Məhkəmə qərarları › İş №1(068)-11/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-11/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-11/2021 18.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,293 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 22:00-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində o, Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış nəticəsində əynindəki boz rəngli şalvarın sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,293 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir narkotik vasitə istifadəçisi olmaqla, əsasən narkotik vasitənin “kakos” adlandırılan növündən istifadə edir. Həmin narkotik vasitəni damarlarına inyeksiya etməklə qəbul edir. xx xxxx 2020-ci il tarixdə, təxminən axşam saat 20:00 radələrində əkibbecərdiyi bostandan yaşadığı evə qayıdarkən yol üzərində yerləşən körpünün altından təxminən 30 metr irəlilədikdən sonra yolda parlayan gümüşü rəngli kağız gördükdə, həmin kağız diqqətini cəlb etdiyindən əyilib onu götürərək, açıb baxanda içərisində “kakos” deyilən narkotik vasitə olduğunu görmüşdür. Belə ki, narkotik vasitədən istifadə etdiyindən həmin bükülünün içində narkotik vasitə olduğunu bilmiş və axşam istifadə etmək məqsədi ilə əynində olan boz rəngli şalvarın sağ cibinə qoymuşdur. Təxminən 2 saat sonra evdən çıxıb bostana baş çəkmək üçün həmin yolla geri qayıdarkən iki nəfər mülki geyimli şəxs onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu izah etmişlər. Bununla əlaqədar olaraq hüquqlarını Müdafiəçi tərəfindən qorunduğu bildirilərək, hüquqları ona izah edilmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparılacağı və axtarışın video görüntüyə alınacağı bildirilmişdir. Daha sonra, üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarın sağ cibində olan, təxminən 2 saat əvvəl kənd ərazisindən tapdığı gümüşü rəngli bükülüdəki narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Xızı RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması, gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixdə qərar qəbul edilərək, həmin gün təxminən saat 22:00 radələrində şöbənin əməkdaşları ilə birgə Xızı rayonu, Sitalçay kəndi ərazisinə gəlmişlər. Kəndin içərisində ara yolda Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, RPŞnin İstintaq Qrupunun müstəntiqi Niyaməddin Bağırlı tərəfindən Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşduqda o, əynində olan ağ rəngli köynəyin sinə cibindən bir qutu “Bakı” markalı siqareti və boz rəngli parça şalvarın sağ cibindən içərisində açıq qəhvəyi rəngli toz halında kütlə olan gümüşü rəngli kağız bükülüsünü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan “kakos”, yəni “heroin” olmasını, həmin narkotik vasitəni əkib-becərdiyi bostan yolundan, saxlanılmamışdan bir neçə saat əvvəl yol kənarında yerləşən körpünün yaxınlığından tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında şahidlər - Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Xızı RPŞ-nin Post patrul xidməti taqımının manqa komandiri Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaq zamanı Şahid4 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 3 övladı ilə birlikdə onunla Xızı rayonu, Sitalçay kəndində yaşayır. Əliabas günəmuzd işlərdə fəhlə kimi işləsə də, son vaxlar yaşadıqları Sitalçay kəndində yerləşən torpaq sahəsində tərəvəz əkməklə məşğul olmuşdur. Əliabas təxminən 4 ildir onun xəbəri olmadan narkotik vasitə istifadə etmişdir. Oğlunun bu zərərli vərdişindən xəbər tutduqda müalicə olunması üçün bir neçə dəfə onu xəstəxanaya yerləşdirsə də, müsbət nəticə olmamışdır. Əliabasın bir neçə ildir narkotik vasitə istifadəçisi olduğunu bilir, lakin narkotik vasitələri haradan və kimdən əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1282 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN zərflər üçün № 131” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,293 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,243 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2198 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-26-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan ağ rəngli köynəyin sinə cibindən bir qutu “Bakı” markalı siqareti və boz rəngli şalvarın sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cinayət işinin 15-16-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,243 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin 95-100-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd X6 üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, həmçinin, işin 84-85-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı – X3, oğlu – xx xxxxx 2014-cü il təvəllüdlü Rza Qasımov, qızı – xx xxxxxx 2017-ci il təvəllüdlü Fatimə Qasımova və oğlu- xx xxxxxx 2019-cu il təvəllüdlü Uğur Qasımovdan ibarətdir və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən verilmiş ******* nömrəli stasionar xəstəlik tarixindən çıxarışın və Bakı Baş Səhiyyə X8 Mərkəzi tərəfindən verilmiş 4720 nömrəli epikrizin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xroniki virus hepatiti “C”+ miks infeksiyası orta ağır gedişli diaqnozu təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 1(068)-36/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlmədiyndən barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı övladının olmasını, həmçinin xroniki virus hepatiti “C” xəstəsi olmasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlməməsini və barəsində məcburi gətirilmə tətbiq edilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,243 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,243 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar