Məhkəmə qərarları › İş №1(067)-9/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-9/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-9/2022 19.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1987-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,750 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini saxlamaqla daşımış, bu fakt 29 aprel 2021-ci il tarixdə saat 14:25-14:45 müddətində Xaçmaz rayon Polis Şöbəsinin X13 əməkdaşları tərəfindən X12 şəxsi axtarış keçirilərkən həmin çəkidə bir büküm narkotik vasitə heroin əynindəki qəhvəyi rəngli şalvarının dizətrafı sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan heroindən istifadə edir. 27 aprel 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxıb marketə gedərkən yerdən bir ədəd sellofan büküm tapmış, həmin bükümü götürüb içərisinə baxdıqda orada qəhvəyi rəngli toz halında olan narkotik maddə kimi tanıdığı kokosun olduğunu görmüşdür. O, həmin bükümü şalvarının sağ cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. 29 aprel 2021-ci il tarixdə yaşadığı küçə ilə gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, onu X15 dəvət etmişlər. O, heç bir etiraz etməyərək onlarla birlikdə X15 getmişdir. Polis Bölməsində ona vəkil təqdim olunaraq videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və o, etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərində qanunla saxlanılması, daşınması qadağan olunan əşya varsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, könüllü olaraq əynindəki qəhvəyi rəngli şalvarın dizətrafı sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm iştirakçıların yanında açılarkən içərisində narkotik vasitəyə oxşar maddə olması aşkar edilmişdir. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq həmin maddənin narkotik vasitə olduğunu və iki gün əvvəl küçədən tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükülü ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, o, həmin zərfin tamlığını və tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X13 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 29 aprel 2021-ci il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. O, daxil olmuş məlumatın yoxlanılması barədə raportla məruzə etmiş və X13 baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə tərəflərindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanmışdır. Barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs Xudat şəhəri Malik Babayev küçəsində saxlanılaraq X15 dəvət edilmiş, təhqiqatçı Mübariz Əliyev tərəfindən Təqsirləndirilən şəxs Xaçmaz Vəkil Bürosunun vəkili X11 təqdim olunaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq, üzərində narkotik vasitə və ya qanunla gəzdirilməsi, saxlanılması qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarının dizətrafı sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə var və o, həmin bükümdəki narkotik vasitəni 27 aprel 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında küçədən tapmışdır. Hətta Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin bükümdəki maddənin narkotik vasitə olduğunu bildiyi üçün öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra müvafiq protokol tərtib olunmuş, iştirakçılar, eləcə də Yusif Mizəyev tərtib olunmuş protokolun doğruluğunu və üzərindən götürülmüş narkotik vasitənin qablaşdırıldığı paketin tamlığını imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin X13 Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və X13 polis sahə rəisi Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan şəxsi axtarış keçirilməsi haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 29 aprel 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin X13 inzibati binasında Təqsirləndirilən şəxs üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində daşıması barədə məlumat daxil olduğu bildirilmiş, ona hüquq və vəzifələri, həmçinin müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilərək Xaçmaz rayon Vəkil Bürosunun vəkili X11 təqdim olunduqdan sonra üzərində qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının dizətrafı sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üstünə qoymuşdur. Təqdim olunmuş bir ədəd büküm açıldıqda içərisində toz şəkilli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, 27 aprel 2021ci il tarixdə həmin bükümü küçədən tapdığını və narkotik vasitə olduğunu bildiyi üçün özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən başqa narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində toz şəkilli maddə olan büküm müvafiq qaydada qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması prosesinin videogörüntüləri Xudat PB-nin polis sahə rəisi Şahid3 tərəfindən «Samsung A30S» markalı mobil telefon vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin X13 inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüsü qeydə alınmaqla cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd CD diskə 03 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə «HP» markalı stolüstü kompüter vasitəsi ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı X10, Xaçmaz rayon Polis Şöbəsinin X13 Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 iştirakları ilə X13 inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi- saxlanması və daşınmasında şübhəli olduğu üçün videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilməklə ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilir və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X11 təqdim olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmir. Şəxsi axtarışa başlanılmamışdan əvvəl təhqiqatçı Mübariz Əliyev tərəfindən Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs etiraz etmir və əynindəki şalvarın dizətrafı sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılaraq içərisinə baxış keçirilərkən orada tünd qəhvəyi rəngli tozşəkilli maddə olması müşahidə edilir. Mübariz Əliyev həmin maddənin narkotik vasitə heroinə oxşadığını deyir. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olduğunu bildirir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəni 27 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu Xudat şəhərində yaşadığı küçədə tapdığını və narkotik vasitə olduğunu bildiyi üçün şəxsi istifadəsi üçün üstündə saxladığını deyir. Müdafiəçi Yusif Talıbov özü Yusif Mrzəyevdən narkotik vasitə istifadə edib-etmədiyi, təqdim etdiyi narkotik vasitənin ona məxsus olub-olmaması və polis əməkdaşları tərəfindən hər-hansı təziyiqə məruz qalıb-qalmaması barədə sual verir. Təqsirləndirilən şəxs vəkilin sualına cavab olaraq narkotik vasitədən istifadə etdiyini, təqdim etdiyi narkotik vasitənin taparaq öz istifadəsi üçün üstündə saxladığını və polis əməkdaşları tərəfindən heç bir təziq göstərilmədiyini deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü axtarılır. Lakin onun üstündən başqa heç nə aşkar olunaraq götürülmür. Bundan sonra təhqiqatçı Mübariz Əliyev tərəfindən Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitəyə oxşar toz şəkilli maddə bir ədəd bükümdə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq ağzı möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olmasını etiraf edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci tarixli, 6/1737 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs...» yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ saylı siyahısına daxildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 1,700 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2021-ci il tarixli, 1833 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 01 may 2021-ci il tarixli və sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2021-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,750 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,700 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd içərisində şəxsi axtarış videogörüntüləri olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,700 qram qalığı saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 may 2021-ci il tarixli tələbnamədən və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 01.04.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə, Xaçmaz rayon məhkəməsinin 18.03.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 28.09.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 11 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 09.09.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəlki məhkumluğu ödənildiyindən onun qəsdən törətdiyi sonuncu cinayət əməli cinayətin residivini yaratmır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli, 203/1 saylı arayışdan, 21 fevral 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 259062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Ailə tərkibi 17 iyul 2011-ci il təvəllüdlü oğlu X6, 08 mart 1958-ci il tarixli atası X7 və 01 may 1961-ci il təvəllüdlü anası X1 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,750 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini saxlamaqla daşımış, bu fakt 29 aprel 2021-ci il tarixdə saat 14:25-14:45 müddətində Xaçmaz rayon Polis Şöbəsinin X13 əməkdaşları tərəfindən X12 şəxsi axtarış keçirilərkən həmin çəkidə bir büküm narkotik vasitə heroin əynindəki qəhvəyi rəngli şalvarının dizətrafı sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını və himayəsində 1 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 29 aprel 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin 01 may 2021-ci il tarixli, 4(067)-56/2021 saylı qərarından, müstəntiqin təqsirləndirilən şəxsin barəsndə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 29 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 01 may 2021-ci il tarixli, 4(067)-56/2021 saylı qərarı ilə barəsində həbsetmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, müstəntiqin 29 iyun 2021-ci il tarixli qərarı ilə həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək həbsdə olduğu 02 ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində məhkəmənin müvafiq axtarış qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(067)-122/2021 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 12 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 16 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 12 dekabr 2021-ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 12 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,700 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 114 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 (iki) ay ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 12 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,700 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar