Məhkəmə qərarları › İş №1(067)-92/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-92/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-92/2021 17.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi Abbas-zadə Rəhim İsaq oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 mart 2017-ci il tarixdən başlayaraq, övladı, 06.04.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 136,60 manat sabit məbləğdə alimentin alınaraq X3 ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(067)-1789/2017 saylı qanuni güvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə hökm elan olunanadək, yəni 17.08.2021-ci il tarixədək 5573,00 manat məbləğində aliment borcunu Əkpərova (Məmmədova) Jalə Elçin qızının xeyrinə ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 06 mart 2017-ci il tarixdən başlayaraq, hər ay övladı 06.04.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 136,60 manat sabit məbləğdə alimentin alınaraq X3 ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2017-ci il tarixli qanuni güvvəyə minmiş qətnaməsi vardır. X2 uşaqla ünsiyyətdə olmasına maneçilik törətdiyindən o, həmin qətnaməni icra etməmişdir. Bununla əlaqədar, 2018-ci ildə Xaçmaz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Eyni hal 2020-ci ildə təkrar olunmuşdur. Buna baxmayaraq, yenə də təyin olunmuş alimenti ödəməmişdir, çünki keçmiş həyat yoldaşı uşağı ona göstərməkdən imtina edirdi. Məhkəmə prosesi başlayan gündən isə X3 300 manat ödəmişdir, hal-hazırda borcu 5573 manat təşkil edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Əkpərova (Məmmədova) Jalə Elçin qızı bildirdi ki, Təqsirləndirilən şəxs ilə boşandıqdan sonra, məhkəmə qətnaməsinə əsasən himayəsində qalan yetkinlik yaşına çatmayan övladına görə Təqsirləndirilən şəxs tərəfindən ona hər ay 136.6 manat aliment ödənilməli olsa da, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməni bügünədək icra etməmişdir. Dəfələrlə onun barəsində icra məmurlarına şikayət etsə də, nəticə əldə olunmurdu. 2018-ci ildə Təqsirləndirilən şəxs aliment ödəmədiyinə görə 10 sutka müddətinə inzibati həbsə alınmışdır. Eyni hal 2020-ci ildə təkrar olunmuşdur. Buna baxmayaraq, Emin yenə də aliment ödəməkdən yayınmışdır, halbuki onun həmişə 136 manat aliment ödəməyə imkanı olub. Məhkəmə prosesi başlayan zaman Təqsirləndirilən şəxs ona 300 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs 06 mart 2017-ci il tarixdən başlayaraq, övladı, 06.04.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 136,60 manat sabit məbləğdə alimentin alınaraq X3 ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(067)-1789/2017 saylı qanuni güvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 09.10.2020-ci il tarixədək 5873,00 manat məbləğində aliment borcunu Əkpərova (Məmmədova) Jalə Elçin qızının xeyrinə ödəməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar 09.10.2020-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoci ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1789/2017 saylı 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə 06 mart 2017-ci il tarixdən hesablanmaqla 06.04.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat 60 qəpik pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 09.02.2018-ci il tarixli qərardan görünür ki, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş 09 fevral 2018-ci il tarixdə Xaçmaz rayon Məhkəmə İcraçıları Bölməsinin məhkəmə icraçısı Çingiz Muradov tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 3(067)-542/2018 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1789/2017 saylı 25 sentyabr 2017-ci il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli, 3(067)-258/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1789/2017 saylı 25 sentyabr 2017-ci il tarixli qətnaməsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Xaçmaz rayon Məhkəməsinin inzibati xəta haqqında 20 sentyabr 2018-ci il tarixli və 03 mart 2020-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Xaçmaz Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(067)-1789/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 17.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar