Məhkəmə qərarları › İş №1(068)-11/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-11/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-11/2025 26.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda 1,549 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 24 yanvar 2025-ci il tarixdə, saat 11:30 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılıb üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 1,549 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 24 yanvar 2025-ci il tarixdə, səhər saatlarında yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilmiş və bir gün əvvəl dəmir yolunun kənarından tapdığı psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Tapdıqdan sonra həmin psixotrop maddədən istifadə etməmiş, eləcə cibində gəzdirmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər narkotik və psixotrop maddələrdən istifadə etdiyindən, tapdığı bükümdə metamfetamin olduğunu bildiyini, evə gedərkən dəmir yolunun kənarından, siqaret qutusunun içərisində tapdığını, əvvəllər arada narkotik vasitə istifadə etdiyini, indi isə daha istifadə etmədiyini bildirmişdir. Eyni zamanda müdafiəçinin sualına cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin, uzun müddət hərbiçi kimi xidmətdə olduğunu, anasının xəstə olmasının və ailə vəziyyətinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Giləzi qəsəbə sakini kimi tanımış və narkotik vasitə istifadəçisi olmasını bilmişdir. Hətta Təqsirləndirilən şəxs narkotik istifadə etməməsi ilə bağlı xəbərdarlıq da, etmişdir. Cari ilin yanvar ayında daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün RPŞ-nin əməliyyat müvəkkili İmam Əsədov və Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Elməddin Dərgahlı ilə birlikdə Giləzi qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, kamera cihazı vasitəsilə qeydə alınmaqla üzərinə baxış keçirilmiş və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 25 yanvar 2025ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 24 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə, saat 11:30 dəqiqədə Xızı rayonu Giləzi qəsəbəsində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sol yan cibindən bir qutu “Keno” markalı siqaret, gödəkçənin sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm açılmış, bükümün içərisində ağ rəngli kristal formalı metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, həmin metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, dəmiryolunun kənarından tapdığını, satmaq məqsədinin olmadığını, başqa yerdə qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet saxlamadığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə bükümü ilə birlikdə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 2,09 qram olması müəyyən edilmişdir. Şahid tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş predmet qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bir qutu “Keno” markalı siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Yoxlama Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri - polis mayoru Şahid və polis leytenantı X3 tərəfindən aparılmış, Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı X2 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sol yan cibindən bir qutu “Keno” markalı siqaret, gödəkçənin sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-33-cü vərəqələrində olan 24 yanvar 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında həmin şöbənin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid təqdim etdiyi əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri - polis mayoru Şahid, polis leytenantı X3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirak etmişdir. Baxışın aparılması şöbənin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı X2 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Xızı rayon Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində bir ədəd şəffaf sellofan büküm vardır. Həmin büküm açılmış, bükümün içərisində ağ rəngli kristallik şəkilli psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlələrin ona məxsus olduğunu, psixotrop maddə - metamfetamin olduğunu, həmin kütləni yerdən tapdığını, metamfetamini şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını, satış məqsədinin olmadığını, saxlanılarkən və Xızı rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Şahid təqdim etdiyi psixotrop maddə - metamfetaminə bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə tərəfimdən ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2025-ci il tarixli, 6/369 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,549 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,499 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 80 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci vərəqəsində olan 25 yanvar 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,499 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 11 fevral 2025-ci il tarixdə verilmiş 760 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 fevral 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 24 yanvar 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 yanvar 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 26 yanvar 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-136-cı vərəqələrində olan 14 mart 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində 26 yanvar 2025ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini onun haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı rayon polis şöbəsinin Cinayətaxtarış bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-100-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və qəsəbədə aparılan ictimai işlərdə heç bir fəallıq göstərmir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, həyat şəraitini, o cümlədən narkotik vasitənin növünü, miqdarını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdən 26 yanvar 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 26 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,499 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdən 26 yanvar 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,499 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar