Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-93/2023 10.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu odənilməmiş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, Xaçmaz rayon məhkəməsinin 31 may 2023-cü il tarixli 1(067)-93/2023 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən Rusiya Federasiyasında yaşayan ailə üzvlərini görmək üçün həmin ölkəyə getmək məqsədi ilə 29 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xaçmaz rayonunda yerləşən “Yalama” X2 sərhəd nəzarətindən yayınmaqla Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2002-ci ildə ailə üzvlərilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasının Dağıstan Respublikasına getmiş və təxminən 3-4 il orada ailəsilə birlikdə yaşadıqdan sonra Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan sonra müxtəlif vaxtlarda ailəsinin yanına gedib-gəlmiş, bəzən isə ailə üzvləri onun yanına Azərbaycan Respublikasına gəlmişlər. Təxminən 2017-ci ildə daxili işlər orqanlarına yalandan terrorçuluqla bağlı məlumat verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, 2021-ci ilin əvvəllərində çəkdiyi cəzadan Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə əfv edilərək azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra pandemiya dönəmində işsizlikdən əziyyət çəkmiş, bunun üçün də qərara almışdır ki, Dağıstan Respublikasına ailəsinin yanına getsin. Lakin hər dəfə bununla bağlı maraqlandıqda ona sərhədlərin bağlı olduğu bildirilmiş və yalnız Rusiya Federasiyasına təyyarə ilə gedə biləcəyi izah olunmuşdur. Sonuncu dəfə saxlanılmasından təxminən 3-4 ay əvvəl yenidən quru sərhəddən buraxılış olub-olmamasını maraqlandığı zaman ona Rusiya Federasiyası ərazisinə yalnız təyyarə ilə gedə biləcəyi deyilmişdir. Təyyarəyə bilet almaq üçün maddi imkanı olmamışdır. Bir müddət əvvəl Qusar rayonuna gedərək orada sərhədlərin piyada keçid ilə bağlı açıq olub-olmadığını maraqlanmış, həmin vaxt orada olan tanışlarından, vaxtilə birgə məhkumluq çəkdiyi Vadim adlı şəxs ona sərhəddən piyada keçidə icazə verilmədiyini bildirmişdir. Bundan sonra avtobusla Xudat şəhərinə gedərək təxminən 2-3 gün əvvəllər tanıdığı Salamat adlı şəxsin evində qalmışdır. 29 sentyabr 2022-ci il tarixdə Salamatın Xudat şəhərində yerləşən evindən çıxmış və saat 11 radələrində Yalama- Dərbənd istiqamətində hərəkət edən yük qatarına minmişdir. Qatar təxminən 15-20 dəqiqə yol getdikdən sonra saxlamış, lakin o, qatardan düşməmişdir. Bundan sonra bir qədər də qatarda hərəkət etdikdən sonra saat 12:20 radələrində qatar “Yalama” qəsəbəsində stansiyada saxladılmış və olduğu vaqona baxış keçirilən zaman sərhədçilər tərəfindən aşkar edilərək saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Yalama-Dərbənd istiqamətində hərəkət edən vaqona minməkdə məqsədi ondan ibarət olmuşdur ki, keçid məntəqəsinə çatdıqda qatardan düşüb orada olan sərhədçilərdən ölkədən piyada hərəkət etməklə Rusiya Federasiyasına getməyə icazə verilib-verilmədiyini maraqlansın. xx.xx.2022-ci il tarixdə Yalama-Dərbənd istiqamətində hərəkət edən yük qatarına minməkdə məqsədi sərhəddən qanunsuz yolla hərəkət etmək olmamışdır. Əvvəllər dövlət sərhədindən qanunsuz yolla keçməmiş, belə bir niyyəti də olmamışdır. Dövlət sərhədindən piyada yolla keçidə icazə verilmədiyini bildiyi halda Yalama-Dərbənd istiqamətində hərəkət edən yük qatarına minməklə dövlət sərhədi istiqamətində hərəkət etməsində məqsədi Yalama keçid məntəqəsində qatardan düşərək piyada keçidin açıq olub-olmadığını orada işləyən şəxslərdən dəqiq maraqlanmaq olmuşdur. Yalama keçid məntəqəsində qatardan düşmək niyyəti olsa da, qatar həmin keçid məntəqəsində sərhədçilər tərəfindən saxlanılan zaman qatardan düşməməsinin səbəbi ondan ibarət olub ki, yük qatarına saat 11 radələrində minib hərəkət etdikdən təxminən 15-20 dəqiqə sonra qatar saxlanılmış, az yol gəlməsini fikirləşdiyindən qatardan düşməmişdir. Ancaq qatar ikinci dəfə saxlanıldıqdan dərhal sonra vaqonun qapısı açılmış və onun yük qatarının vaqonunda gizləndiyi aşkar edilmişdir. Qatar saxlanıldıqdan sonra vaxt olmamışdır ki, qatardan düşsün. Yalama keçid məntəqəsində qatardan düşüb sərhəddən piyada keçidə icazə verilmədiyinə əmin olduqdan sonra geriyə Xudat şəhəri istiqamətində piyada qayıdacaqmış. Yalama-Dərbənd istiqamətində hərəkət edən yük qatarına mindiyi zaman nə maşinistdən, nə də ki, mühafizəçilərdən yük qatarına minmək üçün icazə almamış, gözdən yayınmaqla qatara minmişdir. 11 05.2022-ci il tarixdə “Samur” SNM-in yaxınlığında, xx.xx.2022-ci il tarixdə isə Qusar rayonu Həzrə kəndi ərazisində saxlanılmış, aparılan söhbət zamanı onu saxlayan şəxslərə dövlət sərhədindən qanunsuz yolla keçmək niyyətinin olmamasını izah etdiyindən buraxılmışdır. xx.xx.2022-ci il tarixdə Yalama-Dərbənd istiqamətində hərəkət edən yük qatarına mindiyi zaman nə maşinistdən, nə də ki, mühafizəçilərdən icazə almamasının səbəbi maşinistdən yaxud da mühafizəçilərdən sərhədə qədər yük qatarına minib hərəkət etmək üçün icazə istəyərsə buna icazə verilməyəcəni fikirləşməsi olmuşdur. Bu səbəbdən də kimsədən icazə almadan, gizli olaraq yük qatarına minmişdir.Məhkəmə istintaqında şahid qismində dindirilən N №-li hərbi hissənin 2-ci sərhəd zastvasının rəisi X6 göstərdi ki, 28 fevral 2020ci il tarixdə saat 22:51 radələrində sərhəd komendantlığından dövlət sərhədinin Rusiyadan Azərbaycan Respublikası istiqamətində bir nəfər şəxs tərəfindən pozulmasına dair daxil olmuş məlumata əsasən, sərhəd zastavası «Silaha» komandısı ilə qaldırılmış, yaradılmış qrup əraziyə hərəkət etmiş və nəzarətedici vasitələr yoxlanılmışdır. Sərhəd zastavasının 18-ci sahəsində 1 nəfərə məxsus ayaq izi aşkar edilmişdir. Bu barədə aidiyyəti üzrə məlumat verdikdən sonra sərhəd pozucusunun axtarışına başlanılmışdır. Bir müddət sonra sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs Xaçmaz rayonunun ərazisində sərhədçilər tərəfindən saxlanılmış və o, törətdiyi əməli etriaf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sərhəd zastavasına aparılmış və 01 mart 2020-ci il tarixdə hadisə yerini, yəni dövlət sərhədini Rusiyadan qanunsuz yol ilə Azərbaycan keçdiyi ərazini, 2-ci sərhəd zastavasının 18-ci sahəsini göstərmişdir. Araşdırma başa çatdıqdan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə Dövlət sərhədi Xidmətinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili, baş leytenant Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bir nəfər şəxsin Xudat şəhərindən Yalama-Dərbənd istiqamətində hərəkət edən yük qatarına minərək dövlət sərhədindən Azərbaycan Respubliaksından Rusiya Federasiyası istiqamətində qanusnuz yolla gedəcəyinə dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı aidiyyəti şəxslər məlumatlandırılmış və o, 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Şahid2lə birlikdə Yalama qəsəbəsinə getmişdir. “X3’nda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən Azərbaycan Respublikasına məxsus 3005 nömrəli yük qatarının 29020435 nömrəli vaqonuna baxış keçirilərkən orada gizlənmiş halda bir nəfər şəxs aşkar etmişlər. Həmin şəxslə aparılan filtirasiya işləri zamanı saxlanılmış şəxsin xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra həmin şəxs müvafiq rəsmiləşdirmə işləri aparılması üçün aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman hansısa bir tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı qatar yük qatarı olmuş, həmin qatar Azərbaycan Respublikasında Rusiya Federasiyası istiqamətində yük daşımışdır. Əgər əməliyyat məlumatı olmasaydı və qeyd olunan qatar tərəflərindən saxlanılaraq baxış keçirilməsə idi, Təqsirləndirilən şəxs qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə nail olacaqmış. Belə ki, qeyd olunan şəxs bir-iki dəfə Qusar rayonu ərazisində dövlət sərhədindən aralıda saxlanılaraq filtirasiya işləri aparılmış, ona dövlət sərhədindən qanunsuz yolla keçməməsi barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri Rusiya Federasiyasında yaşadığından sonuncu ailə üzvləri yanına getmək istəmişdir. Təqsirləndirilən şəxs bir-iki dəfə Qusar rayonu.ərazisində saxlanılaraq onunla filtirasiya işləri aparıldığı zamanı sonucunun potensial olaraq dövlət sərhədindən qanunsuz yolla keçmək niyyəti olan şəxs olması qənaətinə gəlinmiş, belə ki, aparılan söhbətlər zamanı Təqsirləndirilən şəxs ailə üzvlərinin Rusiya Federasiyasında yaşaması, onun Azərbaycan Respubliaksında hansısa bir yaxın qohumunun olmaması, yaşadığı yerdə tüfeyli həyat tərzi sürməsi müəyyən edilmişdir. Sadəcə olaraq həmin vaxtlar Təqsirləndirilən şəxs dövlət sərhədindən xeyli məsafədə aralıda saxlanıldığından onun əməllərində qanunsuz hal aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş, DSX-nin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DSX-nin N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 16/2352 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçməyə cəhd edərkən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2022-ci il tarixli 50 nömrəli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:20-də N nömrəli hərbi hissənin əməliyyat şöbəsinin əməkdaşları tərəfindən verilmiş qabaqlayıcı əməliyyat məlumatına əsasən “Yalama” Dəmiryol Stansiyasında AR-RF istiqamətində hərəkət edən AR-ə məxsus 3005 nömrəli yük qatarının 29020435 nömrəli vaqona baxış zamanı Təqsirləndirilən şəxs gizlənmiş halda aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 2013-2022-ci il tarixlərdə dövlət sərhədindən ümumilikdə 19 hərəkəti qeydə alınmış, sonuncu dəfə 11 may 2022-ci il tarixdə, saat 17:30-da Dövlət Sərhəd Xidmətinin “Samur” nəzarət-buraxılış məntəqəsindən keçib Rusiya Federasiyasına gedən zaman “Nazirlər Kabinetindən müvafiq icazəsi olmadığı üçün məruzə olunub dövlət sərhədindən geri qaytarıldı” qeydiyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncama əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsində (www.president.az) yerləşdirilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamında Təqsirləndirilən şəxs məhkumluğunun üzərindən götürülməsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əfv olunaraq, vaxtından əvvəl cəza çəkməkdən azad olunsa da, onun üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən Rusiya Federasiyasında yaşayan ailə üzvlərini görmək üçün həmin ölkəyə getmək məqsədi ilə 29 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xaçmaz rayonunda yerləşən “Yalama” X2 sərhəd nəzarətindən yayınmaqla Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolda, “Şübhəli şəxsin tutulması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan, Bakı şəhəri Səbail rayon məhkəməsinin 4(009)-412/2022 saylı xx.xx.2022-ci il tarxili qərarında və 10 oktyabr 2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 31 may 2023-cü il tarixli Xaçmaz rayon məhkəməsinin axtarış elan edilməsi haqqında qərardan və Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38/5-2-2046/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Metropolitenin “Gənclik” metrostansiyasında polis əməkdaşları tərəfindən saxlanılaraq, Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş, daha sonra 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (məhkuma münasibətdə rəsmi qaydada aldığı gündən) 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN İmza var Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-93/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-93/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver