Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-11/2024 29.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1969-cu il tarixdə Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Qubadlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1976-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Govşadlı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 02 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Xızı rayonu, Baxışlı kəndi ərazisində yerləşən meşə massivində açıq ərazidə olan Zərərçəkmiş şəxs məxsus dişi, yerli cins, boğaz, beş illik, diri çəkisi 200 kq, ala-qırmızı rəngli 1800 manat dəyərində bir baş iribuynuzlu qaramal heyvanını Təqsirləndirilən şəxs2 əlində olan 16 kalibrli, TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş 75199 nömrəli qoşalüləli yivsiz-odlu ov tüfəngi ilə atəş açaraq öldürdükdən sonra o, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə kəsib ətini idarə etdiyi “Mercedes Benz” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa yük yerinə yığıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 1800 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 02 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Xızı rayonu, Baxışlı kəndi ərazisində yerləşən meşə massivində açıq ərazidə olan Zərərçəkmiş şəxs məxsus dişi, yerli cins, boğaz, beş illik, diri çəkisi 200 kq, ala-qırmızı rəngli 1800 manat dəyərində bir baş iribuynuzlu qaramal heyvanını o, əlində olan 16 kalibrli, TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş 75199 nömrəli qoşalüləli yivsiz-odlu ov tüfəngi ilə atəş açaraq öldürdükdən sonra Təqsirləndirilən şəxs1 zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə kəsib ətini sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa yük yerinə yığıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 1800 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 02 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs2la birlikdə yaşadıqları Bakı şəhərindən Xızı rayonuna ov etməyə gəlmişlər. Lakin meşədə ovlamaq üçün hər hansı bir heyvan tapa bilməmiş və bir yerdə əyləşib yemək yemişlər. Bundan sonra meşədə bir inəyin otladığını görmüşlər və inəyi ov tüfəngi ilə vurmuşlar. Daha sonra bıçaqla heyvanı doğrayıb ətini avtomobilin arxa yük yerinə yığarkən polis əməkdaşları onları saxlayıb, Xızı RPŞ-yə gətirmişlər. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Xızı rayonuna ov etmək üçün gəldiklərini, təxminən iki saat ov etməyə çalışsalar da, ovlamaq üçün heç nə tapa bilmədiklərini, inəyi vurmaq ideyasının haradan yarandığını özü də bilmədiyini göstərmişdir. Eyni zamanda, Müdafiəçi2 sualına cavab olaraq törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiklərini bildirmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq ilk dəfə belə bir əməl törətdiklərini və ov tüfənginin Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş maddi ziyanın tam olaraq ödənilməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 02 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs1la birlikdə yaşadıqları Bakı şəhərindən Xızı rayonuna ov etməyə gəlmişlər. Lakin meşədə ovlamaq üçün hər hansı bir heyvan tapa bilməmişlər və inəyi ov tüfəngi ilə vurmuşlar. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq inəyi vurmaq ideyasının anidən yarandığını göstərmişdir. Eyni zamanda, Müdafiəçi1 sualına cavab olaraq törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiklərini bildirmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq ov tüfənginin rəhmətlik atasından qaldığını, 1990-cı illərin müharibəsində atasının tüfəngini də yığdıqlarını, atası buğda tarlasında işlədiyindən mühafizə məqsədilə sonradan ona verildiyini, atasının 4 ildir rəhmətə getdiyini, ondan sonra da tüfəngin qeydiyyatı üçün müraciət etmədiyini, hal-hazırda tüfəngin polis əməkdaşları tərəfindən alınaraq polis şöbəsində saxlanıldığını, həmin vaxt inəyi təxminən boyun nahiyyəsindən vurduqlarını, ondan sonra ikisinin də inəyi doğradıqlarını, amma hələ maşına tam yığa bilmədiklərini, polis əməkdaşları gələndən sonra inəyin doğranmış hissələrini tam olaraq maşına yığıb, polis şöbəsinə gətirdiklərini bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş maddi ziyanın tam olaraq ödənilməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərmişdir ki, keçən ilin sentyabr ayının əvvəli, səhər 08:00 radələrində heyvanlarını meşə tərəfə otlamağa ötürmüş, sonradan isə heyvanların hansı tərəfdə olduğuna nəzarət etmək üçün həmin əraziyə getmiş, lakin inəklərini tapa bilməmiş və heyvanların su qırağına getdiklərini fikirləşmişdir. Bundan sonra su qırağına da gedib baxmış, lakin orada da heyvanlarını tapa bilməmişdir. Yola çıxan zaman öz kəndindən olan bir nəfər ona kimlərinsə inəyi vurub, meşəyə apardıqlarını bildirmiş, meşəyə gedib baxsa da, heç bir iz görməmişdir. Daha sonra polis şöbəsinə gedərək inəyinin itməsi barədə məlumat vermiş, şöbədə isə ona kəsilmiş heyvan şəklini göstərərək “bir inək vurublar, bax gör sənin inəyindir?” deyə soruşduqda, şəklə baxıb inəyin ona məxsus olmasını təsdiqləmişdir. Bundan sonra kəsilmiş inəyin ətini ona verdilər və əti evə gətirib tərəzidə çəkmiş, 178 kq olmasını görmüşdür. Bu hadisədən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu Siyəzən şəhərinə aparmış və həmin vurduqları heyvanın əvəzinə başqa bir inək alıb vermişlər. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin post-patrul xidməti taqımının polis nəfəri Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, polis serjantı Şahid2 ilə birlikdə “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Altıağac-Xızı istiqamətində hərəkətdə olarkən “Mercedes Benz” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görmüşlər. O, Xəyyamla birlikdə həmin avtomobilə yaxınlaşmışdır. Onlar avtomobildə heç kimin olmadığını görüb yaxınlıqda olan meşə massivinə daxil olmuşlar. Həmin vaxt iki nəfər şəxsin, yəni şəxsiyyətləri sonradan onlara məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əllərində sellofan torbaların içərisində kəsilmiş ət olduğunu görmüşlər. Onlar Faiq və Nadirdən əllərində olan ət barədə soruşduqda, sonuncular tüfənglə inək vurduqlarını, həmin ətin inəyin əti olduğunu demişlər. Bundan sonra onlar meşədə inəyin başının və digər qalıqlarını olduğunu, inəyin yenicə kəsildiyini görmüşlər. Onlar inəyin qalıqlarını, həmin şəxsləri, istifadə etdikləri tüfəngi və bıçağı avtomobilləri ilə birlikdə Xızı RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin post-patrul xidməti taqımının polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-10-cu vərəqələrində olan 02 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Mercedes Benz” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən Zərərçəkmiş şəxs məxsus bir baş inəyin əti və qalıqları, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd mətbəx bıçağı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd ov tüfəngi, üç ədəd patron aşkar edilmişdir. Bir ədəd ov tüfəngi və üç ədəd patron maddi sübut kimi götürülmüş, bir baş inəyin əti və qalıqları Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-16-cı vərəqələrində olan 02 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı onların Zərərçəkmiş şəxs məxsus bir baş iribuynuzlu qaramal heyvanını 02 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Xızı rayonu Baxışlı kəndi ərazisində yerləşən meşə massivində tüfənglə atəş açıb öldürdükləri, bıçaqla ətini kəsib yığdıqları müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 151-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1690 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah, 16 kalibrli olmaqla, “TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961-ci ildə zavod üsulu ilə istehal edilmiş “75199” №-li qoşalüləli yivsiz-odlu ov tüfəngidir, istifadəyə yararlıdır. Silahın lüləaltı yatağı yerində yoxdur, buna baxmayaraq silahdan atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, istifadəyə yararlıdır. Cinayət işinin 150-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 155-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1689 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 154-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 9/7768 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, dişi, yerli cins, boğaz, beş illik, diri çəkisi 200 kq, ala-qırmızı rəngli iribuynuzlu heyvanın 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1800 manat müəyyən olunur. Cinayət işinin 157-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-cı vərəqəsində olan 03 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “TOZ-BM” modelli 75199 nömrəli bir ədəd ov tüfəngi, bir ədəd patron, iki ədəd patron gilizləri, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd mətbəx bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin saxlancına verilmiş, həmçinin Zərərçəkmiş şəxs məxsus inəyin əti və qalıqları da cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 157-ci vərəqəsində olan Füzuli rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-73/2-2241/2024 nömrəli məktubundan görünür ki, “TOZ BM” markalı, 75199 nömrəli, 16 kalibrli ov silahının X1 məxsus olması ilə bağlı şəhadətnamə verilməmiş və rayon polis şöbəsində şəxsi işi olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 noyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-cu vərəqəsində olan 02 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan 04 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci vərəqəsində olan 02 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan 04 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-111-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs1 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında Füzuli rayonu, Govşadlı kəndində məcburi köçkün kimi məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs2 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 199-206-cı vərəqələrində olan 13 fevral 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilməsi və barələrində 04 sentyabr 2023-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilsin və onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti Xızı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 01 aprel 2024-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxslərə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tamamilə ödəmələri və zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi tutulduqları (həbsdə saxlanıldıqları) 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və onlara təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli və cəzaçəkmə müddətlərinin əvvəli yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onlara hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin onlara hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olubolmaması məsələsini həll edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, “TOZ-BM” modelli, 75199 nömrəli, qoşalüləli yivsiz-odlu ov tüfəngi, bir ədəd patron, eksperimental atəş zamanı iki ədəd patronun gilizləri, bir ədəd mətbəx bıçağı dövlət nəfinə müsadirə edilməli, eləcə də Zərərçəkmiş şəxs məxsus inəyin əti və qalıqlarının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 178 manat məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, “TOZ-BM” modelli, 75199 nömrəli, qoşalüləli yivsiz-odlu ov tüfəngi, bir ədəd patron, eksperimental atəş zamanı iki ədəd patronun gilizləri, bir ədəd mətbəx bıçağı dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus inəyin əti və qalıqlarının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-11/2024
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-11/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver