Məhkəmə qərarları › İş №1(068)-16/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-16/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-16/2024 20.05.2024 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, sonradan tapançanın lüləsinin daxili kustar üsulla yonularaq genişləndirilmiş, konstruksiyasında dəyişiklik edilərək, canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş mərmilərlə (güllələrlə) təchiz olunmuş patronlardan istifadə olunmaqla atəş açmaq üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş, atəş açmaq üçün yararlı olan, odlu silah hesab edilən, yivsiz, “Falcon Sport” modelli, “13-62294” nömrəli bir ədəd səs-siqnal tapançasını, onun komplekt hissəsi hesab edilən bir ədəd sandıqçasını və ilkin təyinatda səs-siqnal səsini imitasiya edən, lakin sonradan boşaldılaraq 9 mm kalibrli gilizlərinə, canlı qüvvəni məhv etmək üçün metal mərmilər (güllələr) kustar üsulla doldurmaqla hazırlanmış, döyüş sursatı hesab edilən, istifadəyə yararlı 06 ədəd patronu qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib saxlamış, 31 yanvar 2023-cü il tarixdə Xızı rayonu Sitalçay kəndi ərazisində həmin bir ədəd tapançanı, bir ədəd sandıqçanı və altı ədəd patronu üzərində daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, onun komplekti hissələrinin və döyüş sursatının əldə edilməsi, saxlanması və daşınması ilə məşğul olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılmış, üzərinə müdafiəçisinin iştirakı və videoçəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sağ yan cibindən “Falcon Sport” modelli, “13-62294” nömrəli odlu silah hesab edilən bir ədəd tapança, onun komplekt hissəsi hesab edilən bir ədəd sandıqça və əynindəki gödəkcənin sol yan cibindən isə döyüş sursatı hesab edilən 06 ədəd patron aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda, yəni 0,567 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 29 dekabr 2023-cü il tarixdə saat 11:10 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılaraq Xızı RPŞ-yə gətirilib, video çəkiliş tətbiqi və müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə, xeyli miqdarda təmiz çəkisi 0,567 qram ağ rəngli kristallik halında kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin yanvar ayında, günorta saatlarında yaşadığı evin yaxınlığında torpaq yolun kənarında gəzərkən yarı hissəsi torpağa basdırılmış vəziyyətdə sellofan torba görmüş və içərisinə baxdıqda bir ədəd gümüşü rəngli tapança, bir ədəd sandıqca və 6 ədəd patron olduğunu görmüşdür. Maraqlı gəldiyindən həmin tapançanı patronları ilə birlikdə götürərək yaşadığı evə aparmış və həyətdə gizlətmişdir. Bir gün sonra isə tapdığı tapança və patronları aparıb çöllük bir yerə atmaq istəyərkən polis əməkdaşları onu şübhəli şəxs kimi saxlamış və üzərində olan tapançanı patronları ilə birlikdə onlara təqdim etmişdir. Həmçinin 2023-cü ilin dekabr ayının axırı yaşadığı evdən çıxıb əsas yola tərəf gedərkən yolun kənarından bükülü tapmış və içərisinə açıb baxdıqda psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükülünü daha sonra istifadə etməsi üçün cibinə qoymuş, səhəri gün isə polis əməkdaşları onu şübhəli şəxs kimi saxlamış və üzərində olan metamfetamini könüllü olaraq onlara təqdim etmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq silaha həvəsi olduğundan götürüb baxdığını, silahdan istifadə etmədiyini, silah saxlamağın qanunsuz olduğunu bildiyini, silahın konstruksiyasında hər hansı bir dəyişiklik etmədiyini, silahı aparıb çöllük yerdə gizlətmək üçün üzərində gəzdirdiyini, 4-5 il olar narkotik vasitə istifadə etdiyini, iran vətəndaşlarının kartına pul göndərdiyini, onlar isə konum atdıqlarını, gedib həmin ərazidən götürdüyünü, özü istifadə etdiyini, satmaq məqsədilə əldə etmədiyini bildirmişdir. Bundan əlavə müdafiəçinin sualına cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilmədiyini, silahın və metamfetaminin ona aid olmasını könüllü etiraf etdiyini qeyd etmişdir. Son sözündə təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayonu Sitalçay kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması Xızı RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq 2023-cü ilin yanvar ayında əməliyyat müvəkkilləri Şahid5 və Şahid4la birlikdə Təqsirləndirilən şəxs kənd ərazisində saxlayıb, müstəntiqin və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, bir ədəd tapança və 6 ədəd patron aşkar olunmuşdur. Bundan başqa, 2023-cü ilin dekabr ayında rayonun Sitalçay kəndində əməliyyat aparmaq tapşırığı daxil olmuşdur. Həmin vaxt RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs kənd ərazisində saxlayıb, polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin və müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ili dekabr ayında əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən şöbəyə gətirilmişdir. Xızı RPŞ-nin bütün çəkilişlərini o, apardığından həmin vaxtda müstəntiqin göstərişi ilə çəkiliş aparmış və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra video çəkilişi sona qədər diskə köçürüb müstəntiqə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid4, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və həmin RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləmiş Şahid5 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-112-ci vərəqələrində olan 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçinin sağ yan cibindən bir ədəd tapança, bir ədəd sandıqça və gödəkçənin sol yan cibindən isə altı ədəd patronu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança, bir ədəd sandıqça və altı ədəd patron müstəntiq Əsəd Məmmədov tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-32-ci vərəqələrində olan 29 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6391 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №131" dairəvi möhür əksi, "saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,567 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,517 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqələrində olan 30 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,517 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 229-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 Ekspert komissiyası tərəfindən 10 yanvar 2024-cü il tarixdə verilmiş 114 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2023-cü il tarixli, 3/269 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tapança zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, "Falcon Sport" modelli, "13-62294" №-li səs-siqnal tapançasidir, lakin sonradan tapançanin lüləsinin daxili kustar üsulla yonularaq genişləndirilmiş, konstruksiyasinda dəyişiklik edilərək, canli qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş mərmilərlə (güllələrlə) təchiz olunmuş patronlardan istifadə olunmaqla atəş açmaq üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş yivsiz odlu silahdır, atəş açmaq üçün yararlıdır, odlu silah hesab edilir. Tədqiqata təqdim edilmiş 06 (altı) ədəd patron, ilkin təyinatda səssiqnal səsini imitasiya edən patronlardır, lakin sonradan boşaldılaraq 9 mm kalibrli gilizlərinə, canlı qüvvəni məhv etmək üçün metal mərmilər (güllələr) kustar üsulla doldurmaqla hazırlanmışdır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. Cinayət işinin 125-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci vərəqələrində olan 09 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş "Falcon Sport" modelli, "13-62294" №-li tapança, bir ədəd sandıqça və 5 ədəd patron (1 ədəd patron eksperimantal atışlarda istifadə olunmuşdur) cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan 31 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-ci vərəqəsində olan 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 29 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan 30 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 188-189-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 258-276-cı vərəqələrində olan 15 mart 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, eləcə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin dispozisiya hissəsinin “başqasına vermə, satma və gəzdirmə” tövsifedici əlamətlərinin olması toplanmış istintaq materialları ilə sübuta yetmədiyindən onun barəsində qeyd olunan tövsifedici əlamətlərlə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə istintaq zamanı Təqsirləndirilən şəxs 0,567 qram miqdarında psixotrop maddə - metamfetamini və bir ədəd odlu silah və onun komplekt hissələrini onun haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı RPŞ-nin Cinayət-axtarış bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində 31 yanvar 2023-cü il tarixdə və 29 dekabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən iki ədəd disk sübut növü kimi hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 01 gün müddət, 29 dekabr 2023-cü il tarixdən isə 30 dekabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 03 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olubolmaması məsələsini həll edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,517 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin bir ədəd “Falcon Sport” modelli, “13-62294” nömrəli tapança, bir ədəd sandıqça və 5 ədəd patron (1 ədəd patron eksperimantal atışlarda istifadə olunmuşdur) dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 178 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 01 gün müddət, 29 dekabr 2023-cü il tarixdən isə 30 dekabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 03 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,517 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin bir ədəd “Falcon Sport” modelli, “13-62294” nömrəli tapança, bir ədəd sandıqça və 5 ədəd patron dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar