Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-94/2023 06.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs X5 hüquqi varisi X4 və onun vəkili-nümayəndəsi Nümayəndə, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1993-cü ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Mollakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ev 127E, mənzil 98-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma” Qaydalarının 2.4 və 2.5-ci bəndlərinə əsasən ov tüfəngini doldurulmamış halda gəzdirməli, yalnız bilavasitə atəş açılmamışdan əvvəl tüfəngi doldurmalı, atəş açılması başa çatdıqdan sonra tüfəngi atəş yerindən uzaqlaşmamış boşaltmalı, bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən tüfəngi qoruyucuya keçirməli, silahın lüləsini havaya yönəltməli olduğu halda bunları etməyib lazımi diqqət və ehtiyatlılıq göstərməyərək istifadəsində olan “MЦ 21-12” markalı, 939677 nömrəli, yivsiz, təklüləli, ov tüfəngini əvvəlcədən “F2 classic B&P” markalı, 16 kalibrli 4 ədəd patronla doldurub qoruyucusunu açıb çaxmağını çəkərək atəşə hazır vəziyyətə gətirib sağ çiyin nahiyəsindən asaraq 11 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində “orta alkoqol sərxoşluğu” halında dostu Şahid1 Xaçmaz rayonu, Laman kəndi ərazisində yerləşən fermasının yaxınlığındakı göl istiqamətində ov etmək üçün gedərkən xəndəyin yanındakı keçid üçün nəzərdə tutulmuş dar hissədən orta sürətlə qaça-qaça keçən zaman ayağı büdrəmiş və bu zaman müvazinətini saxlamaq məqsədilə silahdan tutarkən barmağının tətiyə dəyməsi nəticəsində silahdan 01 dəfə ümumi təhlükəli üsulla atəş açaraq ondan arxa tərəfdə dayanmış zərərçəkmiş şəxs X9 ehtiyatsızlıqdan “döş qəfəsinin ön-sol səthində məmə xətti üzrə İV qabırğa səviyyəsində bir ədəd, döş boşluğuna işləyərək, ürəyi, sol ağ ciyəri və mədəni zədələnmiş kor qırmalı odlu silah yarası” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək baş vermiş kəskin qanitirmə nəticəsində sonuncunun ölümünə səbəb olmuş, yəni ehtiyatsızlıqdan Rəşid Apayevi öldürmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, istifadəsində olan “Toyota Prius” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa, verilmiş sifarişlər əsasında mağazalardan təbii güllər alıb satmaq işi ilə məşğul olur. Onun istifadəsində təklüləli “beşatılan” ov tüfəngi olmuş və ovçuluqla da məşğul olmuşdur. O, xx.xx.2023-cü il tarixdə “whatsapp” ani mesajlaşma proqramında meyxanaçı Vüqar Biləcərinin ana ilə bağlı musiqili videosunu paylaşmış, həmin günün axşamı Emin onun videosuna mesaj yazmış və o, Eminə cavab vermişdir. Lakin Eminin nə yazdığını və Eminə nə cavab verdiyini xatırlamır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Emin ona zəng edərək Xaçmaz rayonuna güclü qar yağdığını bildirmiş, Xaçmaz rayonunun Laman kəndində yerləşən özünə məxsus fermaya yeyib-içmək və ördək ovlamaq üçün getməyi ona təklif etmiş, o isə Eminin təklifinə etiraz etməyib sonuncu ilə razılaşmışdır. Eminin Bakı şəhərində “Montin” adlanan yerdə yaşadığını bilsə də, sonuncunun yaşadığı evin harada yerləşdiyini dəqiq olaraq xatırlamır. Emin yaşadığı evin yerləşdiyi yeri izah etdikdən sonra oraya getmiş və Eminlə görüşmüşdür. Emin evinin qarşısında olarkən yaxın dostunun gələcəyini və həmin oğlanın əvvəllər hərbçi işlədiyini bildirmiş, təxminən 20-25 dəqiqə sonra Eminin dediyi dostu gələrək onlarla görüşmüşdür. Sonradan o, həmin şəxsin X12 olduğunu bilmişdir. O, ilk dəfə Rəşidi orada görmüşdür. Rəşid əlində çantası ilə gəlmiş və sonuncu, çantasını maşının baqajına qoymuş, lakin o, çantanın içərisində nə olduğunu bilməmişdir. Daha sonra Rəşid maşınının ön sağ oturacağında, Emin isə arxa oturacaqda əyləşmiş, o isə sükan arxasına keçib maşını idarə edərək 28 May küçəsində yerləşən ovçuluq mağazasına getmiş, həmin mağazadan 1 qutu 12 kalibrli patron almış, Emin isə 2 qutu 16 kalibrli patron almışdır. Bundan sonra o, Şamaxinka adlanan əraziyə gedib maşının baqajındakı gülləri taksilər ilə Qusar və Şirvan şəhərlərinə yola salmış, oradan da yaşadığı evin həyətinə gəlmişdir. Emin onunla birlikdə evə qalxmış və anası ilə görüşmüş, Rəşid isə avtomobildə gözləmiş, o, mənzilə girib ov silahını götürərək Eminlə aşağıya düşmüşdür. Daha sonra isə hər ikisi maşına əyləşib Xaçmaz rayonuna yola düşmüşlər. Yola düşməmişdən əvvəl binanın altındakı “Mir market”dən yolda yemək üçün bir neçə ərzaq almışlar. Onlar təxminən saat 16 radələrində yola çıxmışlar. Xaçmaz rayonu, Laman kəndi ərazisinə çatanda asfalt yoldan fermaya gedən tərəfdə o, maşını saxlamış və Rəşid telefonla danışa-danışa fermaya gedəcəyini demişdir. Rəşidi düşürdükdən sonra Xaçmaz şəhəri mərkəzi istiqamətində bir qədər getmiş və yolun sağ tərəfində yerləşən mağazanın qarşısında maşını saxlamışdır. Eminlə birlikdə maşından düşüb mağazadan araq, kolbasa və digər ərzaq məhsullarını alıb geriyə, Eminin fermasına doğru getmişlər. Onlar fermaya çatanda Rəşid xeyli yol qət etmiş, o, Rəşidin yanında dayanıb maşına minməyini təklif etsə də, Rəşid telefonla danışdığını, yollarına davam etmələrini bildirmişdir. O, Eminlə birlikdə İkramın Laman kəndində yerləşən evinə getmiş və İkram evdən turşu, kompot, su götürərək onlarla birlikdə fermaya doğru gəlmişdir. Fermanın yaxınlığında Rəşid onları gözləmiş, sonuncu, maşının arxa oturacağında əyləşmiş və yola davam etmişlər. Fermaya çatdıqdan sonra çöldə Rəşid silahı yoxlamaq məqsədilə onun silahından atəş açmaq istədiyini bildirmiş, o, silahına bir neçə ədəd patron doldurduqdan sonra Rəşidə vermiş və Rəşid silahdan havaya 1 dəfə atəş açaraq silahın yaxşı olduğunu deyərək silahı geri qaytarmışdır. Fermaya daxil olduqdan sonra gölün qırağına gedib ördək ovlamağı təklif etmiş və İkram da ov silahını götürüb onunla birlikdə göl istiqamətində yola düşmüşdür. O da öz silahını götürərək gölün kənarına gəldikdən sonra gölün ətrafında bir neçə ördəyin uçduğunu görsə də, ördəklər yerə qonmamış və ördək ovlaya bilməyəcəklərini görüb əliboş geri qayıtmışlar. Fermaya qayıdandan sonra fermadakı otaqların birindəki stolda məclislərini qurub ərzaqları yerbəyer edərək spirtli içki qəbul etməyə başlamış, onunla birlikdə İkram, Emin və Rəşid spirtli içki qəbul etmişdir. Fermaya gəlməmişdən əvvəl Tərlan ət alıb gətirəcəyini onlara söz vermiş, Tərlana etdikləri çoxsaylı zənglərdən sonra sonuncu, ət alıb fermaya gəlmişdir. Tərlanın gətirdiyi ətlə Emin buğlama bişirmiş və yeyib-içməyə davam etmişlər. Bir müddət sonra Vaz 2107 markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı Rövşən adlı şəxs fermaya gəlmişdir. O, Röşvəni ilk dəfə görmüş və sonuncuyla arasında heç bir münasibəti olmamışdır. Rövşən gəldikdən sonra onların silahlarına baxmış və hadisənin baş verməməsi üçün onun silahındakı patronları çıxarmışdır. Bir qədər sonra Emin və Rəşid ördək ovlamaq üçün gölün kənarına getməyi təklif etmiş, onlar hazırlaşıb silahlarını götürərək göl istiqamətində piyada getməyə başlamış, fermadan çıxarkən o, çöldə 3, ya da 4 patron silahına qoyub qoruyucunu açıb çaxmağı çəkərək silahı atəşə hazır vəziyyətə gətirmişdir. Gölə tərəf getmək üçün sol tərəfdəki xəndəyi keçmək lazım olmuşdur. Rəşidlə Emin yan-yana ondan irəli getmiş və onlar xəndəyə çatana yaxın çəkdiyi siqareti yerə ataraq orta sürətlə qaça-qaça Eminin yanından keçib xəndəyin yanındakı dar keçiddən keçərkən onun ayağı büdrəmiş və müvazinətini saxlamaq üçün silahdan tutmuşdur. Bu vaxt əli tətiyə dəymiş və silahdan atəş açılmışdır. Atəşdən əvvəl silahını sağ çiynindən asmış və lüləsi yuxarı istiqamətdə olmuşdur. Atəş açıldıqdan sonra geriyə çönəndə görmüşdür ki, silahın lüləsi arxaya doğru əyilmişdir. Emin “sən neynədin” deyib qışqıranda Rəşid də “Ay Allah ürəyimdən dəydi” sözlərini deyərək geriyə doğru yıxılmışdır. O, silahını ataraq Rəşidin yanına qaçmış və sonuncunun gödəkçəsinin sol yuxarı tərəfinə əlini vuranda barmağı qana bulaşmışdır. Silahından açılan atəş nəticəsində Rəşidin yaralandığını anlamışdır. O, Eminlə köməkli şəkildə Rəşidi fermaya tərəf piyada gətirmiş və Rəşidi buraxıb fermaya qaçaraq kömək üçün oradakı şəxslərə baş vermiş hadisə barədə məlumat vermişdir. Rövşən, İkram və Tərlanla birlikdə Emingilin yanına qayıtdıqdan sonra o, Eminlə birlikdə fermaya qaçmış və öz maşınını kənara çəkərək darvazanı açmış, Emin Tərlanın istifadəsində olan “DAEWOO” markalı maşını Rəşidin yanına sürmüş və o da dərhal oraya gəlmişdir. Oradakı şəxslərin köməyi ilə Rəşidi avtomobilin arxa oturacağına mindirmiş və maşına minən zaman Rəşidin əynindəki gödəkçə yerə düşmüşdür. Emin maşının sükanı arxasında, Tərlan isə ön sağ oturacaqda əyləşmişdir. Emingil xəstəxanaya yola düşdükdən sonra o, İkram və Rövşənlə fermaya gəlmiş, İkram ona ayağındakı çəkmələri dəyişməsini bildirmişdir. O, ayaqqabılarını geyindikdən sonra Rövşənin “VAZ 2107” markalı avtomobilinin arxa oturacağında əyləşmiş və Rövşən maşını xəstəxanaya sürmüşdür. İkram isə maşının sağ ön oturacağında əyləşmişdir. Xəstəxanaya çatanda ona məlum olmuşdur ki, Rəşid ölmüşdür. Sonra isə polis əməkdaşları gəlmiş və onlara hadisənin necə baş verdiyini demişdir. Həmçinin bildirdi ki, fermada yeyib-içəndən sonra ov etmək üçün çölə üçü – o, Rəşid və Emin çıxaraq getmişlər, bu zaman o, Rəşid və Emindən təxminən 3-5 metr arxada siqaret çəkərək gəlmiş, sonuncular isə bir-biri ilə yanbayan getməklə aralarında təxminən bir metr məsafə olmuş, o, asta-asta qaçaraq onları keçmək istəmişdir ki, ilk olaraq ovu özü etsin, belə ki, gölə, suya quşlar qonur və o istəmişdir ki, ilk olaraq atəş açıb quşu özü vursun. O, Rəşidgildən əvvəl İkramla gölə gələn zaman quşların olduğunu, lakin suya oturmadıqlarını görmüş və fikirləşmişdirlər ki, quşlar onları görmüşlər, ona görə də qərara gəlmişlər ki, fermaya qayıdaraq bir qədər sonra yenidən gölə gələrlər. Buna görə də o, Rəşid və Eminlə gölə ov üçün gedəndə orada quşların olacağına əmin olmuş və buna görə də dar cığır olduğundan sonuncuları keçib ilk olaraq özü göldə quşları vurmaq istəmişdir. Həmin cığırın sol tərəfi xəndək, sağ tərəfi isə nisbətən hündür təpə olmuş, həmin cığırdan insanın yalnız bir-bir keçməsi mümkün olmuşdur. Göl onun keçən zaman büdrəyərək yıxıldığı cığırdan sonra yerləşir. O, Rəşidlə Emini arxadan qaçaraq sol tərəflərindən keçmiş, həmin zaman Emin sol tərəfdə, Rəşid isə sağ tərəfdə olmuşdur. Həmin zaman silah onun sağ çiynində asılmış, lüləsi isə yuxarı vəziyyətdə olmuş, o, əli ilə silahın heç bir hissəsindən tutmamış, o, qaçaraq cığırdan keçəndə cığırın yanında olan ağacın budağına görə başını əyərək keçəndə sol ayağı cığırın üstündən sürüşmüş və o yıxılan zaman ani reaksiya olaraq tutmaq üçün əli ilə tüfəngindən yapışmış, bu zaman baş barmağı tətiyə basılaraq atəş açılmış, o, geriyə baxanda Emin ona “neylədin!” demiş, Rəşidin arxa-arxaya gedərək yerə yıxıldığını görmüş, o, tez silahını yerə ataraq Rəşidin yanına qaçmış, o və Emin Rəşidi yerdən qaldırmışlar, sonuncu onlara qorxmamalarını, onu tez xəstəxanaya çatdırmalarını demiş, Rəşid öz mobil telefonunu saxlaması üçün Eminə vermiş və telefonu heç kimə verməməsini tapşırmışdır. Onlar Rəşidi təxminən 40-60 metr məsafəyədək apardıqdan sonra Emin ona demişdir ki, qaçıb kömək çağırsın. O, atəş açılan zaman tüfəngini yerə atmış, Emin və o, Rəşidi aparmaq üçün qollarının altına girəndə Rəşid və Emin də silahlarını kənara tullamışlar. O, hadisə yerində silahını gizlətməmiş, sadəcə yerə tullayaraq qaçıb Rəşidi xəstəxanaya aparmışlar, silahı da hadisə yerində qalmış, o, xəstəxanaya çatanda orada ona Rəşidin öldüyünü demişlər, o, xəstəxanada olarkən atasında və digər qohumlarına zəng edərək hadisə barədə məlumat vermiş, İkram və Rövşən isə onların tüfənglərinin sənədləri olmadığı üçün fermaya geri qayıtmışlar ki, silahları gizlətsinlər. O, fermada olduğu vaxtdan xəstəxanaya gəldiyi vaxtadək orada yalnız o atəş açmış, digər şəxs atəş açmamışdır. O, hadisə zamanı silahını gizlətməmiş, cinayətin izlərini itirməyə çalışmamışdır. Belə ki, onun tüfəngindən atəş açılan kimi dərhal Rəşidi götürərək xəstəxanaya gəlmiş, bundan sonra da polis əməkdaşları xəstəxanaya gələrək onu polis şöbəsinə aparmışlar. Onun Rəşidlə arasında heç bir anlaşılmazlıq olmamışdır. O, Rəşidi hadisənin baş verdiyi gün ilk dəfə görərək tanımışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun Emin və Rəşidin arasında olan pul məsələsindən xəbəri olmamış, o, Rəşidi hadisə baş verən gün ilk dəfə olaraq görüb tanımışdır. Onlar fermada otaqda yeyib-içən zaman Rövşən onun və Rəşidin silahındakı patronları çıxarmış və onlara demişdir ki, təhlükəsizlik baxımından otaqda silahı dolu saxlamaq olmaz. O, Rəşid və Emin ov etmək üçün fermadan çölə çıxanda, gölə çatmamış silahlarını patronla doldurmuşlar, o, həm də qoruyucunu açıq vəziyyətdə saxlamışdır. Belə ki, o, həmişə ova gedərkən qoruyucunu əvvəlcədən açıq vəziyyətdə saxlamışdır. Onun sol ayağı sürüşüb yıxılarkən sağ əli ilə tüfəngindən yapışmasının, sağ əlini sağ tərəfdə yerə qoymamasının səbəbi cığırın sol tərəfinin xəndək, sağ tərəfinin isə hündür təpə olması olmuşdur. O, cığırı ağacın budaqlarına görə əyilib keçəndə o tüfəngdən tutmamış, tüfəngin lüləsi onun çiynində arxaya tərəf istiqamətlənmiş, ayağı sürüşərək yıxılanda sağ əli ilə tüfəngdən tutan an barmağı tətiyə dəyərək atəş açılmışdır. Onun hadisə baş verən vaxt, yəni qaranlıq, soyuq hava şəraitində ov etmək fikri olmamışdır, onlar yeyib-içmişlər, hamı sərxoş olmuş, Rəşid onu da ov etmək üçün dəvət etmişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. O, törətdiyi cinayət əməlinə görə çox peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Rəşid Apayev onun doğma qardaşı olmuşdur. Qardaşı Rəşid təxminən 2010-2016-cı illərdə sərhəd qoşunlarının xüsusi təyinatlılarında gizir rütbəsində olmaqla xidmət etmişdir. Hərbidən təxris olunduqdan sonra fərdi əməklə məşğul olmuşdur. Sonuncu dəfə də müharibə vaxtı cəbhədə olmuşdur. Qardaşı Rəşid sonuncu dəfə hadisədən bir gün əvvəl, xx.xx.2023-cü il tarixdə onlarda olmuş, yemək yeyib söhbətləşmişlər, daha sonra isə qardaşını evdən çıxaraq yola salmışdır. Qardaşı həmin vaxt ona ov gedəcəyi barədə heç nə deməmiş, lakin Rəşid telefonla Eminlə həmin gün axşam görüşəcəkləri barədə danışmışlar, sonra isə Eminlə görüşdüklərini bilmiş, bundan sonra o, Rəşidi görməmişdir. O, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, Rəşid Apayev və Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşərək birlikdə ov etmək üçün Xaçmaz rayonunun Laman kəndindəki fermaya getmişlər, orada yeyib-içmişlər, bundan sonra həmin gün axşam saatlarında o, Rəşid və Həmzə ov etmək üçün fermadan çıxaraq gölə tərəf getmişlər, gölə çatmağa az qalmış Həmzə onları keçərək cığırdan ilk olaraq keçmək istəyəndə sonuncunun ayağı büdrəmiş və silahından atəş açılaraq Rəşidə dəymişdir. Həmçinin bildirdi ki, ferma ilə cığırın arasında məsafə təxminən 150-160 metr, göl ilə cığırın arasındakı məsafə isə təxminən 50 metrədək olmuşdur. Hadisə vaxtı o və Rəşid yanbayan getmiş, Həmzə onların arxasınca gəlmiş, cığıra yaxınlaşan zaman Həmzə qaçaraq onların yanından keçmiş və cığırdan keçən zaman ayağı büdrəmiş, Həmzənin silahından atəş açılmış və Rəşidə dəymişdir. Həmzənin qaçaraq onlardan irəli keçməsinin səbəbi gölə ilk olaraq özünün çatmaq istəməsi olmuş, cığırdan sonra gölə isə məsafə az olmuşdur. Hadisə zamanı onların üçündə də silah olmuş, həmin vaxt hər üçünün də silahları çiyinlərinə keçirilmiş, patronla doldurulmuş vəziyyətdə olmuşdur. Hadisə baş verən gün onlar arasında heç bir anlaşılmazlıq, mübahisə olmamış, əksinə, bir-birləri ilə deyibgülmüşlər. Onun Rəşidlə heç bir ədavəti qətiyyən olmamışdır. O, Rəşidlə hadisənin baş verdiyi gündən bir gün əvvəl, axşam təxminən 10-12 radələrində görüşərək yeyib-içmişlər, səhəri gün ova getmək barədə söhbət etmişlər, Rəşid ona Xaçmaz rayonuna gedərək ov etməyi təklif etmiş, o isə Sarısu gölünə getməyi məqsədəuyğun olduğunu bildirmiş, lakin Rəşid israrla Xaçmaz rayonuna getmək istədiyini demişdir, həmin vaxt birlikdə yalnız ikisi olmuşdur. O və Rəşid birlikdə torpaq sahəsi alaraq təsərrüfatla məşğul olmaları barədə fikirləri olmuş, lakin bununla bağlı hər hansı real addım atmamışlar. Rəşid ona maddi çətinliyi olduğunu deyərək borc pul istədiyindən o, öz tanışından 2500 manat alaraq Rəşidə vermişdir. Hadisədən sonra o, İkrama demişdir ki, gedib hadisə yerindən silahları götürüb gizlətsin, çünki onların silahları sənədsiz olmuşdur. Lakin o, silahdan havaya atəş açması barədə heç bir göstəriş, xahiş etməmişdir. Rəşid yaralananda sonuncunu o və Həmzə köməkləşərək bir qədər məsafədə aparmışlar, sonra isə avtomobil ilə xəsatəxanaya aparmışdır. O, Rəşidi hadisə yerindən birbaşa xəstəxanaya aparmışdır. Hadisə baş verəndən sonra xəstəxanada olarkən polis əməkdaşları gələndə Həmzə ilk olaraq özü polis əməkdaşlarına bildirmişdir ki, silah onun əlindən açılaraq Rəşidə dəymişdir, bundan sonra elə oradan Həmzəni polis şöbəsinə aparmışlar. O, hadisədən sonra İkrama gedərək silahdan havaya atəş açması barədə heç bir göstəriş verməmiş, cinayəti gizlətmək üçün heç bir hərəkət etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2013-cü ildən Təqsirləndirilən şəxs tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Həmzə əvvəllər “Koroğlu” metrostansiyasının yanında yerləşən köşkdə satıcı kimi işləmiş, o isə həmin ərəfələr "xxxx" MMC-də ekspeditor işləmiş və mağazalara, köşklərə siqaret paylamışdır. Bundan başqa, onun ovçuluq peşəsinə həvəsi olmuş və arada istifadəsində olan “T 16” markalı qoşalüləli tüfənglə ovçuluq ilə məşğul olmuşdur. Həmin odlu silahın heç bir sənədi yoxdur və qeydiyyatdan keçirilməmişdir. O, ovçular cəmiyyətinin üzvü olmamışdır. X10 6-7 il əvvəldən tanımış və sonuncu ilə arasında dostluq münasibətləri olmuşdur. Belə ki, Rəşidlə bir yerdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Təhsil” idman mərkəzində idmanla məşğul olan vaxt tanış olmuş, Rəşid mehriban, sakit, yaxşı biri olmuşdur. Rəşid əvvəllər DSX-nin Mərdəkanda yerləşən, hazırda nömrəsini xatırlamadığı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və İİ Qarabağ müharibəsindən sonra ordu sıralarından ehtiyata buraxılmışdır. Rəşid İİ Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə medallarla təltif edilmişdir. Xaçmaz rayonu, Laman kəndi ərazisində ona məxsus ferma və fermanın binası ilə birlikdə 18 ha torpaq sahəsi var. Ferma ilə torpaq sahəsi rəsmi olaraq əmisi oğlu Qoşqarın adınadır. O, həmin fermada malqara və xırda buynuzlu heyvan saxlamasa da, torpaq sahəsində yonca və taxıl əkdirmişdir. Fermaya nəzarəti Laman kənd sakini, dostu Şahid2 həvalə etmiş və fermanın qapısının açarları sonuncuda olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “Sarayev” adlı restoranda Rəşidlə görüşüb viski içib söhbət edən zaman sonuncu, Xaçmazdakı fermaya gedib ördək ovlamaq istədiyini ona bildirmiş və bir yerdə getməyi ona təklif etmişdir. Onun fermasının yaxınlığında göl var və o, Rəşidlə, eləcə də digər dostları ilə bir neçə dəfə gölə gedib ördək ovlamışdır. O, Rəşidin təklifini qəbul edib səhəri gün sonuncuya məlumat verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Həmzəyə zəng edərək bir yerdə Xaçmaza gedib ördək ovlamağı təklif etmiş və yaşadığı evin ünvanını sonuncuya izah etmişdir. Bir müddət sonra Həmzə istifadəsində olan “Toyota Prius” markalı avtomobillə onun yaşadığı evin qarşısına gəlmiş, Həmzə gəldikdən sonra sonuncuya dostu olan Rəşidin də oraya gələcəyini və onlarla bir yerdə rayona gedəcəyini bildirmişdir. Həmzə isə Rəşidin gəlməsinə etiraz etməmişdir. Bir müddət sonra Rəşid əlində çanta ilə onun yaşadığı evin qarşısına gəlmiş, Rəşid gəlib onlarla görüşmüş və Rəşidi Həmzə ilə tanış etmişdir. Həmzə ilə Rəşidin əvvəllər arasında heç bir tanışlıq olmamış və hər ikisi ilk dəfə imiş ki, bir-birilərini görmüşlər. Rəşid çantasını Həmzənin maşınının baqajına qoyduqdan sonra maşının ön oturacağında, o isə arxada əyləşmiş, Həmzə sükan arxasına əyləşərək maşını ilk öncə 28 May küçəsində yerləşən ovçular mağazasına sürmüş, ovçular mağazasından 2 qutu 16 kalibrli patron, Həmzə isə 1 qutu 12 kalibrli patron almışdır. Bundan sonra Həmzə baqajındakı gülləri “Şamaxinka” adlanan ərazidə fəaliyyət göstərən taksilərlə Qusar və Şirvan şəhərlərinə yola salmışdır. Həmzə daha sonra maşını evlərinə sürmüş və o, Həmzə ilə birlikdə yuxarıya qalxmışdır. Qapının qarşısında Həmzənin anası ilə görüşmüş, lakin mənzilə daxil olmamışdır. Həmzə isə mənzilə daxil olub təklüləli ov tüfəngini götürdükdən sonra onunla bir yerdə aşağıya düşmüşdür. Rəşid həmin vaxt binanın həyətində onları gözləmiş, daha sonra onlar maşına əyləşmiş və bazarlıq edərək yola düşmüşlər. Yola çıxdıqdan sonra o, dostu Tərlana zəng edib 3 kq mal əti almağını sonuncuya tapşırmışdır. Onlar saat 16 radələrində yola çıxmış və yol qarlı olduğu üçün 3 saat ərzində Xaçmaz rayonu, Laman kəndi ərazisinə çatmışlar. Laman kəndinə dönən tərəfdə yolun sağında Həmzə maşını saxlamış və Rəşid telefonla danışacağını, piyada özü fermaya gedəcəyini demişdir. O da Rəşidin İkramgilin evinin yanına getməsini və birazdan oraya gələcəyini demiş, daha sonra Həmzə maşını xeyli irəli sürmüş və yolun kənarında fəaliyyət göstərən mağazadan bazarlıq edib spirtli içki olan araqları almışlar. Mağazadan çıxdıqdan sonra İkramgilə gedib sonuncunu da götürərək fermaya yola düşmüş, onlar fermaya çatanda Rəşid artıq fermaya yaxınlaşmışdır. Fermaya çatdıqdan sonra yüklərini yerbəyer edib yeyib-içməyə başlamış, bir müddət sonra Tərlan da ət alıb gətirmiş və yemək bişirib məclislərinə davam etmişlər. Daha sonra Rövşən də fermaya gəlib onlara qoşulmuş, orada olan hamı spirtli içki qəbul etmişdir. Saat 23 radələrində gölün kənarına gedib ördək ovlamaq qərarına gəlmişlər. O, Rəşid və Həmzə hazırlaşıb göl istiqamətində yola düşmüş, o, istifadəsində olan, lülələri üstüstə yerləşən qoşalüləli ov tüfəngini. Həmzə təklüləli silahını, Rəşid isə lülələri yan-yana yerləşən tüfəngini götürmüşdür. Gölə gedən yol qarlı, hava isə qaranlıq olmuşdur. Ancaq qarın parıltısından işıq vurmuş, həmçinin ayın işıltısından da qarşılarını görmüşlər. O, silahını sağ çiyin nahiyəsindən asmış və əli ilə tutmuşdur. Yolboyu Rəşidlə arasında maksimum 1 metr olmaqla yanbayan getmişdir. Həmzə isə onlardan nisbətən arxada hərəkət etmiş, gölə yaxınlaşanda yolun sol tərəfində yerləşən xəndəyin kənarındakı keçiddən keçməyə az qalmış Həmzə qaça-qaça onları ötüb nisbətən hündürə qalxmış və dar keçiddən keçərkən ayağı büdrəmişdir. Həmzə ayağı büdrəyən zaman silahın lüləsi arxaya doğru istiqamətlənmiş və Həmzə əli ilə silahdan tutanda atəş açılmışdır. Silahdan atəş açılanda Rəşid Həmzə ilə paralel istiqamətdə arxada dayanmış, lakin onların arasında nə qədər məsafə olduğunu dəqiq xatırlamır. O isə Rəşiddən 0,5-1 metr sol tərəfdə olmuş, silahdan atəş açılanda Rəşid “Ay Allah ürəyimdən dəydi” sözlərini deyib beli üstə yerə yıxılmış, Həmzə isə qaça-qaça geriyə, yəni Rəşidin yanına gəlmişdir. Həmin vaxt Həmzə şokda olmuş və həyəcanlandığından nə edəcəyini bilməmişdir. Həmzə ilə köməkli şəkildə Rəşidin qoluna girib sonuncunu fermaya doğru piyada aparmışlar. Rəşid cüssəli olduğundan onların taqətləri qalmamış və onlar Rəşidi buraxıb fermaya qaçaraq oradakı şəxsləri səsləyib çağırmışlar. Fermadan İkram, Rövşən və Tərlan köməyə gəlmiş, daha sonra o, qaçaraq Tərlanın istifadəsində olan “DAEWOO” markalı avtomobili Rəşidin dayandığı yerə gətirmiş və köməkli şəkildə sonuncunu maşının arxa oturacağına uzatmışlar. Maşına mindirərkən Rəşidin əynindəki gödəkçə çıxaraq yerə düşmüş, maşının ön oturacağında Tərlan əyləşmiş, o isə sükan arxasına keçərək maşını sürətlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına doğru idarə etməyə başlamışdır. Artıq fermanın çıxışında Rəşidin səsinin gəlmədiyini görmüş, xəstəxanaya çatdıqdan sonra həkimlər də Rəşidi müayinə edib artıq sonuncunun öldüyünü onlara demişlər. Bir müddət sonra İkram, Rövşən və Həmzə də xəstəxanaya gəlmiş, Həmzəyə Rəşidin öldüyünü dedikdən sonra sonuncu daha da həyəcanlanmış və qışqıraraq “Ay Allah mən neyniyəcəm?” sözlərini deyib əlləri ilə başına döymüşdür. Hadisə günü fermada yeyib-içərkən, habelə gölə doğru gedərkən yolda Rəşid Apayevlə onun arasında mübahisə olmamış, həmçinin Həmzə ilə Rəşidin də arasında mübahisə olmamışdır. Silahdan atəş açılan vaxt Rəşid ondan təxminən 0,5-1 metr məsafə sağda olmuşdur. Lakin həmin vaxt Rəşidlə Həmzənin arasında nə qədər məsafənin olmasını dəqiq xatırlamır. Gölə doğru gedərkən hadisə baş verən anadək o və Rəşid silahlarından atəş açmamışlar. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün onlar fermada oturaraq yeyib-içmişlər. Sonra isə Rəşid, Həmzə və Emin qalxaraq orada yerləşən göldə ördək ovu etmək üçün otaqdan çölə çıxmışlar. Bu zaman o, onlara axşam 11-dən sonra quş olmadığını, axşamüstü və səhər tezdən olduğunu bildirmiş, onlar isə bekarçılıq olduğunu, elə-belə gedərək baxacaqlarını demişlər və çıxıb getmişlər. Onlar getdikdən sonra o, Tərlan və Rövşən isə otaqda çay içmişlər. Təxminən 20 dəqiqə sonra o, çölə çıxmışdır ki, qaynamaq üçün qoyduğu samovara baxsın, bu zaman qışqırıq səsi gəldiyini eşitmiş, qışqırıq səsinin daha da yaxınlaşdığını eşitmiş, o, otağa daxil olaraq Tərlan və Rövşənə bu barədə bildirmiş və onlar üçü də dərhal otaqdan çölə çıxaraq tikanlı məftildən olan çəpərin üzərindən aşaraq səs gələn tərəfə qaçmışlar və gedib görmüşlər ki, Rəşid yerdə uzanmış, Emin və Həmzə də yanında olmuşdur. Onlar Həmzəgildən nə baş verdiyini soruşduqda, sonuncular tüfəngin açılaraq Rəşidə dəydiyini bildirmiş, onlar Rəşidi qaldıraraq təxminən 20-30 metr aparmışlar, Rəşidin çəkisi ağır olmuş, onla dayanmışlar və bu zaman Rəşid özü ayaqüstə dayanmış, lakin yenidən yerə çökmüş və onlara demişdir ki, onu sürüyərək aparsınlar. Bundan sonra o, Eminlə Həmzəyə demişdir ki, tez gedib avtomobili sürərək və odeyal da götürərək yanlarına qayıtsınlar, sonuncular da qaçaraq fermaya tərəf getmişlər, o, Tərlan və Rövşən isə Rəşidin qollarının altından tutaraq sonuncunu təxminən daha 20-30 metr də fermaya tərəf aparmışlar. Həmzəgil avtomobil ilə onların yanına gəlmiş, onlar Rəşidi qaldıraraq avtomobilin arxa oturacağına uzatmaq istəyəndə Rəşidin əynində olan kurtka sürüşüb əynindən çıxmış, əynindəki köynək bədənindən yuxarı qalxdıqda görmüşdür ki, sinə tərəfində dərisinin altından piy-ət kimi nəsə çölə çıxmışdır. Rəşidi avtomobilə uzadandan sonra onlar avtomobili fermadan, təmiz yola çıxanadək itələyərək çıxarıb xəstəxanaya yola salmışlar, həmin vaxt yerdə təxminən 20-30 sm qar olmuşdur. O, Rövşən və Həmzə də Rəşidgilin arxasınca təxminən 10 dəqiqə sonra çıxaraq getmişlər. Onlar xəstəxanaya çatanda Emingil onlara demişdir ki, Rəşid ölmüşdür. Emin ona demişdir ki, fermaya qayıdaraq onların silahları sənədsiz olduğundan həmin silahları gizlətsin, o və Rövşən fermaya qayıdaraq həmin silahları gizlətmiş və onlar yenidən qayıdaraq xəstəxanaya getmişlər, oradan da polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Həmçinin bildirdi ki, onların fermada yığışmalarının səbəbi qonaq gəldikləri üçün yeyibiçmək olmuş, hətta Rəşid Apayev hadisədən iki gün əvvəl, ayın 9-u da Araz adlı dostu ilə fermaya qonaq gəlmişdir, çatmazdan əvvəl Rəşid ona zəng edərək dostu ilə qonaq gəldiyini demiş və ondan yeyib-içmək təşkil etməyi xahiş etmişdir. O, Həmzənin Eminin dostu olmasını bilmiş, bundan başqa Həmzə təxminən iki-üç il əvvəl də fermaya gələrək bir həftəyədək qalmış və sonuncu dəfə də hadisə vaxtı fermaya gəlmişdir, yəni o, Həmzəni belə tanımışdır. Rəşidlə Həmzənin arasında heç bir mübahisə, anlaşılmazlıq olmamışdır. Əvvəlcə o və Həmzə gölə getmiş, 10 dəqiqə orada dayanıb quş olmadığını görüb qayıdıb fermaya gəlmişlər, yemək hazır olmuş, orada olanlar araq almağa getmişlər, otaqda o və Rəşid qalmış, Rəşid ona ürəyinin sıxıldığını, çıxaraq ov üçün gölə getməyi demiş, o, Rəşidə soyuq olduğunu, havanın ov üçün əlverişli olmadığını bildirmiş, Rəşid israr etmiş, lakin araq almaq üçün gedənlər qayıdıb gəldiklərindən o və Rəşid birlikdə gölə getməmiş, yeyibiçmişlər. Bundan sonra Rəşid, Emin, Həmzə ov üçün çölə çıxmışlar, onu da onlarla getməyə dəvət etmişlər, o, soyuq olduğunu bildirmiş, onlara da getməyi məsləhət görməmişdir. Onlar Rəşidi avtomobilə mindirənədək sağ olmuşdur. Hadisə baş verməzdən əvvəl Rəşid Həmzədən sonuncunun tüfəngi ilə havaya atəş açıb yoxlamış və demişdir ki, yaxşı tüfəngdir. O, onun ibtidai istintaqdakı ifadəsində Eminin göstərişi ilə Rəşidin silahından atəş açmasına dair xüsusatla razı deyildir, belə ki, Emin ona belə bir göstəriş verməmiş, o, Emin ona silahları gizlətməsi barədə dedikdə o, fermaya gələrək silahları götürüb kənara tullamış, Rəşidin silahını da götürərək tullamışdır, ola bilsin ki, silahdan həmin vaxt atəş açılmış, o, həmin vaxt sərxoş olduğundan silahdan atəş açılıb-açılmadığını xatırlamır. O, hadisə ilə əlaqədar bir müddət özündə olmamış, stressli olmuş, ifadələrini oxumadan imzalamışdır. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 təxminən 2018-ci ildən tanıyır. Eminin Xaçmaz rayonu, Laman kəndində yerləşən ferması var. Həmin ferma onun yaşadığı evdən 500 metr aralıda yerləşir. 2018-ci ildən həmin fermanı ayda 350 manat məvacib qarşılığında mühafizə edir. Emin ay ərzində bir neçə dəfə fermaya tək, bəzən isə dostları ilə gəlib orada yeyib-içirlər. Eminin sayəsində sonuncunun dostları Təqsirləndirilən şəxs və X10 tanımışdır. Onun Həmzəyə nisbətən Rəşidlə arasında daha yaxın münasibəti olmuş, hər ikisi ilə arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Rəşid Apayev ona zəng edərək Xaçmaz rayonu, Laman kəndində yerləşən onun mühafizə etdiyi Eminə məxsus olan fermaya dostu ilə gələcəyini, onun bank kartına 50 manat məbləğində pul atacağını, bu pulla ərzaqlar alaraq yemək bişirib hazır etməsini bildirmişdir. Daha sonra o, marketə gedərək ərzaq almış və yeməkləri hazır etmişdir. Rəşid dostu Araz adlı şəxs ilə axşam saatlarında fermaya gəlmiş, onlar yemək yeyib, spirtli içki qəbul etdikdən sonra fermada yatmışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında onlar fermanı tərk etmişlər. xx.xx.2023-cü il tarixdə Şahid1 ona zəng edərək Xaçmaz rayonunda havanın necə olmasını soruşmuş, o, qar yağmadığını, lakin yerdə qar olduğunu Eminə demişdir. Həmin vaxt Rəşid telefonu götürərək ondan hal-əhval tutmuş, daha sonra isə sağollaşmışdır. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Emin yenidən ona zəng edib Xaçmaz rayonunda havanın necə olmasını soruşmuş, o isə qar yağdı dedikdə Emin Həmzə ilə birlikdə Xaçmaz rayonuna gələcəyini bildirmişdir. Bir müddət sonra o, Eminə zəng etdikdə sonuncu, hələ Bakıda olduğunu, birazdan Həmzə ilə birlikdə Xaçmaz rayonuna doğru yola düşəcəklərini demişdir. Həmin gün saat 17 radələrində Emin ona yenidən zəng edəndə evdən ərzaq götürərək fermaya aparmasını, onların isə artıq “Vahidoğlu” marketdə olduğunu, qısa müddət ərzində gələcəklərini. Rəşidin isə piyada gəldiyini demişdir. Emingil təxminən 20 dəqiqə sonra onun yaşadığ evə çatmışdır. O, evdən turşu, kompot və su götürmüş və fermaya doğru getmişlər. Fermanın yaxınlığında yolun kənarında Rəşidi görmüş, Rəşid maşının arxa oturacağında əyləşmiş və onlar yollarına davam etmişlər. Fermaya çatdıqda Rəşid Həmzənin silahını yoxlamaq məqsədilə havaya atəş açmış, o, həmin vaxt fermanın daxilində olmuşdur. Həmin vaxt Emin gölün kənarına gedərək ördək ovlamaq istədiyini demişdir. O, Eminlə razılaşaraq oraya getmişlər. Lakin onlar gölün kənarına getdikdə çox az ördək olmuş, quşların heç biri yerə qonmadığından ördək ovlaya bilməyəcəyini görərək fermaya geri qayıtmışlar. Fermaya qayıdandan sonra fermadakı otaqların birindəki stolda məclislərini qurub ərzaqları yerbəyer edərək spirtli içki qəbul etməyə başlamış, onunla birlikdə Həmzə, Emin və Rəşid spirtli içki qəbul etmişdir. Tərlan onlara ət alıb gələcəyini söz vemiş, bir müddət sonra Tərlan gəlmiş və Emin Tərlanın gətirdiyi ətlə buğlama bişirmiş, yeyib-içməyə davam etmişdir. Bir müddət sonra “Vaz 2107” markalı avtomobillə Şahid3 fermaya gəlmiş, sonra Emin ilə Rəşid ördək ovlamaq üçün gölün kənarına getməyi təklif etmişdir. Həmzə, Emin və Rəşid birlikdə ördək ovlamağa getmişdir. O, Tərlan və Rövşən isə fermada qalmış, təxminən 15 dəqiqə sonra Həmzə həyəcanlı şəkildə fermaya gələrək Rəşidin vurulduğunu demişdir. Onlar dərhal hadisənin baş verdiyi yerə getmiş. Rəşidi fermaya doğru aparmaq istəyəndə Emin ilə Həmzə fermaya qayıdaraq Tərlanın istifadəsində olan “DAEWOO” markalı avtomobilini Rəşidin yanına sürmüşlər. Oradakı şəxslərin köməyi ilə Rəşidi avtomobilin arxa oturacağına mindirmiş və avtomobilə minən zaman Rəşidin əynindəki gödəkçə yerə düşmüşdür. Emin avtomobilin sükanı arxasında. Tərlan isə ön sağ oturacaqda əyləşmişdir. O, Həmzə və Rövşən ilə birlikdə sonuncuya məxsus “Vaz 2107” markalı avtomobil ilə Xaçmaz RMX-na getmişdir. Onlar oraya çatdıqda Rəşidin artıq öldüyünü bilmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün işdə olmuş və həmin vaxt Emin ona zəng edərək Xaçmaz rayonunun Laman kəndində olan fermaya qonaqları ilə gəldiyini deyərək onun da ət alaraq fermaya gəlməsini xahiş etmişdir. O, işdən çıxaraq ət alıb həmin fermaya getmişdir. Onlar fermada oturmuşlar, həmin gün yeyib-içəcəklərini, ova isə səhər çıxacaqlarını planlaşdırmışlar. Lakin həmin axşam saat 11- 12 radələrində Rəşid, Həmzə və Emin fermanın yaxınlığında olan gölə gedərək ov etmək qərarına gəlmişlər və həmin şəxslər tüfənglərini götürərək çölə çıxıb göl tərəfə getmişlər. O, Rövşən və İkram isə fermada qalmışlar. 10-15 dəqiqə sonra İkram samovardan onlar üçün çay süzməyə görə fermadan çölə çıxmış və qayıdaraq çöldən atəş səsi və qışqırıq səsi gəldiyini, kiməsə atəş açıldığını onlara demiş, onlar çölə çıxdıqda qışqırıq səsi gəldiyini eşitmişlər, qışqıraraq “Tərlan, maşını sür gəl” demişlər. Onun da avtomobilinin qarşısında Həmzənin avtomobili saxlanıldığı üçün o, avtomobilini idarə edə bilməmiş, ona görə də qaçaraq hadisə yerinə getmiş və görmüşdür ki, Rəşid yerdə uzanmış vəziyyətdir, Həmzə ilə Emin də sonuncunun yanında olmuşlar. O, Həmzəyə qışqıraraq demişdir ki, avtomobilini onun avtomobilinin qarşısından çəksin və o, avtomobilinin açarlarını Eminə vermiş, Eminlə Həmzə avtomobili gətirmək üçün fermaya doğru qaçaraq getmişlər. O, Rövşən və İkram avtomobil gələnə kimi Rəşidi imkan olduqca avtomobilin gələcəyi tərəfə apararaq yaxınlaşdırmışlar. Onların Rəşidə gücləri çatmamış, Rəşidi apararkən sonuncu özü bir dəfə ayaqüstə qalxmış və yenidən yerə oturmuşdur. Emin onun avtomobilini idarə edərək onların yanına gəlmiş, onlar Rəşidi qaldıraraq avtomobilinin arxa oturacağına qoymuşlar. O, avtomobilinin qabaq sərnişin tərəfində oturmuş, Emin isə avtomobili idarə etmiş və onlar Rəşidi xəstəxanaya aparmışlar, həmin vaxtadək o, hadisənin necə baş verməsi barədə heç nə bilməmiş, xəstəxananın həyətindən Rəşidi xəstəxanaya çıxarmışlar, o və Emin həyətdə olduqları vaxt polis əməkdaşları, Həmzə də gəlmiş və bu zaman Həmzə onlara demişdir ki, tüfəng onun əlində açılmışdır. Həmçinin bildirdi ki, o, hadisə zamanı güllə səsi eşitməmişdir. O, hadisə yerinə çatanda Rəşid hələ sağ olmuş, sonuncu asta səslə onlara onu sürüyərək aparmalarını demişdir. Hadisə günü fermada olduqları vaxt onlar arasında heç bir mübahisə baş verməmişdir. O, polis şöbəsində olan zaman hadisənin Həmzənin qaçaraq cığırdan keçmək istəyərkən ayağının büdrəməsi və bu zaman silahından yapışanda atəşin açılaraq Rəşidə dəyməsini bilmişdir. Onlar hadisədən əvvəl fermada otaqda olduqları zaman Rövşənin otaqda silahlara baxdığını görmüş, lakin silahları boşaltmasına diqqət yetirməmişdir. Rəşidi avtomobillə xəstəxanaya apararkən sonuncu, yolda heç nə danışmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, X10 təxminən 1 il əvvəldən tanımışdır. Belə ki, sonuncu ilə arasında tanışlıq Şahid2 vasitəsilə yaranmışdır. İkram Xaçmaz rayonu Laman kəndi ərazisində Şahid1 məxsus fermaya nəzarət edir. Rəşid də Eminin yaxın dostudur. Rəşidlə 2-3 dəfə məclisdə olub yeyib-içmişlər. Lakin Rəşidlə arasında yaxın dostluq münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evin həyətində yerləşən tövlənin təmizliyi işini görərkən Emin onun istifadəsində olan mobil telefona zəng etmiş və o, iş gördüyü üçün əlinin çirkli olması səbəbindən zəngə cavab verə bilməmişdir. Həmin gün saat 18 radələrinə kimi işlərini yekunlaşdırdıqdan sonra Rəşid ona zəng edərək Eminlə birlikdə ov etmək üçün sonuncunun Xaçmaz rayonu Laman kəndi ərazisində yerləşən fermasına gəldiyini deyərək ova gedən zaman geyinməsi üçün uzunboğaz rezin çəkməni gətirməsini ondan xahiş etmişdir. O, çəkmələri gətirəcəyini demiş və Rəşidlə telefonda olan söhbəti yekunlaşmışdır. Saat 22 radələrində ailəsi ilə birlikdə şam yeməyini yedikdən sonra bir cüt uzunboğaz rezin çəkməni götürüb istifadəsində olan yuxarıda qeyd etdiyi avtomobillə Eminin kənddəki fermasına yola düşmüşdür. O, gedib fermaya çatanda giriş qapısından daxil olanda qarşıda görünən otaqda artıq içki məclisi qurulmuş və masanın ətrafında Emin, İkram, Tərlan və Eminin ilk dəfə gördüyü Həmzə adlı dostu əyləşmişdir. O, hamı ilə bir-bir görüşüb Həmzə ilə də tanış olmuş. Rəşid isə digər otaqdakı çarpayıda uzanmışdır. O.,Rəşidlə də görüşüb sonuncunun dediyi çəkmələri gətirdiyini bildirmiş, otağı gəzib silahlara baxanda təklüləli ov tüfəngini görmüş və Həmzə həmin silahın özünə məxsus olduğunu demişdir. O, silahın çaxmağını çəkəndə içərisində 3, ya da 4 patronu görüb dolu vəziyyətdə otağın içərisində silahı saxlamasını Həmzəyə irad tutmuş və silahı boşaldıb Həmzəyə vermişdir. O, fermaya gəldikdən təxminən 10-15 dəqiqə sonra, yəni saat 23 radələrində Emin, Həmzə və Rəşid hazırlaşıb ov etmək üçün göl istiqamətində getmişdir. Hava şaxtalı olsa da, qar yağmamışdır. Ancaq həmin günün səhəri yağan qar yerdə qalmış və əriməmişdir. Emingil gedərkən Həmzənin öz silahını. Rəşidin də qoşalüləli ov tüfəngini götürüb fermadan çıxdığını görmüş, ancaq Eminin silahını görməmişdir. Bəlkə də Eminin silahı qapının yanında olduğu üçün fikir verməmişdir. O, Tərlan və İkram fermada qalmış, Emingil getdikdən təxminən 10-15 dəqiqə sonra İkram samovarı çölə çıxaranda çöldən qışqırıq səslərini eşidib Tərlanla bir yerdə fermadan bayıra çıxmışdır. Həmzə fermadan bir qədər aralıda ‘Ay Allah, kömək eləyin, öldü” deyərək qışqırıb-bağırmış, qışqırıq səslərini eşidib həyəcanlanmış, İkram və Tərlanla birlikdə səs gələn tərəfə qaçmağa başlamışdır. O, Eminin yanına yaxınlaşanda Rəşidin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmzə istifadəsində olan silahın qəfildən açılaraq Rəşidə dəydiyini bildirmiş, həmin vaxt hər şey bir-birinə qarışmış və nə edəcəklərini bilməmişlər. Emin dərhal qaçaraq Tərlanın istifadəsində olan “DAEWOO” markalı avtomobili Rəşidin yıxılıb qaldığı yerə sürmüş və köməkli şəkildə Rəşidi maşının arxa oturacağına uzatmışlar. Həmin vaxt Rəşid danışmasa da, nəfəs alıb-verməsindən onun yaşadığını bilmişdir. Maşına mindirərkən Rəşidin gödəkçəsi də əynindən çıxıb yerə düşmüş. Emin maşının sükanında. Tərlan isə sağ ön oturacaqda əyləşmiş və hər ikisi Rəşidi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bundan sonra o. Həmzə və İkramla bir yerdə fermaya qayıtmışdır. X14 əyinlərini dəyişmiş və istifadəsində olan avtomobili sürüb onlarla bir yerdə xəstəxanaya getmişdir. Onlar xəstəxanaya çatanda Emin Rəşidin öldüyünü bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, fermaya getdikdən sonra orada, eləcə də fermadan çıxıb ova gedən zaman Şahid1, Rəşid Apayev və Təqsirləndirilən şəxs arasında dava- dalaş, mübahisə olmamışdır. Sonradan öyrənmişdir ki. Həmzə xəndəyin yanından keçib göl istiqamətində gedən zaman sonuncunun silahının lüləsi arxaya doğru çevrilmiş və silahdan açılan atəş nəticəsində mərmi Həmzədən arxada olan Rəşidin ürək nahiyəsinə dəymişdir. Hadisədən sonra Həmzə silahla Rəşidi qəsdən vuraraq öldürməsinə dair heç bir ifadə işlətməmişdir. Həmzənin hadisədən sonrakı davranışlarından, qışqırıb bağırmasından Rəşidi qəsdən vurması mümkün deyildir. Çünki Həmzə çox həyəcanlı olmuş və başını itirmişdir. O, Həmzəni ilk dəfə fermada görmüş, tanışlıqları elə həmin gün yaranmışdır. Buna görə də Həmzə ilə Rəşidin nə kimi münasibətlərinin olub-olmamasını bilmir. Rəşid Apayev ova gedən zaman fermanın qarşısında silahından atəş açmamışdır. Həmçinin bildirdi ki, o, İkram və Tərlan hadisənin baş verdiyi yerə çatanda Rəşidin yerdə uzandığını görmüş, Emin Tərlanın avtomobilini sürərək hadisə yerinə gətirmək üçün qaçaraq getmiş, avtomobil gələnədək onlar Rəşidin qollarının altına girərək qaldırıb bir qədər aparmışlar, lakin gücləri çatmamış, Rəşid onlara onu sürüyərək aparmalarını demiş, hadisə vaxtı Rəşid bundan başqa onlara heç nə deməmişdir. O, fermadakı otağa daxil olduğu qısa müdət sonra Rəşid qalxaraq ova getmələrini təklif etmiş, həmçinin ona da onlarla getməyi təklif etmişdir. Lakin o, ov üçün lazımi geyimdə olmadığından, əynində olan paltarla birbaşa ora gəldiyindən onlarla getməmişdir. O, Həmzəni ilk dəfə hadisə günü fermada görərək tanımışdır, bundan əvvəl görməmişdir. O, fermaya digərlərindən ən gec, saat təxminən 23 radələrində gəlmiş, fermadakı otağa daxil olanda digərlərinin, yəni Həmzənin, Rəşidin, Eminin, İkramın və Tərlanın yeyib-içdiklərini, otaqda tüfənglərin olduğunu görmüşdür. O, Eminin və Rəşidin tüfənglərini tanımış, digər tüfəngi isə, yəni sonradan bildiyi, Həmzəyə məxsus tüfəngi görərək əlinə götürmüş, götürəndə ağır olduğunu hiss etmiş və patronla dolu olduğunu başa düşmüşdür, çünki o özü də ovçudur və uzun illərdir silahdan istifadə edir. O, onlar sərxoş olduqlarından təhlükəsizlik məqsədilə Həmzənin tüfəngində olan patronları çıxararaq silahını boşaldıb götürdüyü yerə qoymuşdur. Bundan sonra Həmzənin tüfəngi otaqda doldurmasını görməmişdir, çölə çıxandan sonra doldurmuşdur. O, idarə etdiyi avtomobili ilə Həmzə və İkramla birlikdə xəstəxanaya çatmış, o, avtomobildən düşərək təcili-tibbi yardım tərəfə, Həmzə və İkram isə Emingilin yanına getmiş, o, Rəşidin öldüyünü bildikdən sonra Emingilin yanına gəldikdə Emin fermaya getmək lazım olduğunu dediyinə görə o və İkram fermaya qayıtmışlar. Onun evi fermaya yaxın, 5-10 dəqiqləlik məsafədə yerləşir, hadisə vaxtı onun paltarları palçığa bataraq bulaşmış, o özü də evinə gedərək əynini dəyişmək istəmiş, İkramla birlikdə fermaya qayıtmışlar, o, İkramı fermada düşürmüş, özü avtomobildən düşməmiş, İkram düşən kimi o da avtomobilini döndərərək evinə getmişdir. Eminin İkrama fermaya getməsini tapşırmasının səbəbini o bilməmişdir və eşitməmişdir, çünki o, təcili tibbi-yardımın olduğu yerdən Emingilin yanına gələndə Emin ola bilsin ki, səbəbini İkrama artıq demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 qızının ifadəsindən müəyyən edilir ki, Rəşid Apayevlə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin birgə nikahdan 2 qız, 1 oğlan övladı dünyaya gəlmişdir. Rəşidlə bir-birlərini sevib evlənmiş, mərhum əri xaraktercə sakit, mehriban, ailəcanlı və qazancını ailəsinə xərcləyən biri olmuşdur. Rəşidin hər hansı psixoloji problemləri olmamış, heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 12:45-də o, oğlu Rəcəbi məktbədən götürüb evə gəlmiş, həmin vaxt Rəşid mobil telefon vasitəsilə dostu Şahid1la danışmışdır. O, Rəşiddən Eminin nə istədyini soruşduqda, Rəşid Eminin ova gedəcəyini, Rəşidi də ova dəvət etdiyini ona bildirmişdir. O, havanın qarlı və çox soyuq olduğuna görə Rəşidə Eminlə birlikdə getməməsini bildirmiş, hətta Rəşidlə mübahisə etmişdir. X20 yox deyə bilmədiyini, ona görə də Eminlə birlikdə ova gedəcəyini ona demişdir. Rəşid daha sonra paltarlarını çantaya yığaraq, taksiyə əyləşib Eminlə görüşə getmişdir. Saat 14 radələrində o, “whatsapp” proqramı vasitəsilə Rəşiddən harada olduğunu soruşduqda, Rəşid Eminlə birlikdə yolda olduğunu, əvvəl Kürdəmir rayonuna getməli olduqlarını, lakin sonradan fikirlərini dəyişərək Xaçmaz rayonuna getdiklərini ona demişdir. Sonra o, Rəşidə Xaçmaz rayonuna çatdıqdan sonra onunla əlaqə saxlamasını bildirmişdir. Saat 16 radələrində o, Rəşidlə əlaqə saxlayıb harada olduğunu soruşmuş, sonuncu Xaçmaz rayonunda yolda olduqlarını, Eminin Laman kəndində yerləşən fermaya gedəcəklərini ona demişdir. O, qızı Cəmiləni oxuduğu məktəbdən götürüb evə gəlmiş, həmin vaxt qardaşı Nurislam onlarda olmuşdur. Axşam saat 20 radələrində “whatsapp” proqramı vasitəsilə Rəşidlə yazışmağa başlamış, Rəşid Emin və sonuncunun dostları ilə birlikdə fermada olduğunu, yeyibiçdiklərini ona demiş, hətta bunla bağlı video çəkib onun mobil telefonuna göndərmişdir. Sonuncu dəfə o. Rəşidlə axşam saat 22 radələrində yenidən yazışmağa başlamış. Rəşid havaların çox soyuq olduğuna görə avtomobilini tez-tez işə salmağını, səhərisi gün Bakıya geri qayıdacağını ona bildirmişdir. Daha sonra Rəşid otaqda siqarət çəkərkən çəkdiyini videonu onun mobil telefonuna göndərərək hər şeyin qaydasında olduğunu, narahat olmamağını, səhəri gün evə qayıdacağını demişdir. xx.xx.2023-cü ildə gecə saat 00:15-də evdə yatdığı vaxt qardaşı Nurislam həyəcanlı halda otağın qapısını açaraq içəri daxil olub Rəşidin ürəyində vurulduğunu, vəziyyətinin pis olduğunu ona demişdir. O, qardaşından Rəşidin vurulmağını kimdən öyrəndiyini soruşduqda, qardaşı Rəşidin vurulması məlumatını dayısı Hacıdan öyrəndiyini demişdir. Bundan sonra o, qardaşına dərhal qayını Əliyara zəng edib məlumat verməsini demişdir. Nurislam Əliyarın mobil telefonuna zəng edərək dərhal evə gəlməsini bildirmişdir. Əliyar ondan nə baş verdiyini soruşduqda Nurislam anası Gülsümün vəziyyətinin pis olduğunu, Xaçmaz gedəcəyini, uşaqlara baxması üçün Ayşəni də Rəşidgilə gətirməsini bildirsə də, o, Nurisiamnm əlindən telefonu alıb Rəşidin ürəyindən vurulduğunu, vəziyyətinin pis olduğunu Əliyara demişdir. Təxminən 10-15 dəqiqə sonra Əliyar onların yaşadığı məhləyə gəlmiş və o, Əliyarın dostu Amidin avtomobilinə minib Xaçmaz rayonuna getmək üçün yola düşmüşlər. Yolda olduqları vaxt Rəşidin qohumu X16 zəng edərək Rəşidin Xaçmaz RMX-nın morqunda olduğunu və morqa gəlməsini bildirmişdir. Xəstəxanaya çatdıqda bütün kənd camaatı orada olmuş. Rəşidin meyiti müayinə edildikdən sonra sonuncunun meyitini təhvil alıb Ağyazı-Buduq kənd qəbirstanlığında dəfn etmişlər. O, Təqsirləndirilən şəxs adını eşitməmiş, bildiyi qədərilə Rəşidlə Həmzənin dostluq münasibəti olmamışdır. Çünki o. Rəşidin dostlarının çoxunu tanıyır. Rəşidin Təqsirləndirilən şəxslə arasında dava-dalaş və mübahisə olduğunu nə eşitmiş, nədə ki, görmüşdür. O, Şahid1la Rəşidin dostluq münasibətinin olduğunu bilir. Hətta 2022-ci ilin noyabr ayının Rəşidlə evlilik il dönümü olduğuna görə onları Emin restorana dəvət etmişdir. Eminlə Rəşidin arasında dava-dalaş və mübahisə olmamışdır. O, Rəşidin qardaşı Əliyardan öyrəndiyinə görə Həmzə xəndəyin yanından keçib göl istiqamətində gedən zaman sonuncunun silahının lüləsi arxaya doğru çevrilmiş və silahdan açılan atəş nəticəsində mərmi Həmzədən arxada olan Rəşidin ürək nahiyəsinə dəymişdir. Rəşid ov həvəskarı olduğundan və tez-tez ova getdiyinə görə özünə məxsus 01 ədəd ov silahının olduğunu görmüşdür. Rəşid silahı heç vaxt evdə saxlamamışdır. Rəşidin Həmzəylə ova getdiyini eşitməmiş, görməmişdir. X21 İsmayılovla tez-tez ova getmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 23:30 radələrində Xaçmaz RMX-nın tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə zəng edərək 1988-ci il təvəllüdlü X5 “Ölü” diaqnozu ilə xəstəxanaya daxil olması və ölünü gətirən şəxslərin ov zamanı Rəşid Apayevin güllə yarası almasını demələri barədə məlumat vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə Xaçmaz rayonunun Laman kəndi ərazisində yerləşən Şahid1 məxsus fermanın yaxınlığındakı gölə gedən yoldur. Fermanın ərazisində bir mərtəbəli yardımçı tikili vardır. Tikilinin qarşısında “Toyota Prius” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İştirakçı Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan avtomobillə Bakı şəhərindən dostu Şahid1 və tanışı X12 ilə birlikdə ov etmək üçün həmin fermaya gəldiklərini və ova getməmişdən əvvəl tikilinin daxilində adlarını çəkdiyi şəxslərlə, o cümlədən Şahid2 və Şahid4 ilə birlikdə yemək yeyərək spirtli içki qəbul etdiklərini bildirmişdir. Qeyd olunan tikiliyə daxil olduqda qarşıda bir ədəd stol və masanın ətrafında isə 5 ədəd stul vardır. Stolun üzərində 01 ədəd “Selected” markalı 0.5 litrlik araq, o cümlədən boşqablar, stəkanlar, turşu bankası və digər məişət əşyaları vardır. Tikilinin giriş qapısına ən yaxın olan sol tərəfdəki otağa baxış keçirdikdə müəyyən olunmuşdur ki, otağın sol tərəfindəki pəncərənin kənarına bir ədəd patron çantası qoyulmuşdur. Patron çantasının içərisində 16 kalibrli 02 ədəd “ZUBER” markalı və 01 ədəd isə “BORNAGHİ” markalı, ümumilikdə 03 ədəd patron vardır. İştirakçı Təqsirləndirilən şəxs qeyd olunan patron çantası ilə patronların Rəşid Apayevə məxsus olduğunu bildirmişdir. Həmin patronlar və patron çantası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Tikilinin digər yerdə qalan iki otağına da baxış keçirilmiş və həmin otaqlarda iş üçün sübut əhəmiyyətə malik ola biləcək predmet və əşya aşkar edilməmiş və götürülməmişdir. Bundan başqa, iştirakçı Təqsirləndirilən şəxs hadisənin göl istiqamətində gedən yolun üzərində olduğunu qeyd etmişdir. Hadisənin baş verdiyi yerə gedərkən fermanın darvazasından göl istiqamətində 170 metr getdikdə yolun sağ tərəfində qarın üzərində bir ədəd qara gödəkçə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin gödəkçənin Rəşid Apayevə məxsus olduğunu bildirmişdir. Gödəkçə tünd göy rəngli olmaqla nisbətən çirklidir. Gödəkçənin ön tərəfində sol hissədə ətəkdən 39 sm, sol tikiş hissəsindən isə 10 sm məsafədə 3x5 sm ölçüdə 01 ədəd zədə vardır. Gödəkçənin üzərində qeyd olunandan başqa digər zədə izi yoxdur. Həmin gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı gödəkçənin yanında üç yerdə qara qarışmış formada qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin ləkələr qarla qarışdığından müvafiq nümunələrin götürülməsi mümkün olmamışdır. İştirakçı Təqsirləndirilən şəxs hadisənin bir az da irəlidə olduğunu demiş və onun göstərdiyi istiqamətdən getdikdə, yəni aşkar edilmiş gödəkçədən 142 metr irəlidə yolun sol tərəfindəki xəndəyin yanından keçərkən o özünün istifadəsində olan silahdan atəş açıldığını bildirmişdir. İştirakçı Təqsirləndirilən şəxs xəndəyin sağ tərəfindən eni 43 sm olan hissədən qaça-qaça keçərkən istifadəsində olan ov tüfənginin sağ çiyin nahiyəsindən asılı vəziyyətdə olduğunu və həmin vaxt qəfildən atəş açılaraq ondan arxada olan Rəşid Apayevin xəsarət aldığını bildirmişdir. Müvafiq ölçmələr zamanı müəyyən olunmuşdur ki, silahdan atəş açılan zaman X17 Həmzəyev arasında 3.40 metr məsafə olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs xəndəyin sağ kənarından keçdiyi yerdə xəndəyin dərinliyi 1.10 metr, eni isə 1.50 metr-dir. Qeyd olunan xəndəkdə lüləsi havaya, qundağı isə torpağa doğru istiqamətlənmiş, xəndəyin sağ tərəfinə söykədilmiş bir ədəd ov tüfəngi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin tüfəngin mərhum Rəşid Apayevə məxsus olduğunu bildirmişdir. Tüfəng qoşalüləli olmaqla lüləsinin uzunluğu 72 sm, ümumi uzunluğu isə 1.24 metrdir. Silahın kəməri parçadan olmaqla ağ rənglidir. Silahı boşaltdıqda lüləsindən 1 ədəd patron və 1 ədəd giliz aşkar edilmişdir. Patronun üzərinə “ZUBER” və gilizin üzərinə isə “BORNAGHİ” sözləri yazılmışdır. Gilizin flaneç hissəsinə “16” rəqəmi həkk olunmuşdur və pistonluq hissəsində isə vurucu mexanizminin izi müşahidə edilir. Silah söküldükdə silahın markasının Baikal İJ-27, nömrəsinin isə K-02736 olması müəyyən edilmişdir. Qeyd olunan odlu silah müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin tüfəngdən 19 metr irəliyə, yəni göl istiqamətində getdikdə qarın üzərindəki yaranmış cığırdan 24 sm sağ tərəfdə lüləsi gölə, qundağı isə xəndəyə doğru istiqamətlənmiş şəkildə qarın üzərində qoşalüləli ov tüfəngi aşkar edilmişdir. Həmin tüfəng təklüləli olmaqla lüləsinin uzunluğu 73 sm, ümumi uzunluğu isə 1.24 metrdir. Silahın kəməri parçadan olmaqla yaşıl rənglidir. Silahı boşaltdıqda patron yuvasından 3 ədəd patron və 1 ədəd giliz aşkar edilmişdir. Patronların və gilizin üzərində “F2 classic B&P” söz və rəqəmləri yazılmışdır. Flaneç hissəsində “12” rəqəmi həkk olunmuşdur və pistonluq hissəsində isə vurucu mexanizminin izi müşahidə edilir. Silah söküldükdə silahın markasının MЦ 21-12, nömrəsinin isə 939677 olması müəyyən edilmiş və həmin silah, 03 ədəd patron və 01 ədəd giliz müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin silahın özünə məxsus olduğunu qeyd etmişdir. Qarın üzərində ayaq izlərindən yaranmış cığırla göl istiqamətində gedilmiş və iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bundan əlavə, iştirakçı Təqsirləndirilən şəxs hadisə zamanı dostu Şahid1 da onların yanında olduğunu və sonuncunun da üzərində qoşalüləli ov tüfənginin olduğunu bildirmişdir. Lakin hadisənin baş verdiy yerdə, eləcə də hadisə yerinə yaxın ərazilərdə ov tüfəngi aşkar edilməmişdir. İş materiallarında olan “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 məxsus Xaçmaz rayonunun Laman kəndi ərazisində yerləşən fermanın darvazasından 247 metr göl istiqamətində, yəni hadisənin baş verdiyi yerə doğru getdikdə iştirakçı Şahid2 yolun sol tərəfindəki xəndəyin kənarında xəndək boyu uzanan təpəciyi göstərib Şahid1 məxsus qoşalüləli ov tüfəngini həmin istiqamətdə atdığını bildirmişdir. Xəndəyin kənarından Şahid2 göstərdiyi yerə keçib xəndəkdən 26 metr göl istiqamətində hərəkət etdikdə kolluqların dibində 01 ədəd lülələri yanyana yerləşən qoşalüləli ov tüfəngi aşkar edilmişdir. Tüfəngə baxış zamanı silahın içərisinin boş olduğu müəyyən edilmişdir. Həmin silah 1965-ci il istehsal tarixlidir, nömrəsi isə 39281-dir. Silahın markasını müəyyən etmək mümkün olmamışdır. Şahid1 qeyd olunan silahın özünə məxsus olduğu bildirmişdir. Həmin sialh müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, iştirakçı Şahid2 aşkar edilən silahdan 130 metr, fermadan isə 67 metr məsafədə kolluqların arasındakı silahı təqdim edərək qeyd olunan tüfəngin Rəşid Apayevə məxsus olduğunu bildirmişdir. Həmin silah qoşalüləlidir. Tüfəngə baxış zamanı silahın içərisinin boş olduğu müəyyən edilmişdir. 1964-cü il stehsal tarixli olmaqla nömrəsi 63980-dir. Silahın markasını müəyyən etmək mümkün olmamışdır. Silahın yanında içərisində giliz və patronlar olan torba aşkar olunmuşdur. İştirakçı Şahid2 Şahid1 silahından çıxardığı 2 ədəd patronu qeyd olunan torbanın içərisinə atdığını bildirmişdir. Torbanın içərisinə baxış zamanı torbada “MESCO” markalı, 16 kalibrli 14 ədəd patron, “ZUBER” markalı, 16 kalibrli 02 ədəd patron, “STERLİNG” markalı, 16 kalibrli 01 ədəd patron, ümumilikdə isə 17 ədəd patron olmuşdur. Bundan əlavə, torbada BORNAGHİ” markalı, 16 kalibrli 9 ədəd giliz, “ZUBER” markalı, 16 kalibrli 9 ədəd giliz, “TUNET” markalı, 16 kalibrli 3 ədəd giliz, “STERLİNG” markalı, 16 kalibrli 3 ədəd giliz, “AZOT” markalı, 12 kalibrli 01 ədəd giliz, “STERLİNG” markalı, 12 kalibrli 01 ədəd giliz, “F2 classic B&P” markalı, 12 kalibrli 1 ədəd giliz, ümumilikdə 27 ədəd giliz aşkar olunmuşdur. Qeyd olunan silah, patronlar və gilizlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Meyitə xarici baxış keçirilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, meyitin bədən səthində aşağıdakı xəsarətlər - döş qəfəsinin sol-ön tərəfində məmə xətti üzrə İV qabırğa səviyyəsində 6x5 ölçüdə kənarları didilmiş dəri deffekti ilə döş boşluğuna nüfuz edən bir ədəd yara vardır. Meyitin əynində olan 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı, 01 ədəd tuman, 01 cüt çəkmə və 01 ədəd saat müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Xaçmaz rayon şöbəsinin 28 yanvar 2023-cü il tarixli, 04 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1988-ci il təvəllüdlü X5 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur - döş qəfəsinin ön-sol səthində məmə xətti üzrə İV qabırğa səviyyəsində bir ədəd, döş boşluğuna işləyərək, ürəyi, sol ağ ciyəri və mədəni zədələmiş kor qırmalı odlu silah yarası. Göstərilən yara həyati olub, ölümündən az əvvəl qırmalı odlu silahdan yaxın məsafədən açılmış atəşin təsirindən törənmişdir. Daxili boşluqlara işlənmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. R.N.Apayevin ölümünə səbəb almış olduğu xəsarət nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il saat 02:00-dan 03:30-dək) 3-5 saat əvvələ uyğun gəlir. R.N.Apayevin bədənində olan yaranın yerləşmə yeri öndən-arxaya, soldan-sağa, qismən yuxarıdan-aşağı olmasına görə demək olar ki, atəş açılan zaman R.N.Apayevin bədənində ön səthi atəş açılan istiqamətə doğru olmuşdur. R.N.Apayevin meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli, 3/110, 3/111, 3/112, 3/113 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli, “939677” №-li “MЦ 21-12” markalı, yivsiz təklüləli odlu ov tüfəngidir, üzərində təyinatını dəyişməsinə səbəb olan hər hansı dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəşə yararlıdır və tətiyi çəkmədən atəş açılmır. Təqdim edilən silahdan bir neçə dəfə atəş açarkən ilk və ya sonrakı atışlar zamanı silahda hər hansı tutulma baş vermir. Zavod üsulu ilə hazırlanmış patronlardan istifadə olunmaqla (patronlara doldurulmuş qırmaların diametri, sayı və s. nəzərə almaqla) atəş açılarkən silahın lüləsinin ağızlıq kəsiyindən başlayaraq təxminən qırmalar 2 metr məsafəyədək yığcam halda kompakt şəkildə yayılmadan hərəkət ədir, 2 metrdən 3-5 metrə qədər məsafədə nisbətən yığcam kiçik radiusda yayılır, 3-5 məsafədən başlayaraq zədənin yayılma sahəsi artıq genişlənir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun zavod üsulu ilə hazırlanmış hissəsidir-gilizidir. Həmin giliz “939677” №-li, “MЦ 21-12” markalı odlu ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd plastmas predmet 12 kalibrli, yivsiz odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissəsidirpolietilen (“konteyner” tipli) tıxacdır. Həmin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri tıxacın hədəfə dəyməsi prosesində əmələ gəlmiş batıqlar və sıyrıqlarla vardır, lakin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların təqdim edilmiş “MЦ 21-12” markalı “939677” №-li ov tüfəngdən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 11 ədəd metal predmet müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin hissələridir-qırmalardır. Həmin qırmalar atəş prosesində istifadə olunmuşdur və bərk, küt predmetə dəyməsi nəticəsində deformasiyaya uğramışdır. Qırmaların üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların təqdim edilmiş “MЦ 21-12” markalı “939677” №-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş X9 məxsus bir ədəd göy rəngli gödəkçə, bir ədəd qara rəngli sviter, bir ədəd mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, geyim əşyalarının ön hissəsində olan zədə giriş zədəsi olmaqla odlu ov tüfəngindən açılan bir atəş nəticəsində öndən-arxaya doğru istiqamətdə, 2,0 metrdən 2,5 metrədək məsafə daxilində qırmaların təsirindən yetirilməyə xarakterikdir. Zədələrin konkret olaraq hansı ov silahından açılan atəş nəticəsində qırmaların təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş X9 məxsus bir ədəd belində kəmər olan şalvar, bir ədəd alt şalvarı, bir ədəd qara rəngli alt tumanı, bir cüt uzunboğaz rezin çəkmə üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən, həmin silahlardan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından açılan atəşlərin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilən 1 (bir) ədəd gödəkçənin, 1 (bir) ədəd sviterin, 1 (bir) ədəd maykanın, 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd alt şalvarının, 1 (bir) ədəd tumanın, 1 (bir) cüt rezin çəkmənin səthində trosoloji zədə, o cümlədən əlbəyaxa nəticəsində yaranmış xəsarətlər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Xaçmaz rayon şöbəsinin 06 mart 2023-cü il tarixli, 134/2023-MTBŞ nömrəli ekspert rəyindən müəyyən edilir ki, mərhum X9 məxsus papaqlı gödəkçə, sviter, şalvar, mayka və sol tay uzunboğaz rezin çəkmə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tətqiq olunduqda yalnız O- alfa, beta/l/qrupunun əsasını təşkil edən H antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X9 məxsus ola bilər. Ləkələrdə A/ll/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən mərhum X9 məxsus alt şalvarı, tuman və sağ tay uzunboğaz çəkmə üzərində qan aşkar olunmamışdır. İş materiallarında olan 01 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, qeyd olunan istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “MЦ 21-12” markalı, “939677” nömrəli təklüləli ov tüfəngindən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Emin və Rəşid ördək ovlamaq üçün gölün kənarına getməyi təklif etmiş, onlar hazırlaşıb silahlarını götürərək göl istiqamətində piyada getməyə başlamış, fermadan çıxarkən o, çöldə 3, ya da 4 patron silahına qoyub qoruyucunu açıb çaxmağı çəkərək silahı atəşə hazır vəziyyətə gətirmişdir. Gölə tərəf getmək üçün sol tərəfdəki xəndəyi keçmək lazım olmuşdur. Rəşidlə Emin yan-yana ondan irəli getmiş və onlar xəndəyə çatana yaxın o, çəkdiyi siqareti yerə ataraq orta sürətlə qaça-qaça Eminin yanından keçib xəndəyin yanındakı dar keçiddən keçərkən yer səthi qar ilə örtüldüyünə görə ayağı qismən büdrəmiş, əlini silahın qundağına atmış və silahdan atəş açılmışdır. Həmin vaxt o, silahını sağ çiynindən asmış və silahın lüləsinin ön kəsiyi arxaya doğru, alt hissəsi yuxarı, üst hissəsi isə aşağıya doğru olmuşdur. Atəş açıldıqdan sonra geriyə çönəndə silahın lüləsinin arxaya doğru əyildiyini görmüşdür. Həmin vaxt dostu Emin ona "sən neylədin” sözlərini deyib qışqırdığı vaxt Rəşid də “Ay Allah ürəyimdən dəydi” sözlərini deyərək geriyə doğru yıxılmışdır. O isə silahını ataraq Rəşidin yanına qaçmış və sonuncunun gödəkçəsinin sol yuxarı tərəfinə əlini vuranda onun barmağı qana bulaşmışdır. O, artıq silahından açılan atəş nəticəsində Rəşidin yaralandığını anlamışdır. Həyəcanlı olduğu üçün silahı hansı istiqamətdə atdığını xatırlamamışdır. Təqsirləndirilən şəxs üzü göl istiqamətinə, arxası isə Rəşid Apayevə tərəf olmuşdur. Həmin vaxt o, Rəşiddən nisbətən hündürdə olmuşdur. O, Eminlə köməkli şəkildə Rəşidi fermaya tərəf piyada gətirmiş və Rəşidi buraxıb fermaya qaçaraq oradakı şəxslərə baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman özünü və zərərçəkmiş şəxs X5 dayandığı yeri göstərmişdir. Rəşid Apayev şərti olaraq Şahid2la əvəz olunmuş və hadisə zamanı Təqsirləndirilən şəxs silahının lüləlisinin ağızlıq hissəsindən Şahid2 qədər olan məsafə ölçülmüşdür. Ölçmələr zamanı silahın lüləsinin ağızlıq hissəsi ilə Şahid2 arasında məsafənin 2.40 metr, hər ikisinin ayaqlarının arasındakı məsafənin isə 3.20 metr olması müəyyən edilmişdir. İş materiallarında olan “İstintaq eksperimentinin keçirilməsi haqqında” 01 mart 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, atəş açanın üzü göl istiqamətinə, arxası isə zərərçəkən tərəfə olmuşdur. Atəş açanın sol əli sərbəst şəkildə, sağ əlinin dörd barmağı silahın arxa üst hissəsində, baş barmağı tətikdə tutduğu və silahın lüləsinin ön kəsiyi zərərçəkmiş tərəfə istiqamətləndiyi vəziyyətdə onların öz aralarında məsafə 3.2 metr, silahın lüləsi ilə statistin gödəkçəsində işarələnmiş giriş zədəsinə qədər məsafə 2.40 metr, lülənin uc hissəsindən yerə məsafə 1.05 metr, mərhum R.Apayevin zədəsindən yerə olan məsafə 1.02 metr, (məhkəmə-tibb eksperti bildirmişdir ki, qarşıda ağacın budaqları olduğu üçün ağacın budaqlarına dəyməməsi üçün R.Apayevin baş və sinə nahiyəsi aşağı doğru qismən əyərək addımlaması ehtimal olunur) tətikdən yerə 1.13 metr, qundağın arxa orta hissəsindən 1.16 metrdir. Çəkilmiş vizir xətti gödəkçənin üzərindəki giriş zədəsinin yaranma istiqamətinə uyğundur, eləcə də statistin üzərinə köçürülmüş zədə ilə ziddiyyət təşkil etmir. Atəş açılarkən atəşin istiqaməti öndən-arxaya, soldan-sağa, qismən yuxarıdan aşağıya olmuşdur və istintaq eksperimenti zamanı müəyyən edilmiş istiqamətə uyğun gəlir. Beləliklə, cinayət işinin materiallarına, məhkəmə ballistik-trasoloji və məhkəmə-tibb ekspertizaları aparılan tədqiqat zamanı müəyyən edilmiş məsafə və istiqamətə, istintaq eksperimenti zaman müəyyən edilmiş hallara əsasən, atəş açan Təqsirləndirilən şəxs üzü göl tərəfə, arxası mərhuma tərəf, silahını sağ çiynindən asmış və silahın lüləsinin ön kəsiyi arxaya doğru, alt hissəsi yuxarı olmaqla sağ əlinin dörd barmağı silahın arxa üst hissəsində, baş barmağı tətikdə basıldığı vəziyyətdə, zərərçəkənin atəş açana nisbətdə sol ön hissəsi ona doğru olmaqla, öndən-arxaya, soldan-sağa, qismən yuxarıdan-aşağıya doğru istiqamətdə (lülə ağızlığından) 2.40 metr məsafədən, onların arasındakı məsafə 3.20 metr olmaqla açdığı bir atəş nəticəsində geyim əşyalarının və bədəninin üzərindəki giriş zədəsini yaratması mümkün hesab edilir. Hadisə yerinin şəraiti Təqsirləndirilən şəxs göstərdikləri şəraitə və keçirilən eksperimentə uyğundur. İş materiallarında olan baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə köçürülmüş videoçəkilişə baxış keçirilərək müəyyən edildi ki, həmin videoçəkiliş 58 saniyə davam edir. Həmin video Təqsirləndirilən şəxs tərəfindən çəkilmişdir. Həmin videogörüntüdə Şahid1, Rəşid Apayev, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid2 yeyib içmiş, Şahid1 isə zarafatlaşaraq bişirdiyi yeməyi qablara çəkib dostlarına vermişdir. Həmin videoda qeyd olunan şəxslərin arasında dava-dalaş və mübahisə olmadığı görünür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 11 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Xaçmaz rayonu, Laman kəndi ərazisində Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X12 arasında dava-dalaş, mübahisə olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ov tüfəngindən zərərçəkmiş şəxs X9 qəsdən atəş açaraq öldürmədiyi əməliyyat yolu ilə müəyyən edilmişdir. Hadisə baş verən gün, 11 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Xaçmaz rayonu, Laman kəndi ərazisində zərərçəkmiş şəxs X12 ilə hadisənin şahidi olmuş Şahid1 arasında dava-dalaş, mübahisə olmamışdır. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 37 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 38 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli 106 saylı rəyindən müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabilliyəti vardır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs X6 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin 17 fevral 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, “MЦ 21-12” markalı, 939677 nömrəli yivsiz ov silahı Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 07 fevral 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvüdür. Ona 2022-ci ildə X13 rayon filialı tərəfindən 00040 nömrəli “Üzvlük bileti” verilmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, cinayətin aləti olan 01 ədəd 12 kalibrli, “939677” №li “MЦ 21-12” markalı, yivsiz təklüləli odlu ov tüfəngi, həmin tüfəngin içərisindən çıxan “F2 classic B&P” markalı, 12 kalibrli 01 ədəd giliz, 01 ədəd tıxac, 11 ədəd qırma; hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar, 01 ədəd mayka və 01 ədəd sol tay uzunboğaz rezin çəkmə, gödəkçənin sol döş cibindən aşkar olunmuş içərisində 01 ədəd “Kapital Bank”a məxsus kart, Bakı kart, 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 03 ədəd 01 manatlıq pul əskinazları olan pul qabı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 11 mart 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Ehtiyatsızlıqdan adam öldürmə müxtəlif təhlükəsizlik qaydalarının kobud surətdə pozulması, təqsirkarın diqqətsizliyi, laqeydliyi, etinasızlığı, məsuliyyətsizliyi nəticəsində baş verir. Ehtiyatsızlıqdan adam öldürmə cinayəti subyektiv cəhətdən ehtiyatsızlığın cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növü ilə xarakterizə olunur. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə cinayətkarcasına etinasızlıqla adam öldürmədən daha ictimai-təhlükəli əməldir. Cinayətkarcasına etinasızlıq nəticəsində ehtiyatsızlıqdan adam öldürməni təsadüfi hadisə ilə əlaqədar adam öldürmədən fərqləndirmək lazımdır. Sonuncu halda şəxs başqasının ölümünün baş verməsi imkanını nəinki qabaqcadan görmür, hətta işin hallarına görə bilməli və ya bunu görməli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, ehtiyatsızlıqdan adam öldürmə həmin Məcəllənin 124.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma” Qaydalarının 2.4-cü bəndinə əsasən, ov tüfəngləri doldurulmamış halda gəzdirilməlidir. Tüfəng yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng, silah sahibi atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, silah sahibi bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən, avtomaşından çıxarkən, qayıqdan düşərkən tüfəngin çaxmaqlarını endirməli və ya qoruyucuya keçirməli, lülələri havaya yönəltməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kürdəmir rayon İHB-nın Mollakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin kənddə özünü nizam-intizamlı aparmış, kənd sakinləri ilə səmimi ünsiyyətdə olmuşdur. Onun barəsində hər hansı neqativ hərəkətlər oğlu subaydır. Nümayəndəlik tərəfindən onun barəsində İdarəyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizədən müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış, qardaşı X5 ölümü ilə bağlı hər hansı şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin məhkəmə iclasında da ərizəsində qeyd olunanları təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan və qətimkan tədbirinin seçilməsinə dair 14 yanvar 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla cinayətin aləti olan 01 ədəd 12 kalibrli, “939677” №-li “MЦ 21-12” markalı, yivsiz təklüləli odlu ov tüfəngi, həmin tüfəngin içərisindən çıxan “F2 classic B&P” markalı, 12 kalibrli 01 ədəd giliz, 01 ədəd tıxac, 11 ədəd qırma; hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar, 01 ədəd mayka və 01 ədəd sol tay uzunboğaz rezin çəkmə, gödəkçənin sol döş cibindən aşkar olunmuş içərisində 01 ədəd “Kapital Bank”a məxsus kart, Bakı kart, 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 03 ədəd 01 manatlıq pul əskinazları olan pul qabı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarından müəyyən edilir ki, hadisə yerinə baxış, hadisə yerinə əlavə baxış və yaşayış yerinə baxış zamanı götürülmüş Baikal lJ-27 markalı, K-02736 nömrəli qoşalüləli silah, “Baikal İJ-18E” markalı, 46648 nömrəli təklüləli silah, “BM” markalı, 39381 nömrəli qoşalüləli silah, “BM” markalı, 63980 nömrəli qoşalüləli silah, 01 ədəd ov bıçağı, 35 ədəd patron və 28 ədəd giliz Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi üçün saxlanılması məqsədilə Xaçmaz RPŞ-nin nümayəndəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə görə, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus olduğundan Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd 12 kalibrli, “939677” №-li “MЦ 21-12” markalı, yivsiz təklüləli odlu ov tüfəngi təqsirləndirilən şəxsin özünə, yəni qanuni sahibinə qaytarılmalı, həmin tüfəngin içərisindən çıxan “F2 classic B&P” markalı, 12 kalibrli 01 ədəd giliz, 01 ədəd tıxac, 11 ədəd qırma dəyəri olmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut - hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş, Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar, 01 ədəd mayka və 01 ədəd sol tay uzunboğaz rezin çəkmə, gödəkçənin sol döş cibindən aşkar olunmuş içərisində 01 ədəd “Kapital Bank”a məxsus kart, Bakı kart, 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 03 ədəd 01 manatlıq pul əskinazları olan pul qabı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilməlidir. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan, sübutların qiymətləndirilməsi barədə qərardan və qəbzdən müəyyən edilir ki, hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd tuman, 01 ədəd alt şalvarı, 01 ədəd sağ tay uzunboğaz çəkmə, 01 ədəd saat, 02 ədəd patron və 01 ədəd torba zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilmişdir. Odur ki, hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd tuman, 01 ədəd alt şalvarı, 01 ədəd sağ tay uzunboğaz çəkmə, 01 ədəd saat, 02 ədəd patron və 01 ədəd torbanın zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus olan, Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd 12 kalibrli, “939677” №-li “MЦ 21-12” markalı, yivsiz təklüləli odlu ov tüfəngi qanuni sahibinə, yəni Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus olan həmin ov tüfənginin içərisindən çıxan “F2 classic B&P” markalı, 12 kalibrli 01 ədəd giliz, 01 ədəd tıxac, 11 ədəd qırma hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş, Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd gödəkçə, 01 ədəd sviter, 01 ədəd şalvar, 01 ədəd mayka və 01 ədəd sol tay uzunboğaz rezin çəkmə, gödəkçənin sol döş cibindən aşkar olunmuş içərisində 01 ədəd “Kapital Bank”a məxsus kart, Bakı kart, 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 03 ədəd 01 manatlıq pul əskinazları olan pul qabı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilsin. Cinayət hadisəsi zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd tuman, 01 ədəd alt şalvarı, 01 ədəd sağ tay uzunboğaz çəkmə, 01 ədəd saat, 02 ədəd patron və 01 ədəd torbanın zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-94/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-94/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver