Məhkəmə qərarları › İş №1(067)-95/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-95/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-95/2023 22.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ev 5-də qeydiyyatda olan, Quba rayonunun Qonaqkənd qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 30 yanvar 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, H.Əliyev küçəsində saxlanılıb saat 21:50-dən 22:00-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mavi rəngli sellofan bükümündə təmiz çəkisi 0,347 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-nin 51-2-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə olmaqla müalicə alan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ev 5-də ailəsi ilə birlikdə yaşamışdır, xeyli müddətdir ki, Quba rayonunun Qonaqkənd qəsəbəsində yaşayır. 28 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri “Əhmədli” metrostanasiyası yaxınlığında olduğu zaman internet vasitəsilə tanımadığı şəxsdən istifadəsi üçün 1 büküm narkotik vasitə kakos alaraq cibinə qoymuşdur. 30 yanvar 2023-cü il tarixdə Quba rayonuna gedərkən yolüstü Xaçmaz şəhərində yaşayan xalasıgilin evinə getmək istəmişdir. Buna görə də həmin günü saat 17 radələrində Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı bir taksi avtomobilinə minərək Xaçmaz şəhərinə gəlmişdir. Daha sonra Xaçmaz şəhəri, H.Əliyev küçəsi ilə "Zəfər" parkının yaxınlığından piyada keçərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitə daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçrilməsi məqsədilə onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmişdir. Xaçmaz rayon polis şöbəsindəki otaqların birində hüqüq və vəzifələri ona izah edildikdən sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın içində saxladığı 1 ədəd mavi rəngli sellofan bükümündə narkotik vasitə heroin aşkar olunmuşdur. Polis əməkdaşları bükümün içində nə olmasını ondan soruşduqda o, həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin bükümdəki narkotikin özünə məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra protokolu imzası ilə təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, həmin narkotik vasitəni İran vətəndaşından deyil, internet vasitəsilə almış, narkotik vasitəni ona satmış şəxsdən birbaşa almamış, belə ki, həmin şəxs narkotik vasitəni bağlamada (bükülüdə) qoymuş və o gedərək götürmüşdür. İnternetdə həmin şəxsin adı iranlı adı kimi olmuşdur. Həmin narkotik vasitə iki gün onun üzərində olsa da, istifadə etməyə imkanı olmamış və xx.xx.2023-cü ildə polis tərəfindən saxlanılmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, tutulandan narkotik vasitə istifadə etmədiyini və etməyəcəyini, həyatını normal tərzdə davam etdirəcəyini, yalnız narkomanlıq etməklə məşğul olmadığını, həm də işləyərək ailəsini saxladığını bildirərək ailəsini saxlayan yeganə ailə üzvü olmasının, ata və anasının da onun himayəsində olmasının, məktəbə getməli azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Quba rayon sakini Təqsirləndirilən şəxs tez-tez Xaçmaz şəhərinə gəlib-getməsi və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan və Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işləyən, polis leytenantı Şahid2 iştirakı ilə müvafiq əmrə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və 30 yanvar 2023-cü il tarixdə, saat 20:50 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞnin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən 1 ədəd cib dəsmalı və 1 ədəd daraq təqdim etmişdir. Əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə 1 ədəd şəffaf sellofanda saxladığı 1 ədəd mavi rəngli sellofan büküm çıxarıb masanın üzərinə qoyraq təqdim etmişdir. Həmin sellofan bükümün içərisində qəhvəyi rəngli toz halında, narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdəki qəhvəyi rəngli toz halında olan maddənin «kakos», yəni narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli toz halında, narkotik vasitə heroinə oxşar maddə olan bir ədəd sellofan büküm maddi sübut kimi müstəntiq tərəfindən götürlmüş və ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra protokolun doğru olması Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində olan əməliyyat məlumatı onun narkotik vasitələr saxlaması barədə olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4 RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, NMQ-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əyinindəki gödəkçəsinin sol yan cibindən 1 ədəd cib dəsmalı və 1 ədəd daraq, əyinindəki şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofanda saxladığı 01 ədəd mavi rəngli sellofan bükümü çıxararaq təqdim edir. Həmin sellofan bükülü açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan həmin kütlənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun özünə məxsus olduğunu, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Aşkar olunmuş həmin sellofan bükümdə olan kütlə zərfə qoyularaq möhürlənib qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür. Digər əşyalar, yəni 1 ədəd cib dəsmalı, 1 ədəd ip boyunbağı, özünün masanın üzərinə qoyduğu 1 ədəd papaq və 1 ədəd daraq təqsirləndirilən şəxsin özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 6/573 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,297 qram təşkil etmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 05 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,347 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,297 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 03 mart 2023-cü il tarixli, 1251 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlar Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması təsdiq edilmiş, onun həmin narkotik vasitəni kimdənsə alması müəyyən edilməmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,347 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 1(027)-22/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Quba rayon İHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər hansı neqativ və xoşagəlməz hərəkətləri barədə Nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin bundan əvvəl də narkotik vasitə əldə edərək saxlamasına görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq yenidən cinayət törədərək narkotik vasitə əldə edib üzərində saxlamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 1(027)-22/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli 4(067)-11/2023 saylı qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində olan Quba rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 1(027)-22/2022 saylı hökmü üzrə o, hazırkı cinayət işi ilə əlaqədar tutulanadək (həbs edilənədək) 09 (doqquz) ay 29 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkmiş, 01 (bir) il 07 (yeddi) ay 29 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 1(027)-22/2022 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il 05 (beş) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 29 gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (bərabər tutulmaqla) hazırkı hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli 4(067)- 11/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə tutulmuş və məhkəmənin həmin qərarı ilə barəsində həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,347 qram narkotik vasitə olan heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,297 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,297 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,297 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 1(027)- 22/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırkı günə çəkilməmiş qalan 01 il 07 ay 29 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, 09 ay 29 gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasına qismən toplanılaraq ona qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə qalsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,297 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar