Məhkəmə qərarları › İş №1(068)-19/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-19/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-19/2025 04.08.2025 XIZI RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd dəftər vərəqi bükümündə və 06 ədəd ağ rəngli salfet bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,410 qram, 0,290 qram, 1,801 qram, 0,799 qram, 0,528 qram, 0,479 qram, 0,207 qram olmaqla, ümumi təmiz çəkisi 8,514 qram narkotik vasitə - qurudulmuş marixuana əldə edərək üzərində bir ədəd sellofan torbada saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 29 aprel 2025-ci il tarixdə, saat 18:23 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılıb üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd sellofan torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 01 ədəd dəftər vərəqi bükümündə və 06 ədəd ağ rəngli salfet bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,410 qram, 0,290 qram, 1,801 qram, 0,799 qram, 0,528 qram, 0,479 qram, 0,207 qram olmaqla, ümumi təmiz çəkisi 8,514 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 1 ildir narkotik vasitə - qurudulmuş marixuanadan istifadə edir. 24 aprel 2025-ci il tarixdə yaşadığı Xırdalan şəhərində küçədə piyada hərəkət edən zaman səkinin kənarında sellofan torba diqqətini çəkmiş, torbanı yerdən götürüb içərisinə baxmış və qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin torbanı dərhal cibinə qoyub yaşadığı evə getmişdir. Həmin vaxt evdə heç kəs olmamış, ona görə də qurudulmuş marixuananı sonradan rahat şəkildə istifadə etmək üçün salfet və kağız bükümlərə bölmüşdür. Həmin gün tapdığı marixuanadan istifadə edib şəxsi işləri ilə məşğul olmuşdur. Bundan sonra saat təxminən 18 radələrində ailə üzvləri ilə birlikdə taksi çağırıb, Neftçala rayonunda baş tutacaq əmisi oğlunun nişan mərasiminə getmişlər. Tapdığı marixuananı da özü ilə aparmış və Neftçala rayonunda qaldığı müddətdə bir dəfə həmin marixuanadan istifadə etmişdir. 29 aprel 2025-ci il tarixdə evə qayıtmaq üçün saat təxminən 11 radələrində Neftçala rayonundan çıxmışdır. Yolda olarkən internetdə qarşısına çıxan videolarda Xızı rayonu, Altıağac qəsəbəsini görüb bəyəndiyi üçün ora gedib bir neçə gün istirahət etməyi fikirləşmişdir. Ona görə də Neftçala rayonundan qayıdan kimi Xızı rayonu, Altıağac qəsəbəsinə istirahə getməyi planlaşdırmışmışdır. Bu məqsədlə də, evə qayıtdıqdan bir neçə saat sonra, təxminən 16 radələrində Xırdalan şəhərindən çıxıb yol maşınları ilə Xızı rayonunun Giləzi qəsəbəsinə gəlmiş, istirahət zamanı istifadə etmək üçün tapdığı qurudulmuş marixuananı da əynində olan gödəkçənin cibinə qoyub üzərində götürmüşdür. Təxminən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində olarkən Altıağac qəsəbəsinə getmək üçün avtomobil axtarmağa başlamış, həmin vaxt üç nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, üzərində yoxlama aparılmalı olduğunu, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququnun olduğunu demişlər. O, müdafiəçi istəmədiyini bildirmiş və polis əməkdaşlarının onu yoxlamasına etiraz etməmişdir. Bir nəfər polis əməkdaşı kamera cihazı vasitəsilə videoçəkilişi qeydə almışdır. Polis əməkdaşı üzərində qadağan olmuş əşya olubolmamasını ondan soruşmuş, o da əynində olan gödəkçənin iç hissədən cibində saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan torba açılmış və torbanın içərisində qurudulmuş marixuana bükümlərinin 7 ədəd olması müəyyən edilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq marixuananı yaşadığı Abşeron rayonu Xırdalan şəhəri ərazisindən tapdığını, üzərindən özü tək olaraq istifadə etdiyini, həmin marixuanadan pul qarşılığında və ya pay kimi heç kəsə vermədiyini göstərmişdir. Eyni zamanda müdafiəçinin sualına cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə Narkotiklərlə mübarizə qrupuna əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün RPŞ-nin CABnın əməliyyat müvəkkilləri X7 və X3 ilə birlikdə Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs saxlayıb, üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 30 aprel 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 29 aprel 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 29 aprel 2025-ci il tarixdə, saat 18:23 dəqiqədə Xızı rayonu Giləzi qəsəbəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə yoxlama keçirilməsinə etirazı olub olmadığı, üzərində qağadan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirərək əynində olan gödəkçənin sağ iç cibindən bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torba Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid tərəfindən açılmış və sellofan torbanın içərisində 1 ədədi dəftər vərəqi bükümdə, 6 ədədi isə ağ rəngli salfet bükümdə olmaqla, ümumilikdə 7 ədəd bükümdə narkotik vasitə - qurudulmuş marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin marixuananın ona məxsus olduğunu, yaşadığı Abşeron rayonu Xırdalan şəhəri ərazisindən tapdığını, üzərindən istifadə etdiyini, həmin marixuanadan heç kəsə satmadığını, satış məqsədinin olmadığını, başqa yerdə qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet saxlamadığını bildirmişdir. Daha sonra əməliyyat müvəkkili Şahid tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama zamanı gödəkçənin sol yan cibindən bir qutu “Sobranie” markalı siqaret və bir ədəd alışqan, əynində olan şalvarın sol yan cibindən “Motorola” markalı telefon aşkar edilmiş, siqaret və bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Sıfırlanmış elektron tərəzidə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə sellofan torba ilə birlikdə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 15,75 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə və “Motorola” markalı mobil telefon qablaşdırılaraq, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışıdır. Yoxlama Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili X7 və Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid tərəfindən aparılmış, əməliyyat müvəkkili X3 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sağ iç cibindən bir ədəd sellofan torba aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-33-cü vərəqələrində olan 29 aprel 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında həmin şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid təqdim etdiyi əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid, Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili X7 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirak etmişdir. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində bir ədəd sellofan torba olmuşdur. Sellofan torbanın içərisində bir ədədi kağız və altı ədədi ağ rəngli salfet bükümlər olmuşdur. Həmin bükümlər açılmış, bükümlərin içərisində yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlələrin, marixuana olduğunu, həmin kütlələri Abşeron rayonu ərazisindən yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını, ona məxsus olduğunu həmin kütlədən pul qarşılığında heç kəsə satmadığını, satış məqsədinin olmadığını bildirmişdir. Müdafiəçi Ramil Yusifovun verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan marixuanaya bənzər kütlənin çoxdan onda olduğunu, Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən və Xızı rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə təqdim edilmiş zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Baxışın aparılması Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X3 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2025-ci il tarixli, 20/252 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan 01 (bir) ədəd kağız paketdəki, 01 (bir) dəftər vərəqi bükümündə və 06 (altı) ədəd ağ rəngli salfet bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,410 qram, 0,290 qram, 1,801 qram, 0,799 qram, 0,528 qram, 0,479 qram, 0,207 qram ümumi təmiz çəkisi 8,514 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,14 qram (hər bir obyektdən 0,02 qram götürüldü) sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 8,374 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 63 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci vərəqəsində olan 30 aprel 2025ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra 7 ədəd bükümdə qalıq qalmış cəmi 8,374 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 16 may 2025-ci il tarixdə verilmiş 2874 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 29 aprel 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-75-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 4(068)-1/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 aprel 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 144-157-ci vərəqələrində olan 03 iyul 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaq həmin maddə ilə aparılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Xızı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 4(068)- 1/2025 nömrəli qərarı nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuananın onun haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı RPŞ-nin Cinayət-axtarış bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuananın miqdarının 8,514 qram olması və həmin miqdarla ona elan edilmiş ittiham nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-97-ci vərəqələrində olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 may 2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcədə nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Ümid adında azyaşlı övladı olan Hüseynov X2 rayonu, Həsənabad qəsəbəsində yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu, yəni 29 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 7 ədəd bükümdə qalıq çəkisi cəmi 8,374 qram təşkil edən narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 7 ədəd bükümdə qalıq çəkisi cəmi 8,374 qram təşkil edən narkotik vasitə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 63 (altmış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar