Məhkəmə qərarları › İş №1(068)-10/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-10/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-10/2022 10.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə və xx xxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, Quba Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 67.1 və 67.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 05 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 iyul 2021-ci il tarixdə, saat 19:00 radələrində tanışı - Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 ilə Sumqayıt şəhər ərazisində görüşərək, qabaqcadan əlbir olub cinayətkar rolları öz aralarında bölüşməklə etibarnamə əsasında ona məxsus olan və hadisə günü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Xızı rayonu, Altıağac qəsəbəsinə gəlmiş, qəsəbə ərazisinə daxil olub oğurluq predmet axtarmaq məqsədilə bir qədər gəzdikdən sonra mərkəzi küçə ilə hərəkətdə olarkən vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında həmin şəxsə məxsus qoyunların olduğunu görmüş və qoyunlardan birini oğurlamaq məqsədilə avtomobili darvazanın qarşısında saxlamış, bu zaman mikroavtobusdan düşərək darvazanın qarşısında olan qoyunlardan birini tamah məqsədilə gizli olaraq talayaraq maşına mindirmiş, daha sonra sürüb qəsəbə ərazisini tərk etmiş, Təqsirləndirilən şəxs1 Xızı şəhəri ərazisini keçəndən sonra yol polisi əməkdaşlarının saxla qanuni tələbinə qəsdən tabe olmayaraq Giləzi qəsəbəsi ərazisində dəmir yolu keçidində endirilmiş dəmir şlaqbaumu vurub sındıraraq magistral yola çıxıb üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman sonuncunun tələbi və israrına əsasən oğurladıqları quzunu qapını açaraq mikroavtobusdan bayıra ataraq yollarına davam etmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarından qaçarkən saxlanılmış və beləliklə, zərərçəkmiş şəxsin ümumilikdə 210 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 08 iyul 2021-ci il tarixdə, saat 19:00 radələrində tanışı - Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 ilə Sumqayıt şəhər ərazisində görüşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar rolları öz aralarında bölüşməklə etibarnamə əsasında Təqsirləndirilən şəxs2 məxsus olan və hadisə günü özü tərəfindən idarə olunan “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Xızı rayonu, Altıağac qəsəbəsinə gəlmiş, qəsəbə ərazisinə daxil olub oğurluq predmet axtarmaq məqsədilə bir qədər gəzdikdən sonra mərkəzi küçə ilə hərəkətdə olarkən vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında sonuncuya məxsus qoyunların olduğunu görmüş və qoyunlardan birini oğurlamaq məqsədilə avtomobili darvazanın qarşısında saxlamış, bu zaman Təqsirləndirilən şəxs2 mikroavtobusdan düşərək darvazanın qarşısında olan qoyunlardan birini tamah məqsədilə gizli olaraq talayaraq maşına qoymuş, daha sonra sürüb qəsəbə ərazisini tərk etmiş, Xızı şəhəri ərazisini keçəndən sonra yol polisi əməkdaşlarının saxla qanuni tələbinə qəsdən tabe olmayaraq Giləzi qəsəbəsi ərazisində dəmir yolu keçidində endirilmiş dəmir şlaqbaumu vurub sındıraraq magistral yola çıxıb üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs2 maddi sübutu itirmək məqsədilə oğurladıqları quzunu qapını açıb mikroavtobusdan bayıra ataraq yollarına davam etmiş, Sumqayıt şəhəri ərazisində mikroavtobusu saxlayaraq polis əməkdaşlarından qaçmış və beləliklə, zərərçəkmiş şəxsin ümumilikdə 210 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana kimi ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamış və rəsmi olaraq heç bir yerdə işləməsə də, etibarnamə əsasında “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Sumqayıt-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olmuşdur. Şahid1 ilə təxminən üç il müddət ərzində Sumqayıt şəhərində kirayə ev tutaraq nikahsız yaşamışlar. 08 iyul 2021-ci il tarixdə, saat təxminən 12-13 radələrində Fəxriyyə ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Göbələk” kafesində çay içərək domino oynamışlar. Bu zaman tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək, Xızı rayonunun Altıağac qəsəbəsində yaşayan bir nəfər əsgər yoldaşının ona pul borclu olduğunu və pulu almaq üçün həmin qəsəbəyə getməyi təklif etmiş, pula ehtiyacı olduğundan gediş haqqı olaraq 50 manat müqabilində razılığa gəlmişlər. Bundan sonra bu barədə Fəxriyyəni də məlumatlandırmış və birlikdə maşına oturmuşlar. Daha sonra, idarə etdiyi “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə gedərək Nicatı yaşadığı əşya bazarının yanından götürmüş, həmin vaxt Nicat ona 50 manat pul verərək, mikroavtobusu özünün sürməsini xahiş etmiş, o da, etiraz etməmişdir. Bundan sonra Nicat avtomobili idarə edərək, Sumqayıt şəhərindən çıxmış və Hacı Zeynalabdin qəsəbəsi yolu ilə üzü Xızı rayonu istiqamətində gəlmişlər. Təqsirləndirilən şəxs1 Altıağac qəsəbəsi ərazisinə çatmamış yol kənarında bulaq başında maşını saxlayaraq, Fəxriyyəyə demişdir ki, “əsgər yoldaşı ailəli adamdır, birlikdə getməkləri yaxşı çıxmaz, buna görə də, düşüb bulağın başında gözləsin, onlar gedib qayıtsınlar”. Fəxriyyə də, avtomobildən düşərək onları gözləmiş, bundan sonra onlar qəsəbə ərazisinə girərək, Nicatın əsgər yoldaşını soraqlasalar da, tapa bilməmişlər. Daha sonra geri qayıtmaq istəyərkən qəsəbə ərazisində olan əsas yolun kənarında bir neçə quzu görmüşlər və Nicat həmin ərazidə heç kimin olmamasından istifadə edərək, maşını saxlamış və orada olan quzulardan birini götürüb maşına qoymuş, o da Nicata quzunu maşına qoyması üçün kömək etmişdir. Bundan sonra, Nicat yenidən sükan arxasına keçərək sürüb oradan uzaqlaşmışlar və qəsəbədən çıxıb Fəxriyyəni düşürtdükləri bulağın yanından götürərək yollarına davam etmişlər. Xızı şəhəri ərazisində Polis şöbəsinin qarşısından keçərkən post patrul xidməti avtomobilinin sürücüsü uzaqvuran işıqlarla işarə verib saxlamalarını tələb etmiş, lakin Nicat avtomobili saxlamamışdır. Bu zaman onunla Fəxriyyə də Nicata mikroavtobusu saxlamasını bildirmiş, lakin sonuncu həmin polislərin yol polisinin deyil, post patrul xidmətinin əməkdaşları olduğunu deyərək yoluna davam etmişdir. Daha sonra, Xızı rayonu, Giləzi qəsəbəsinə çatdıqda polis əməkdaşlarının dəmir yolu keçidində şlaqbaumu aşağı saldıqlarını görmüşlər və Nicata “saxla, yoxsa avtomobili əzəcəksən” desə də, Nicat maşını birbaşa dəmir şlaqbaumun üstünə sürüb keçmişdir. Bundan sonra, üzü Sumqayıt şəhəri istiqamətində magistral yola çıxmış, Giləzi qəsəbəsindən sonra artıq arxalarınca yol polisi əməkdaşları da gəlməyə başlamışdır. Yol boyu həm o, həm də Fəxriyyə Nicata avtomobili saxlamasını təkidlə bildirsələr də, Nicat əvvəlki məhkumluğu ilə əlaqədar olaraq ayağında elektron qolbaq olduğunu deyərək, avtomobili saxlamamışdır. Bir qədər beləcə gedəndən sonra Nicat sürəti azaldaraq, qapını açmaqla quzunu yerə atmasını ona demiş, o da qapını açıb quzunu aşağı atmışdır. Beləcə sürüb Sumqayıt şəhər avtovağzalının yaxınlığında, əşya bazarının yanında ara küçələrdən birinə girmişlər və Nicat avtomobili saxlayaraq yerə düşüb qaçmışdır. Daha sonra onunla Fəxriyyə də qorxduqları üçün avtomobildən düşüb qaçmağa başlamış, lakin polis əməkdaşları onları tuta bilmişdir. Onlar Sumqayıt şəhərinə geri qayıdarkən polis əməkdaşları onları təqib edən vaxt Nicat Fəxriyyəyə quzunun oğurluq olduğunu demiş, həmin vaxta qədər Fəxriyyənin quzu oğurlamalarından xəbəri olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və faktiki olaraq zərərçəkmiş şəxsə hər hansı bir ziyan dəyməməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana kimi ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. 08 iyul 2021-ci il tarixdə, saat təxminən 14-15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək, icarəyə götürdüyü mikroavtobusun aylığını ödəmək üçün pul lazım olduğunu bildirmiş, o da, Samirə üzərində 27 manat pul olduğunu bildirmişdir. Bundan sonra, Samir onun yaşadığı evin həyətinə gəlmiş, söhbət zamanı Samirə Xızı rayonunun Altıağac qəsəbəsində yaşayan əsgər yoldaşının ona pul borclu olduğunu və həmin pulu gedib alarlarsa yol haqqı olaraq 50 manat verə biləcəyini demişdir. Bu zaman Samir onunla razılaşmış, birlikdə Xızı rayonu istiqamətində yola düşmüşlər və sonuncuya məxsus avtomaşını o, idarə etmişdir. Həmin vaxt Samirin tanışı Fəxriyyə adlı qadın da, avtomobildə olmuşdur. Bir müddət sonra Xızı rayonu, Altıağac qəsəbəsi ərazisinə daxil olmuşlar. Orada Fəxriyyəyə bildirmişdir ki, “qəsəbədə əsgər yoldaşı var, onların evinə gedib geri qayıdırlar, yanlarında qadın olması düz deyil” və buna görə də Fəxriyyəni həmin ərazidə olan bulağın yanında düşürərək, tez qayıdacaqlarını bildirmişlər. Daha sonra onlar qəsəbə ərazisinə girərək, əsgər yoldaşını soraqlasalar da, tapa bilməmiş və geri qayıdarkən yolun kənarında qoyunların olduğunu görmüşlər. Həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək, avtomaşınla qoyunların yaxınlığına çatdıqda Təqsirləndirilən şəxs2 arxa qapını açaraq qoyunlardan birini tutub avtomaşına salmış və onlar həmin ərazidən tez uzaqlaşmışlar. Bundan sonra, Fəxriyyəni düşürdükləri yerdən avtomaşına mindirmişlər və Fəxriyyəyə həmin qoyunu Samirin tanışının verdiyini demişlər. Bir qədər irəlilədikdən sonra arxadan ağ rəngli polis avtomaşınının gəldiyini görmüş və onun ayağında probasiya qolbağı olduğundan qorxuğu üçün, eləcə də avtomaşında oğurladıqları qoyun olduğundan saxlamayaraq oradan uzaqlaşmışlar. Bir qədər gedəndən sonra o, sürəti azaldacağını və qapını açaraq quzunu yerə atmasını Samirə demiş, sonuncu da qapını açıb quzunu aşağı atmışdır. Beləcə sürüb Sumqayıt şəhər avtovağzalının yaxınlığında, əşya bazarının yanında ara küçələrdən birinə girmişlər və o, avtomobili saxlayaraq yerə düşüb qaçmışdır. Sonradan əvvəlcə Fəxriyyə və Samir, daha sonra isə o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının və faktiki olaraq zərərçəkmiş şəxsə hər hansı bir ziyan dəyməməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. 08 iyul 2021-ci il tarixdə, təxminən saat 18-19 radələrində qəsəbə ərazisində yerləşən klubunun qarşısında olarkən atası Bəyazətdin onun telefonuna zəng edərək, quzulardan birinin darvazanın qarşısında olmadığını və həmin vaxt ərazidən nömrəsinin əvvəli 50 seriyası ilə başlayan ağ rəngli, “Ford” markalı avtomaşının sürətlə uzaqlaşdığını bildirmiş, eyni zamanda həmin avtomaşını yolda görərsə saxlatdırmasını tapşırmışdır. O da, yol kənarında dayanan qəsəbə sakinlərindən ağ rəngli, “Ford” markalı avtomaşını görüb-görmədikləri barədə soruşmuş və həmin avtomobilin yüksək sürətlə qəsəbənin çıxığına doğru getməsini öyrənmişdir. Bundan sonra o, özünə məxsus “VAZ- 2103” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin maşını təqib etmək üçün sürüb qəsəbədən çıxmış, yolda Xızı RPŞ-nin yol polisi əməkdaşı, həmkəndlisi Ehtirama zəng edərək bu barədə məlumat vermişdir. Xızı şəhərinin girəcəyində, qala divarının yanında olan döngədə həmin “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan irəlidə getdiyini görmüş, qəsdən avtomobilin sürətini azaltaraq bu barədə polis şöbəsinə məlumat vermişdir. Polis şöbəsinin qarşısına çatdıqda yol kənarında post patrul xidməti avtomobilinin dayandığını görmüş, onlara yaxınlaşıb irəlidə gedən “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxslərin ona məxsus bir baş quzunu oğurladığından şübhələndiyini demişdir. Post patrul əməkdaşları rabitə ilə şöbəyə məlumat vermiş və tez həmin avtomobili təqib etməyə başlamışlar. Bundan sonra o, polis şöbəsinə keçib bir baş quzusunun naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı ərizə yazmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, qardaşı X2 mülkiyyətində olan “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ümumi etibarnamə əsasında ona vermişdir. Təqsirləndirilən şəxs2 7-8 ildir sürücü kimi tanıyır, lakin həmin müddət ərzində onunla münasibəti və ya hər hansı formada iş birliyi olmamışdır. Belə ki, "xxxx" MMC ilə onun arasında şirkət işçilərinin Bakı şəhəri, 20 Yanvar dairəsindən götürüb iş yerlərinə daşınmasının həyata keçirilməsi ilə bağlı 08 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin şirkətin işçiləri həftənin əsasən 4-5 günü müəyyən olunmuş marşrut üzrə iş yerinə daşınır. Daşıma da, əsasən **-CR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla həyata keçirilmişdir. İşləri çox olduğundan iyul ayının əvvəlində işçilərin daşınmasını həyata keçirmək üçün sürücü tutmaq fikrinə düşmüşdür. Tanışlardan maraqlanmış, ona Təqsirləndirilən şəxs2 məsləhət görmüşlər. Təqsirləndirilən şəxs2lə 03 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində görüşüb söhbətləşmiş və mikroavtobus sürmək üçün sürücülük hüququ olduğundan aralarında olan razılıq əsasında maşında olan nasazlıqların aradan qaldırılması məqsədilə ustaya aparması üçün mikroavtobusu Samirə vermişdir. 06 iyul 2021-ci il tarixdə qardaşı Fəridlə əlaqə saxlayıb Samirlə birlikdə onları Sumqayıt “Asan xidmət” mərkəzinə göndərmiş və notarial qaydada mikroavtobusu idarə etməsi üçün Samirə etibarnamə də, verilmişdir. 08 iyul 2021-ci il tarixdə Xızı rayon Polis şöbəsindən Ruslan adlı əməkdaş ona zəng edərək, “Ford” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşınının olub-olmamasını soruşmuş, o da, həmin maşını etibarnamə əsasında Samir adlı şəxsə verməsini bildirmişdir. Daha sonra, Ruslan müəllim ondan Samirin saxlanılmasında köməklik istəmiş, o da razılaşmışdır. Həmin zəngdən sonra Samirin yaşadığı Corat qəsəbəsindəki evinə getmiş, lakin qapını açan olmamışdır. Sonradan isə Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılmasını eşitmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, 2015-ci il tarixdən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Giləzi dəmir yol məntəqəsində keçid növbətçisi işləyir. Həmin məntəqədə avtomobil yolu bağlanması üçün avtomat və əl ilə bağlanan ehtiyat bağlayıcı, yəni şlaqbaum vardır. Əksər vaxtlarda məntəqədən qatar keçərkən avtomatla işləyən bağlayıcıdan istifadə edirlər. 08 iyul 2021-ci il tarixdə, saat 20:00 radələrində məntəqənin qarşısında olarkən polis əməkdaşları xidməti avtomobil ilə məntəqəyə yaxınlaşmiş və avtomobildən düşən polis əməkdaşının biri qaçaraq əl ilə ehtiyat bağlayıcını bağlamış, elə həmin vaxt ağ rəngdə olan "Ford" markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək məntəqənin ehtiyat bağlayıcısını vurub açaraq öz yoluna davam etmişdir. Həmin vaxt "Ford" markalı avtomobil məntəqəyə məxsus ehtiyat əl bağlayıcısını vurub keçsə də, bunun nəticəsində məntəqəyə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 ilə bir müddətdir münasibət qurmuşlar. Samir “Ford” markalı yük avtomobilini icarə ilə idarə etmiş və onun avtomaşını ilə bir dəfə Qubaya da getmişlər. 08 iyul 2021-ci il tarixdə Samir ilə birlikdə olduğu zaman sonuncunun tanışı Nicat Samirə zəng etmiş və telefonda danışdıqdan sonra Samir ona Nicatın Xızı rayonuna getmək istıdiyini və oradan 1 quzu və 150 manat pul verəcəklərini, zəhmət haqqı olaraq isə 50 manat pul ödəyəcəyini bildirmişdir. Bundan sonra, həmin Nicat adlı şəxslə Sumqayıt şəhəri ərazisində görüşmüşlər, Samirlə Nicat öz aralarında söhbət etmiş və ona Xızı rayonuna gedəcəklərini bildirmişlər. Nicat Samirin avtomaşının idarə etmiş və beləliklə, onlar Xızı rayonuna gəlmişlər. Xızı rayonuna daxil olaraq üzü Altıağac qəsəbəsi istiqamətində gedərək, bulağın yanından keçdikləri zaman Nicat avtomaşını saxlayaraq bildirmişdir ki, evinə getdiyi şəxs ailəlidir və qadınla onlara getməyi düz çıxmır. O, buna görə avtomaşından düşərək, bulağın yanında gözləmiş, bir qədər sonra Samirlə Nİcat gəlmiş və o, maşına əyləşdikdə həqiqətən də avtomaşında bir baş qoyun olduğunu görmüşdür. Onlar yenidən Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamış və bir qədər getdikdən sonra yolda polis avtomaşını onlara saxlamağı əmr etdikdə Nicat avtomaşını sürməyə davam etmiş və o, Nicata saxlamasını bildirdikdə, Nicat “mənim ayağımda qolbaq var, saxlaya bilmərəm, məni tutacaqlar” demiş və avtomaşını sürməyə davam etmişdir. Bir qədər getdikdən sonra Nicat Samirə qapını açıb quzunu tullamasını demiş və o, nə üçün belə dediyini soruşduqda, Nicat quzunun oğurluq olduğunu demiş və avtomaşının sürətini azaltaraq kənarda saxlamış, Samir qapını açıb quzunu yola buraxmış və yenidən hərəkətə davam etmişlər. Bundan sonra, onlar Sumqayıt şəhərinə daxil olmuş, “əşya bazarı” deyilən yerin yaxınlığında ara küçələrdən birinə daxil olduqda Nicat maşını kənarda saxlayaraq qaçıb uzaqlaşmış, onunla Samir də, avtomaşından düşüb qaçmaq istədikdə, polis əməkdaşları onları yaxalamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 16-17-ci vərəqələrində olan 09 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 1 baş açıq qəhvəyi rəngli erkək quzu cinayət işi üzrə maddi sübut kimi tanınmış və mülkiyyətçisi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 183-185-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən və işin İ cildinin 187-195-ci vərəqələrində olan müvafiq hökmün surətindən, eləcə də, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər probasiya şöbəsinin 10 mart 2022-ci il tarixli, 990 nömrəli məktubundan və Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(060)-236/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1; 177.2.2; 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 05 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 09 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbayçan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin olunmuş cəzadan azad edilmişdir. Məhkəmə iclasında elan edilərək, iş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(027)-2/2022 nömrəli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(105)-361/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 1(027)-2/2022 saylı, 11 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 180-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 49-50-ci vərəqələrində olan 09 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 166-167-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 10 iyul 2021-ci il tarixli, 4(068)-18/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 283-cü vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli, 4(060)-658/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 285-ci vərəqəsində olan 04 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(068)-10/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 24 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin 25 oktyabr 2022-ci il tarixli, 165-6872-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 24 oktyabr 2022-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Xızı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 114-115-ci vərəqələrində olan 11 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 158-159-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 4(068)-20/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 343-345-ci vərəqələrində olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 yanvar 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs1 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 143-cü vərəqəsində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 09 iyun 2013-cü il təvəllüdlü Nihat və 22 avqust 2014-cü il təvəllüdlü Anar adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin 363-371-ci vərəqələrində olan 29 yanvar 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə yenidən ittiham elan olunmuş, habelə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 186-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş və Şahid1 oğurluq hadisəsini törətməkdə iştirakı təsdiq edilmədiyindən onun həmin xüsusat üzrə barəsində cinayət işinin icraatına hissəvi xitam verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 13 aprel 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 1 baş quzu ona qaytarıldığından təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 may 2022-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırki cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 08 iyul 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixə kimi, 24 oktyabr 2022-ci il tarixdən isə 10 noyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 05 (beş) ay 12 (on iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutaraq və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əlavə cəzaya, Bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növü birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş cəzaya Quba Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası tamamilə, əsas cəzası isə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 baş quzunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 05 (beş) ay 12 (on iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(027)-2/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 baş quzunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə olanlara isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar