Məhkəmə qərarları › İş №1(068)-16/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-16/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-16/2025 21.07.2025 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda 12,96 qram miqdarında vasitə - qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2024-cü il tarixdə saat 13:52 radələrində Xızı şəhərində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 12,96 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 22 sentyabr 2024-cü il tarixdə günorta vaxtlarında yaşadığı Xızı rayonu Şorabad qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında yolun kənarı ilə gedərkən yerdə şəffaf sellofan büküm diqqətini cəlb etmiş, həmin bükümü yerdən götürüb içərisinə baxmış və bükümün içərisində yaşıl rəngdə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükümü cibinə qoyub yaşadığı evə qayıtmış, lakin tapdığı marixuanadan istifadə etməmişdir. Səhəri günü, yəni 23 sentyabr 2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Xızı şəhərinə gəlmiş, küçədə hərəkət edərkən polis əməkdaşları onu saxlamış və üzərindən tapdığı narkotik vasitə - qurudulmuş marixuana aşkar olunmuşdur. Marixuananı kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayonu Şorabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə Cinayət axtarış bölməsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Oqtay Ağacanov və Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Vaqif Hacıyevlə birlikdə Təqsirləndirilən şəxs Xızı şəhəri ərazisində saxlayıb, üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 24 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-11-ci vərəqələrində olan 23 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 13:52 dəqiqədə Xızı şəhərində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm və 200 (iki yüz) manat pul aşkar edilmişdir. Həmin sellofan büküm açılmış, bükümün içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç bir şəxsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Daha sonra 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs qaytarılmış, sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə - marixuanaya bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 14,07 qram olması müəyyən edilmişdir. Baş əməliyyat müvəkkili, polis leytenantı Şahid tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmetlə polis şöbəsinə aparılaraq müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Yoxlama Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid və əməliyyat müvəkkili, polis mayoru X2 tərəfindən aparılmış, Kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti, polis kapitanı X4 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı şəhərində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm və 200 (iki yüz) manat pul aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-35-ci vərəqələrində olan 23 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında həmin şöbənin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid təqdim etdiyi əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid və X3, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etmişdir. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində şəffaf sellofan büküm vardır. Həmin büküm açılmış, bükümün içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin marixuana olduğunu, bir gün əvvəl yəni 22 sentyabr 2024-cü il tarixdə günorta vaxtlarında Xızı rayonu Şorabad qəsəbəsində yolun kənarında tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunmuş kütlənin üzərindən hər hansı bir şəxsə satmadığını və ya pay vermədiyini, aşkar olunmuş kütlədən əlavə yaşadığı evdə və ya başqa bir yerdə saxlamadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılarkən hər hansı bir polis əməkdaşı tərəfində təzyiqə məruz qalmadığını və şikayətinin olmadığını bildirmişdir. Şahid təqdim etdiyi narkotik vasitə - marixuanaya bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Baxışın aparılması Xızı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti, polis kapitanı X4 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1578 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən.." yazısı və imzalar olan kağız paketin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 12,96 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 12,91 qram təşkil etmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 78 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-cü vərəqəsində olan 29 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 12,91 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 13 noyabr 2024-cü il tarixdə verilmiş 7257 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 04 avqust 2024-cü il tarixdə cəzası bitmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 23 sentyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 sentyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 24 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 133-140-cı vərəqələrində olan 14 iyun 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində 23 sentyabr 2024-cü il tarixdə yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 04 avqust 2024-cü il tarixdə cəzası bitmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, o cümlədən narkotik vasitənin növünü, miqdarını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır (raportdan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, 13:52 radələrində Xızı şəhəri ərazisində saxlanılmış, cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 23 sentyabr 2024cü il tarixdə, saat 14:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, 24 sentyabr 2024-cü il tarixdə, saat 17:15 dəqiqədən saat 18:00 dəqiqəyədək dindirilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 21 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 12,91 qram təşkil edən narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 12,91 qram təşkil edən narkotik vasitə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar