Məhkəmə qərarları › İş №1(068)-18/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-18/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-18/2025 22.09.2025 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şabran rayonu, Uzunboyad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və orta ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “VAZ 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 26 iyul 2024-cü il tarixdə, saat 23:50 radələrində Altıağac- Xızı yolu ilə Xızı rayonunun Baxşılı kəndi ərazisindən Xızı şəhəri istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə həmin ərazidə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Xızı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid verdiyi “saxla” qanuni tələbinə tabe olmayıb sürət həddini artırıb avtomobili ilə hərəkətini davam etmiş, onun idarə etdiyi avtomobilin saxlanması üçün cəlb olunmuş Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı İdarəsinə məxsus “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobilində yolun Giləzi qəsəbəsi istiqamətində xidmət aparan Xızı RPŞ-nin PPXT-nin polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nəqliyyatın saxlanması barədə qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, 27 iyul 2024-cü il tarixdə, saat 00:30 radələrində xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan həmin polis əməkdaşlarının “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobilini Giləzi dəmir yol keçid məntəqəsinin qarşısında yolun hərəkət zolağına perpendikulyar saxlamaqla onun avtomobilini dayandırması üçün görülmüş tədbir olduğunu başa düşüb idarə etdiyi avtomobil ilə qəsdən həmin post patrul avtomobilini vurmaqla post patrul avtomobilində olan PPX-nin polis nəfəri Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın və sağ qaş nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sol əlin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olaraq, hakimiyyət nümayəndəsi olan Xızı RPŞ-nin PPXT-nin polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, eləcə də “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobilini vurmaqla avtomobilin ön sağ qanad, ön sol qanad, arxa bufer, arxa sağ stop (palatası ilə), arxa qapı (balaca tay), arxa sağ çaşqa, sağ tərəf ştanqa, arxa buferin kronşteyni, arxa sağ qanadaltı, 2 disk, 2 kolpak, 2 təkər, arxa şüşənin kronşteyni, ön sağ qapı, arxa sağ qapı, ön amortizatorlar (116+126), sağ tərəf qaval, ön amortizatorun yastığı, sağ-sol arxa arka (850+650+750*2), arxa sağ amortizator, səs boğucu rezinləri, stablizator sırğaları, arxa saffa, arxa sağ qapının mexanizmlərini (142+192) qəsdən zədələməklə Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı İdarəsinə 14930 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, uşaqlarını görmək üçün Xızı rayonunun Altıağac qəsəbəsinə getmək istəmişdir. Bu məqsədlə də, 26 iyul 2024-cü il tarixdə, saat 20:30 radələrində idarə etdiyi "Vaz 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Şabran rayonu. Uzunboyad kəndindən çıxmış, kənddə yerləşən marketdən iki ədəd 250 qram araq alaraq avtomobilə qoymuş və Altıağac qəsəbəsinə, qayınatası Səddarın yaşadığı evə gəlmişdir. Təxminən 20 dəqiqə qayınatasıgildə oturub, yemək yeyib uşaqlara baş çəkdikdən sonra yaşadığı Şabran rayonu Uzunboyad kəndinə qayıtmaq üçün idarə etdiyi avtomobillə yola düşmüşdür. Xızı rayonu Altıağac qəsəbəsində körpünün yanında avtomobili saxlayıb aldığı 250 qramlıq arağın birini avtomobildə olan konfetlə içmiş, ikinci arağı isə yaşadığı evdə içməyi planlaşdırdığı üçün avtomobildə saxlamışdır. Bundan sonra hərəkəti davam etdirməyə başlamış və təxminən saat 23:40- 23:50 radələrində Xızı rayonu Baxşılı kəndi ərazisindən keçərkən avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün polis geyimində olan yol patrul xidmətinin polis əməkdaşı saxla işarəsi vermişdir. Avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, eləcə də sürücülük vəsiqəsi olmadığından, avtomobili saxlamamış və ərazidən uzaqlaşmışdır. Həmin vaxt yol patrul xidmətinin əməkdaşı polis xidməti maşını ilə onun arxasınca gəlmiş və səsgücləndirici ilə avtomobili saxlamağı tələb etmişdir. O, isə avtomobili saxlamadan Giləzi qəbəsinədək hərəkətini davam etdirmişdir. Bu zaman post patrul avtomobilinin də sayrışan işıqlarla gəldiyini görmüş və onun saxlanması üçün əlavə polis köməyə çağırıldığını başa düşmüşdür. Lakin yenə polis əməkdaşlarının saxla əmrinə tabe olmamış, həmin vaxt “Fiat Doblo” post patrul avtomobili ondan önə keçmiş, o isə avtomobilini saxlamayaraq hərəkətinə davam etmişdir. Giləzi qəsəbəsi dəmiryol keçid məntəqəsinə çatmamış post patrul əməkdaşları tərəfindən həmin “Fiat Doblo” markalı avtomobilin dəmiryol xəttinə paralel yolu kəsdiyini görmüş və saxla işarəsinə əhəmiyyət vermədən post patrul avtomobilinin dayandığı yerin yan tərəfindən yolu keçmək istəmiş, lakin məsafə az olduğundan keçə bilməmiş, zərbədən öz avtomobili əzildiyi üçün hərəkətini davam etdirə bilməmişdir. Bundan sonra polis əməkdaşları onu avtomobildən endirmiş, hadisə vaxtı avtomobili əzilsə də özü heç bir xəsarət almamışdır. Həmin polis əməkdaşını qəsdən maşınla vurmaq məqsədi olmamış və post patrul maşınının boş olduğunu fikirləşmişdir. Hazırda “Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobilnə dəyən maddi ziyanı ödəməyə imkanı yoxdur. Son sözündə təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmənin iclasında iştirak edən zərərçəkmiş şəxs Xızı RPŞ PPXT-nin polis nəfəri Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, növbətçilik cədvəlinə uyğun olaraq 26 iyul 2024-ci il tarixdə saat 21:00-dan 27 iyul 2024-cü il, saat 09:00-dək xidmətdə olmuşdur. Onunla birlikdə polis nəfəri Zərərçəkmiş şəxs3 da **-PB-*** qeydiyyat nömrə nişanlı PPX avtomobilində xidmət aparmış və avtomobili Zərərçəkmiş şəxs3 idarə etmişdir. Xidməti ərazilərinə Xızı rayonunun müxtəlif kəndləri aid olsa da, əsasən Giləzi qəsəbəsi ərazisində xidmət aparırlar. Xidmətdə olarkən gecə saatlarında avtomobilin radioefirinə Xızı RPŞ-nin “Növbətçi hissəsi”ndən Giləzi qəsəbəsi yaxınlığında bir avtomobilin yol patrul xidməti əməkdaşlarının saxla əmrinə tabe olmaması barədə məlumat daxil olmuşdur. Eyni zamanda, həmin avtomobilin Xızı-Giləzi istiqamətində hərəkətdə olması bildirilmiş və məlumat əsasında xidməti avtomobillə hadisə yerinə doğru yola çıxmışlar. Bu zaman “Vaz 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Giləzi istiqamətində hərəkətdə olduğunu və yol-patrul avtomobilinin onun arxasınca gəldiyini görmüşdür. İstiqamətini dəyişmək üçün geri dönmüş və həmin avtomobilin yanına yaxınlaşıb sürücüyə mikrofonla saxla əmri vermişdir. Lakin sonuncu buna əhəmiyyət verməmiş, əksinə qeyriadekvat hərəkətlər etmişdir. Sürücünün davranışları şübhəli olduğundan və öz təşəbbüsü ilə avtomobili saxlamayacağını başa düşüb onun qarşısını kəsməklə avtomobili dayandırmağı planlaşdırmışlar. Bu məqsədlə də, Zərərçəkmiş şəxs3 idarə etdiyi PPX-nin “Fiat Doblo” markalı post patrul avtomobili ilə hərəkətdə olan “Vaz 21061" markalı avtomobili keçib, Giləzi qəsəbəsi dəmiryol keçid məntəqəsinin keçid hissəsində yolun hərəkət istiqamətinin eninə saxlamış və səsgücləndirici ilə sürücüyə avtomobilini saxlamasını tələb etmişdir. Lakin “Vaz 21061" markalı avtomobilin sürücüsü bütün tədbirlərə məhəl qoymayaraq, müqavimət göstərmək məqsədilə PPX-nin post patrul avtomobilini arxa sağ hissəsindən vurmuş, nəticədə o, zərblə asfalt örtüyə çırpılmışdır. Zərbənin təsirindən başının alın nahiyyəsi və qaşı partlamış, xidmət apardıqları “Doblo” markalı avtomobil isə zərbənin təsirindən durduğu yerindən fırlanmışdır. Bundan sonra o, Sumqayıt şəhərinə xəstəxanaya aparılmış, orada ilkin tibbi yardım göstərilmiş, baş və qaş nahiyyəsinə 6 tikiş vurulmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Xızı RPŞ PPXT-nin polis nəfəri Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobilini idarə etmiş, “Vaz 21061" markalı avtomobili saxlamaq məqsədilə post patrul avtomobilini yolun hərəkət istiqamətinin eninə saxlamış və səsgücləndirici ilə sürücüyə avtomobilini saxlamasını tələb etmişdir. Həmin yerdən keçmək mümkün olmadığından sürücünün saxlayacağını düşünən Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açıb yerə düşmək istəmişdir. Lakin “Vaz 21061" markalı avtomobilin sürücüsü həmin yerdən keçməyin mümkün olmadığını bilərək, post patrul avtomobilini arxa sağ hissəsindən vurmuş, idarə etdiyi “Doblo” markalı avtomobil zərbənin təsirindən dayandığı yerindən fırlanmış, Zərərçəkmiş şəxs2 zərbənin təsirindən asfalta çırpılmışdır. O. isə avtomobilin içərisində olduğundan zərbənin təsirindən sürücü oturacağından sərinişin oturacağına atılmış, lakin heç bir bədən xəsarəti almamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı İdarəsinin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı İdarəsinin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, “Fiat Doblo” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobili DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil təsərrüfatına məxsusdur. Avtomobilə dəyən ziyan “Fiat” servis tərəfindən aparılmış qiymətləndirmə zamanı 13760 manat müəyyən edilsə də, həmin qiymət nəzəri qaydada hesablanmışdır. Ona görə də istintaq zamanı ekspert rəyi ilə avtomobilə dəyən ziyanın 14930,00 manat müəyyən edilmiş qiyməti ilə razıdır. Hadisə nəticəsində “Fiat Doblo” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobili məhv olmamış, detallarına zərər yetirilərək yararsız hala düşmüşdür, təmir edildikdən sonra istifadəsi mümkündür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Şahid ifadəsində göstərdi ki, 26 iyul 2024-cü il tarixdə, saat 23:55 radələrində xidməti avtomobillə Altıağac Milli parkının inzibati binasının yanında olarkən Xələnc-Xızı yolu ilə Xızı istiqamətində hərəkətdə olan tünd göy rəngli “Vaz 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyini görmüş və “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq nəqliyyat vasitəsinin saxlanılması üçün səs gücləndirici və sayrışan işıqla saxla işarəsi vermişdir. Lakin sürücü nəqliyyat vasitəsini saxlamayaraq surət həddini artıraraq öz hərəkətini davam etdirmişdir. Onun qəsdən surət həddini artırıb, təxminən 90- 100 km sürətlə hərəkət etməsi onda sürücünün nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında və ya alkoqol şərxoşluğu vəziyyətində idarə etməkdə şübhəsi yaratdığı üçün xidməti avtomobillə onun arxasınca sürüb səsgücləndirici vasitəsilə avtomobili saxlamasını tələb etmişdir. Lakin sürücü bilərəkdən surətlə nəqliyyat vasitəsini idarə edərək tabesizlik göstərərək oradan uzaqlaşmağa çalışmışdır. Bundan sonra o, Xızı RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, eyni zamanda özü də həmin avtomobili qovmadan, lakin gözdən itirməmək məqsədilə təqib etməyə başlamışdır. Dəfələrlə səsgücləndirici ilə sürücüdən avtomobilini saxlaması tərəfindən tələb edsə də, “Vaz 21061" markalı avtomobilin sürücüsü bütün xəbərdarlıqlara baxmayaraq Giləzi istiqamətində hərəkətini davam etdirmişdir. Daha sonra, Giləzi qəsəbəsindən Xızı şəhəri istiqamətində hərəkətdə olan “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı post patrul avtomobilini idarə edən post-patrul naryadı ilə qarşılaşmış, post patrul xidmətinin əməkdaşları sürücünün tabesizlik göstərməkdə davam etdiyini görüb Giləzi istiqamətində geri qayıdıb həmin avtomobili keçərək, Giləzi qəsəbəsində dəmiryol keçid hissəsinə yaxın yolun eni istiqamətində dayanmış və səsgücləndirici vasitəsilə saxla göstərişi vermişlər. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərmək məqsədilə post patrul avtomobilini vurmuş, zərbədən avtomobil əzildiyindən qaça bilməmişdir. Hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs avtomobildən çıxarıldıqda sərxoş olduğu müəyyən olunmuş, eyni zamanda sonuncu özü də sürücülük vəsiqəsi olmadığı və sərxoş olduğu üçün avtomobili saxlamadığını etiraf etmişdir. Hadisə zamanı o, hər hansı bədən xəsarəti almamış və idarə etdiyi avtomobilə heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-16-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Xızı rayonu, Giləzi qəsəbəsi ünvanıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-cü vərəqəsində olan 27 iyul 2024cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta ağır dərəcəli alkoqol sərxoşluğu faktı aşkarlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə, yəni təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan Xızı RPŞ rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə post-cədvəli”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21-00-dan xx.xx.2024-cü il tarixə, saat 09-00-dək polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 xidmətdə olmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci vərəqəsində olan Xızı RPŞ DYPB-nin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Yol Patrul xidməti naryadlarının post-cədvəlinin surətindən görünür ki, Şahid xx.xx.2024-cü il tarixdə, saat 21:00-dan xx.xx.2024-cü il tarixə, saat 09-00-dək **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilində xidmətdə olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 məhkəmə-tibb ekspertizasının 31 iyul 2024-cü il tarixli, 1735 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın və sağ qaş nahiyyəsinin əzilmiş-cırılmış yaraları, eləcə də sol əlin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli, 8/2317 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən VAZ 21061 markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəqliyyat vasitəsindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə dayandırmadığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 12-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 9/6475 nömrəli ekspert rəyindən görünür ki, 2022-ci il buraxılışlı, “Fiat Doblo” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 14930,00 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Uzunboyad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx.xx.2016-cı il təvəllüdlü Zəhra və xx.xx.2019-cu il təvəllüdlü Tamerlan adında iki yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həqiqətən Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 168-181-ci vərəqələrində olan 18 iyun 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 315-ci maddəsindən həmin Məcəllənin 315 və 186.1-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315 və 186.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin və 221-ci və 263-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin istintaq zamanı Xızı RPŞ-nin Post-patrul xidməti tağımının polis nəfərləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Xızı RPŞ DYPB-nin Yol Patrul Xidməti inspektoru Şahid xidməti fəaliyyətlərini yerinə yetirərkən hərəkətlərində hər hansı vəzifə səlahiyyətlərini aşma halları müəyyən edilmədiyindən həmin həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə “Vaz 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut qismində tanınmış və 15 saylı cərimə meydancasında saxlanıldığı nəzərə alınmış, Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Şahid idarə etdiyi “KİA Sportage” markalı xidməti avtomobil ilə qeyd alınmış video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında cinayət prosesi iştirakçıları ilə birlikdə, Təqsirləndirilən şəxs 26 iyul 2024-ci il tarixdə, saat 23:50 radələrindən etibarən törətdiyi əməllərin «KİA Sportage» markalı yol patrul xidməti avtomobilin videoregistratoru vasitəsi ilə qeydə alınaraq CD diskə köçürülmüş görüntülərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21061" markalı avtomobil, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil Giləzi qəsəbəsi istiqamətində surətlə hərəkət edir. “Vaz 21061" markalı avtomobildən öndə isə sayrışan işıqlarla avtomobilin hərəkət etdiyi müşahidə olunur və həmin avtomobil PPX-nin “Doblo” markalı **-PB-*** qeydiyyat nömrə nişanlı post patrul avtomobildir. Bundan sonra, PPX-nin “Doblo” markalı post patrul avtomobili yolun eninin azaldığı Giləzi dəmiryol keçid məntəqəsinə çatmamış, yolun hərəkət zolağına perpendikulyar dayandırır. Daha sonra, “Vaz 21061" markalı avtomobil surətlə hərəkətini davam etdirərək yolun hərəkət zolağına perpendikulyar dayanmış “Doblo” markalı post patrul avtomobilini vurub keçir və ətrafda bir neçə şəxsin post patrul avtomobilinə tərəf qaçdığı müşahidə olunur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 186.1-ci və 315-ci maddələrinin dispoziyasında nəzərdə tutulan xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərmə və özgənin əmlakını qəsdən zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma əməlinin törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 186.1-ci və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs post patrul avtomobilini və zərərçəkmiş şəxs olan polis əməkdaşını qəsdən vurmaq məqsədinin olmaması, yolda dayanmış post patrul maşınında polis əməkdaşlarının əyləşdiyinin bilməməsi və. s. ilə bağlı xüsusatlara dair ifadəsində göstərdiklərinə tənqidi yanaşır və onun hüququ kimi qəbul edir, bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar araşdırılmış, işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq edilməmişdir. Cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən olunur ki, həmin görüntüdə PPX-nin “Doblo” markalı, **-PB-*** qeydiyyat nömrə nişanlı post patrul avtomobili yolun hərəkət zolağına perpendikulyar dayansa da, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21061" markalı avtomobil surətlə hərəkətini davam etdirərək, tormozlanma etmədən yolun hərəkət zolağına perpendikulyar dayanmış “Doblo” markalı post patrul avtomobilini vurub keçir. Təqsirləndirilən şəxsin post patrul maşınında adam olmasını görməməsi və bilməməsi mümkünsüzdür, belə ki, post patrul maşını onun idərə etdiyi avtomobili keçəndən sonra çox qısa müddət ərzində (bir neçə saniyə) yolu bağlayır və bunu görən təqsirləndirilən şəxs ümumiyyətlə əyləci sıxmadan sürətlə post patrul maşınını vurur, onun içərisində olan və düşməyə cəhd edən polis əməkdaşlarına zor tətbiq etməklə hadisə yerindən yayınmağa çalışır. Zor tətbiq etmə dedikdə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Bununla da, ittihamda aidiyyəti hissələrdə əksini tapmış cinayət xarakterli hərəkətlərə onun tərəfindən yol verildiyinin öz təsdiqini tapdığı müəyyən edilmişdir. Belə ki, CM-nin 315-ci maddəsində göstərilən müqavimət göstərmə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsidir. Zor tətbiq etmə isə hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmədir ki, belə təsir də həm fiziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zor hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitələr hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və sair məqsədinə xidmət etmiş olsun. CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Halbuki əvvəllər qüvvədə olmuş CM-nin 315.1ci maddəsində hakimiyyət nümayəndəsinin yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorun tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi ilə hədələməyə görə, CM-nin 315.2-ci maddəsində isə CM-nin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin CM-nin 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağlamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin İİ bəndində qeyd edilir ki, polisin fəaliyyətinin əsas istiqamətləri 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Göründüyü kimi cinayət qanunvericiliyin qarşısında duran vəzifələrin həyata keçirilməsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən polisin fəaliyyətinin əsas istiqamətləridir ki, hazırki cinayət əməli də polis əməkdaşlarına qarşı törədilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Burada xeyli miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür (CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi). Belə ziyan məhv edilmiş əmlakın real dəyəri, zədələnmiş əmlakın bərpası üçün çəkilən xərc və s. formada ola bilər. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Azərbaycan Respublikası CM-nin 186.1-ci və 315-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 186.1-ci və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 22 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Vaz 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılmalı, Xızı RPŞnin DYPB-nin yol patrul xidməti inspektoru Şahid idarə etdiyi “KİA Sportage” markalı xidməti avtomobil ilə qeyd alınmış video çəkilişin əks olunduğu 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 135 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı İdarəsinə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci və 315ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 22 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Vaz 21061" markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 135 (yüz otuz beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Şahid idarə etdiyi “KİA Sportage” markalı xidməti avtomobil ilə qeyd alınmış video çəkilişin əks olunduğu 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı İdarəsinə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar