Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-14/2025 14.07.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Kəlbəcər rayonu, Hacıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, “X7 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı nümayəndəliyində sürücü işləyən, Kəlbəcər rayonu, Hacıkənd kəndində qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi 810, ev 1, mənzil 17-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:46-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 76-cı km-də idarə etdiyi “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmin Qanununun 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozaraq, yəni sağa sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Honda Accord” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sürücü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ təpə sümüyünün xətti sınığı, sağ bazu sümüyünün çoxlu qəlpəli yerini dəyişmiş açıq sınığı, sağ bazunun, dirsək oynağının və saidin ön, arxa əzələlərinin və vətərin tam kəsilməsi, dirsək və mil arteriyalarının, mil, dirsək və orta sinirin zədələnməsi və yumşaq toxumalarının defektiylə müşayət olunan bazunun, dirsək oynağının və saidin kəsilmiş-didilmiş yaraları, başın təpə nahiyyəsinin və sağ qaş qövsünün əzilmiş yaraları kimi həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, “Kolin” inşaat Turizm və ticaret A.Ş. Azərbaycan Respublikası nümayəndəliyində sürücü işləyir və “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilini idarə etmişdir. 30 dekabr 2024-cü il tarixdə şirkətdən Xızı rayonuna gedərək orada olan texnikanı yük avtomobilinin yarımqoşqusuna yükləmək tapşırığı verilmişdir. O, da Şabran rayonu ərazisində yerləşən şirkətin ərazisindən avtomobilə əyləşərək yola çıxmışdır. Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən X8nin stasionar postunu keçəndən sonra ona zəng gəlmiş və geri qayıtmalı olmuşdur. Yolu yaxın olsun deyə Giləzi qəsəbəsində olan körpüdən deyil, yolun hərəkət hissəsinin beton arakəsmələri olmadığı yerdən dönməyi fikirləşmişdir. Bu məqsədlə yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkətdə olarkən yolun beton arakəsmələrinin ikisinin götürüldüyü yerə çatdıqda sola, yəni əks hərəkət yoluna dönmək üçün manevr etmişdir. Elə bu zaman sol zolaqdan hərəkət edən sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Honda Accord” markalı 77- FL-788 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin yarımqoşqusu ilə toqquşmuşdur. O, dərhal avtomobildən düşmüş və sürücüyə yaxınlaşaraq ətrafdakı şəxlərin köməyi ilə avtomobildən çıxarmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və tibb işçiləri gəlmişlər. Sürücü Aşqını ilk öncə Siyəzən MDM-nə, sonradan isə Bakı şəhərinə Modern Hospitala aparmışlar. O, da müayinə olunmaq üçün Sumqayıt şəhər narkoloji dispanserə dəvət olunmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsə təxminən 15000 manata yaxın maddi köməklik göstərmiş, bundan sonra da gücü çatdığı qədər maddi köməklik göstərməyə hazırdır. Təqsirləndirilən şəxs son sözündə əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 30 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə getmək üçün qardaşı X1 məxsus “Honda Accord” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmış və Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində yolun hərəkət hissəsinin sağ zolağı ilə saatda 70-80 km sürətlə hərəkətdə olarkən qarşıda eyni zolaqda olan yük avtomobillərinin sürətinin azalmasını görmüşdür. Onları ötmək üçün sol yan işıqları yandıraraq sola manevr etmiş, ilk yük avtomobilini ötdükdən sonra digər avtomobilin yarımqoşqusunun paralelinə çatdıqda həmin yük avtomobilinin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə yolun hərəkət hissəsini ayıran beton arakəsmələrin olmadığı yerdən sola yəni əks hərəkət zolağına keçmək üçün sola manevr etmişdir. Dərhal əyləcə basmış, lakin məsafə az olduğundan avtomobilinin qabaq sağ hissəsi ilə yük avtomobilinin yarımqoşqusunun sol yan hissəsi ilə toqquşmuşdur. Bundan sonra ətrafdakı tanımadığı şəxslər onu avtomobildən çıxarmışlar. Hadisə yerinə gələn TTY avtomobili ilə ilk öncə Siyəzən rayon mərkəzi xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən Modern Hospitala aparılmışdır. Xəstəxanada olduğu müddətdə və hadisədən sonra təqsirləndirilən şəxs ona təxminən 8000-10000 manat arası maddi köməklik göstərsə də, ona dəymiş ziyanı tam aradan qaldırmamış və lazımı məbləğdə maddi köməklik göstərməmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində işini itirmiş, qolu əməliyyat olunmuş, idarə etdiyi avtomobil sıradan çıxmışdır. Odur ki, ona dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 30 yanvar 2025ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş, işin 5-17-ci vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 76-cı kilometrliyində olmuşdur. Hadisə baş verən yol asfaltbeton örtüklü, quru olmuş, hadisə baş verən yolun hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4,5 metr, yol örtüyünün eni 9 metr olmuşdur. Toqquşma yolun hərəkət hissəsinin solundan sağa doğru 2,1 metr məsafədə baş vermişdir. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir və avtomobillərin hər ikisi Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Şinlərin və tormozlamanın izləri yoxdur. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 68-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2025-ci il tarixli, 39 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ təpə sümüyünün xətti sınığı, sağ bazu sümüyünün çoxlu qəlpəli yerini dəyişmiş açıq sınığı, sağ bazunun, dirsək oynağının və saidin ön, arxa əzələlərinin və vətərin tam kəsilməsi, dirsək və mil arteriyalarının, mil, dirsək və orta sinirin zədələnməsi və yumşaq toxumalarının defektiylə müşayət olunan bazunun, dirsək oynağının və saidin kəsilmiş-didilmiş yaraları, başın təpə nahiyyəsinin və sağ qaş qövsünün əzilmiş yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən 30 dekabr 2024cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdi və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 8/574 nömrəli ekspert rəyindən görünür ki, “Mercedes Benz” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən, həmçinin işin 72-88-ci vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti təyin edilməklə, şərti olaraq tətbiq edilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 206.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 22-ci vərəqəsində olan BB 354405 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək “B1, B, C1, C, BE, CE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2- 13950/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BB 354405 nömrəli “B1, B, C1, C, BE, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan 30 dekabr 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 7202 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 23-25-ci vərəqələrində olan AC seriyalı, 672519 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətindən görünür ki, “X7 Sanayi ve Ticaret Anonim Şirketi"nin sahibliyində olan “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan 23 may 2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 60-64-cü vərəqələrində olan 1173/24 nömrəli əmək müqaviləsinin surətindən və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan əmək müqaviləsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs “X7 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı nümayəndəliyində sürücü işləyir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-cü vərəqəsində olan Bakı şəhər Sabunçu rayon Kürdəxanı qəsəbəsi MKİS-si tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan, cinayət işinin 128-130-cu vərəqələrində olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən və cinayət işinin 59-cu vərəqəsində olan “X7 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, himayəsində xx.xx.2011-ci il təvəllüdlü Müslüm adında bir yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi 810, ev 1, mənzil 17-də müvəqqəti məskunlaşmış və iş yerindən müsbət xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-105-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmiş, habelə “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili və “Honda Accord” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmış, iş üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanununun 42-ci maddəsinin 2-ci hissəsinə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməsə də, ona dəymiş maddi zərəri qismən ödəməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilin və “Honda Accord” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Mercedes Benz” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “Lowbed Dorse” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilin və “Honda Accord” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-14/2025
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-14/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver