Məhkəmə qərarları › İş №1(068)-1/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-1/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-1/2025 13.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Quba rayonu, Adur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Xaçmaz rayonu, Rəhimoba kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Seyfəl oğlu ilə aralarında olan şifahi razılaşma ilə sonuncuya məxsus Xızı rayonu, Sitalçay kəndində yerləşən fermer təsərrüfatında çoban işlədiyi 2023-cü ilin sentyabr-noyabr ayları ərzində Zərərçəkmiş şəxs Seyfəl oğluna məxsus olan və ona etibar edilmiş bir başın qiyməti 400 manat olmaqla, ümumi dəyəri 16400 manat təşkil edən diri çəkiləri 60-65 kq, 3-4 yaşlarında 41 baş qoyun, bir başın qiyməti 240 manat olmaqla, ümumi dəyəri 2160 manat təşkil edən diri çəkiləri 25- 30 kq, 10-12 aylıq 9 baş quzu, bir başın qiyməti 200 manat olmaqla, ümumi dəyəri 400 manat təşkil edən diri çəkiləri 35-40 kq, 3-4 yaşlarında 2 baş keçi, bir başın qiyməti 130 manat olmaqla, ümumi dəyəri 260 manat təşkil edən diri çəkiləri 15 kq, 6 aylıq 2 baş çəpiş olmaqla, ümumilikdə 19220 manat dəyərində xırdabuynuzlu heyvanları mənimsəyərək Şahid5 Gülbaba oğlu, Şahid6, Şahid4 və istintaqa məlum olmayan şəxsə (şəxslərə) satıb, ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs Seyfəl oğluna 19220 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 1 il Zərərçəkmiş şəxs Seyfəl oğluna məxsus Xızı rayonu, Sitalçay kəndində yerləşən fermer təsərrüfatında xırdabuynuzlu heyvanlara baxmışdır. Belə ki, 2022-ci ilin dekabr ayında Ağaların fermasına gələrək sonuncu ilə aralarında olan şifahi razılaşma əsasında 182 baş xırdabuynuzlu heyvan təhvil almışdır. Zəhmət haqqı olaraq 2023-cü ilin may ayının sonlarına qədər aylıq 300 manat maaş almış, sonradan isə Ağalar aylıq məvacibi artırıb 500 manat etmiş, əlavə olaraq yemək və siqaret vermişdir. Bir müddət sonra heyvanlara xəstəlik düşmüş, bu barədə Zərərçəkmiş şəxslə danışmış və həmin xəstə heyvanları satıb, yerinə sağlam heyvan almalı olmuşdur. Lakin bunu edə bilməmiş, heyvanları satsa da, yerinə sağlam heyvan almamış, pulu da xərcləmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ümumilikdə 21-22 baş xəstə heyvan olduğunu, Zərərçəkmiş şəxs ona həmin heyvanları satıb, yerinə başqa heyvan alıb qoymağı tapşırdığını, 2 baş xəstə heyvanın yerinə 1 baş sağlam heyvan almalı olduğunu, ancaq heyvanları satdıqdan sonra yerinə başqa heyvan almadığını, təkcə burada səhlənkarlıq etdiyini, əvvəllər də bibisigilin heyvanlarını satdığına görə barəsində eyni maddə ilə cinayət işi açıldığını, lakin ziyanı ödədiyindən işə xitam verildiyini, hazırda isə maddi imkanı olmadığından ziyanı tam olaraq ödəyə bilmədiyini, satdığı heyvanların pulunu bütöv şəkildə deyil, hissə-hissə aldığını, uşaqları xəstə olduğundan xərclədiyini bildirmişdir. Eyni zamanda, müdafiəçinin suallarına cavab olaraq heyvanlar xəstə və zəif olduğuna görə 2 baş heyvanın yerinə 1 baş heyvan almalı olduğunu, bu barədə zərərçəkmiş şəxsin məlumatı olduğunu və özü ilə razılaşdığını göstərmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq 6-7 il olar müxtəlif şəxslərin fermalarında çoban işlədiyini, baytar həkim gəlib baxdıqdan sonra heyvanların xəstə olmasını bildiyini, tələf olan heyvanları kəsib itlərə atdığını, ölən heyvanların sayını dəftərə yazdığından, dəqiq sayını bilmədiyini, quzu və keçi satmadığını, ancaq xəstə heyvanları satdığını, heyvanları ümumilikdə saymadığından itkilərin olub-olmadığını bilmədiyini, əvvəlcə 182 baş heyvan olduğunu, sonra heyvanlar qırıldığından saylarının 156-ya düşdüyünü, bundan sonra özünün rayondan 1 baş erkək, 53 baş qoyun aldığını, cəmi 227 baş heyvan olduğunu, heyvanları hissə-hissə satdığını və təxminən 8000 manat pul əldə etdiyini, həmin pulları uşaqların müalicəsinə və başqa təlabatlarına xərclədiyini qeyd etmişdir. Hazırda valideynləri tərəfindən zərərçəkmiş şəxsə 15 baş qoyun və 1000 manat nağd pulun verilməsi təklif olunsa da, Zərərçəkmiş şəxs bununla razılaşmamışdır. Təqsirləndirilən şəxs son sözündə ailəli olmaqla, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, arvadının işləməməsini və valideynlərinin təqaüdçü olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs Seyfəl oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Sitalçay kəndində yerləşən fermer təsərrüfatında bir ilə yaxın çoban işləmiş və yanında etibar qazanmışdır. Həmin müddət ərzində o, Təqsirləndirilən şəxs çox köməklik etmiş, əlindən tutmuşdur. Belə ki, əvvəl Çingizə zəhmət haqqı olaraq aylıq 300 manat maaş vermiş, sonra isə sonuncunun ailə vəziyyətini nəzərə alaraq, 500 manata qaldırmışdır. Bundan əlavə çox vaxt kartına pul atmış, 4 baş quzu vermişdir. Bir müddət əvvəl Xaçmaz rayonundan 54 baş xırdabuynuzlu heyvan almışlar. O, Təqsirləndirilən şəxs “yavaş-yavaş bu qoca heyvanları sürünün içərisindən çıxaraq” demiş, sonuncu da, cavabında qardaşı Samirin heyvan alveri ilə məşğul olmasını və sata biləcəyini demişdir. Bundan sonra satmaq üçün 17 baş qoyun ayırmış və onları satıb, yerinə 10-12 baş cavan qoyun alıb qoymağı Çingizə tapşırmışdır. Daha sonra o, xəstələnmiş, uzun müddət müalicə almış və fermaya gəlib-gedə bilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin 17 baş qoyunu sürüdən götürüb, satıb-satmadığını soruşmuş, sonuncu isə cavabında hələ götürmədiyini, lakin götürəcəyini demiş, o da, “eybi yox, onsuzda biz heyvanlara dərman verməliyik, sən də həmin heyvanları ver, sonra biz birdə sayıb, təhviltəslim edərik” demişdir. Belə ki, adətən onlar 15 gündən bir heyvanları sayırdılar. Lakin bu dəfə müddət uzanmış və 15-20 gün fermaya gedə bilməmişdir. Bundan sonra fermaya gələndə Çingizin yerində başqa çoban, yəni qardaşı Samirin qaynı olduğunu görmüş və həmin şəxs sərxoş vəziyyətdə yerə uzanmışdır. Daha sonra heyvanları saymış və sayının az olduğunu müəyyən etmişdir. O, dərhal polisə müraciət etməmiş, əvvəlcə Çingizin valideynlərinin yanına getmiş, heyvanlarının qaytarılmasını tələb etmiş, bunun mümkün olmadığını görüb, sonra polisə ərizə vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Seyfəl oğlu ilə bir kənddə böyümüş və uzun illərdir dostluq edirlər. Ağaların Xızı rayonu Sitalçay kəndində fermer təsərrüfatı olmuş, sonuncunun səhhətində problem olduğundan və onun heyvandarlıqdan yaxşı anlayış olduğu üçün o özü də Ağalarla birlikdə onun fermasına gedib-gəlmişdir. 2022-ci il dekabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında olan razılaşmaya əsasən fermada çoban işləməyə başlamışdır. Həmin vaxt fermada ümumilikdə 276 baş xırdabuynuzlu heyvan olmuş, onlardan 176 baş qoyun, 30 baş quzu, 70 baş keçi və çəpiş olmuşdur. Bir müddət sonra o, Kərbəla ziyarətində getmiş, Ağalar da infakt keçirdiyindən xəstəxanada müalicə almışdır. Bu səbəbdən bir aya yaxın fermaya gedə bilməmişlər. Bundan sonra gəlib heyvanları sayanda isə çatışmamazlıq olduğunu görmüşlər. Həmin müddətdə Çingiz Xaçmaz rayonuna çıxıb getmiş, yerinə başqa bir çoban saxlamışdır. Onunla telefonda danışıb, təcili fermaya gəlməsini desələr də, Çingiz müxtəlif bəhanələr gətirmiş, daha sonra isə telefonuna zəng çatmamışdır. Onlar heyvanları sayanda 9 baş quzu, 4 baş keçi, 2 baş çəpişin olmadığını, 227 baş qoyundan isə 180 baş qoyun qaldığını, ümumilikdə 54 baş heyvanın çatmadığını müəyyən etmişlər. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi uşaq yaşlarından tanıyır. 2023-cü ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək Xaçmaz rayonu Rəhimoba kəndində Akif adlı şəxsdən 17 baş qoyun aldığını və həmin qoyunları ona məxsus Qazel markalı yükmaşını ilə Ağalar adlı şəxsin Xızı rayonu Sitalçay kəndində yerləşən fermasına aparmasını xahiş etmiş, o da Çingizin təklifini qəbul etmiş və 17 baş qoyunu maşına yüklədikdən sonra Xızı rayonu Sitalçay kəndində yerləşən fermaya gətirmişdir. Həmin vaxt fermanın sahibi Ağalar da orada olmuş və o, Çingizdən heç vaxt xırdabuynuzlu heyvan satın almamışdır. Bundan başqa bir dəfə Sitalçay kəndindən Nardaran qəsəbəsinə 10-12 baş qoyun aparmış və həmin heyvanları sinif yoldaşı Zahidin əmisi oğlu Elyara təhvil vermişdir. Çingiz ona zəhmət haqqı olaraq Nardarana gedəndə 100 manat, Xaçmazdan gələndə isə 70 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 Əmirəli oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və Ağalar adlı fermerin heyvanlarını satdığına görə qardaşının həbs olunmasını bilmişdir. Belə ki, Ağalar qardaşı Çingizə 25 baş keçi satmış, keçiləri gətirəndə onlara çiçək xəstəliyi düşmüşdür. Bundan sonra Çingiz ona “müəllimə demişəm, buradakı heyvanları da çıxartmaq lazımdır, ölürlər” demiş, oradan 6 baş qoyun, 1 baş quzu maşına atmış və onları kəsib satmağı tapşırmışdır. O da, qardaşına həmin heyvanların xəstə olmasını və heç kim almayacağını bildirmişdir. Daha sonra heyvanlardan ikisi maşında ölmüş, ikisini isə qapıda kəssə də, əti yara olduğundan sata bilməmişdir. Həmin vaxt Ağaları tanımamış, görməmiş, sadəcə telefonda Çingizlə danışaraq, xəstə heyvanları satıb, yerinə başqa sağlam heyvanlar alıb qoymağı tapşırdığını eşitmişdir. Məhkəmə iclasında iştirak edən Şahid6 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr və noyabr ayları ərzində xatırlamadığı günlərdə Çingizdən 7 baş qoyun almaqla cəmi 1800 manat pul ödəmişdir. O, həmin heyvanların Zərərçəkmiş şəxs məxsus olan fermadan oğurlanmasını bilməmiş və şübhələnməmişdir. Təxminən 2024-cü ilin fevral ayında o, Xızı RPŞ-nə çağırılmış və aldığı heyvanların oğurluq olduğu ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aldıqları heyvanları Zərərçəkmiş şəxs qaytarmış, ancaq pulunu geri ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayında Çingizdən 240 manata 1 baş qoyun almışdır. O, həmin heyvanın Zərərçəkmiş şəxs məxsus olan fermadan oğurlanmasını bilməmiş və şübhələnməmişdir. Təxminən 2024-cü ilin fevral ayında o, Xızı RPŞ-nə çağırılmış və aldığı heyvanın oğurluq olduğu ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aldıqları heyvanı Zərərçəkmiş şəxs qaytarmış, ancaq pulunu geri ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yeznəsi Şahid2 qardaşıdır və uzun illərdir tanışlığı vardır. 2023-cü ilin dekabr ayının əvvəlləri Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq özünün Xaçmaz rayonuna getməsi ilə əlaqədar bir neçə gün müddətində işlədiyi fermada yerinə qalmağını xahiş etmişdir. O, Çingizin xahişi ilə həmin günün sabahısı sonuncunun işlədiyi fermaya gəlmiş, lakin heyvanları sayaraq təhvil almamışdır. Bundan sonra Zərərçəkmiş şəxs və Tərxan adlı şəxs fermaya gəlmiş, onun kim olduğunu, Çingizin harda olmasını soruşmuşlar. O, Çingizlə qohum olmağını, onun xahişi ilə həmin fermaya gəlməyini bildirdikdə sonra həmin şəxslər fermada olan heyvanların sayımını həyata keçirmişlər, lakin əskik heyvanların sayı barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin əvvəllərindən Xızı rayonu, Sitalçay kəndində fermada özünə, yaxınlarına və ferma sahibinə məxsus heyvanları otarmaqla qazancını təmin edir. Həmin fermada həmkəndliləri Şahid5, Şahid6, Şamil Osmanovla birlikdə işləyir. Təxminən 2023-cü ilin may ayının 17-18-i tarixindən həmin ilin sentyabr ayının sonlarına kimi həmin ferma təsərrüfatına aid heyvanları Quba rayonunun Cimi kəndində yerləşən yaylağa aparmış, sentyabr ayının sonlarından isə yenidən Xızı rayonu Sitalçay kəndində yerləşən fermaya qayıtmışlar. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının sonlarından sonra Xızı rayonu Sitalçay kəndində tanımışdır. Çingiz həmin zaman Xızı rayonu Sitalçay kəndində yerləşən digər fermada çoban işləmişdir. 2023-cü ilin oktyabr ayında xatırlamadığı gündə və saatda Çingiz ona yaxınlaşaraq ailə vəziyyəti ilə əlaqədar pul lazım olduğunu, özünə məxsus olan heyvanları satdığını bildirmişdir. Oktyabr və noyabr ayları ərzində xatırlamadığı günlərdə və saatlarda o, təsərrüfatını artımaq üçün Çingizdən 4 baş qoyun almışdır. İlk dəfə Çingizə 400 manat pul verməklə 2 baş qoyun, sonuncu dəfə 100 manat pul və hər birinin qiyməti 150 manat olan 2 baş quzu verməklə 2 baş qoyun almışdır. Beləliklə o, 2023-cü ilin oktyabr və noyabr ayları ərzində xatırlamadığı günlərdə və saatda Çingizdən 4 baş qoyun almaqla ona cəmi 500 manat pul və hər birinin qiyməti 150 manat olan 2 baş quzu vermişdir. Təqsirləndirilən şəxs ona həmin heyvanların Zərərçəkmiş şəxs məxsus olan fermadan oğurlamasını bildirməmiş və həmin qoyunların özünə məxsus olmasını bildirmişdir. O da həmin heyvanların oğurluq olmasından şübhələnməmişdir. Təxminən 2024-cü ilin fevral ayında o, Şahid5 və X5 RPŞ-nə çağırılmış və orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onları aldadaraq Zərərçəkmiş şəxs məxsus olmuş heyvanları özünə məxsus olduğunu bildirərək satmışdır. Bundan 2 gün sonra Xızı rayonu Sitalçay kəndində yerləşən işlədikləri fermada onlar Təqsirləndirilən şəxs aldıqları heyvanları Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/1206 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 19220 manat müəyyən edilir. Cinayət işinin İ cildinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/3537 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 19220 manat müəyyən edilməklə 9/1206 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi təsdiq edilir. Cinayət işinin İ cildinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin İ cildinin 177-184cü vərəqələrində olan Xaçmaz rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 122-ci vərəqəsində olan 25 sentyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 153-154-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 4(068)-7/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 189-202-ci vərəqələrində olan 11 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179.2.1ci maddəsinin, Şahid5 Gülbaba oğlu, Şahid4 və Şahid6 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində cinayət işinin başlanılması rədd edilmiş, material ayrılaraq rayon prokurorluğunun arxivinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 174-175-ci vərəqələrində olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də işin İ cildinin 16-20-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində xx.xx.2016-cı il təvəllüdlü Elmar, xx.xx.2017-ci il təvəllüdlü Ayxan, xx.xx.2019-cu il təvəllüdlü Gülay və xx.xx.2023-cü il təvəllüdlü Xumar adında dörd yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həqiqətən Xaçmaz rayonu, Rəhimoba kəndində qeydiyyatda olmaqla yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Seyfəl oğlu tərəfindən ona etibar edilmiş əmlakı qəsdən xeyli miqdarda mənimsəyərək və israf edərək talaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, Xaçmaz rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin (əmlakın) qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı aradan qaldırmamış, bununla bağlı hər hansı real cəhd göstərməmişdir, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu, yəni 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Seyfəl oğluna dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxs Seyfəl oğluna dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar