Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-92/2024 02.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, tərcüməçi X8 iştirakları ilə 01 fevral 1984-cü ildə Pakistan İslam Respublikasının anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, sözlərindən məhkum olunmamış, orta təhsilli, işləməyən, evli, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Pakistan İslam Respublikasının Hafizabad şəhərində qeydiyyatda olmaqla faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs-in Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qanunsuz yolla getmək məqsədi ilə 13 fevral 2024-cü il tarixdə, saat 04:48-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət – buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunun Xanoba kəndi ərazisində yerləşən 2-ci sərhəd zastavasının 14-cü sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhəd xəttindən 300 metr aralıda, maneə çəpərindən 25 metr içəridə saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sərhədi keçməmişdir, cəhd etmişdir. O, Pakistanda hakimiyyət dəyişikliyi olduğundan, özü isə İmran Xan tərəfdarı olduğu üçün siyasi problemi olmuş, yəni hazırkı hakimiyyət tərəfindən təyziqlərə məruz qalmış, iş təminatında problemlər yaradılmışdır. Pakistan İslam Respublikasında İmran Xan tərəfdarlarına qarşı 2024-cü ilin yanvar ayında təqiblər başlanmışdır. Yaşadığı şəhərdə onun İmran Xan tərəfdarı olması barədə polisə məlumat verilmişdir. O, Dekabr ayında iğtişaşlar zamanı polis tərəfindən saxlanılaraq Polis idarəsinə aparılmış və polislər tərəfindən orada döyülmüşdür. Belə ki, hakimiyyət tərəfdarları polisə pul verərək tutulan İmran Xan tərəfdarlarını döymüşlər. Lakin 20 dekabr tarixədək o, evdə olmuşdur. Qardaşı polisə pul verdiyi üçün polis onu tutmamışdır, hazırda isə polisə verməyə pulu yoxdur. Qardaşı isə siyasətlə maraqlanmadığı üçün polis tərəfindən qardaşı tutulmamışdır. O, Pakistan İslam Respublikasındakı evindən getdikdən sonra polis əməkdaşları evinə gedərək onu axtarmışlar. Pakistanda siyasi təqib olunmasına dair sübutu yoxdur. Pakistandan İrana dekabr ayında gəlmiş və təyyarə vasitəsi ilə 12 yanvar tarixdə İrandan Azərbaycana gəlmişdir. O, Azərbaycana vizası olduğundan işləmək üçün gəlmişdir. O, Azərbaycanda bir ay iş axtardıqdan sonra Azərbaycanda olan pakistanlılarla görüşmüş və ona hazırda qış ayı olduğundan, iş tapmaq çətin olduğunu demişlər. BMT-nin Bakı şəhərindəki ofisinə siyasi sığınacaq istəməyi ilə əlaqədar şifahi müraciət etmişdir. BMT-nin Bakı şəhərindəki ofisinə getdiyində o, 15-20 dəqiqə ərzində qeydə alınmışdır. Ofisdə onunla danışan şəxs azərbaycanlı olmasına baxmayaraq pakistan dilində danışmışdır. Onu qapıda qarşılayan əməkdaş xanım, qeydiyyata alan isə oğlan olmuşdur. O, BMT Bakı şəhərindəki nümayəndəliyində siyasi problemi olduğundan əvvəl İrana, sonra Azərbaycana gəldiyini demişdir. Ona miqrasiya sənədlərində onun Dubaydan gəlməyi əks olunduğu bildirilmişdir. Lakin o, Dubaydan deyil, İrandan gəldiyini demişdir. Üzərində olan pul İran pulu olub, lakin Bakıda heç bir bank İran pulunu dəyişdirmədiyi üçün İran səfirliyinə 2 dəfə müraciət etmişdir. Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında olarkən qardaşı ilə telefonla əlaqə saxlamış, qardaşı ona bildirmişdir ki, Pakistana gəlsə onu həbs edəcəklər. Həmçinin, ona yaxın olan şəxslərdən 6-7 nəfər tutulub və onlara bildiriblər ki, qayıdarsa onu da tutacaqlar. Ona Azərbaycanda iş tapa bilməyəcəyi deyildiyindən dostu ilə telefon əlaqəsi saxlamış, dostu onu Rusiyaya və oradan da Belarusa getməsini təklif etmiş və sənədlərində problem olarsa sərhəddə tutulacağını demişdir. Almaniyada yaşayan tanışı ilə ora getmək barədə əlaqə saxlamışdır. O, Xaçmaz rayonu ərazisinə Bakı şəhərindən azərbaycanlı taksi ilə gəlmiş və onu sərhəd ərazisində düşürüb getmişdir. Lakin 12 fevral 2024-cü il tarixdə gecə saatlarda sərhədi keçməyə cəhd edərkən orada hərbiçilər tərəfindən saxlanılaraq gözləri bağlanmış və hərbi hissəyə, oradan isə Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına aparılmışdır. Hərbiçilər tərəfindən saxlanılan vaxt vurularaq neçə nəfərlə gəldiyi barədə soruşulmuş, o, tək gəldiyini demişdir. Bakı şəhərində olan məhkəmə prosesində ondan gözündəki xəsarətlə əlaqədar soruşulduqda o, Pakistanda döyülərkən gözünə xəsarət yetirildiyini bildirmişdir. Hərbiçilər tərəfindən saxlanıldığında üzərində 2 ədəd pasport və özünə məxsus pulu olmuşdur. Azərbaycanda saxlanıldığı yerdə mədəsinin xəstə olması səbəbilə ona üçün dərman verilmiş və həmçinin yeməklə mütəmadi təmin edilmişdir. O, Pakistanda ev təmiri işi ilə məşğul olmuşdur. 5 uşağının olduğunu, lakin birinin dünyasını dəyişdiyini, hazırda 5, 7, 9 və 11 yaşlarında uşaqlarının olduğunu bildirərək lazım gələrsə WhatsApp vasitəsilə övladlarının doğum haqqında şəhadətnamələrinin şəkillərinin göndərilməsini təmin edə biləcəyini demişdir. O, həyat şəraitini, eyni zamanda həyat yoldaşının nitq qüsurlu olmasını, özünün xəstə olmasını, atasının yaşlı və iş qabiliyyəti olmamasını, həmçinin etdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Belə ki, yüngül cəza təyin olunarsa cəzasını bitirdikdən sonra işləyərək ailəsinin dolanışığı üçün pul qazanmaq fikrindədir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Rusiya ərazisinə keçmək istəyərkən o, gözətçi dəstə sərhəd naryadı xidmətində olmuşdur. O və xidmətdə olduğu digər hərbiçi ilə birlikdə təqsirləndirilən şəxsin dayanması üçün “dayan buraxılış” komandası vermişlər. Təqsirləndirilən şəxs dayanmayaraq qaçmaq istəmişdir. Lakin onlar silahı hazır vəziyyətə gətirən zaman təqsirləndirilən şəxs silahın səsini eşidərək dayanmışdır. O, təqsirləndirilən şəxsi yerə yıxıb əllərini bağlamış və sərhəd zastavasına məlumat vermişlər. Sərhəd zastavası silaha komandasına qalxaraq köməklərinə gəlmişdir. O, təqsirləndirilən şəxsə tərəflərindən saxlanıldıqda hər hansı təyziq olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs sərhəd zastavasının ərazisində əvvəl gizlənib, lakin digər xidmət aparan hərbiçilər onu görməmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: -13 fevral 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında (cild 01, vərəq 01) qərardan müəyyən edilir ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X12 tərəfindən faktla bağlı Azərbaycan Respublikasının CM-nin 29, 318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -13 fevral 2024-cü il tarixli tərcüməçinin təyin edilməsi haqqında qərardan (cild 01, vərəq 07) müəyyən edilir ki, inzibati xətaya dair iş üzrə latın və urdu qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb oxuya bilən Nicat Əliyev urdu dilində tərcüməçi qismində təyin olunmuşdur. -13 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, iş vərəq 18) müəyyən edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbənin zabiti X13, N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasında xidmət edən əsgər X2, N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasında xidmət edən əsgər Şahid1, Müdafiəçi, mütəxəssis Nicat Əliyevin, dövlət sərhədini Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ashıq Hussainin, həmçinin hal şahidləri X9 və X14 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, baxış keçirilən hadisə yeri Xaçmaz rayonu, Xanoba kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının 14-cü sahəsidir. Qeyd olunan yer 114 nömrəli sərhəd nişanından 20 metr solda, dövlət sərhəd xəttindən 300 metr aralı, maneə çəpərindən 25 metr içəridə yerləşir. Həmin nöqtədən sol tərəfə qonşu 3-cü sərhəd zastavasına, sağ tərəfə isə qonşu 1ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. - 13 fevral 2024-cü il tarixli tərcüməçinin təyin edilməsi haqqında qərardan (cild 01, vərəq 27) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə urdu və azərbaycan dillərini sərbəst bilən X15 tərcüməçi qismində təyin olunmuşdur. - Şübhəli şəxsi dindirmə haqqında protokoldan (cild 01, vərəq 46) müəyyən edilir ki, 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5, müdafiəçi X6 və tərcüməçi X8 iştirakları ilə şübhəli şəxs qismində dindirilmişdir. - 14 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 52) müəyyən edilir ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsi dindirmə protokolundan (cild 01, vərəq 62) müəyyən edilir ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5, müdafiəçi X6 və tərcüməçi X8 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. - Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamələrdən (cild 01, vərəq 82) müəyyən edilir ki, təqsirləndirilən şəxs Hussain X3 barəsində məhkumluğunun olub-olmaması barədə məlumat tapılmamışdır. - Şahidi dindirmə protokolundan (cild 01, vərəq 93) müəyyən edilir ki, 27 fevral 2024-cü il tarixdə Şahid1 şahid qismində dindirilmişdir. - Şahidi dindirmə protokolundan (cild 01, vərəq 96) müəyyən edilir ki, 27 fevral 2024-cü il tarixdə Şahid2 şahid qismində dindirilmişdir. - “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 27 fevral 2024cü il tarixli məktubdan (cild 01, vərəq 99) görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. - “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 26 fevral 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 100) görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda göstərilən xəstəxanada müalicədə olmayıb. - İNTERPOL-un Milli Mərkəzi Bürosun tərəfindən daxil olmuş 26 fevral 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 101) görünür ki, Pakistan İslam Respublikası vətəndaşı xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə İntrpolun “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. - 09 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 102) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmış və eyni zamanda cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, baxış protokolları və cinayət işi üzrə digər sənədləri onlara qarşı irəli sürülmüş ittiham üzrə sübut növü kimi qəbul edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətməyə cəhd etmişdir. Onun əməli başa çatmamışdır, cinayət etməyə cəhddir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət məcəlləsinin 318-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdikləri cinayəti etiraf edərək həmin cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında 13 fevral 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan (cild 01, vərəq 14) və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 44), 14 fevral 2024- 4(009)-75/2024 nömrəli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında iş üzrə Təqsirləndirilən şəxs məxsus pasportunun surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməklə cəzasını çəkib qurtardıqdan sonra öz ölkəsinə göndərilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-92/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-92/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver