Məhkəmə qərarları › İş №1(067)-99/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-99/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-99/2023 03.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 10, mənzil 28-də qeydiyyatda olan, Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 20, mənzil 5-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 13 yanvar 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən “Şəxsiyyətlər parkı”nda saxlanılıb ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 13 yanvar 2023-cü il tarixdə saat 20:00-dan 20:10-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindəki “Winston” markalı siqaret qutusunun üzərində olan sellofanın içərisindəki bir ədəd ağ rəngli kağız bükümdən təmiz çəkisi 0,408 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 10, mənzil 28-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 20, mənzil 5-də yaşayır. O, iki il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 13 yanvar 2023-cü il tarixdə, təxminən saat 17 radələrində evdən çıxıb yaşadığı Xaçmaz şəhəri, Vağzal küçəsi ilə gedərkən yerdə bir ədəd «Winston» markalı siqaret qutusu olduğunu görmüş və həmin siqaret qutusunu əlinə götürüb açanda içərisində siqaret dənələrinin, üzərinə keçirilmiş sellofanın içərisində isə bir ədəd ağ rəngli kağız büküm olduğunu görmüşdür. O, kağız bükümü açıb baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmayaraq siqaret qutusu ilə birlikdə əyninidə olan qırmızı rəngli gödəkçənin sol yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra o, piyada Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən “Şəxsiyyətlər parkı”na getmişdir. Təxminən saat 18:50 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən “Şəxsiyyətlər parkı”nda olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞyə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir və ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd «Winston» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq «Winston» markalı siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini çıxardıqdan sonra həmin siqaret qutusunun üzərinə keçirilmiş sellofanı çıxarıb içərisində olan kağız bükümü çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq onun və müdafiəçisinin iştirakı ilə kağız bükümü açıb içərisində olan kütlənin nə olduğunu, haradan aldığını soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf etmiş və bildirmişdir ki, siqaret qutusunda olan kağız bükümdəki kütlə narkotik vasitə olan heroindir, özünə məxsusdur, yaşadığı Xaçmaz şəhəri, Vağzal küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Üzərində aşkar olunmuş kağız bükümdəki heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş «Winston» markalı siqaret qutusu isə götürülməyərək içərisində olan siqaret dənələri ilə birlikdə onun özünə qaytarılmışdır. O, həmin narkotik vasitəni yerdən tapmış, narkotik vasitəni həmin yerə onun üçün kimsə qoymamış, o, həmin heroini təsadüfən yerdən tapmış, narkotik vasitəni kimdənsə almamışdır. O, tapdığı narkotik vasitəni yalnız özünün istifadəsi üçün saxlamış, heç kim onda narkotik vasitə olması barədə bilməmişdir. O, polis tərəfindən həmin narkotik vasitəni saxladığı gün saxlanılmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, hazırda narkotik vasitədən istifadə etmir. O, ailəlidir, himayəsində bir səkkiz yaşlı uşağı, xəstə anası var. O, binanın dördüncü mərtəbəsindən yıxılaraq xəsarət almış, lakin müraciət etsə də, onun barəsində əlillik təyin edilməmişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu, ailədə həyat yoldaşının, xəstə anasının və bir azyaşlı uşağının olmasını, həmin ailəsinə qazanc gətirən yeganə ailə üzvü onun özünün olmasını, kirayədə yaşadıqlarını bildirərək, qeyd olunanların nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 10 mənzil 28-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 20, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Onun tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 13 yanvar 2023-cü il tarixdə, saat 18:50-də onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən “Şəxsiyyətlər parkı”nda olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞyə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan gödəkçənin sağ yan cibindən bir ədəd siqaret paketini çıxararaq stolun üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs siqaret qutusunun üzərində olan sellofanı çıxardıqda orada bir ədəd kağız bükümün olması müşahidə edilmişdir. Həmin kağız bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Daha sonradan həmin maddənin narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmasını, bükümü yerdən tapmasını və içərisindəkinin narkotik vasitə olmasını bilərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisinə baxılan zaman sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroin olan büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, sonuncu və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X3, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüquq və vəzifələri izah oldunmuş, sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ona təqdim olunduqdan sonra təklif olunur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd «Winston» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoyur. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərində başqa heç nə aşkar olunmamışdır. «Winston» markalı siqaret qutusu müstəntiq tərəfindən açılır və siqaret qutusunun içərisində siqaret dənələrinin olması müəyyən edilir. Sonra həmin «Winston» markalı siqaret qutusunun üzərinə keçirilmiş sellofan çıxarılır və sellofanın içərisində bir ədəd ağ rəngli kağız büküm, kağız bükümün içərisində isə qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümüdə olan qəhvəyi rəngli maddənin nə olduğu, haradan aldığı soruşulduqda o, bildirmişdir ki, kağız bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, onun özünə məxsusdur, yaşadığı Xaçmaz şəhəri, Vağzal küçəsində yerdən tapmış və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümdə olan qəhvəyi rəngli maddə özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, bir ədəd «Winston» markalı siqaret qutusu isə içərisində olan siqaret dənələri ilə birlikdə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2023-cü il tarixli, 6/237 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 58” möhür əksi, “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,408 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdqiqata heroin narkotik vasitəsindən 0,05 qram sərf edildikdən sonra qalıq – 0,358 qram təşkil etmişdir. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 02 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,408 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,358 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 16 fevral 2023-cü il tarixli, 872 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin onun hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə haqqında” 13 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,408 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(067)-20/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-21/2021 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(067)-113/2021 nömrəli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış; cəza müddəti 29 mart 2023-cü il tarixdə başa çatdığı üçün icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətlərindən və Xaçmaz Mənzil-Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 1958-ci il təvəllüdlü, onkoloji xəstəliyi olan anası var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının və xəstə anasının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-21/2021 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(067)-113/2021 nömrəli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış; cəza müddəti 29 mart 2023-cü il tarixdə başa çatdığı üçün icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bununla da o, əvvəlki hökmlə ona təyin edilmiş cəzasını çəkib qurtarmadan hazırkı cinayəti törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin bundan əvvəl iki dəfə məhkum edilməsinə (azadlığın məhdudlaşdırılması) baxmayaraq, hazırkı cinayət əməlini törətməsi halını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan, 15 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,408 qram olan narkotik vasitə heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,358 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,408 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,358 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,358 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü ildən 15 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,358 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar