Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-18/2024 07.10.2024 XIZI RAYON MƏHKƏMƏSİ X21 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2001-ci il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 10 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Verilmiş ittihamın mahiyyəti: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda 475,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana əldə edərək əynindəki qara rəngli gödəkçənin sol iç tərəfində bir ədəd polietilen torbada saxlamaqla daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 20 fevral 2024-cü il tarixdə, saat 17:00 radələrində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində saxlanılıb Xızı RPŞ-yə gətirilərək, onun üzərində müdafiəçinin iştirakı və videoçəkiliş ilə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç tərəfindən bir ədəd polietilen torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 475,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlar: Məhkəmənin 20 may 2024-cü il tarixli ilk baxış iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilsə də, sonrakı məhkəmə iclaslarında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, cari ilin təxminən 15-16 fevralında özü Xızı RPŞ-yə gəlmiş, rəis müavini Məhəmməd müəllimin yanında olmuş və narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini ona bildirmişdir. Məhəmməd müəllim ona həftənin birinci günü gəlməsini və müalicə olunması üçün narkoloji dispanserə göndərəcəklərini demişdir. Sağlamlığı ilə əlaqədar olaraq deyilən vaxtda polis şöbəsinə gələ bilməmiş, həftənin ikinci günü, yəni fevral ayının 19-u polis şöbəsinə gəlmişdir. Həmin gün isə ona bir ədəd polietilen torbada narkotik vasitə - qurudulmuş marixuana verərək, çəkiliş aparmaqla guya üzərindən çıxdığını sənədləşdirmişlər. Halbuki o, Şorabad qəsəbəsi ərazisində saxlanılmamış, özü könüllü olaraq polis şöbəsinə gəlmişdir. Bundan başqa Yaşma kəndində şəhid qəbrinin yanından dəmirlər oğurlanmışdı, həmin oğurluq hadisəsini də öz üzərinə götürməyi üçün qol çəkdirmiş və qısa müddətə inzibati həbs olunacağını ona demişlər. Lakin həmin vaxt onu məhkəməyə gətirməyərək, 2 gün şöbədə saxlanıldıqdan sonra azad etmişlər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ilk iclasda narkotik vasitənin ona məxsus olmasını bildirsə də, reallıqda narkotik maddə onun üzərində olmadığını, polislər tərəfindən üzərinə qoyulduğunu göstərmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq əməlini etiraf etməsi barədə ərizəni polis şöbəsində təzyiq altında, məcburi yazdığını, göndərişindən xəbəri olmadığını, keçən iclas məhkəmədən çıxandan sonra rəis müavini Məhəmmədin yanına aparıldığını, sonuncunun ona hədə-qorxu gələrək, “bəraət istəmə, səhvdir olub, şahidlərdən şikayət etmə” dediyini, o, müalicə olunmaq istədiyini, kömək məqsədilə polis şöbəsinə yaxınlaşdığını, amma onu aldadıb tutduqlarını, müalicəyə pulu olmadığına görə polis şöbəsinə getdiyini, başqa kimdən kömək istəyə biləcəyi ağlına gəlmədiyini, ödənişsiz xəstəxanaya göndərə biləcəklərini fikirləşdiyini, Məhəmmədin ona “elektron qolbaq istə, ev dustaqlığı istə, amma bəraət istəmə, səhvdir olub, şahidlərin də səhvi olub, sən də başa düş ki, sonra bizi yuxarıdan sıxacaqlar” deməsini bildirmişdir. Hazırda fikirləşir ki, günahsızlığını yetərincə sübut etməyə çalışmışdır. Sonda Təqsirləndirilən şəxs verilmiş ittihamın uydurma və yalan olduğunu bildirərək, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 22 fevral 2024-cü il tarixli protokol elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2016-cı ildən narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Xızı Rayon Məhkəməsinin hökmü ilə 1 il 7 ay azadlıqdan məhrum edilmişdir. Nizami Rayon Məhkəməsinin qərarı ilə 30 noyabr 2023cü il tarixdə 03 ay 10 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. 19 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı Xızı rayonu Şorabad qəsəbəsi ərazisində qəbiristanlığın yaxınlığında gəzişən vaxt qəbiristanlığın yaxınlığında polietilen torbanı görmüş və torba onun diqqətini cəlb etmişdir. O həmin torbanı yerdən götürüb içərisinə baxmış və torbanın içərisində narkotik vasitə - qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin torbanı götürüb Şorabad qəsəbəsində yerləşən əvvəllər nənəsi Təyyarə ilə birlikdə yaşadığı evə getmişdir. Həmin gün qurudulmuş marixuananı siqaret tütününə qarışdırıb istifadə etmişdir. Bir qədər sonra Şorabad qəsəbə ərazisində şəxsi işləri ilə məşğul olmağa başlamışdır. 20 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində anası Mayanın yanına Bakı şəhərinə getməyə qərar vermişdir. Avtobusa gecikdiyi üçün piyada olaraq Quba-Bakı magistral yoluna doğru getmişdir. Xızı rayonu Şorabad qəsəbəsi ərazisində həmin magistral yola yaxın körpüdə üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə və polis şöbəsində üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu Xızı rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. O, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. O, Vəkil Bürolarının siyahısı ilə tanış olub Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 özünə vəkil seçmişdir. Bundan sonra X23 rayon polis şöbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. Hüquq və vəzifələri ona izah edilmiş və üzərində axtarış aparılmışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Müstəntiq üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o əynində olan qara rəngli gödəkçənin sol iç tərəfindən polietilen torbada olan qurudulmuş marixuananı, şalvarının cibindən bir qutu “Prima” markalı siqareti, bir ədəd alışqanı, iki manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşlarından biri onun üzərini yoxlamış, üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. O, torbanın içərisindəki maddənin marixuana olduğunu, marixuananı yerdən tapıb əldə etdiyini və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları torbanın içərisindəki maddəyə baxaraq qurudulmuş marixuanaya bənzədiyini demişlər. Müstəntiq qurudulmuş marixuananı bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Niyaz Talıbov zərfin üzərinə imza çəkmişlər. Müstəntiq qurudulmuş marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Müstəntiq tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 19:00 dəqiqədən 19:09 dəqiqəyədək olan müddət ərzində Xızı rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan gödəkçənin sol iç tərəfindən 475,0 qram qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş həmin qurudulmuş marixuana ona məxsusdur, özü istifadə etmək üçün üzərində saxlamışdır. Aşkar edilmiş 475,0 qram miqdarında qurudulmuş marixuananı onun satmaq məqsədi olmamışdır. Polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmişlər. Onun heç bir xəsarəti olmamış, polis əməkdaşlarından şikayət etməmiş, ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, ibtidai istintaq zamanı onun barəsində qaldırılmış Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı ittihamı qəbul etməyinə səbəb polis şöbəsində olarkən müxtəlif təsir, təzyiq, hədə və təhdidlərə məruz qalması olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid - həmin vaxt Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləmiş Şahid3 ifadəsində göstərdi ki, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Çünki 6 aydır polis orqanlarından xaric olunmuşdur və hadisənin üstündən çox vaxt keçdiyindən tam yadında qalmamışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs Xızı rayonu Şorabad qəsəbəsi ərazisində saxladıqlarını, tutandan sonra axtarışı şöbədə keçirdiklərini, üzərindən hansı növdə narkotik vasitə aşkar olunması və miqdarının yadında qalmadığını göstərmişdir. Eyni zamanda, müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs saat neçədə saxladıqlarının yadında qalmadığını bildirmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində 9 ay işlədiyini, 4-5 əməliyyatda iştirak etdiyini, hazırda Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyatı tam dəqiqliyi ilə xatırlamadığını, narkotik vasitə istifadəçisi olduğu üçün tutub şöbəyə gətirdiklərini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cari ilin fevral ayında təxminən axşam saatlarında Şurabad qəsəbəsində saxlanılmışdır. Bundan sonra polis şöbəsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq əməliyyatın təxminən günortadan sonra keçirildiyini, aradan uzun müddət keçdiyinə görə anten dairəsinin həmin ərazidə göstərməməsini izah edə bilmədiyini, amma qeyd olunan nömrənin ona məxsus olduğunu göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq ifadəsində saat 16:00 radələrində digər əməliyyatçılarla birlikdə şöbədən çıxıb Şurabad qəsəbəsinə getmələrini göstərsə də, anten məlumatının 15:53-də Sitalçay kəndində olduğunu göstərməsinin izahının verə bilmədiyini, Məhəmməd müəllimin otağında Təqsirləndirilən şəxs əl qaldırmadıqlarını, Mehdinin küçələrdə yatdığını, saxlama müddəti bitəndən sonra onu H.Z.Tağıyev qəsəbəsinə aparıb düşürdüyünü, deməsinə görə əmisigilə getdiyini, onun isə Mehdiyə “əmin səni qəbul etməyəcək” deməsini, üstündən iki saat keçəndən sonra Mehdinin ona zəng edərək, küçədə qaldığını bildirməsini və kartına pul atmağı xahiş etdiyini, Mehdinin qohumlarının heç birini görmədiyini, hər zaman üstü-başı çirk içində, küçələrdə qaldığını, istintaqa görə həmişə onu nəzarətdə saxladığını, daima ona zəng etdiyini, təkcə Mehdinin nənəsinin ona dəstək olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, təxminən fevral ayında Cinayət Axtarış Bölməsinə Xızı rayonu, Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik maddələr daşıması, istifadə etməsində şübhəli şəxs olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı qəsəbə ərazində saxlayıb, polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin, müstəntiqin iştirakı və videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bir ədəd polietilen torbada narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ifadəsində göstərdiyi vaxtla anten dairələrinin uyğun gəlməməsini telefonun şöbədə və ya başqa hardasa qalması ilə bağlı ola bilməsini göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bəlkə kimlərinsə onun telefonunu götürüb danışdığını, bu səbəbdən anten dairələrinin uyğun gəlməməsini, bəzən iş yoldaşlarının onun telefonundan istifadə etdiyini, keçirilmiş əməliyyatı tam dəqiqliyi ilə xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır və sonuncu həmin vaxtlar fermalarda yatırdı. Mehdi qeyrətli, yaxşı uşaq idi. Narkotik vasitə istifadə etməyə başlamamışdan qabaq Mehdinin anası Maya xanım ikinci dəfə evlənmiş və Bayıl qəsəbəsinə köçmüşdür. Mehdi də, anası ikinci dəfə evlənməsini həzm edə bilməmiş, səhhətində müəyyən problemlər yaranmış və narkotik vasətələr istifadə etməyə başlamışdır. Onun otağında Mehdinin döyülmə söhbəti olmamışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq heç bir əməliyyatda iştirak etmədiyini, sadəcə olaraq, sənəd işləri onun tərəfindən yazıldığını, qərar və raportların yazılmasında iştirak etdiyini, oradan məlumatı olduğunu, bu il 30-a yaxın narkotik faktı aşkar etdiklərini, hazırki işdə onlardan biri olduğunu, Mehdinin narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyatçılar tərəfindən keçirilmiş tədbir zamanı saxladıldığını, harada və necə tutulmağı ilə bağlı məlumatı olmadığını göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq Mehdini 2020-ci ildən tanıdığını, heç bir döyülmədən söhbət gedə bilmədiyini, belə bir halın baş vermədiyini, hamısının yalan olduğunu, Mehdinin əvvələr də narkotiklə vasitə və qanunsuz silah gəzdirmə ilə bağlı həbsdə olduğunu, onun Mehdi ilə heç bir ədavətinin olmadığını, həbsdə ola-ola narkotik vasitənin Mehdinin olması ilə bağlı yazılmış və poçt vasitəsilə məhkəməyə daxil olmuş ərizə barədə 10 gün olar eşitdiyini, bunun üzərində araşdırma aparılacağını bildirmişdir. Eyni zamanda, müdafiəçinin suallarına cavab olaraq Mehdi hər dəfə cəzaçəkmə müəssisəsindən çıxanda onun yanına gəldiyini, indi tutulmamışdan qabaq da yanında olduğunu, bəzi ailə problemlərindən ona danışdığını, Mehdiyə əl qaldırmadığını və hər hansı təzyiq göstərmədiyini qeyd etmişdir. Cinayət işinin İ cildinin 1-ci vərəqəsində olan 21 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin İ cildinin 7-ci vərəqəsində olan 20 fevral 2024-cü il tarixli raportdan görünür ki, narkotik vasitələrin əldə edilməsi, saxlanması. daşınması və istifadəsi ilə məşğul olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da Xızı rayonunun Şorabad kəndi ərazisində saxlanılaraq, Xızı Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin İ cildinin 4-cü vərəqəsində olan 20 fevral 2024-cü il tarixli təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün Xızı RPŞ-yə gətirilib istintaq qrupunun əməkdaşına təhvil verilməsi qərara alınmışdır Cinayət işinin İ cildinin 6-cı vərəqəsində olan 20 fevral 2024-cü il tarixli, 3-13- 80/Ə45/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması. daşınması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları - Xızı RPŞnin CAB-nın əməliyyat müvəkkili Şahid2, müstəntiq X11, CAB-nın əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İ cildinin 24-27-ci vərəqələrində olan 20 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilmişdir ki, şəxsi axtarış Xızı RPŞ-nin inzibati binasında həyata keçirilmiş və müdafiə hüquqları təmin olunması üçün Xırdalan şəhər Vəkil bürosunun vəkili X8 dəvət olunmuşdur. Şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan gödəkçənin sol iç tərəfindən 1 ədəd polietilen torbanı çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində narkotik vasitə - qurudulmuş marixuanaya bənzər, spesifik iyli quru bitki kütləsi olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə barədə şübhəli şəxs Təqsirləndirilən şəxs soruşduqda o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və həmin narkotik vasitəni 1 gün əvvəl Şorabad qəsəbəsi ərazisində qəbirstanlığın yaxınlığından tapmışdır. Aşkar olunmuş kütlə ekspertiza tədqiqatı üçün müvafiq şəkildə qablaşdırılmış və üzəri DİN-nin zərflər üçün olan 131 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü kompakt diskə köçürülməklə protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 19:00-da başlanmış, 19:09-da bitmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, şöbənin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç tərəfindən bir ədəd polietilen torba, əynində olan şalvarın sağ yan cibindən 1 qutu “Prima” markalı siqaret, 1 ədəd göy rəngli alışqan, şalvarın arxa cibindən 2 manat məbləğində pulu çıxarıb müstəntiqə təqdim edir. Cinayət işinin İ cildinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/293 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi – 475,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram sərf edildikdən sonra narkotik vasitə - qurudulmuş marixuananın qalıq çəkisi 474,8 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 78 manat təşkil edir. Cinayət işinin İ cildinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 06 mart 2024-cü il tarixdə verilmiş 1523 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cildinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 80-86-cı vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 04 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, bundan sonra Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 10 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin İ cildinin 16-17-ci vərəqələrində olan 20 fevral 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 17:00 radələrində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində saxlanılıb Xızı RPŞ-yə gətirilmiş, həmin tarixdə, saat 18:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 58-59-cu vərəqələrində olan 22 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildinin 92-93-cü vərəqələrində olan 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğundan həmin qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin İ cildinin 105-108-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(068)-1/2024 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin İ cildinin 90-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 mart 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olsa da, nümayəndəlik ərazisində yaşamır. Cinayət işinin İ cildinin 134-143-cü vərəqələrində olan 25 aprel 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra üzərində saxladığı narkotik vasitə üzərində sərəncam vermək imkanının olmadığını dərk edərək həmin qurudulmuş marixuananı təhvil verməsi onun əməlinə Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinin istisna edilməsi iş üzrə nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs 475,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinə göndərilməsi qərara alınmış, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2024-cü il tarixli, 97 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bunu cinayət işi materiallarındakı toplanmış ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, təmizliyinə və xarici görkəminə diqqət yetirməsi, ünsiyyətə qoşulması, davranışının ümumilikdə şəraitə adekvat olması, əhvali-ruhiyyəsinin şəraitə uyğun olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə səliqəli olması, söz təması yaratmağın mümkün olması, söhbətə fəal şəkildə qoşulması, verilən sualları yubanmadan, mahiyyətinə uyğun şəkildə cavablandırması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanıldığının müəyyən edilməsi, qavrama yanlışlığının, aldatmalarının və sayıqlama fikirlərinin müəyyən edilməməsi, təfəkkürünün adi tempdə və ardıcıl olması, yaddaş və diqqətində kobud pozuntu aşkar edilməməsi, anamnestik məlumatları xronoloji qaydada ardıcıllıqla çatdırması, intellektual imkanlarının, bilik ehtiyatının, təsəvvür zənginliyinin və təcrübi imkanlarının aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi, emosiyalarında ümumən sabitlik müşahidə edilməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, keçirilən ekspertizanın məqsədini düzgün başa düşməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməsi, təqsirləndirildiyi cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd edilir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 09 iyun 2024cü il tarixli, 3-16-17/42/2-2398/2024 saylı məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına qəbul olunmuş, xx.xx.2001-ci ildə Xızı şəhərində anadan olmuş orta təhsilli, subay, əvəllər məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə Xızı RPŞ-nin əməkdaşları tərəfindən həbs edilmiş, Xızı Rayon Məhkəməsinin hesabında olan, AR CMnin 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə təxminən saat 09:45 radələrində saxlanıldığı kamerada barəsində olan cinayət işi üzrə qeyri-obyektiv aparılmasına etiraz olaraq, habelə həbsdən azad olunmasına nail olmaq məqsədi ilə birdəfəlik üzqırxanın ülgüc qırığı ilə sol qulaq seyvanına xəsarət yetirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Xızı RPŞ-nin 19 iyul 2024-cü il tarixli, 3- 13-80/2-3478/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin məhkəmə araşdırması ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan Xızı RPŞ-nin inzibati binasında yerləşən təhlükəsizlik kameralarının, həmçinin növbətçi hissə və müvəqqəti saxlama yerinin kameralarında çəkilmiş video görüntülərin uzun müddət keçməsi səbəbindən elektron daşıyıcıya köçürmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən (həbsdə olmasına baxmayaraq, müşayiət məktubu olmadan, birbaşa poçt şöbəsindən daxil olmuş) görünür ki, üzun müddətdir ki, narkotik vasitələrinin istifadəsinə görə əziyyət çəkir, buna görə də müalicə olunmaq istəyir. Barəsində aparılan cinayət işinin istintaqı zamanı müstəntiqə narkotik vasitəsindən istifadəyə görə müalicə olunmaq istədiyini bildirmişdir. Müstəntiq onu müalicəyə göndərməyib işini məhkəməyə göndərəcəyini və işin məhkəməyə gedəndən sonra məhkəmə onu narkotikdən müalicə olmağa göndərəcəyini dedi. Şikayəti ona görə yazıb ki, müstəntiq onu müalicəyə yox işini məhkəməyə göndərdi. Ona edilən ittihamla razıdır. Heç bir şikayət və tələbi yoxdur. Ondan aşkar edilmiş narkotik vasitə ona aiddir. Təqsirini etiraf edir. Xahişi odur ki, onu narkotik vasitəsindən müalicə edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 09 avqust 2024-cü il tarixli, 3-16-17/42/2-4027/2024 saylı müşayiət məktubu ilə məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, 29 iyul 2024-cü il tarixində məhkəməyə gətirilən zaman Xızı RPŞ-nin əməliyyat üzrə rəis müavini X7 tərəfindən polis bölməsinə xüsusi tapşırıqla gətirilərək, kobudcasına zorakılığa, təhqirə və hədə qorxuya məruz qalmışdır. Onu ailə üzvləri ilə şantaj xarakterli ifadələr işlədərək hədələmişdir. Belə ki, ailə üzvlərinin yaşadığı evdən küllü miqdarda narkotik vasitə yerləşdirəciyini bildirərək, bu saxta ittihamla razılaşmağı təklif etmişdir. Yazılanları nəzərə alaraq, ailə üzvlərinin təhlükəsizliyini, eyni zamanda öz təhlükəsizliyini təmin edilməsini, saxlanıldığı təcridxanadan polis bölməsinə deyil, birbaşa məhkəməyə gətirilməyini və bu saxta cinayət işinə bəraət verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Azad Fətullayevin 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xızı RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa (işgəncəyə) məruz qalması barədə Ombudsman Aparatından daxil olmuş müraciət əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs izahatında barəsində olan cinayət işi üzrə 29 iyul 2024-cü il tarixdə saxlanıldığı İstintaq təcridxanasından məhkəməyə deyil, Xızı RPŞ-yə - rəis müavini Məhəmmədin otağına apardıqlarını, Məhəmməd, CAB-ın rəisi Orxan və digər polis əməkdaşları tərəfindən döyüldüyünü, bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurduqlarını, ona qarşı fiziki zor tətbiq etdiklərini, hazırda bədənində ağrılar olsa da, xəsarət və xəsarət izlərinin qalmadığını göstərmişdir. Xızı RPŞ-nin əməkdaşları X7, X9 və Şahid2 eyni məzmunlu izahatlar verərək Təqsirləndirilən şəxs döymədiklərini, ona qarşı fiziki zor tətbiq etmədiklərini göstərmişlər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 16 nömrəli rəyə əsasən, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Odur ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Xızı RPŞ-nin əməkdaşları tərəfindən işgəncə və qeyri-insani rəftara məruz qalması halı təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(068)-18/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin kimlərin adına olması, qeyd olunan mobil nömrənin 18 - 20 fevral 2024-cü il tarixlərdə anten dairəsinə dair məlumatlar, həmin tarixlərdə anten dairələrinin əhatə etdiyi ərazilər barədə məlumatlar, eləcə də həmin müddət ərzində ötürücü stansiyaları göstərilməklə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS-lərin mətnləri, daxil və xaric olan zənglərin, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin kimlərin adına olması və məxsus olduğu abunəçilərin anket məlumatların "xxxx" MMC-dən, eləcə də cinayət işi üzrə şahidlərin istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefon nömrələrinin kimlərin adına olması, həmin şəxslərin anket məlumatları, qeyd olunan nömrələrin 20 fevral 2024-cü il tarixdə anten dairəsinə dair məlumatları, həmin tarixdə saat 08:00-dan saat 20:00-dək olduqları anten dairələrinin əhatə etdiyi ərazilər barədə məlumatlar, həmin tarixlərdə nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS-lərin mətnlərinin "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 26 avqust 2024-cü il tarixli, BKC/LGL-10649/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləmiş Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrələr sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrənin 20 fevral 2024-cü il tarixdə anten dairəsinə dair məlumatlardan görünür ki, o, həmin tarixdə, saat 12:23:31-də Bakı şəhəri, Yasamal rayonunda, saat 13:07:32-də Xızı rayonu, Yaşma qəsəbəsində, saat 14:02:48-də, saat 14:51:00-də, saat 15:30:44-də və saat 15:41:54-də Xızı rayonu, Giləzi qəsəbəsində, 15:53:52-də və 15:54:42-də Xızı rayonu, Sitalçay kəndində, saat 16:40:25-də Xızı rayonu, Giləzi qəsəbəsində, saat 17:31:08-dan 19:28:36-a kimi olan müddət ərzində Xızı rayonu, Xızı qəsəbəsi ərazisində olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrənin 20 fevral 2024-cü il tarixdə anten dairəsinə dair məlumatlardan görünür ki, o, həmin tarixdə, saat 10:02:11-dən 15:02:28-ə kimi olan müddət ərzində Xızı rayonu, Xızı qəsəbəsində, saat 16:33:12-də Xızı rayonu, Sitalçay kəndində, saat 18:39:15-də Xızı rayonu, Giləzi qəsəbəsində, 18:58:01-də isə Xızı rayonu, Xızı qəsəbəsi ərazisində olmuşdur. Məhkəmənin ilkin mövqeyi və yuxarıda tədqiq olunan sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi: Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuananı əldə edib saxlama cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda 475,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam şahidlərin ittihamda göstərilən halların əksinə olaraq 20 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində birlikdə Xızı RPŞ-dən çıxıb Xızı rayonu Şorabad qəsəbəsinə getmələri və digər xüsusatlar üzrə verdiyi ifadələri əsas olmuşdur. Belə ki, əməliyyatda iştirak etmiş polis əməkdaşı Şahid2 anten dairəsi 15:54:42-də Xızı şəhərində deyil, Xızı rayonu, Sitalçay kəndində olması müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 17:00 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Xızı rayonu Şorabad qəsəbəsi ərazisində saxlanılarkən (ittiham aktında qeyd edildiyi kimi) əməliyyatda iştirak etmiş polis əməkdaşı Şahid2 anten dairəsi Xızı rayonu, Şorabad qəsəbəsi deyil, Xızı rayonu, Xızı qəsəbəsi olması, digər polis əməkdaşı Şahid1 isə anten dairəsinin ümumiyyətlə Xızı rayonu Şorabad qəsəbəsi ərazisində olmaması müəyyən edilmişdir. Göründüyü kimi, 20 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinin tələblərinə əməl edilməməklə insan və vətəndaşın konstitusion hüquq və azadlıqları pozulmaqla əldə edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində cinayət tərkibinin olması və törədilən cinayətdə təqsirli olması ibtidai istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilir. Belə sübutlar silsiləsinə aid sənədlər qanunvericiliklə müəyyən olunmuşdur ki, onlardan biri də istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən protokollardır. Hazırkı iş üzrə ibtidai istintaq orqanının tərtib etdiyi protokollar şəxsin ictimai təhlükəli əməli törətdiyini sübut edən hal kimi qanunvericiliyin tələb etdiyi tərzdə tərtib edilməmiş və həqiqi reallığı əks etdirmir. Belə ki, şəxsin hansısa əməli törədibtörətməməsini təsdiq edən sənədlər özünü təkcə hərəkətlərin rəsmiləşdirilməsində deyil, həmin hərəkətlərin məkan və zaman baxımından reallığında və qərəzsizliyində də ehtiva edir. Çünki, rəsmiləşdirilməsi zəruri olan hal özünü mütləq şəkildə reallığın (faktiki mövcudluğun) təzahürü kimi göstərməlidir. Lakin məhkəmə istintaqı zamanı ətraflı və obyektiv araşdırma nəticələri mövcud ibtidai istintaq araşdırmasının əksini sübut edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr saxtalaşdırılmaqla həqiqəti əks etdirmir. Məhz məhkəmə istintaqı zamanı verilmiş ziddiyyətli ifadələr və digər şübhə yaradan hallar ibtidai istintaq hərəkətlərinin qanuniliyini əlavə sübutlar toplamaqla araşdırma zərurəti yaratmışdır. İbtidai istintaq dövründə həyata keçirilən prosessual hərəkətlərin dəqiq və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə bu və digər halların müəyyən edilməsi üçün təkcə verilən ifadələri deyil, eyni zamanda, ittihamın qanuni həlli üçün lazımı sənədlərin əldə edilməsini də zəruri hesab etmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi halını şübhə altına alır və ümumiyyətlə həmin vasitənin ona məxsusluğunu qeyri-müəyyən edir. Belə olan halda həmin protokol və bu protokol əsasında götürülməsi qeyd edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündən “aşkar olunmuş” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş) Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, saat 17:00 radələrində saxlanıldıqdan 2 saat sonra, yəni saat 19:00-da (ittiham aktında qeyd edildiyi kimi) polis şöbəsində xidməti otaqda keçirilmiş, həmin 2 saat müddət ərzində guya Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç tərəfində, gözə çarpacaq qədər böyük ölçüdə olan bir ədəd polietilen torbada 475,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı üstündə gəzdirmiş (bu fakt həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu “DVD” disklə sübut olunur), bu müddətdə polis əməkdaşları həmin torba ilə maraqlanmamış, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutulduğu yerdə və ya ən azından şöbəyə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət keçmiş, yəni Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmayla şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitənin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşdur. Eyni zamanda, cinayət işində olan 20 fevral 2024-cü il tarixli, 3-13-80/Ə45/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması. daşınması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 qrupun rəhbəri, ibtidai istintaqı aparan müstəntiq X11 isə qrupun üzvi olmaqla, faktiki olaraq işdə şahid olan əməliyyatçının tabeliyində olmuş və özü-özünə etiraz etməli olduğu halda cinayət-prosessual qanunvericiliyin tələbini pozaraq, bunu etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; Lakin cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Bundan əlavə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, şöbəyə gətirilməsi, “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Xızı rayon Polis Şöbəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 17:00 radələrində Xızı rayonu Şorabad qəsəbəsi ərazisində saxlanılıb Xızı RPŞ-yə gətirilməmiş, özü könüllü olaraq polis şöbəsinə gəlmiş, həmçinin polisin tam nəzarətinə keçərək tutulması və şöbədə uzun müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut qurudulmuş marixuana təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsini polisin onun üstünə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun onun hüququ pozulmaqla və ona qarşı psixi təzyiq tətbiq olunaraq, qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə olmasına baxmayaraq poçt vasitəsi ilə əməlini etiraf etməsi barədə ərizəsi məhkəməyə daxil olmuş, təqsirləndirilən şəxs məhkəmə iclasında həmin ərizəni təzyiq altında yazdığını və göndərişindən məlumatsız olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik təkcə zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Hədə-qorxu anlayışı isə müxtəlif formalarda təzahür oluna bilər. Təkcə tutulmuş şəxsə edilə biləcək hər hansı təhdidləri deyil, eyni zamanda dolayısı ilə onun mənafeyinə toxuna biləcək yaxın qohumlarının, tanışlarının barəsində qanunsuz hərəkətlərin ediləcəyi ilə hədələmə formasında da ifadə oluna bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/293 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair məhkəmə-narkoloji ekspertizası üzrə 06 mart 2024-cü il tarixli, 1523 nömrəli rəylərinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünki məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi X10 dair rəy təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 22 fevral 2024-cü il tarixli protokolda “bir gün əvvəl tapdığı qurudulmuş marixuananı siqaret tütününə qarışdırıb istifadə etməsi” göstərilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair məhkəmə-narkoloji ekspertizası üzrə 06 mart 2024-cü il tarixli, 1523 nömrəli rəyində Təqsirləndirilən şəxs AMP (+) və OPİ (+), yəni opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması qeyd olunmuş, onda TML (+), yəni kannabinoidlərin (qurudulmuş marixuana) qəbulu aşkar olunmamışdır. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/293 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair məhkəmə-narkoloji ekspertizası üzrə 06 mart 2024-cü il tarixli, 1523 nömrəli rəylərini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Sübutlara məcmu halda yekun qiymət verilməsi və iş üzrə gəlinən nəticənin hüquqi əsaslandırılması: Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin X14 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. İş üzrə yekun müddəalar: Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 474,8 qram narkotik vasitə - qurudulmuş marixuananın kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Xızı rayon prokurorluğuna məlumat göndərilməlidir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan – hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 474,8 qram narkotik vasitə - qurudulmuş marixuana isə aparılan araşdırma sona çatanadək Xızı RPŞ-də saxlanılmalıdır. İş üzrə maddi sübut - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata kecirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 78 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xızı Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 474,8 qram narkotik vasitə - qurudulmuş marixuana araşdırma sona çatanadək Xızı Rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə maddi sübut - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-18/2024
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-18/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver