Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-96/2021 13.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü Qusar rayonunun, Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Xaçmaz rayonunun, Qusarçay kənd tam orta məktəbdə müəllim işləyən, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun, Qusarçay kəndində yaşayan–Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonunun, Qusarçay kəndində, yaşadığı evdə sərxoş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunu sillə və yumruqla vuraraq ona sol yanaq nahiyyəsinin qançırı və sağ əlin üçücü barmağının hərəkət məhdudluğu ilə müşahidə olunmuş şişkinlik və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, o, Xaçmaz rayonunun, Qusarçay kəndində ailəsi ilə birlikdə yaşayır. Qusarçay kənd tam orta məktəbində bədən tərbiyəsi müəllimi işləyir. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 1986-cı ildə ailə qurmuşlar və birgə nikah dövründə 2 övladları olmuşdur. O, əvvəllər tez-tez spirtli içki qəbul etdiyi üçün Xuramanla evdə münaqişələri olmuşdur. Bu səbəbdən o, 2021-ci ilin fevral ayından araq içməyi tərgizmişdir. 18 may 2021-ci il tarixdə axşamüstü həyat yoldaşı səbəbsiz yerə onunla mübahisə etdiyindən o, əsəbləşib evdən gedərək kəndlərində kafedə özü tək əyləşib araq içmişdir. Həmin gündən o, araq içməyə başlamışdır. 21 may 2021-ci il tarixdə saat 16 radələrində o, evdən çıxıb kəndlərində mağazadan araq alıb kəndin sahələri olan yerə gedib həmin arağı orada içmiş, daha sonra yenə bir araq alıb saat 18 radələrində evə gəlmişdir. O, həyətə daxil olanda Xuraman həyətdə idi və onun sərxoş olduğunu, eləcə də əlində arağı görüb ona irad bildirərək onunla səbəbsiz yerə mübahisə etməyə başlamışdır. Həyat yoldaşının onunla yüksəkdən və kobud danışmağı ona xoş gəlmədiyi üçün arağı yerə qoyub onun üstünə getmiş və sağ əli ilə sifətin sol hissəsinə bir sillə vurmuşdur. Həmin vaxt Xuraman, ona əl atanda o, Xuramanın əlinə zərbə vurmuşdur. Bu vaxt Xuraman qaçıb evə getmişdir. Təxminən 2-3 dəqiqə sonra oğlu Xəzər evə gəlmişdir. O, da ona heç bir söz demədən ikinci mərtəbəyə çıxmışdır. Bir qədər sonra Xəzər yanına gəlib nə üçün anasını döyməsinin səbəbini soruşanda Xəzərin üstünə açıqlanıb yanından qovmuşdur. Təxminən yarım saat sonra o, otağından yorğanını götürüb evin birinci mərtəbəsində olan anbar kimi istifadə etdiyi otağa düşmüşdür ki, orada yatsın. O, həmin otağa keçəndə ayağı nəyəsə ilişmiş və o, otaqda olan velosipedin üstünə yıxılmışdır. Həmin vaxt Xəzər otağa gəlib onu ayağa qaldırmış və həmin otaqda yatmaq istədiyini bildirdiyi üçün köhnə gödəkçələrdən gətirib yerə sərdi ki, onların üstündə uzansın. Həmin günü o, gecəni orada qalmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, Xaçmaz rayonunun, Qusarçay kəndində ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 1986-cı ildə ailə qurmuşlar və birgə nikah dövründə 2 övladları olmuşdur. Həyat yoldaşı Adigözəlov X2 tam orta məktəbində idman müəllimi işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, sərxoş vəziyyətdə evə gəlib onunla münaqişə yaradır. Təbrizin onun döyməsi ilə əlaqədar əvvəllər bir neçə dəfə Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. 21 may 2021-ci il tarixdə saat 18 radələrində Təbriz sərxoş vəziyətdə evə gəlmiş və əlində olan selofan paketdə araq var idi. O, Təbrizə demişdir ki, «araq içib evə gəlmisən üstəlik evə də özünlə araq gətirmisən». Bu sözü Təbrizə dedikdə, Təbriz əlində olan arağı evin giriş qapısının yanında yerə qoyub ünvanına söyüşlər söyərək ona tərəf yaxınlaşıb sifətinə bir sillə vurmuşdur. O, Təbrizi özündən kənarlaşdırmaq istəyəndə Təbriz yumruğu ilə onun sağ əlinə yumruqla vurmuş və həmin əlinin orta barmağı geriyə qatlanmışdır. Onun həmin əlində şiddətli ağrı olmuşdur. Təbriz yenə onu vurmaq istəyərkən o, qaçıb evə girib telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş daha sonra isə oğlu Xəzərə zəng etmişdir ki, tez evə gəlsin. Təxminən 3 dəqiqəyə Xəzər evə gəlmişdir. O, evdə olduğu üçün Xəzər evə girib yanına gəlmiş və sifətinin sol tərəfinin qızardığını, sağ əlinin orta barmağının bir qədər şişdiyini gördü. Belə ki, o, oğluna Təbrizin onu döyməsini danışmışdır. Xəzər evin ikinci mərtəbəsinə çıxıb atasından nə üçün onu döydüyünü soruşanda Təbriz «əcəb etmişəm döymüşəm» deyərək Xəzəri yanından qovmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə onun anasıdır. Atası Adigözəlov X2 tam orta məktəbində idman müəllimi işləyir. Atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək, sərxoş vəziyyətdə evə gəlib anası ilə münaqişə yaradaraq onun döyməsi ilə əlaqədar əvvəllər bir neçə dəfə Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. 21 may 2021-ci il tarixdə saat 18 radələrində o, yaşadığı kənddə, yolun kənarında dayandığı vaxt, anası ona zəng edərək atası tərəfindən döyülməsini və evə gəlməsinini bildirmişdir. Bu səbəbdən o, dərhal evə getmişdir. Həyətə daxil olduqda görmüşdür ki, atası sərxoş vəziyyətdıdir. O, heç bir söz demədən evin birinci mərtəbəsinə anasının yanına keçmişdir. Görmüşdür ki, anasının sifətinin sol tərəfi qızarıb və sağ əlinin barmaqlarının tutub ağlayırdı. O, anasından nə baş verdiyini soruşanda anası ona bildirmişdir ki, atası sərxoş vəziyyətdə həyətə gəlib, əlində bir şüşə arağı görüb «araq içib evə gəlmisən üstəlik evə də özünlə araq gətirmisən» deməsinə görə onu söyüb sifətinə bir sillə vurub həyətdə və daha sonra isə yumruqla əlinə vurub, nəticədə anasının sağ əli xəsarətdən şişmişdir.O, bundan sonra həyətə çıxmışdır ki, atasından nə üçün anasını döydüyünü və nə vaxta gədər belə içib evdə münaqişə salacağını soruşsun, lakin atası həyətdə yox idi. Sonra o, bilmişdir ki, atası evin ikinci mərtəbəsindədir və o, atasının otağına qalxıb danışmaq istəyəndə atası onu söyüb qovmuşdur. Təxminən yarım saat sonra atası yorğanı götürüb aşağı, evin birinci mərtəbəsində olan, anbar kimi istifadə etdikləri otağa girib orada yatmaq istədiyini bildirmişdir. Təbriz içəri keçəndə ayağı nəyəsə ilişdiyindən otaqda olan velosipedin üstünə yıxılmışdır. O, tez içəri keçib Təbrizə kömək edərək ayağa qaldırıb velosipedi kənara çəkmiş və atası üçün yerə sərməyə köhnə gödəkçələr gətirmişdir. Atası onları yerə sərib həmin otaqda yatıb qalmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22 may 2021-ci il tarixli, 265 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol yanaq nahiyyəsinin qancırı, sağ əlin üçüncü barmağının hərəkət məhdudluğu ilə müşahidə olunmuş şişkinlik və qançırı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21 may 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayonu A.Məmmədov adına Qusarçay kənd orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə Xaçmaz rayonunun, Qusarçay kəndində, yaşadığı evdə sərxoş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunu sillə və yumruqla vuraraq ona sol yanaq nahiyyəsinin qançırı və sağ əlin üçüncü barmağının hərəkət məhdudluğu ilə müşahidə olunmuş şişkinlik və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Bu əməli ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1.; 59.1.4. və 59.2ci maddələrinə əsaslanaraq, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, daimi iş yerinin olmasını, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli aylıq qazancının 20 faizi dövlət nəfinə tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-96/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-96/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver