Məhkəmə qərarları › İş №1(067)-9/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-9/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-9/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2, zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 və onun vəkili-nümayəndəsi Nümayəndə, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Xaçmaz rayon prokurorluğundan baxılması üçün 05 may 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Hazırkı cinayət işinin 24 iyun 2020-ci il tarixli məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı vəsatət verərək aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etmiş və məhkəmənin 24.06.2020-ci il tarixli 1(067)-83/2020 saylı qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının aparılması həvalə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin 17 mart 2021-ci il tarixli, T 348/2020 nömrəli “canlı şəxsin ekspertizası” rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Xaçmaz RMX-sı publik hüquqi şəxsdə iş üzrə Zərərçəkmiş şəxs1 adına təqdim olunmuş tibbi sənədlərə əsasən onun almış olduğu xəsarət - dalağın zədələnməsi ilə müşayiət olunan qarının yan divarının soldan qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, yəni bıçağın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 14.01.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İşin hazırkı məhkəmə baxışı iclasında dövlət ittihamçısı məhkəməyə yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkib əlamətlərinin olmasını qeyd edərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən 15 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 30 aprel 2020-ci il tarixdə iş üzrə ittiham aktı Xaçmaz rayonunun sabiq prokuroru Elxan Əbdürrəhimov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmiş, 24 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iş üzrə Zərərçəkmiş şəxs1 barəsində təkrar məhkəmə- tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz-Bakı avtomobil yolunun sol kənarında Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində yerləşən atası Zərərçəkmiş şəxs2 məxsus «Dalğa» kafesinin zalında həmin kafeyə müştəri qismində gəlmiş alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs1 soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını tətbiq etməklə qəsdən sonuncunun sol tərəf bel nahiyəsinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. 24 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə aldığı xəsarətlərlə bağlı müalicənin nəticəsinə dair epikriz təqdim etmiş və məhkəmədən təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, vəsatət təmin edilməklə iş üzrə təkrar məhkəmətibbi ekspertizası təyin olunaraq qərarın icra edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X2 həvalə edilmişdir. Təkrar məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, T 348/2020 nömrəli canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Xaçmaz RMX-sı publik hüquqi şəxsdə Zərərçəkmiş şəxs1 adına təqdim olunmuş tibbi sənədlərə əsasən onun almış olduğu xəsarət- dalağın zədələnməsi ilə müşayiət olunan qarının yan divarının soldan qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, yəni bıçağın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 14.01.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməli nəticəsində Zərərçəkmiş şəxs1 hadisə zamanı sağlamlığa yüngül zərər vurmaya aid xəsarət deyil, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət almışdır. Qeyd edilən hal Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni CM-nin 126.2.4-cü maddəsinin tərkib əlamətləri olmasının göstəriciləridir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni CM-in 126.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Dövlət ittihamçısı qeyd olunanlara əsasən vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 təkrar ekspertizanın rəyi ilə razı olduğunu və vəsatətin təmin edilməsini xahiş etmişdir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 vəkili-nümayəndəsi Nümayəndə təkrar ekspertizanın rəyi ilə razı olduğunu və vəsatətin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçi təkrar ekspertizanın rəyi ilə razı olmadıqlarını bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs2 (təqsirləndirilən şəxsin atası) təkrar ekspertizanın rəyi ilə razı olmadığını bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, vəsatəti nəzərdən keçirərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, vəsatət təmin olunaraq hazırkı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərərçəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilir ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma - insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə, həmin Məcəllənin 126.2.4-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin cinayət-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Lakin cinayət tərkibinin əlamətlərinə dair göstərişlər Ümumi hissədə də verilir və bunlara bütün cinayət tərkibləri üçün eyni və bir çoxları üçün ümumi olan əlamətlər aiddir. Cinayət Məcəlləsinin 2.1-ci maddəsində cinayətin obyektinin növlərindən, 24-26-cı maddələrində subyektiv tərəfin əlamətlərindən və 19-21-ci maddələrində cinayətlərin subyektlərindən bəhs olunur. Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 19-cu maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır (Cinayət Məcəlləsinin 24.1-ci maddəsi). Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq zamanı cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın 27 fevral 2020-ci il tarixli, 135 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol tərəf bel nahiyəsinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin, yəni bıçağın təsirindən törənməklə, yetirilmə müddəti 14.01.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin 17 mart 2021-ci il tarixli, T 348/2020 nömrəli “canlı şəxsin ekspertizası” rəyində göstərilmişdir ki, Xaçmaz RMX-sı publik hüquqi şəxsdə iş üzrə Zərərçəkmiş şəxs1 adına təqdim olunmuş tibbi sənədlərə əsasən onun almış olduğu xəsarət - dalağın zədələnməsi ilə müşayiət olunan qarının yan divarının soldan qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, yəni bıçağın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 14.01.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Bu konteksdə məhkəmə hesab edir ki, hər bir halda cinayət təqibi orqanına işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq və şəxsin əməlinə düzgün hüquqi qiymət vermək imkanı yaradılmalıdır. Bu, qanunvericiliyin tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.1, 8.0.3 və 8.0.4 və 8.0.5-ci maddələrinə əsasən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Azərbaycan Respublikası CPM-nin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etməlidir. Bu xüsusda Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tətbiqi də cinayət təqibi ilə bağlı işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin bütün faktoloji hallarını müəyyən etmək və ona düzgün hüquqi qiymət vermək, şəxsin təqsirini müəyyən etmək barədə cinayət mühakimə icraatının vəzifələrinin yerinə yetirilməsi və həmçinin cinayət qanunvericiliyinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin təmin edilməsi zərurətindən irəli gəlir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməl CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməldən daha ağır cinayət hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət az ağır cinayətlər, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən isə CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar