Məhkəmə qərarları › İş №1(068)-12/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-12/2020

17.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-12/2020 17.07.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 15, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə,saat 08.30-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməyərək narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi «VAZ-21101 minik» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 53,5-ci kilometrliyində Bakı istiqamətində sol hərəkət zolağı ilə 110 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib, idarəetməni itirdiyindən qarşısında eyni istiqamətdə və zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs1 əyləci basaraq 70-80 km/saat sürətlə idarə etdiyi «Mercedes-Benz ML 350 minik» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini tam azaltdığını görüb əyləci basaraq avtomobili sağ tərəfə manevr etdirmiş, «Mercedes-Benz ML 350 minik» markalı avtomobilin arxa sağ hissəsi ilə onun idarə etdiyi «VAZ-21101 minik» markalı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ-21101 minik» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3nin qəlpəli yerdəyişən sınığı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran, «Mercedes-Benz ML 350 minik» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs1 1370 manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 avqust 2019-cu il tarixdə,saat 08:30-da idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21101» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol zolağı ilə 110 km/saat sürətlə Bakı istiqamətində düzünə hərəkət etmişdir. Avtomobilində yük olmasa da, bir nəfər sərnişin Zərərçəkmiş şəxs2 olmaqla qabaq sağ oturacaqda əyləşmişdir. Yolun Xızı rayonu, Yeni-Yaşma kəndi ərazisindən keçən 53,5-ci kilometrində hərəkətdə olarkən qarşıda eyni hərəkət zolağı ilə, eyni istiqamətdə təxminən 70-80 km/saat sürətlə hərəkət edən «Mercedes-Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əyləci basaraq idarə etdiyi avtomobilin sürətini tam azaltdığını görmüşdür. Bu səbəbdən həmin «Mercedes- Benz ML350» markalı avtomobilin arxa hissəsi ilə idarə etdiyi «VAZ 21101» markalı avtomobilin qabaq hissəsi arasında toqquşma baş verməsin deyə əyləci basıb idarə etdiyi avtomobili sağ tərəfə manevr etdirmişdir. Buna baxmayaraq yolun Bakı istiqamətində sol hərəkət zolağı üzərində idarə etdiyi «VAZ 21101» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə qarşıdakı «Mercedes Benz ML350» markalı, avtomobilin arxa sağ hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində o, «Mercedes Benz ML350» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 heç bir xəsarət almasalar da, onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 müxtəlif bədən xəsarətlər aldığından hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü x8 Yardım Xəstəxanasına aparmışlar. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti 110 km/saatdan çox olmamışdır. Hadisə vaxtı onun diqqətini yol şəraitindən yayındıran və səhhəti ilə bağlı heç bir problem olmamış, hadisə vaxtı o, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, hamar, quru və beton olmuşdur. Avtomobilində bir nəfər sərnişin olmuş, yük olmamış və hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmişdir. İlkin izahatı alınarkən səmimi olaraq bildirmişdir ki, sonuncu dəfə 09 avqust 2019-cu il tarixdə, saat 22 radələrində 0,5 qram kakos adlı narkotik maddəni iynə ilə damarına vurmaqla istifadə etmiş və həmin narkotik maddəni 09 avqust 2019-cu il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yolun kənarından tapmışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasının, habelə barışmalarının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin verdiyi ifadə ilə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, 10 avqust 2019-cu il tarixdə, saat 08:30-da dostu Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21101» markalı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol zolağı ilə 110 km/saat sürətlə Bakı istiqamətində düzünə hərəkət edərkən o, qabaq sağ oturacada əyləşmişdir. Yolun Xızı rayonu, Yeni-Yaşma kəndi ərazisindən keçən 53,5-ci kilometrində hərəkətdə olan zaman qarşıda eyni hərəkət zolağı ilə, eyni istiqamətdə təxminən 70-80 km/saat sürətlə hərəkət edən «Mercedes-Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əyləci basaraq idarə etdiyi avtomobilin sürətini tam azaltdığını gördükdə İxtiyar həmin avtomobilin arxa hissəsi ilə idarə etdiyi «VAZ 21101» markalı avtomobilin qabaq hissəsi arasında toqquşma baş verməsin deyə əyləci basıb idarə etdiyi avtomobili sağ tərəfə manevr etdirmişdir. Buna baxmayaraq yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində sərnişini olduğu «VAZ 21101» markalı avtomobilin qabaq sol hissəsi ilə qarşıdakı «Mercedes Benz ML 350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində hər iki sürücü heç bir xəsarət almasa da, o, sağ qolundan xəsarət almışdır. Onu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü x8 Yardım Xəstəxanasına aparmışlar. Xəstəxanada ona lazımi tibbi yardım göstərilərək sağ qolunda cərrahi əməliyyat etmişlər. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir formada şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq etdiyini və hazırda Azərbaycan Respublikasında olmadığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan sərhədkeçmə məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs1 həqiqətən 05 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və hazıradək geri qayıtmamışdır. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 iyul 2013-cü il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. Mülkiyyətində olan «Mercedes-Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 noyabr 2017-ci il tarixdən idarə edir. 10 avqust 2019-cu il tarixdə, saat 08:30-da idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan həmin avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 70 km/saat sürətlə Bakı istiqamətində düzünə hərəkət edərkən avtomobilində yük və sərnişin olmamışdır. Yolun Xızı rayonu ərazisindən keçən 53,5-ci kilometrində hərəkətdə olarkən idarə etdiyi avtomobilə arxadan zərbə dəymiş, həmin zərbənin təsirindən avtomobil idarəetmədən çıxaraq yolun hərəkəti istiqamətində sol kənarındakı metal konstruksiyalardan quraşdırılmış çəpərə dəymiş və dayanmışdır. Avtomobildən düşəndən sonra görmüşdür ki, idarə etdiyi avtomobili arxadan vuran qara rəngli «VAZ 21101» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Belə ki, toqquşma həmin avtomobilin qabaq sol hissəsi ilə idarə etdiyi avtomobilin arxa sağ hisəsi arasında, yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində baş vermişdir. O, kömək etmək məqsədi ilə «VAZ 21101» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşanda görmüşdür ki, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, hadisə vaxtı həmin avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 sağ qolu sınmışdır. Odur ki, xəsarət almış Zərərçəkmiş şəxs2 hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü x8 Yardım Xəstəxanasına aparmışlar. O, isə hadisə yerində qalmış, hadisə yerinə onun da iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 66-67-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 24858 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən göstərilən şəraitdə «Mercedes Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Təhqiqat tərəfindən göstərilən məlumatlara əsasən «VAZ- 21101» markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 65-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 37-38-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x2 məhkəmə-tibb ekspertizasının 10 sentyabr 2019-cu il tarixli, 1415 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ bazu sümüyünün aşağı 1/3-nin qəlpəli yerdəyişən sınığı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-yə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 10 avqust 2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 Ekspert komissiyası tərəfindən 09 yanvar 2020-ci il tarixdə verilmiş 63 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci səhifəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x3 tərəfindən 26 sentyabr 2019-cu il tarixdə verilmiş tələbnamədən və işin 123-126-cı səhifələrindəki Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 1(060)-73/2017 saylı hökmünün surətindən görünür ki, Eldarov x5 Şəhər Məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24 noyabr 2017-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Belə olan halda onun hadisə baş verən tarixə məhkumluğu ödənilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 56-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x9 27 sentyabr2019-cu il tarixli, 016-89739- 1219 nömrəli məktubundan görünür ki, BDYPİ-nin x4 komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2010-cu il tarixdə AB 246594 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 18-ci səhifəsində olan 10 avqust 2019-cu il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2778 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sidik test üsulu ilə müayinəsi zamanı onun narkotik vasitə qəbul etməsi ilə əlaqədar sərxoş olması aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 23-cü səhifəsində olan AD seriyalı, 074814 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ- 21101 minik» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında elan edilmiş işin 68-ci səhifəsində olan 17 oktyabr 2019-cu il tarixli nəqliyyat vasitələrinin maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan «Mercedes-Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs məxsus olan «VAZ-21101 minik» markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 80-ci səhifəsində olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 14 avqust 2019-cu il tarixli qüsur aktından görünür ki, «Mercedes-Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1370 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci səhifələrində olan 18 noyabr 2019-cu il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 139-142-ci səhifələrində olan sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci və 234-cü maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət işi üzrə ayrılmış material araşdırılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinə göndərilmiş, həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 məxsus «Mercedes-Benz ML350» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunacaq ittihama daxil edilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 1(068)-12/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlmədiyndən barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 04 iyun 2020-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərər çəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 1(060)-73/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, 24 noyabr 2017-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı əməli ehtiyatsızlıqdan törədilən cinayət hesab edildiyindən, bu cinayət əməli onun əvvəlki əməlinə münasibətdə cinayətin residivini yaratmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlməməsini və barəsində məcburi gətirilmə tətbiq edilməsini, beləliklə gələcəkdə hökmün icrası üçün cəzaçəkmə müəssisəsinə getməkdən yayınmasına kifayət qədər əsaslar olmasını, habelə narkomaniya xəstəsi olmaqla, məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, o, məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 17 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş «VAZ-21101 minik» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilmiş «Mercedes-Benz ML350 minik» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasının əvvəli 17 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş «VAZ-21101 minik» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilmiş «Mercedes-Benz ML350 minik» markalı, **-MA- *** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar