Məhkəmə qərarları › İş №1(068)-12/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-12/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-12/2024 10.06.2024 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 avqust 1976-cı il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il sınaq müddəti verilməklə şərti məhkum etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən üzərində qəti cəza olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), yəni 1,461 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək üzərində saxlamaqla daşımış, 13 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu Giləzi qəsəbəsi ərazisində saxlanılaraq Xızı RPŞ-yə gətirilib, video çəkiliş tətbiqi və müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd falqa kəsiyi bükümündə, xeyli miqdarda təmiz çəkisi 1,461 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 13 sentyabr 2023-cü il tarixdə yaşadığı evdən çıxıb yol kənarı ilə hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdilər. Bundan sonra polis əməkdaşları onu saxlayıb Xızı RPŞ-yə gətirmişlər və videoçəkiliş aparılmaqla üzərindən bir neçə gün əvvəl tapdığı narkotik vasitə - heroin aşkar olunmuşdur. Narkotik vasitəni kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. İstintaq hərəkətlərində müdafiəçisi Pərvanə xanım da iştirak etmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, ciyərlərinin xəstə olmasının və sentyabr ayında övladının toyu olacağının nəzərə alınaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 13 sentyabr 2023-cü il tarixdə rayonun Giləzi qəsəbəsində əməliyyat aparmaq tapşırığı daxil olmuşdur. Həmin vaxt RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin və müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1,461 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçən ilin sentyabr ayında əməliyyat müvəkkilləri tərəfindən rayonun Giləzi qəsəbəsində saxlanılaraq şöbəyə gətirilmişdir. Xızı RPŞ-nin bütün çəkilişlərini o, apardığından həmin vaxtda müstəntiqin göstərişi ilə çəkiliş aparmış və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xidməti iş yerini dəyişməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-32-ci vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4860 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №131” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,461 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1,361 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci vərəqələrində olan 14 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,361 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 14 oktyabr 2023-cü il tarixdə verilmiş 8217 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 dekabr 2023-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 114-120-ci vərəqələrində olan müvafiq hökmün görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 29 iyun 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 mart 2013-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş, bundan sonra Xızı Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin «28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» 20 may 2016-cı il tarixli Qərarının 3 bəndinə əsasən çəkilməmiş qalan 05 ay 06 gün cəzadan azad edilmiş, Bakı Hərbi Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, daha sonra Xızı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Hərbi Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il sınaq müddəti verilməklə şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən üzərində qəti cəza olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və 11 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 15 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 1(068)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞnin 17 may 2024-cü il tarixli, 3-13-80/2-2364/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞ-nin MSY-nə, daha sonra isə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 126-134-cü vərəqələrində olan 31 yanvar 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra üzərində saxladığı narkotik vasitə üzərində sərəncam vermək imkanının olmadığını dərk edərək həmin heroini təhvil verməsi onun əməlinə Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinin istisna edilməsi iş üzrə nəzərə alınmış, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 Xəstəlikləri İnstitutu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş kompyuter-tomoqrafiya müayinəsinin protokolundan və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs döş qəfəsinin sağ parakostal plevradan payarası plevraya doğru uzanan qatı strukturlu cibləşmiş maye yığıntısı (kistoz törəmə), hər iki tərəfdə peribronxial, perivaskulyar fibroz dəyişiklikləri aşkar edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və xəstəliyini (döş qəfəsində kistoz törəmə) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin görə üçdə ikisindən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə təhlükəli residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,361 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,361 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar