Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-97/2022 29.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin qapalı hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, 10 iyun 2022 və 11 iyun 2022-ci il tarixlərdə saat 11:30 radələrində X4 mübahisəli torpaq sahəsində polis əməkdaşları və 10-dan çox vətəndaşın yanında onu təhqir etmiş və yalan olduqunu bilə bilə onun şərəf və ləyaqətini ləkələyən onu nüfuzdan salan məlumatlar səsləndirmişdir. Onu təhqir etmiş həmçinin onu ağır ittiham olan dələduz və maşennik demiş, onun diplomunu saxta hazırladığını bildirmiş və bilə-bilə yalan olaraq ona böhtan atmış və onu nüfuzdan salmışdır. Həmçinin nəlayiq sözlərlə təhqir etmişdir. Belə ki, o, atasına məxsus torpaq sahəsinə getdikdə dəfələrlə bu hərəkətlərə yol vermiş və onu təhqir etmiş və ona böhtan atmışdır. Həmçinin onun barəsində həqiqət olmayan onu nüfuzdan salan məlumatları kənd sakinləri arasında qəsdən yaymışdır. Bu kimi təhqir xarakterli məlumatları yaymaqla, həmçinin böhtan atmaqla Bahadurov İmran onun şərəf ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi şəkildə yaymaqla onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmış və nəticədə ona mənəvi zərər vurulmuşdur. Hesab edir ki, yuxarıda qeyd etdiklərinə əsasən barəsində şikayət etdiyi X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddələrində nəzərdə tutulmuş təhqir və böhtan cinayətinin tərkibi vardır. Onun cinayətini törətməsi onda olan sübutlarla və şahidlərlə təsdiq olunur (video olan disk əlavə etmişdir). Qeyd etdiklərini nəzərə alaraq X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş Zərərçəkmiş şəxs şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 şikayətin əsassız olduğunu bildirməklə, icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. (293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə aşağıdakı kimi anlayış verilmişdir: Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Həmin Məcəllənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi obyektiv cəhətləri özündə əks etdirir. İş materiallarından isə göründüyü kimi, X1 maddələrin dispozisiyasında əks olunan obyektiv cəhətlərdən hər hansı birinə dair mötəbər və əsaslı sübutlar təqdim edilməmişdir. Bir sözlə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Zərərçəkmiş şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağını, habelə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi əməllərini təsdiq edən hər hansı əsaslı və mötəbər sənədlər və sübutlar təqdim edilməmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-97/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-97/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver