Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-19/2021 15.07.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Xızı rayonu, Altıağac qəsəbəsi - Aşağı Əngəlan adlanan ərazidə Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1990-cı il tarixli, 167 nömrəli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasına yardımçı kənd təsərrüfatı yaratmaq məqsədilə istifadə etmək üçün verilmiş 1705 ha torpaq sahəsinin bir hissəsinin üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2020-ci ilin mart ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində uzunluğu təxminən 28,5 metr, eni isə 5,8 metr olan tövləni özbaşına tikmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış və Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun nənə-babaları əvvəllər Xızı rayonu, Altıağac qəsəbəsi - Aşağı Əngəlan adlanan ərazidə yaşamış, lakin 1990-cı ildə kənd əhalisinin çoxu oradan köçüb getmişdir. Həmin kənddə nənəsi X3 məxsus 0,22 ha torpaq sahəsi olmuş və 2009-cu ildə torpaq sahəsində özünə məxsus 3 otaqlı fərdi yaşayış evi tikmişdir. Bundan sonra, təsərrüfat məqsədilə 2020-ci ilin mart ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində həmin ərazidə uzunluğu təxminən 28,5 metr, eni isə 5,8 metr olan tövlə tikmişdir. Tövlənin tikilməsində və damın vurulmasında yeznəsinin qardaşı Şahid1 və Altıağac qəsəbə sakini Şahid2 ona köməklik göstərsələr də, həmin tövlə onun üçün tikilmişdir. Tikinti işləri gedərkən özünü Vəliyəddin kimi təqdim edən şəxs ona yaxınlaşıb tikinti işlərini dayandırmasını tələb etmiş, o, səbəbini soruşduqda sonuncu həmin ərazinin Azərbaycan Milli Elmlər Akademiyasına məxsus olduğunu bildirmiş, o, isə cavabında həmin ərazinin onun dədə-baba yurdu olmasını və bu səbəbdən tikinti işlərini dayandırmayacağını demişdir. Həmin vaxtdan sonra təxminən 1 ay müddətində həmin şəxsi görməmiş və tikinti işlərini davam etmişdir. Daha sonra, həmin əraziyə polis əməkdaşları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri gələrək, müvafiq ölçmə işləri aparmış və onun tərəfindən tikilmiş tövlənin Azərbaycan Milli Elmlər Akademiyasının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. Belə ki, həmin vaxta kimi o, qeyd edilən torpaq sahəsinin onun nənə-baba yurdunun olmasını güman etmiş, lakin sonradan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədlərinin olmamasını müəyyən etmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı övladının olmasının, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, 2014-cü ildə Azərbaycan Milli Elmlər X2 qərarı ilə “X7 İstehsalat Kompleksi” yaradılmış, həmin qərarla da o, kompleksin direktoru təyin olunmuşdur. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Xızı rayonunun ləğv edilmiş Əngilan kəndinin ərazisində Azərbaycan Milli Elmlər Akademiyası üçün elmi tədqiqat və kənd təsərrüfatı məqsədi ilə 1705 ha torpaq sahəsi ayrılaraq, Akademiyanın balansına verilmişdir. 2020-ci ilin təxminən mart ayının əvvəlində kompleksin yerləşdiyi Altıağac qəsəbəsi, Aşağı Əngəlan adlanan əraziyə getdikdə kompleksə məxsus torpaq sahəsinin içərisində tikinti işlərinin getdiyini və adının sonradan Azad olduğunu bildiyi şəxsin işçilərə rəhbərlik etdiyini görmüşdür. O, Azada yaxınlaşıb tikinti işləri apardığı torpaq sahəsinin Azərbaycan Milli Elmlər Akademiyasına məxsus olmasını və orada tikinti apara bilməyəcəyi barədə xəbərdarlıq etmiş, Azad isə onunla razılaşıb tikintini dayandıracağını bildirmişdir. Təxminən bir həftə sonra o, yenidən həmin əraziyə getdikdə tikinti işlərinin davam etdiyini görmüş, bundan sonra Bakı şəhərinə qayıdıb rəhbərlikdə aidiyyəti şəxslərə məlumat vermişdir. Mart ayının axırlarında respublika ərazisində xüsusi karantin rejimi tətbiq olunduğundan həmin vaxtdan Xızı rayonuna gələ bilməmiş, may ayının 4-də ona Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən icazə sənədi verildikdən sonra yenidən Xızı rayonuna gəlmək imkanı əldə etmişdir. May ayının 5-də rəhbərlik etdiyi kompleksə məxsus torpaq sahəsinə baş çəkmək üçün həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs tərəfindən hələ də tikinti işlərinin aparılmasını gördükdə sonuncudan tikintini dayandırmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs israrla həmin torpaq sahəsinin onun nənə-babasına məxsus olmasını iddia edərək, orada tikinti aparmaq haqqının olmasını ona bildirmişdir. Bundan sonra, o, məcbur olub ilk öncə Azərbaycan Milli Elmlər Akademiyasına, daha sonra isə Xızı rayon Polis Şöbəsinə ərizə ilə məlumat vermiş və baş vermiş torpaq zəbti barədə sənədləşmə işlərinə başlamışlar. Hazırda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və özbaşına tikinti aparmasını etiraf etməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və mülki iddiası yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşının qaynıdır. Azadın Xızı rayonu, Altıağac qəsəbəsində “Aşağı Əngəlan” adlanan ərazidə torpaq sahəsi və həmin topraq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Belə ki, 1990-cı illərin əvvəllərində həmin kəndin sakinləri başqa yerlərə köçməyə başlamış və kənd ərazisi demək olar boş qalmışdır. 2020-ci ilin mart ayında Azad ona həmin kəndə evlərinin yanında yarımçıq qalmış tövləni bərpa edib tikintisini başa çatdırmaq istədiyini demiş, o da, tövlənin tikintisində Azada kömək etmişdir. Həmçinin, tövlənin dam örtüyünün vurulmasında Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan Şahid2 da onlara köməklik göstərmiş, tikinti işləri başa çatdıqdan sonra isə Bakı şəhərinə qayıtmışdır. Həmin müddətdə aralarında olan söhbətdən ərazinin qardaşının qaynı Azada, daha doğrusu Azadın nənəsinə məxsus olmasını başa düşmüş, tikintinin aparıldığı torpaq sahəsinin Azərbaycan Milli Elmlər Akademiyasına məxsus olması barədə isə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu ona Aşağı Əngəlan ərazisində toyuq-cücə saxlamaq üçün tövlə tikdiyini və usta olaraq tövlənin dam örtüyünü vurmasını təklif etmişdir. Həmin vaxt onlar qiymət barədə tam razılığa gələ bilməsələr də, sonradan o, Azadın iş təklifini qəbul edərək sonuncunun idarə etdiyi “Niva” markalı avtomobillə qeyd olunun əraziyə getmişlər. Bu zaman maşında Azadın yeznəsinin qardaşı kimi təqdim etdiyi Ceyhun adlı şəxs də olmuşdur. O, Azad və Ceyhunla birlikdə 5 gün müddətində həmin tövlənin dam örtüyünün vurulması işlərini görmüş, qarşılığında isə Azad ona ümumilikdə 300 manat pul vermişdir. Aralarında olan söhbət zamanı tövlənin Azada məxsus olmaqla, toyuq-cücə saxlamaq məqsədilə tikilməsini eşitmiş, lakin tövlənin tikildiyi ərazinin Azərbaycan Milli Elmlər Akademiyasına məxsus olmasından və bu tövlənin Azad tərəfindən qanunsuz tikilməsindən xəbərsiz olmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, 2013-cü ilin mart ayından Xızı Rayon İcra Hakimiyyəti başçısının Qasımkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışmış, 2014-cü ildən isə eyni zamanda nümayəndə vəzifəsini icra etmişdir. Nümayəndəsi olduğu inzibati dairəyə daxil olan Yuxarı Əngəlan kəndində daimi yaşayış olmasa da, təxminən 3 fərdi yaşayış evi vardır. Həmin ərazi 1990-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasına verilmiş, lakin ərazinin ümumi sahəsinin nə qədər olması barədə məlumatı olmamışdır. Həmçinin, qeyd edilən ərazidə Azərbaycan Milli Elmlər X1 yerləşir və kompleksin ərazisində Təqsirləndirilən şəxs tərəfindən tövlə tikilməsi barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-29-cu vərəqələrində olan 09 may 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən ərazi Xızı rayonu, Aşağı Əngilan kəndinin ərazisidir. Ərazi relyef baxımdan təpəlik ərazidir. Baxış zamanı məlum olmuşdur ki, köhnə setka hasarla əhatələnən geniş torpaq sahəsində bir mərtəbəli ev və dam örtüyü vurulub başa çatdırılmamış tövlə inşa edilmişdir. İnşa edilmiş tövlənin uzunluğu 28 metr, ev isə 5,8 metrdir. Tövlə və ev mişar daşından inşa edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs inşa edilən evin və tövlənin ona məxsus olduğunu və onun tərəfindən inşa edildiyini, tövləni inşa etdirdiyi torpaq sahəsinin onun ana nənəsi Ziba Səfərovanın köhnə yurd yeri olduğunu, lakin onun və ana nənəsinin torpağa dair mülkiyyət, istifadə və icarə hüququna dair heç bir sənədlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan 24 oktyabr 2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1990-cı il tarixli, 167 nömrəli qərarı ilə Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1705 ha torpaq sahəsi daimi istifadə etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasına verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-cı vərəqəsində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının 15 may 2020-ci il tarixli, 305 nömrəli məktubundan görünür ki, Xızı rayonu ərazisində yerləşən 1705 ha torpaq sahəsi üzərində Azərbaycan Milli Elmlər Akademiyasının istifadə hüququ qanunvericiliyə uyğun olaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1990-cı il tarixli, 167 nömrəli qərarı ilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş 06 dekabr 2013-cü il tarixli, A471626 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsini Təqsirləndirilən şəxs qanunsuz zəbt etmiş və qeyri-qanuni olaraq 28 metr uzunluğunda tövlə inşa etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 183-cü vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 oktyabr 2020-ci il tarixli, **********39 nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubundan görünür ki, kameral şəraitdə elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs faktiki istifadəsində olan torpaq sahəsi, fərdi yaşayış evi və yerləşdiyi ərazi üzrə mübahisəli olan təzə tikilmiş tövləsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında (reyestr nömrəsi: **********00) Azərbaycan Milli Elmlər Akademiyasının mülkiyyətində olmaqla, Xızı rayonu, Altıağac qəsəbəsi, Aşağı Əngəlan ərazisində yerləşən və hazırda Xızı KTİB-nin istifadəsinə olan 1705 ha torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 avqust 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cinayət işinin 123-124-cü vərəqələrində olan 02 oktyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-164-cü vərəqələrində olan 04 oktyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 1(068)-19/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin 17 iyun 2021-ci il tarixli, 165-3589-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞnin MSY-nə, oradan isə 14 iyun 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 191-197-ci vərəqələrində olan 06 noyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 178-179-cu vərəqələrində olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 oktyabr 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, işin 169-170-ci vərəqələrində olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən, eləcədə iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsi məlumatlardan görünür ki, himayəsində 17 iyul 2006-cı il təvəllüdlü Telmarə və 12 aprel 2014-cü il təvəllüdlü Zeynəb adlı iki övladı olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə 01 iyul 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, mötəbər sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparması tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladlarının olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında “bir ildən” sözlərindən əvvəl “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilmişdir. Lakin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2020-ci ilin mart ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində törətmişdir. Həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında yalnız bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmçinin, qeyd olunan Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdən 04 oktyabr 2020-ci il tarixə kimi, 10 iyun 2021-ci il tarixdən isə 15 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 (bir) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay 07 (yeddi) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-19/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-19/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver