Məhkəmə qərarları › İş №1(068)-19/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-19/2020

09.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-19/2020 09.07.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2001-ci il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 1,206 qram çəkidə narkotik vasitə olan heroini və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, saz, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ZK” modelli, “P 22603” №-li, xarici çaxmaqlı, təklüləli, odlu silah hesab edilən və atəşə yararlı olan, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış yivsiz odlu ov tüfəngini, həmçinin 05 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, atəşə yararlı, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərdə döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronları əldə edib qanunsuz olaraq üzərində gəzdirmiş və xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirlmiş əməliyyat-axtarış tədbriləri nətəcəsində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində Xəzər dənizinin yaxınlığında saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən 1,206 qram narkotik vasitə olan heroin və çiynindən asdığı 16 kalibrli, lüləsi və qundağı kəsilmiş odlu ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən Balaş adlı şəxsin fermasında fəhlə kimi işləmiş və əvvəllər məhkum olunmamışdır. Təxminən 3 il olar narkomaniya xəstələyindən əziyyət çəkir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, X3 qəsəbəsində tanımadığı şəxsdən 50 manata narkotik vastiə olan heroin əldə edərək inyeksiya vasitəsi ilə damarına vurmuşdur. Həmin narkotik vasitədən 1 dəfə istifadə etdikdən sonra, qalanını lazım olanda yenə istifadə etmək üçün saxlamışdır. İşlədiyi ferma dəniz kənarında olduğuna görə mütəmadi olaraq dəniz qırağında gəzirdi. 2020-ci ilin yanvar ayında Xəzər dənizinin kənarında gəzərkən kolluqların arasından tapdığı paketin içərisinə baxdıqda 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron olduğunu görmüşdür. Dəniz kənarında vəhşi heyvanlar çox olduğundan həmin heyvanlardan qorunmaq üçün tüfəngi götürmüş və fermada yatdığı kravatın altında olan yorğanların arasına qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə ov etmək məqsədi ilə fermadan çıxaraq yaxınlığda olan tanıdığı yerlərə getmiş, tüfəngin lüləsi və qundağı kəsik olduğundan kəmərini boynundan keçirdib çiyninə taxmış və gödəkçəsini də üstündən geyinmişdir. Dəniz kənarına çatanda bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə, eləcə də, qanunsuz olaraq ov silahı saxlamağına görə şübhəli olduğunu bildirmişlər. Bununla əlaqdar olaraq hüquqlarının Müdafiəçi tərəfindən qorunduğu bildirilərək, hüquqları ona izah edilmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparılacağı və axtarışın video görüntüyə alınacağı bildirilmişdir. Daha sonra, ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmişdir. O, ilk olaraq ov silahını və 5 ədəd patronu, daha sonra, isə əynində olan göy cins şalvarın sağ balaca yan cibindən siqaret kağızına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları təqdim etdiyi narkotik vasitəni, tüfəngi və patronları qablaşdıraraq protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının və gəncliyinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu Şorabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qanunsuz silah-sursat əldə etməsi, üzərində daşıması ilə əlaqədar Xızı rayon PolisŞöbəsinin Cinayət Axtarış Bölməsinə əməliyyat məlumatı daxil olmuşvəTəqsirləndirilən şəxs Şorabad qəsəbəsi ərazisində olduğu müəyyənləşdirilmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Xızı rayon Polis Şöbəsinin əməkdaşları və fərdi vəkil fəaliyyəti ilə məşğul olan Müdafiəçi ilə birlikdə Xızı rayon Şorabad qəsəbəsi ərazisinə getmişlər. Qəsəbədə dəniz kənarında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda, o, əynində olan qara rəngli qış gödəkcəsinin içərisindən çiyninə keçirdiyi bir ədəd lüləsi və qundağı kəsik tüfəngi, gödəkcəsinin sağ cibindən patronları və əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən siqaretin kağızına bükülmüş kütləni çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsindən sifətdən tanıdığı lakin, adını və harada qalmasını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş tüfəng və patronları isə dəniz kənarından tapdığını bildirdikdən sonra Mehdinin üzərində şəxsi axtarış keçirilmiş, başqa hər hansı bir qeyri - qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tüfəng və patronlarla birlikdə Xızı Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3031 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş..” yazısı olan zərfdə, bir ədəd kağız bükümdə, təmiz çəkisi 1,206 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 1,156 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəolan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 544 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3065 saylı məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 16 kalibrli olmaqla, «ZK» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1952-ci ildə zavod üsulu ilə istehsal edilmiş «P22603» №-li yivsiz təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 (beş) ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, istifadəyə (atəşə) yararlıdır. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-22-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Xızı rayonu Şorabad qəsəbəsi ərazisində, Xəzər dənizinin yaxınlığında həyata keçirilmiş və Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılmışdır. Ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması elan edilmiş, hüquqlarının müdafiəsi üçün tədbir yerinə Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi dəvət olunmuş və hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli qış gödəkcəsinin içərisindən çiyninə keçirdiyi bir ədəd lüləsi və qundağı kəsik tüfəngi, gödəkcəsinin sağ cibindən patronları və əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən siqaretin kağızına bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 13-14-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-68-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(068)-5/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-cü və 76-cı vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza sərfiyatından sonra qalıq qalmış 1,156 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd 16 kalibrli «ZK» modelli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 05 (beş) ədəd patronlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 98-103-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi rədd edilmiş, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsü köçürülmüş 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 8 dəfə çox miqdarda narkotik vasitə olan heroini, həmçinin odlu silahı və patronları əldə edib qanunsuz olaraq üstündə gəzdirməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, onun şəxsiyyətini və həyat şəraitini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,156 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd 16 kalibrli «ZK» modelli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 05 (beş) ədəd patronlar Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməli, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,156 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd 16 kalibrli «ZK» modelli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 05 (beş) ədəd patronlar Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilsin və xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 178 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar