Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-94/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadıqları evdə ailə-məişət zəmnində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən sillə ilə bir neçə dəfə vuraraq sonuncuya sol göz almasına qansızma qismində qəsdən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə cinayət əməlini məqsədyönlü şəkildə etmişdir. Belə ki, zərərçəkmiş şəxs, yəni arvadı Zərərçəkmiş şəxs onu borclar alaraq “yükləmiş”, onun xeyli borcu yaranmışdır, hazırda da borcları ödəyir. Ona görə də o, zərərçəkmiş şəxsi məqsədyönlü olaraq vurmuşdur ki, sonuncu ondan boşansın, o, artıq zərərçəkmiş şəxslə yaşaya bilmir. Zərərçəkmiş şəxs dəfələrlə uşağı evdə qoyaraq getmiş, o, işdən yorğun evə qayıdanda uşaq üçün yemək hazırlamalı olur. O, evə gəldikdə görmüşdür ki, zərərçəkmiş şəxs evdə yoxdur, sonuncuya zəng etdikdə isə cavab verməmiş, sonra isə ona yalandan demişdir ki, guya nənəsinə çimməyə kömək etmək üçün getmiş, qonşusu isə ona demişdir ki, zərərçəkmişi “Qayalı” marketdə görmüşdür. Hazırkı iş üzrə əməli törətdiyi vaxt evinə gəlmiş, zərərçəkmiş şəxs həmin vaxt artıq bir həftə olmuşdur ki, yaşadıqları evdə olmamışdır. Uşağı ondan yemək istəmiş, o isə uşağına yemək hazırlamağı bilmədiyini demiş və zərərçəkmişə zəng etmiş, sonuncu isə onun zənglərinə cavab verməmiş, bir qədər sonra isə zərərçəkmiş özü ona zəng edərək ondan harada olduğunu soruşaraq gəlib onu şəhərdən götürməsini demiş, o isə səhəri gün işə gedəcəyindən və işi ilə bağlı olan cihazı təmir etdiyindən zərərçəkmiş şəxsə gələ bilməyəcəyini demişdir. Bundan təxminən yarım saat sonra zərərçəkmiş şəxs yaşadıqları evə gəlmiş və o, sonuncudan bir həftədir harada olduğunu soruşmuş, zərərçəkmiş isə cavabında onu, nəslinin ünvanına söyüş söymüş, o da buna görə zərərçəkmişi sillə ilə vurmuşdur. Həmçinin bildirdi ki, boşanmaq üçün onun özünün müraciət etməyərək zərərçəkmiş şəxsin müraciət etməsini istəməsinin səbəbi odur ki, zərərçəkmiş şəxsin qohumlarında boşanmaq adətdir, o da bu “adəti pozmaq istəmir”. Zərərçəkmiş şəxslə münasibətlərinin pozulmasına əsas səbəb sonuncunun telefonla başqa şəxslə danışmasını görərək bilməsi olmuşdur. Hazırkı hadisənin də baş verməsinin səbəbi bu olmuşdur ki, o, zərərçəkmişi “tik tok” sosial şəbəkəsində bir oğlanla danışdığını görmüş, bundan bir iki həftə sonra zərərçəkmiş şəxs ona kursa getdiyini deyərək Bakı şəhərinə getmiş, getdikdən sonra isə telefonuna zəng çatmamışdır. Bakıdan da qayıdan da pul borcu ilə qayıdır. Zərərçəkmiş şəxs hansısa yolla qızıl alaraq satmış, qızılın pulunu qaytara bilməmiş və borc yaranmış, zərərçəkmiş ağlayaraq ona bu barədə bildirmiş, yaşadıqları evə həmin borclarla bağlı gəlib-getmişlər, o da məcbur olaraq zərərçəkmişin borcunu ödəmək üçün kredit almışdır. O, məhkəmə tərəfindən qəbul olunacaq yekun qərarın nəticəsini məhkəmənin mülahizəsinə verir. Təqsirləndirilən şəxs iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs ilə 10 ildən artıq müddətdir ki, rəsmi nikah münasibətlərində birgə şəkildə yaşayırlar və onların 2 övladı vardır. O, xx.xx.2025-ci il tarixdə, saat 17:30 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evində olan zaman Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək Xaçmaz şəhərində olmasını və onu oradan götürərək evə gətirməyini istəmiş və o, Çiçəklə razılaşmamışdır. Bundan təxminən yarım saat sonra Zərərçəkmiş şəxs yaşadıqları evə gəlmiş və o, Çiçəkdən bir neçə gündür harada olmasını soruşan zaman aralarında sözlü mübahisə baş vermişdir. O, dəfələrlə Çiçəkdən nə üçün evi tərk edib getməsini və haradan gəlməsini soruşsa da, Çiçək onun və qohum-əqrabasının ünvanına nalayiq ifadələr işlətmiş və bunun üçün saat 18:30 radələrində onun üz nahiyəsinə 2-3 dəfə sillə zərbəsi vurmuşdur. O, Zərərçəkmiş şəxs yaşadıqları ünvanda sillə vuran zaman başqa şəxs və ya şəxslər baş verənləri görməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs, yəni əri Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində bildirdiklərinin əksəriyyəri yalandır. Hadisənin baş verdiyi xx.xx.2025-ci il tarixdən əvvəlki həftə o, anasına zəng edərək təqsirləndirilən şəxslə yaşadıqları evdən qab-qacağını çıxararaq aparmasını bildirib qab-qacağını anasıgilə aparmışdır. Çünki təqsirləndirilən şəxs ondan dəfələrlə avadanlığını götürərək evindən çıxıb getməsini israr etmişdir, buna görə də o, çıxıb anasının yanına, nənəsigilə getmişdir. Sonra isə uşağı xəstələndiyindən o, uşağı məktəbə göndərməmiş, bazar günü təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşmuş, bu zaman, yəni telefonla danışdıqları zaman onun anası da kənardan qışqıraraq “harada olacaq?! Burada!” demişdir. Həmin evdə, anası, nənəsi və digər ailə üzvləri vardır, o, hara getsə, nə etsə onun qohumları həmişə yanında olmuşdur. Həftənin ikinci günü isə təqsirləndirilən şəxs uşağı ilə birlikdə gələrək onu nənəsigildən götürərək yaşadıqları evə aparmış, həmin vaxt kiçik övladının hərarəti olmuş, səhəri gün isə təqsirləndirilən şəxs işə getməyə hazırlaşarkən o, sonuncuya uşağı xəstəxanaya aparmalı olduqlarını demiş, təqsirləndirilən şəxs onunla razılaşaraq demişdir ki, işi ilə bağlı gedib yarım saata evə qayıdacaqdır. Təqsirləndirilən şəxs gedərək evə qayıtmış və onlar uşağını xəstəxanaya aparmışlar, həmin vaxt gündüz təxminən saat üçün yarısı olmuş, həkimə getdikləri də aşkardır, uşağa iynə vurulmuş, sistem köçürülmüş, təqsirləndirilən şəxs xəstəxanada onları gözləmişdir. Bundan sonra isə təqsirləndirilən şəxs onu uşağı ilə birlikdə apararaq nənəsigilə düşürmüş, nənəsigildə həkim qohumu uşağına baxmış, uşağın hərarəti düşdükdən sonra o, həmin günün səhəri, saat təxminən doqquz radələrində təqsirləndirilən şəxsə ona zəng edərək soruşmuş, o da yatdıqlarını, uşağın yaxşı olduğunu bildirmişdir. Axşamüstü saat beş radələrində isə o, təqsirləndirilən şəxsə zəng edərək onu gəlib nənəsigildən götürməsini demiş, təqsirləndirilən isə ona “mən sənin üçün taksi zadam?!” demiş və onu çox nalayiq ifadələrlə söymüşdür, bundan sonra o, uşağı ilə yaşadıqları evə qayıtmış, qapıdan içəri girən kimi təqsirləndirilən şəxs ona bir həftədir harada olduğunu ona irad tutaraq soruşmuş, o isə təqsirləndirilən şəxsə onu nənəsigilə dünən apardığını deyərək xatırlatmışdır. O, təqsirləndirilən şəxsi söyməmişdir. Onu təqsirləndirilən şəxs söymüş və döymüşdür. Təqsirləndirilən şəxs onu sillə ilə üzünə, başına vurmuş, onu tutaraq otağın divarlarına çırpmışdır. Hadisə zamanı uşağı onları ayıranda təqsirləndirilən şəxs hətta uşağın da qarnına yumruqla vurmuşdur. O, evdə yemək bişirib qoyduqdan sonra getmişdir. Təqsirləndirilən şəxsin onun borcunu ödəməsini deməsi isə düzgündür. Çünki o, həmin borcları uşaqları üçün almışdır. Həmçinin bildirdi ki, o, bir həftəlik Bakı şəhərinə kursa getmiş və gedərkən təqsirləndirilən şəxs özü onu yola salmışdır, təqsirləndirilən şəxs özü ona gedərkən çantasını daşımaqda, həmçinin pul verərək köməklik etmiş, o, Bakıya çatdıqda, kursa gedib çıxdıqda da təqsirləndirilən şəxsə məlumat vermiş, təqsirləndirilən şəxs ona pulu qurtardıqda xəbər etməsini və pul göndərəcəyini də bildirmişdir. O, uşaqlarının təminatı üçün məcbur olaraq borc pul almış, hətta onun özü üçün aldığı mobil telefonun da pulunu təqsirləndirilən onun özünə ödətdirmiş, o, işləyəndə də, işləməyəndə də təqsirləndirilən şəxs onun ünvanına pis sözlər deyir. O, keçən il boşanmaq üçün müraciət etdikdə isə təqsirləndirilən şəxs ondan uşaqlarının, ailəsinin xətrinə boşanmamağı xahiş etmiş, o da razılaşaraq barışmış, həmin vaxt təqsirləndirilən şəxs ona bildirmişdir ki, o işləməsin, özü (təqsirləndirilən) işləyərək təmin edəcəkdir. Təqsirləndirilən şəxs maddi cəhətdən müəyyən qədər onu, uşaqlarını təmin etmiş, lakin lazımınca etməmişdir, o, uşağına görə dayısından bir neçə dəfə borc almış və özü də həmin borcu qaytarmış, uşaqlarını repetitor yanına göndərir, lakin təqsirləndirilən şəxs bununla bağlı ödənişi də öz üzərindən atır. O, təqsirləndirilən şəxslə boşanmaq üçün artıq müraciət etmiş, boşanma mərhələsindədirlər. Təqsirləndirilən şəxs hazıradək ondan üzr istəməmişdir. O, təqsirləndirilən şəxslə barışmamışdır. O, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini istəyir. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah müqaviləsi ilə ailə həyatı qurmuşdur və bu evlilikdən onun 2 övladı dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs onu və kiçik oğlu Abbas Seyidəliyevi öz avtomobili ilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan nənəsi Əbilə Kərimovanın yaşadığı ünvana aparıb düşürtmüş və həmin gün o, övladı ilə birgə orada qalmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində o, Fərhada zəng edərək bildirmişdir ki, onu və övladını oradan götürərək evə gətirsin. Lakin Fərhad ona cavabında oraya gəlməyəcəyini bildirərək taksi işləmədiyini qeyd etmişdir. Bundan sonra o, nənəsi Əbilə Kərimovanın yaşadığı ünvandan çıxaraq övladı ilə birgə piyada şəkildə yaşadığı ünvana gəlmişdir. Evin həyətyanı sahəsinə daxil olduqdan sonra oğlu Abbas Seyidəliyev evin içərisinə girərək öz otağına keçmişdir. Bundan sonra saat 18:30 radələrində Təqsirləndirilən şəxs ondan nə üçün iki gündür evdə olmamağının səbəbini soruşan zaman o, təəccüblənmişdir. Çünki xx.xx.2025-ci il tarixdə Fərhad özü onu övladı ilə birgə nənəsinin yaşadığı ünvana aparıb düşürtmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs ondan israrla evi tərk etməyini tələb etmiş və onu itələyərək evdən çıxarmağa cəhd etmişdir. Lakin o, evdən çıxmadığı üçün Fərhad ani olaraq onun üz nahiyəsinə sillə zərbəsi vurmuşdur. Fərhadın onun üz nahiyəsinə vurmuş olduğu ilk zərbədən sonra da o, evdən çıxmadığı üçün Fərhad təkrar olaraq onun üz nahiyəsinə bir neçə dəfə sillə ilə vurmuşdur. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun üz nahiyəsinə sillə zərbələri vurmasına övladları, həmçinin digər şəxslər də şahidlik etməmişdirlər. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, əri Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində yaşadıqları Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evdə aralarında yaranmış sözlü mübahisə zamanı onun üz nahiyəsinə sillə zərbələri vuraraq xəsarət yetirməsi barədə bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin mətbəxidir. Baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs onu həmin evin mətbəxində sillə ilə vurduğu yeri göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 21 fevral 2025-ci il tarixli, 108 nömrəli rəyindən müəyyən edilir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibb müayinəsi zamanı aşkar edilmiş xəsarət –sol göz almasına qansızma bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə kənd sakinləri və qonşular ilə münasibəti həmişə normaldır. Barəsində hüquq-mühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. İş materiallarında olan “Nikah haqqında Şəhadətnamə”nin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Seyidəliyeva (Kərimova) Çiçək Tərlan qızı arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd edilməklə, təqsirləndirilən şəxsin himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2010 və xx.xx.2016-cı il təvəllüdlü) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi üçün heç bir səy göstərməməsi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-94/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-94/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver