Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-89/2024 24.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 30 avqust 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-31/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində olan həmin hökm üzrə cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 09 oktyabr 2023-cii il tarixdə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 16 yanvar 2024-cü il tarixdə Xaçmaz rayon Polis şöbəsinin Yalama Polis bölməsinin polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon Polis şöbəsinin inzibati binasında onun üzərinə 16 yanvar 2024-cü il tarixdə, saat 20:50-20:58 müddətində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən «Veqas» markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,948 qram təşkil edən qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadığı ünvanın yaxınlığında yerləşən çayxananın qarşısından keçərkən yerdən hazırkı iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni tapmış, həmin narkotik vasitəni üzərində saxlamış, yaşadığı məhləyə çatanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, üzərindən aşkar olunmuş narkotik vasitəni polis tərəfindən saxlanılmazdan bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə tapmışdır. Həmin narkotik vasitə 01 gün onda qalsa da, o, həmin narkotik vasitədən istifadə etməmişdir. Onun tapdığı həmin narkotik vasitə siqaret qutusununu içərisində, bir ədəd sellofan bükümdə olmuşdur. O, heroin narkotik vasitəsi ilə yanaşı, həm də metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Barəsində olan əvvəlki cinayət işi üzrə üzərində metamfetamin saxladığına görə məhkum olunmuşdur. O, tapdığı heroin narkotik vasitəsini üzərində özünün istifadəsi üçün saxlamışdır. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, xəstə atasının olduğunun nəzərə alınaraq barəsində yüngül həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır, subaydır və heç bir yerdə işləmir. Təxminən 1 ildən çoxdur ki, əldə etdiyi zaman narkotik vasitələrdən istifadə edir. 15 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə piyada hərəkətdə olarkən orada yerləşən “Ay işığı” restoranının qarşısından yerdə bir ədəd “Vegas” markalı siqaret qutusunu və içində siqaretlərin olmasını görərək həmin qutunu yerdən götürmüşdür. Həmin siqaret qutusunu əlinə götürüb içərisinə baxarkən içərisində təxminən 05 ədəd siqaret və 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olmasını görmüşdür. Bir ildən çoxdur ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etdiyindən həmin bükümün içindəki narkotik vasitəni tanıyaraq istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün siqaret qutusunun içərisində olan siqaretləri çəkmiş və siqaret qutusunun qapağını qoparıb pul qabı formasında hazırlamışdır. Bundan sonra həmin qutunun içərisinə özünə məxsus olan bank kartını və içərisində heroin olan 1 ədəd bükümü qoyaraq siqaret qutusunu da əynində olan göy rəngli cins şalvarın ön sağ cibinə qoymuşdur. 16 yanvar 2024-cü il tarixdə, saat 19:40 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə Xaçmaz RPŞ- nin Yalama PB-nə məlumat daxil olduğunu, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Etiraz etmədikdən sonra polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-nə gəldikdən sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi Pərviz Müslümov təqdim olunmuşdur. Bundan sonra həmin gün otaqların birində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən üzərində narkotik vasitə və yaxud psixotrop maddələri könüllü olaraq çıxarıb təqdim edilməsi ona təklif edilmişdir. Bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd “Veqas” markalı siqaret qutusu, ön sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və arxa sağ cibindən isə bir ədəd cib dəsmalını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid1 tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ cibindən bir ədəd 5 manatlıq pul əskinası, sol cibindən isə bir ədəd 20 manatlıq pul əskinası çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Təqdim etdiyi “Veqas” markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən bir ədəd bank kartı və bir ədəd sellofan büküm aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümün içərisindəki narkotik vasitə olan heroin olmasını nəzərdə tutaraq “kakos” olmasını və həmin narkotik vasitəni “Ay işığı” restoranının qarşısından tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilərək qablaşma ilə birgə həmin bükümün çəkisinin 1,03 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan sellofan büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Onun üzərindən aşkar olunmuş pullar və digər əşyalar onun özünə geri qatarılmışdır. Şəxsi axtarış prosesi Xaçmaz rayon Polis şöbəsinin Yalama Polis bölməsinin növbətçi hissəsinin polis nəfəri vəzifəsində xidmət edən X5 tərəfindən videoçəkiliş vasitəsilə əvvəldən axıradək qeydə alınmış və həmin videogörüntü bir ədəd DVD formatlı diskə köçürülüb şəxsi axtarış protokoluna əlavə edilmişdir. Bundan sonra şəxsi axtarış protokolu ucadan oxunmuş, heç bir qeyd və ya vəsatət daxil olmadığından protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin sahə rəisi vəzifəsində işləyir. 16 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhər sakini 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin gün, yəni 16 yanvar 2024-cü il tarixdə, saat 19:40-da Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri N.Nərimanov küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz rayon Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində müstəntiq X6 tərəfindən müdaifəçi Pərviz Müslümovun iştirakı ilə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilərək üzərinə vidoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Həmin zaman videoçəkilişi Xaçmaz RPŞ-nin Yalama PB-nin növbətçi hissəsinin polis nəfəri vəzifəsində işləyən X5 özünə məxsus mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı sonuncu könüllü olaraq əynində olan göy rəngli cins şalvarının ön sağ cibindən bir ədəd siqaret qutusunu, ön sol cibindən bir ədəd mobil telefonu və arxa sağ cibindən isə bir ədəd cib dəsmalını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd 5 manatlıq pul əskinası, sol cibindən isə bir ədəd 20 manatlıq pul əskinası aşkar olunaraq otaqda olan masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən bir ədəd bank kartı və bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin 1 ədəd sellofan bükümün üzərinə baxıldığı zaman içərisində qəhvəyi rəngli, heroinə bənzər toz şəkilli maddə olması müəyyən edilmişdir. X9 üzərindən aşkar olunmuş 1 sellofan bükümün içərisindəki qəhvəyi rəngli kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda sonuncu həmin bükümün içində olan maddənin narkotik vasitə “kakos”, yəni heroin olmasını və həmin narkotik vasitəni “Ay işığı” restoranının qarşısından taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm elektron tərəzidə çəkilən zaman qablaşma ilə birgə çəkisinin 1,03 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan 1 ədəd sellofan büküm müstəntiq tərəfindən 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar və pullar onun özünə geri qatarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib oxunduqdan sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar təqsirləndirilən şəxsi yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X2 RPŞ-nin Yalama PBnin baş əməliyyat müvəkkili Şahid1, həmin polis bölməsinin sahə rəisi Şahid2, həmin polis bölməsinin Növbətçi hissəsinin polis nəfəri X5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd “Vegas” markalı siqaret qutusu, ön sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon və arxa sağ cibindən isə bir ədəd cib dəsmalını çıxarıb otaqda olan masanın üzərinə qoyur. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd 5 manatlıq pul əskinası, sol cibindən bir ədəd 20 manatlıq pul əskinası aşkar olunaraq otaqda olan masanın üzərinə qoyulur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən bir ədəd bank kartı və bir ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümün içərisindəkinin narkotik vasitə olan heroin olmasını nəzərdə tutaraq “kakos” olmasını və həmin narkotik vasitəni “Ay işığı” restoranının qarşısından tapdığını bildirir. Həmin sellofan bükümün üzərinə müstəntiq tərəfindən baxılan zaman içərisində qəhvəyi rəngli, heroinə bənzər toz şəkilli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman qablaşma ilə birgə çəkisinin 1,03 qram çəkidə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan sellofan büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar onun özünə geri qatarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi əvvəldən axıradək X5 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/277 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58...” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs-imza, üç-imza, N.Xasayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,948 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,898 qram təşkil etmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,948 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,898 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 27 yanvar 2024-cü il tarixli, 490 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,948 qram narkotik vasitə olan heroini haradan əldə etməsi və kimlərə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 5(067)- 7/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 16 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürüldüyü 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,948 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(067)- 31/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır, onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. İş materiallarından, həmçinin Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(067)-31/2024 saylı hökmündən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cinayət əməlini 10 iyul 2023-cü il tarixdə törətmiş, hazırkı cinayət işi üzrə cinayət əməlini isə 16 yanvar 2024-cü il tarixdə törətmişdir. Bununla da məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran cinayətlərin təkrar törədilməsi halını müəyyən etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci madəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmamasını, barəsində cəzasını ağırlaşdıran cinayətlərin təkrar törədilməsi halının olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(067)-31/2024 saylı hökmü ilə ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan, Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 4(067)- 3/2024 saylı qərarından, “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı tutularaq 01 (bir) ay müddətdə həbsdə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(067)-31/2024 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökm üzrə olan cinayət işinin ibtidai istintaqı zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə olduğu 01 (bir) ay müddət, habelə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)- 31/2024 saylı hökmünə dair cinayət işi üzrə ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət, ümumilikdə 01 (bir) ay 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) ay 02 gün ona hazırkı hökmlə təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(067)-31/2024 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində hazırkı cinayət işi üzrə “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,948 qram heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,898 qram heroin təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,948 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,898 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,898 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(067)- 31/2024 saylı hökmü ilə ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə olduğu 01 (bir) ay müddət, habelə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-31/2024 saylı hökmünə dair cinayət işi üzrə ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət, ümumilikdə 01 (bir) ay 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) ay 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs digər cinayət işi ilə əlaqədar hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,898 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-89/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-89/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver