50,0 manat, 2.1 baş diri çəkisi 4,5 kq olan bir illik erkək hind quşu-60,0 manat, 3.1 baş diri çəkisi 4 kq olan iki illik dişi hind quşu-60,0 manat, 4.1 baş diri çəkisi 6 kq olan iki illik erkək hind quşu-80.0 manat, İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Xaçmaz rayon İHB-nm Hülövlü kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, Xaçmaz rayonu, Qaraqdağbuduq kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilib və onun heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Qaradağbuduq kəndindəki evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 50 manat qiymətində və 3,5 kiloqram çəkidə olmaqla.06 baş bir illik dişi hind quşlarını, hər biri 60 manat qiymətində və 4 kiloqram çəkidə olmaqla 05 baş iki illik dişi hind quşlarını, hər biri 60 manat qiymətində və 4,5 kiloqram çəkidə olmaqla 04 baş bir illik erkək hind quşlarını, 80 manat qiymətində 01 baş iki illik erkək hind quşunu götürüb aparmaqla ümumilikdə 920 manat məbləğində oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, dəymiş zərərin tam ödənilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon polis şöbəsinin Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 12 may 2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə Bakı şəhər Xəzər rayonunun ərazisində saxlanılaraq, Xaçmaz RPŞ-nə təhvil verilmiş və xx.xx.2022-ci il saat 05:30-da tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 12 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən 12 may 2022-ci il saat 15:00-da azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Xaçmaz rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, və o, məhkəmənin müvafiq axtarış qərarı əsasında 18 noyabr 2022-ci il tarixdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2022-ci il saat 05:30-dan saat 15:00-dək yəni 01 (bir) gün, habelə 18 noyabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci ilədək həbsdə qaldığı 21 (iyirmi bir) gün, cəmi 22 (iyirmi iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 05:30-dan saat 15:00-dək, yəni 01 (bir) gün, habelə 18 noyabr 2022-ci ildən 08 dekabr 2022-ci ilədək həbsdə qaldığı 21 (iyirmi bir) gün, cəmi 22 (iyirmi iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, cəmi 01 (bir) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar