Məhkəmə qərarları › İş №1(068)-16/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-16/2020

17.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-16/2020 17.07.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Quba rayonu, Qımıl-Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və Quba rayonu, Dəvədabanı yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 oktyabr 2019-cu il tarixdə, saat 22:10 radələrində Bakı- Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu Sitalçay kəndi ərazisindən keçən 64-cü kilometrliyində idarə etdiyi «Mercedes Benz 220 minik» markali, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 107 km/saat sürətlə Quba rayonu istiqamətinə hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənın qarşısını almağa texniki imkanı olsa da, həmin maddənin tələblərini pozmuş, ehtiyatsızlıqdan idarə etdiyi avtomobil ilə yolu sağdan sola keçən piyada Eldarov Rövşən Vidadi oğlunu vuraraq onun ölümünə səbəb olan baş beyinin əzilməsi, baş beyinin yumuşaq qişaları altına qansızmalar, daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin, ürək kisəsinin və ürəyin sol qulaqcığının çırılması, sol tərəfli 1-2-3-4-5-6-7-8-9-10-cu və sağ tərəfli 3-4-5-6-7-8-9-10-cu qabırğaların, eləcə də, sol bazu sümüyünün qapalı, yerdəyişən sınıqları, sol said sümüklərinin çoxqəlpəli, yerdəyişən sınıqları, sol said nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, sağ gözün bayır kənarının sol bazu, sol said, döş qəfəsi, qarın, sol bud, sol diz oynağı, hər iki baldır nahiyyələrinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, «Mercedes Benz 220» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba-Bakı marşurutu ilə taksi fəaliyyəti ilə məşğul olur. 23 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində idarə etdiyi «Mercedes Benz 220» markalı avtomobil ilə Bakı şəhərindəki «Şamaxinka» adlanan yerdən dörd nəfər sərnişin götürərək, Quba rayonuna yola düşmüşdür. Təxminən saat 22:10 radələrində Bakı-Quba- Dağıstan sərhəddi yolunun Xızı rayonun Stalçay kəndi ərazisindən keçən hissəsində Quba rayonu istiqamətində hərəkətdə olarkən hava qaranlıq olduğundan avtomobilinin yaxın vuran işıqlarını yandırmışdır. Yol boş olduğundan idarə etdiyi avtomobili 107 km/saat sürətində avtopilota qoyaraq yolun sol hərəkət zolağı ilə hərəkətdə olarkən qəflətən avtomobilə nəsə dəydiyini hiss etmiş və əyləci basmışdır. Yerə düşdükdə avtomobilinin qabaq sağ qanadı və sağ yan güzgüsünün yolu keçmək istəyən piyadaya dəydiyini və piyada zərbənin təsirindən asfaltın üstünə yıxılaraq yolun sağ hərəkət hissəsinə düşdüyünü görmüşdür. Həmin vaxt piyadaya yaxınlaşdıqda onun öldüyünü görmüş və dərhal hadisə barədə polisə məlumat verib yerində gözləmişdir. Hadisə yerinə gələn müstəntiqə hadisənin necə və hansı şəraitdə baş verdiyini bildirib, piyadanı vurduğu yeri əyani olaraq göstərmişdir. Hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilərək, bu barədə protokol tərtib edilmiş və tərəfindən imzalanmışdır. Hadisədən bir neçə gün sonra vurulan piyadanın Sizəyən rayon sakini Eldarov Rövşən Vidadi oğlu olduğunu bilmişdir. Bundan sonra, mərhum Rövşən Eldarovun ailəsi ilə barışıq əldə edərək onlara maddi cəhətdən köməklik etmişdir. Əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının, habelə himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum Eldarov Rövşən Vidadi oğlu onun əri olmuş, onlar 23 sentyabr 2014-cü il tarixdə rəsmi nikahla ailə qurmuşlar, birgə nikahlarından 17 noyabr 2014-cü il tarixdə əkiz oğlanları - Cavidan və Kənan Eldarovlar doğulmuşdur. Əri Rövşən Eldarov Siyəzən şəhərindəki «x8» MMC-də fəhlə işləmişdir. 23 oktyabr 2019-cu il tarixdə nahardan sonra Rövşən Sumqayıt şəhərinə gedəcəyini deyib evdən çıxmışdır. Həmin günü təxminən saat 24 radələrində onlara Rövşəni Xızı rayonu, Sitalçay kəndi ərazisində avtomobil vurduğunu və aldığı xəsarətlərdən vəfat etdiyini, həmçinin meyitinin Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının ölüxanasına aparıldığı barədə baldızımın əri tərəfindən məlumat verilmişdir. Səhəri gün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının ölüxanasına gedərək əri Rövşənin meyitini təhvil almışlar və aparıb Siyəzən şəhər qəbristanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, Rövşən Xızı rayon, Sitalçay kəndi ərazisində yolun sağından soluna keçmək istəyərkən onu Quba rayonu Dəvədabanı yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə vurmuşdur. Hazırda, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, 23 oktyabr 2019-cu il tarixdə Şabran şəhərinə getmək üçün Bakı şəhərindəki «Şamaxinka» adlanan yerə gəlmiş və orada taksi fəaliyyəti ilə məşğul olan «Mercedes Benz» markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onu da sərnişin kimi aparması barədə razılığa gəlmişlər. Bundan sonra, o, həmin avtomobilin sərnişin üçün nəzərdə tutulan qabaq sağ oturacağında, digər üç nəfər tanımadığı şəxslər isə avtomobilin arxa oturacağında əyləşmişlər. Saat 22:10 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu, Stalçay kəndi ərazisindən keçən hissəsində Quba rayonu istiqamətində hərəkətdə olduqları zaman hava qaranlıq olduğundan sonradan adını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs avtomobilinin yaxınvuran işıqlarını yandırmışdır. Həmin vaxt Şöhrət avtomobili təxminən 100 km/saat sürətlə yolun sol hərəkət zolağı ilə idarə etmişdir. Hərəkət zamanı qəflətən avtomobilə nəsə dəydiyini hiss etmişlər və sürücü 60-70 metr qarşıda avtomabili saxlamışdır. Yerə düşdükdə avtomobilin qabaq sağ qanadı və sağ yan güzgüsünün yolu keçmək istəyən sonradan adını öyrəndiyi Rövşən adlı piyadaya dəydiyini və piyadanın zərbənin təsirindən asfaltın üstünə yıxılaraq yolun sağ hərəkət hissəsinə düşdüyünü görmüşlər. Şöhrət piyadaya yaxınlaşdıqda onun artıq öldüyünü bilərək dərhal hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid x3 ifadəsində göstərdi ki, 23 oktyabr 2019-cu il tarixdə Quba şəhərinə getmək üçün Bakı şəhərindəki «Şamaxinka» adlanan yerə gəlmiş və orada taksi fəaliyyəti ilə məşğul olan «Mercedes Benz» markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onu da sərnişin kimi aparması barədə razılığa gəlmişlər. Həmin vaxt avtomobilin yanında ondan başqa tanımadığı üç nəfər sərnişin də dayanmışdır. Bundan sonra, o, həmin avtomobilin sərnişin üçün nəzərdə tutulan arxa sol oturacağında, digər üç nəfər tanımadığı şəxslər isə avtomobilin qabaq və arxa oturacaqlarında əyləşmişlər. Yorğun olduğu üçün avtomobilə əyləşən kimi yatmış və bir müddət sonra qəflətən gələn möhkəm səsə oyanmışdır. Sürücüdən nə hadisə baş verdiyini soruşduqda, sürücü ona hərəkət zamanı avtomobilə nəsə dəydiyini bildirmişdir. Bundan sonra, yerə düşdükdə avtomobilin qabaq sağ qanadı və sağ yan güzgüsünün yolu keçmək istəyən sonradan adını öyrəndiyi Rövşən adlı piyadaya dəydiyini və piyadanın zərbənin təsirindən asfaltın üstünə yıxılaraq yolun sağ hərəkət hissəsinə düşdüyünü görmüşlər. Şöhrət piyadaya yaxınlaşdıqda onun artıq öldüyünü görmüş və dərhal hadisə barədə polisə məlumat vermişdir. Daha sonra o, işə tələsdiyi üçün hadisə yerində dayanmayaraq yoldan keçən tanımadığı avtomobillə Quba şəhərinə getmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 61-63-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x1 məhkəmə-tibb ekspertizasının 18 noyabr 2019-cu il tarixli, 06 saylı rəyindən görünür ki, Eldarov Rövşən Vidadi oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir - baş beyinin əzilməsi, baş beyinin yumuşaq qişaları altına qansızmalar, daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin, ürək kisəsinin və ürəyin sol qulaqcığının çırılması, sol tərəfli 1-2-3-4-5-6-7-8-9-10-cu və sağ tərəfli 3-4-5-6-7-8-9-10-cu qabırğaların, eləcə də sol bazu sümüyünün qapalı, yerdəyişən sınıqları, sol said sümüklərinin açıq çoxqəlpəli, yerdəyişən sınıqları, sol said nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, sağ gözün bayır kənarının sol bazu, sol said, döş qəfəsi, qarın, sol bud, sol diz oynağı, hər iki baldır nahiyyələrinin sıyrıqları. Bu xəsarətlər ümumilikdə həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 23 oktyabr 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Mərhum Eldarov Rövşən Vidadi oğlunun ölümünə səbəb baş beyin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar fonunda daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin, ürək kisəsinin və ürəyin sol qulaqcığının çırılması, sol tərəfli 1-2-3-4-5-6-7-8-9-10-cu və sağ tərəfli 3-4-5-6-7-8-9-10-cu qabırğaların, eləcə də sol bazu sümüyünün qapalı, sol said sümüklərinin açıq yerdəyişən sınıqları nəticəsində əmələ gəlmiş travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Eldarov Rövşən Vidadi oğlunun ölümü onun meytinin meyitxanada müayinəsi keçirilən vaxtdan (24 oktyabr 2019-cu il, saat 09:30-dan) təxminən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Eldarov Rövşən Vidadi oğlunun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 54-cü səhifəsində olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 12 noyabr 2019-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 028639 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Eldarov Rövşən Vidadi oğlu 23 oktyabr 2019-cu il tarixdə travmatik şok, ürəyin travması nəticəsində ölmüş, bu barədə ölüm haqqında akt qeyləri kitabında 12 noyabr 2019-cu il tarixdə 140 nömrəli qeyd edilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 69-70-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2020-ci il tarixli, 56 saylı rəyindən görünür ki, «Mercedes Benz 220» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 68-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 126-127-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2020-ci il tarixli, 3410 saylı rəyindən görünür ki, «Mercedes Benz 220 minik» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 125-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 32-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 tərəfindən 30 oktyabr 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 36-cı səhifəsində olan AC seriyalı, 450346 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2013-cü il tarixdən 13 iyun 2023-cü il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, işin 40-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x6 07 noyabr 2019-cu il tarixli, 016-104409- 1219 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət x7 Qeydiyyat-İmtihan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 13 iyun 2013-cü il tarixdə AC seriyalı, 450346 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə iclasında elan edilmiş, işin 38-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x6 29 oktyabr2019-cu il tarixli, 016-102948- 1219 nömrəli məktubundan görünür ki, son bir il ərzində Təqsirləndirilən şəxs yol hərəkəti qayda pozuntusuna yol verməsinə görə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin BDYPİ-nin Mərkəzi İnformasiya sistemində məlumat mövcud deyildir. Məhkəmə iclasında elan edilmiş işin 24-cü səhifəsində olan 24 oktyabr 2019-cu il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 3914 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 36-cı səhifəsində olan AD seriyalı, 107242 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz 220 minik» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında elan edilmiş işin 71-ci səhifəsində olan 10 yanvar 2020-ci il tarixli nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «Mercedes Benz 220 minik» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü səhifələrində olan 13 yanvar 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 103-107-ci səhifələrində olan şəxsiyyət vəsiqələrinin, nikah və doğum haqqında şəhadətnamələrin surətindən, həmçinin, iş materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər x5 üzrə nümayəndəliyi tərəfindən 17 yanvar 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Quba rayonu, Alekseyevka kəndində qeydiyyatdadır, hazırda Quba rayonu, Dəvədabanı yeni yaşayış massivində yaşayır, himayəsində 19 dekabr 2012-ci il təvəllüdlü Ayan, 08 dekabr 2014-cü il təvəllüdlü Ayaz və 31 avqust 2019-cu il təvəllüdlü Alim adında uşaqları vardır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 01 iyun 2020-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində övladlarının olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və iki azyaşlı uşaqlarının mənəvi cəhətdən narahatçılıq və streslərini, həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş ölüm hadisəsinin onların həyatına, yaşayış tərzinə təsirini, habelə ata qayğısına və nəvazişinə daha çox ehtiyacı olan iki azyaşlı uşağın bir ömür boyu bu imtiyazlardan məhrum olaraq, onların böyük mənəvi sarsıntı, iztirab keçirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməklə, cəzasının əvvəli 17 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş «Mercedes Benz 220 minik» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasının əvvəli 17 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş «Mercedes Benz 220 minik» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar