Məhkəmə qərarları › İş №1(068)-17/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-17/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-17/2022 01.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X6 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Qırğızıstan Respublikasının Aravan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Şəki rayonu, Öryət kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə Şəki şəhərindən çıxaraq Quba rayonuna işləmək üçün gəlib, işi alınmadığından geri qayıdarkən qeyri-rəsmi ayrıldığı Xızı rayonu, Fındığan kəndində yaşayan həyat yoldaşı Şahid4 və uşaqlarını görmək üçün həmin gün saat 19:00 radələrində Fındığan kəndinə gəlmişdir. Həyat yoldaşı Nəzirəyə zəng çatmadığından, qaynı Şahid1 evinə gedib, orada Nəzirəni çağırmaq istədikdə, Cəmaləddinin çıxdığını görüb, qorxub qaçarkən bir az getmiş Kamal, Şahid1 qardaşları və qonşuları Şahid3 onu tutaraq Cəmaləddinin “Mercedes” markalı avtomobilinə mindirib, Xızı şəhərində yerləşən C.Cabbarlı parkının yaxınlığına gətirib orada düşürüb getdikdən sonra, döyülməsinə görə onlardan qisas almaq qərarına gəlmişdir. Bunun üçün barmağını kəsərək, Cəmaləddin və Kamalın kəsməsi barədə şikayət edəcəyini düşünmüş, bu məqsədilə həyat yoldaşının müvəqqəti yaşadığı Xızı şəhərində yerləşən Rövşən adlı şəxsə məxsus evə gəlmiş, orada qapı bağlı olduğundan evin həyatyanı sahəsinə hasardan aşaraq daxil olub, həyətdə odunların yığıldığı yerdə olan dəhrəni götürərək sol əlinin 2-ci barmağına iki dəfə zərbə endirmiş və həmin barmağının uc hissəsini kəsmişdir. Bununla o, süni ittiham sübutları yaratdıqdan sonra yenidən hasardan aşaraq Xızı şəhərində yerləşən «Şəhidlər xiyabanı» ərazisinə gəlib, oradan saat 22:08 radələrində DİN-nin «102» xidməti zəng mərkəzinə mobil telefonu vasitəsilə zəng edərək bıçaqlandığını bildirmişdir. Xızı rayon Polis şöbəsinin baş təhqiqatçısı tərəfindən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində göstərilən məsuliyyətlə xəbərdar olunmasına baxmayaraq, rəsmi ərizəsində və izahatında Kamal Mehtiyevin əlini tutmasını və Şahid1 isə bıçaqla sol əlinin ikinci barmağını kəsməsini göstərib süni ittiham sübutları yaratmaqla, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildə dayısı qızı Şahid4 ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət Şəki rayonu, Öryət kəndində yaşasalar da, sonradan ailə vəziyyətləri ilə əlaqədar Xızı rayonuna köçərək, Fındığan kəndində yaşamağa başlamışlar. Daha sonra, ailəsi ilə yola getmədiyindən Şəki rayonuna qayıtmış, arvadı isə uşaqlarla birlikdə Xızı şəhərində qalmışdır. 07 yanvar 2022-ci il tarixdə işləmək üçün Quba rayonuna getmiş, lakin işi alınmadığından Şəki rayonuna qayıdarkən uşaqlarını görmək yolüstü Xızı rayonuna dönməyi qərara almışdır. Bu məqsədlə də, həyat yoldaşı Nəzirə ilə mobil telefon vasitəsilə danışaraq, uşaqlarını görmək istədiyini bildirmiş, sonuncu da etiraz etməyərək evdə olacağını bildirmişdir. Həmin gün saat 19:00 radələrində Fındığan kəndinə gəlmiş, orada həyat yoldaşı Nəzirənin mobil telefonuna zəng çatmadığından, həmin kənddə yaşayan qaynı Şahid1 evinə getmişdir. Evin yanında dayanıb Nəzirəni çağırmaq istədikdə Cəmaləddinin çölə çıxdığını görüb, qorxaraq oradan qaçmağa başlamış, bir az getdikdən sonra Kamal və Şahid1 qardaşları, eləcə də qonşuları Murad adlı şəxs onu saxlamışlar. Bundan sonra, Cəmaləddin və Kamal onu yumruq-təpiklə vurmağa başlamış, daha sonra onu Cəmaləddinin “Mercedes” markalı avtomobilinə mindirib Xızı şəhərində yerləşən C.Cabbarlı parkının yaxınlığına gətirərək, orada düşürüb çıxıb getmişlər. Onlar getdikdən sonra onu döymələrinə görə qisas almaq qərarına gəlmişdir. Buna görə də fikirləşmişdir ki, barmağını özü kəsərək, guya Cəmaləddin və Kamal tərəfindən kəsilməsini bildirsin. Bu məqsədlə həyat yoldaşının müvəqqəti yaşadığı Xızı şəhərində olan Rövşən adlı şəxsə məxsus evə gəlmiş, qapı bağlı olduğundan, evin həyətyanı sahəsinə hasardan aşaraq daxil olmuş, həyətdə olan odunların yığıldığı yerdə dəhrəni götürərək sol əlinin ikinci barmağına iki dəfə zərbə endirərək, həmin barmağının uc hissəsini kəsmişdir. Bundan sonra, hasardan aşaraq Xızı şəhərində yerləşən “Şəhidlər xiyabanı” ərazisinə gəlmiş və DİN-nin “102” xidmət mərkəzinə zəng edərək bıçaqlandığını bildirmişdir. Daha sonra, həmin yerə polis əməkdaşları gələrək, onu əvvəlcə Xızı MRX-na, oradan isə Sumqayıt şəhər TTYX-na aparmışlar. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bibisi oğlu olmaqla yanaşı, bacısı Nəzirənin həyat yoldaşı olmuş, təxminən 1-2 il olar ki, ayrı yaşayırlar. Bacısı Nəzirə bibisi oğlu Süleymanla ayrı yaşadıqları vaxtdan sonuncu ilə münasibətləri pozulmuşdur. Bacısı Xızı şəhərində yerləşən Rövşən adlı şəxsin evinə baxmaqla uşaqlarını saxlayır. 07 yanvar 2022-ci il tarixdə havanın qaranlıq vaxtı Murad ona həyətlərində olan yanacaq çəninin qapağının açıldığını və həyətə benzin töküldüyünü bildirmişdir. O, küçəyə çıxmış və Təqsirləndirilən şəxs içkili vəziyyətdə, əlində bir ədəd “GO” spirtli enerji içkisi içə-içə evdən aralandığını görmüşdür. O, Süleymana yaxınlaşıb bir dəfə sillə ilə sifət nahiyəsinə vurmuş, bu zaman səs-küyə qonşuluqda yaşayan qardaşı Kamal və kirvəsi Murad gəlmişdir. Bundan sonra o, Kamal və Murada Süleymanı onun avtomobilinə mindirməsini tapşırmış, daha sonra birlikdə Süleymanı gətirib Xızı şəhərində yerləşən C.Cabbarlı parkının yanında düşürüb, çıxıb evlərinə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs düşürməklərində məqsəd sonuncunu Xızı rayonu ərazisindən uzaqlaşdırmaq olmuşdur. Süleyman onlar tərəfindən döyülməmiş dir. Yalnız o, Süleymanın spirtli içki qəbul etdiyi üçün evi yandırmaq istəməsindən şübhələnib ona bir şillə vurmuşdur. Bu hadisədən təxminən bir saat sonra polis əməkdaşları onların evinə gələrək, izahatlarının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində izahatları alınarkən Təqsirləndirilən şəxs bıçaqla sol əlinin ikinci barmağının kəsilməsini bilmişlər. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, 2006-cı ildə bibisi oğlu Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət Şəki rayonu, Öryət kəndində yaşasalar da, sonradan ailə vəziyyətləri ilə əlaqədar Xızı rayonuna köçərək, Fındığan kəndində yaşamağa başlamışlar. Həmin vaxt Süleyman Xızı şəhərində fəhləlik etməklə məşğul olmuş, eyni zamanda Xızı şəhərində Rövşən adlı şəxsin evinə baxdıqları üçün ayda 500 manat pul almış və bununla da dolanmışlar. Daha sonra, Süleyman spirtli içki içərək onunla yola getmədiyindən Şəki rayonuna qayıtmış, o isə uşaqlarla birlikdə Xızı şəhərində qalmışdır. 07 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində Süleyman onun mobil telefon nömrəsinə zəng edərək, uşaqlarını görmək üçün Xızıya gəlmək istədiyini bildirdikdə, o, etiraz etmiş, buna görə Süleyman onu hədələməyə başlamışdır. Bundan sonra o, qorxduğu üçün qapıları bağlayıb Fındığan kəndində yaşayan qardaşı Cəmaləddinin evinə getmişdir. Qardaşının evində olarkən havanın qaranlıq vaxtı Murad həyətə yanacaq töküldüyünü bildirmiş və qardaşı Cəmaləddin və onlar evdən bayıra çıxdıqda Təqsirləndirilən şəxs içkili vəziyyətdə, əlində bir ədəd “GO” spirtli enerji içkisi tutaraq evdən aralandığını görmüşlər. X2 avtomobilinə mindirərək, polis şöbəsinə aparmaq istədikdə o, qardaşına “yazıqdır, şöbəyə aparmayın, yola salın çıxıb getsin” demişdir. Bu zaman səs-küyə qonşuluqda yaşayan qardaşı Kamal və qonşuları Murad da gəlmişdir. Bundan sonra qardaşı Cəmaləddin Kamal və Murada Süleymanı onun avtomobilinə mindirməsini tapşırmış, daha sonra birlikdə Süleymanı aparıb Xızı şəhərində yerləşən C.Cabbarlı parkının yanında düşürüb, çıxıb evlərinə gəlmişlər. Bu hadisədən təxminən bir saat sonra polis əməkdaşları onların evinə gələrək, izahatlarının alınması üçün ailə üzvlərini polis şöbəsinə dəvət etmişlər. Daha sonra isə, Təqsirləndirilən şəxs bıçaqla sol əlinin ikinci barmağının kəsilməsini və bu səbəbdən qardaşlarından DİN-nin “102” xidməti zəng mərkəzinə şikayət etməsini bilmişdir. O, ertəsi gün nəzarət etdiyi Rövşən adlı şəxsin evinə getmiş və orada dəhrəni və Süleymanın barmaq qalığını aşkar etmişdir. Bu barədə polisə məlumat vermiş və bundan sonra süleymanın öz barmağını kəsdiyi aşkar olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci və 32-34-cü vərəqələrində olan 08 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokollardan görünür ki, Xızı RPŞ-nin TQ-nunu baş təhqiqatçısı Möhübəddin Qorçuyev tərəfindən hadisə yerinə baxış zamanı Xızı şəhərində yerləşən X1 məxsus yaşayış evinin həyətindən dəhrə, barmaq hissəciyi və üzərində ləkələr olan ağac qabığı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 17 fevral 2022-ci il tarixli, 71 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı sağ gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Onun adına tərtib edilmiş xəstəlik tarixinə əsasən 08.01.2022-ci il tarixdə Sumqayıt TTX-na müraciəti zamanı “Sol əlin İİ barmağının dırnaq falanqasının travmatik amputasiyası, döş qəfəsinin sol yarısının küt travması, alt çənənin əziyi” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəsarətlərdən İİ barmağın dırnaq falanqasının amputasiyası çapıcı alətin, o cümlədən baltanın təsirindən törənmiş və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə (10%) daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Digər xəsarətlər isə istər ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.01.2022-ci ilə uyğun gəlir. Təqsirləndirilən şəxs sol əlinin dırnaq falanqasının tavmatik amputasiyası yerləşmə nahiyəsinə görə şəxsin özü tərəfindən yetirilə bilərdi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 11 fevral 2022-ci il tarixli, 31/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta (İ)-dir. (təqdim edilən sənədin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş dəhrə üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın və ekpertizaya təqdim edilmiş barmaq hissəciyin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda, yalnız «H» antigeni alındı. «H» antigeni 0 alfa, beta (İ) qrupunun əsasını təşkil edir. Bu qan ləkələri və barmaq hissəciyi 0 alfa, beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş ağac qabığı üzərində olan ləkələrdə qan aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 mart 2022-ci il tarixdə verilmiş tələbnamədən və işin 138-ci vərəqəsində olan Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin 30 mart 2022-ci il tarixli, 473/10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan 03 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan 04 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-150-ci vərəqələrində olan 06 aprel 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04.03.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 296.2-ci maddəsi ilə elan olunmuş ittiham və polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, eləcə də 07.01.2022-ci il tarixdə, saat 21 radələrində Xızı rayonu, Fındığan kəndində, yaşayış evlərindən kənarda olan açıq sahədə, aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şahid1, X4 və Şahid3 tərəfindən Təqsirləndirilən şəxs döyülərək sağ gözaltı nahiyəsinin qançırı, döş qəfəsinin sol yarısının güt travması, alt çənənin əziyi kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsində döymə inzibati xətanın əlamətləri istintaq zamanı sübuta yetirildiyindən Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün toplanmış material aidiyyatı üzrə göndərilmiş, həmçinin Şahid1, X4 və Şahid3 əməlində xuliqanlıq, özbaşnalıq və qanunsuz azadlıqdan məhrum etmə, özünü öldürmə həddinə catdırma cinayətlərinin tərkib əlamətləri olmadığından, hər üçü barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd dəhrə, 01 ədəd barmaq hissəciyi və üzərində ləkələr olan 01 ədəd ağac qabığı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Xızı rayon prokurorluğunda saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan Şəki Rayon İcra Hakimiyyəti başçısının Çeşməli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də işin 140-141-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində 16 may 2006-cı il təvəllüdlü Çingiz və 17 noyabr 2008-ci il təvəllüdlü Kamran adında iki yetkinlik yaşına çatmayan övladı olan Şəki rayonu, Öryət kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən süni ittiham sübutlarının yaradılması ilə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, üzərində məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Şəki rayonu üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı rayon prokurorluğunda saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd dəhrə, 01 ədəd barmaq hissəciyi və üzərində ləkələr olan 01 ədəd ağac qabığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xızı rayon prokurorluğunda saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd dəhrə, 01 ədəd barmaq hissəciyi və üzərində ləkələr olan 01 ədəd ağac qabığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar